SOKRATIN
APOLOGİYASI
PLATON
(Sokratın
məhkəmədə özünü doğrultma
çıxışları)
1.Üzünə
duranların suçlamalrını eşidəndən sonra
Sokratın dedikləri
Ay afinanın kişiləri, sözün düzü, bu qarayaxanların
sizləri mənə qarşı necə
qaldırdıqlarından, özüm də yaxşı baş aça
bilmirəm; onlar bu yalanlarını elə gözqırpmadan
danışırlar, qulaq asdıqca, mən az qala özüm özümü
tanıya bilmirəm. Açığını desəm, onların
danışdıqlarında bir dənə də olsun doğru
söz yoxdur. Ancaq sözün düzü, burada mənə ən çox çöçün
gələni, bu yalançıların sizləri, mənim gözəl
danışmaq bacarığıma uyub, yoldan çıxmamağa
çağırmaları oldu; indi mənim dediklərimdən özünüz
də anlayacaqsınız, mən gəlişigözəl
sözlər danışmağı bacarmıram, ona görə
də mənim üçün dedikləri bu sözləri onların
utanmazlığına yozuram.
Bir də sözün düzünü deməyi onlar gözəl danışmaq
bacarığı sayırlarsa, məndən bundan
başqasını gözləməsinlər də; yox, onlar
utanmadan yalanlar üyüdüb tökməyi söz danışmaq
bacarığı sayırlarsa, onda qoy qulaqlarını
açıb eşitsinlər: bu işdə mən özümü onlara tay
tutmaram. Dediyim kimi, onların danışığında bir
dənə də olsun düz söz yoxdur, doğrusunu bilmək
istəyirsinizsə, qulaq asın, mən deyim. Ancaq and olsun
Zevsə, afinalılar, məndən bu yalançılardan
eşitdiyiniz sayaq: don geydirilmiş, bəzək vurulmuş
sözlər eşitməyəcəksiniz, ürəyimdə
nələr varsa, dilimdə də onlar olacaq. Sizə
dediklərimə özüm də inanıram, ona görə də
məndən doğrudan başqa bir söz gözləməyinizə
dəyməz; axı bu yaşımda, hansısa, özünü
göstərmək üçün dediklərini qabaqcadan
düşünüb-daşınan gənc sayağı danışmaq,
mənim saçıma-saqqalıma yaraşmaz. Sizlərdən
isə yalnız bir umacağım var, ay afinanın
kişiləri: mənim özümü doğrultmaq çıxışımı,
öyrəncəm üzrə, xalq içində, bazar ağzında,
şəhər ortamında söylədiyim təki, loru dillə
danışmağıma baxıb, hay-küy
qaldırmayasınız . Yetmiş illik ömrümdə mən
birinci dönə məhkəməyə gələsi oldum;
açığını deyim, buradakı danışıq dili
mənə çox yad gəlir, mənim
danışığımı bir yadellinin dilindən
çıxan sözlərə oxşatsanız belə, bunun
üstündən keçib, mənə uşaqlıqdan
alışdığım təki danışmağa yol
verməyi, mənim sözlərimin gözəlliyinə yox, doğru
olub-olmadığına önəm verməyi sizlərdən
umuram; axı elə hakimlərin işi düzgünlüyü üzə
çıxarmaq, sözçünün(oratorun) işi isə sözün düzünü deməkdir.
Ən yaxşısı isə, sözsüz o olardı, öncə ötən
çağlarda məni suçlayanların yalanlarını üzə
çıxardım, sonra isə indiki qarayaxnaların dediklərinin
puçluğunu göstərim. Bildiyiniz kimi, uzun illər boyu,
mənə qara yaxmaq istəyənlər az olmayıb, ancaq
onlardan biri də düznəqulu kimsələr olmayıb; düzünü desəm,
bu Anitlə onun yandaşlarından çox, mən o keçmiş
yalançılardan xoflanıram. Bunlar da qorxuludurlar, ancaq onlara
baxanda bunlar toyagetməlidirlər! Sizin uşaqlıq
çağlarınızdan başlamış, mənim bu keçmiş
qarayaxanlarım, sizləri mənə qarşı
yönəltmiş, mənim adıma olmazın suçlar
uydurmuşlar, dediklərindən isə belə
çıxırdı: Sokrat adında bir bilici vardır,
işi-gücü yerin altını, üstünü araşdırıb,
özündən nələrsə uydurmaq, sonra da bunları doğru
adı ilə adamlara sırımaqdır. O adamların
yaydıqları dedi-qodular, bunlarınkından ona görə
qorxuludur, onların dediyi işlərə baş qoşan
adamların (yəni onların deməsinə görə, mən
də beləymişəm) tanrıtanımazlar olduğu
hamıya bəllidir. Bundan başqa da, məni gözü
götürməyən bu adamlar yetərincə çox olmaqla
yanaşı, bir də sizin uşaqlıq-gənclik
çağlarınızda küncdə-bucaqda danışılan
dedi-qodulara qolayca inanmağınızdan da barınıb,
məni sizlərin gözündən salmağa çalışmışlar,
ən başlıcası, bunu ancaq mənimlə üz-üzə
gəlmədikləri yerlərdə, daldalarda
eləmişlər. Mənim dalımca danışan bu
adamların adları indi unudulub, ancaq onların adıma
qoşduqları, qulaqlarınıza doldurduqları
qaravəllilər buçağacan da unudulmayıb. Özlərinin
gözügötürməzliyindən, qarnı qurdlu olmaqlarından,
sizləri mənə qarşı yönəldən bu adamları
indi bura gətirmək olmur, mən sanki kölgə ilə
döyüşməli oluram, onlar ortalıqda olmaya-olmaya, mən
onlarla deyişib, özümü doğrultmalı, onların
uydurmalarını yalana çıxarmalı oluram. Elə bilirəm,
sizlər də bu sözümü danmazsınız, mənim iki sayaq
qarayaxanlarım olub: biriləri indikilər, o biriləri
keçmişdəkilər, məncə sizlər mənim öncə
bu keçmiş qarayaxanların dediklərinin uydurma olduğunu
göstərməyimə qarşı çıxmazsınız, axı
onlar sizin qarşınızda məni indikilərdən qat-qat
artıq suçlamışlar. Beləliklə, ay afinanın
kişiləri, çox az bir sürədə, mən gərək uzun
illər sizlərin arasında yayılmış
dedi-qoduların yalan olduğunu anladam. Çox istərdim, mən
özümü elə doğrulda biləm, bu təkcə mənim yox,
sizlərin də işinə yarasın. Bunun necə
ağır bir iş olduğunu da bilirəm, axı mən
hara gəldiyimi də, necə bir qurğuyla üz-üzə
durduğumu da yaxşı duyuram. Görünür bu da tanrıların
istəmi ilə baş verən bir sınaqdır, ancaq mən
gərək yasaya uyğun olaraq, özümü doğrultmaq üçün
danışım. Öncə mənim adıma deyilən
dedi-quduları anıb, baxaq görək, keçmişlərdə məni
nələrdə suçlayırdılar, indi bu Melet də
onların dediklərinə qoşulub, məni bu indiki
məhkəməyə çəkir. O keçmiş yalançıların
sözlərinin özəti nə idi? Onlar məni bunlarda
suçlayırdılar: Sokrat yasaları pozaraq, boş yerə,
yerin altında, göy üzündə olanları araşdırmağa
baş qoşur, özünün uydurmalarını doğru adına
başqalarına da sırımaq istəyir. Habelə bunun kimi
boş-boş sözlər. Siz hamınız Aristofanın
komediyasına* baxmısınız, orada hansısa bir Sokrat
səbətin içində oturub, üyüdüb tökür, göylərdə
gəzməyindən söz açır, nə bilim belə-belə
mənim yuxuma da girməyən əttökən sözlər
danışır. Bu sayaq bilimlər üzrə
çalışanları, bu işlərin bilicilərini qınamaq,
onlara qarşı çıxmaq mənlik olmasa da(görəsən,
Melet məni buna görə də suçlamaq istəməz?), ancaq bu
deyilənlər mənə toxunası da deyil. Bu sözümün
doğruluğuna tanıq durmağa isə sizlərin
özünüzücə çağırıram, axı sizlərin çoxu mənim
danışıqlarıma qulaq asmısınız, indi mən
də dirənirəm: öz aranızda götür-qoy edib, mənə
deyin görək, hansı biriniz, harada, haçan məndən bu sayaq
sözlər eşitmisiniz? Di, soruşun biri-birinizdən, kim
məndən belə sözlər eşidib, onda özünüz mənim
adıma yazılan bu qara-qura sözlərin yalan olduğunu
anlayacaqsınız. Kİmsə sizlərə deyibsə,
mən adamları öyrənci olaraq yörəmə toplayır,
onlardan axça alıb sonra nəsə öyrədirəm, bunun da
ağ yalan olduğunu biləsiniz; baxmayaraq mən bu
işdə bir pislik də görmürəm, deyək, leontinli Gorgiy,
keoslu Prodik, elidli Hippiy təki, axça alıb adamlara
dəyərli biliklər öyrətməyin nəyi pisdir? Bu
bilicilər şəhər-şəhər gəzib
gəncləri özlərinin öyrənciləri olmağa
inandırır, bu gənclər də -işə baxın
ha!- onlara axçasız öyüdlər verən yurddaşlarından
aralanıb, bu bilgələrdən öyrənməyə
qoşurlar, onlara axça ödəyir, üstəlik böyük sayğılar
duyurlar. Bugünlərdə eşitmişəm, Parosdan bir bilici
kişi də gəlib, axça alıb adamlara bilik öyrədir. O
günləri Hipponikin oğlu Kalliy qarşıma çıxıb, özü
mənə danışır, bu biliciləri tapana kimi, sofistlər
onun başını tovlayıb, saysız axçasını
əlindən çıxarıblar; Mən ona dedim(yeri
gəlmişkən onun iki oğlu var): Kalliy! Birdən,
sənin oğulların dayça, ya da buzov olaraq
doğulsaydılar, onda onları öyrətmək üçün
gərək yaxşı atminən, ya da
xışçı-əkinçi axtarıb tapaydıq; indi onlar insan
kimi doğulublarsa, onları öyrətmək üçün kimi tutmaq
istəyirsən? Görəsən, onlara yaxşı insan,
yurddaş olmağı kim öyrədə bilər axı?
Elə bilirəm, sən oğullarını
əkib-tökməkdən öncə bunları düşünüb daşınmısan?
De görək, bu iş üçün kimisə tapmısan, ya yox?
Tapmışamo, qayıdıb mənə deyir.
Deməzsən, kimdir o?mən ondan soruşuram.
Haralardandır, öyrətməyə neçə buçuq axça götürür?
Adı Evendir,- o, deyir,- Parosludur, öyrəncilərindən
ayına beş min* axça alır Sözün düzü, o Evenin (tanrılar
dayağı olsun), biliciliyi üçün deyilənlər düzdürsə,
öyrənçilərindən də lap az axça götürür. Ola bilsin bu
işi bacarsaydım, mən də başımı dik tutub
gəzərdim, ancaq neyləyəsən, bu iş mənlik
deyil!
Ola bilsin sizlərdən birisi dirənib, soruşsun:
Yaxşı, ay Sokrat, onda de görək sənin işinin adı
nədir? Sənin adına deyilən bu dedi-qodular haradandır?
Sən axı başqalarının elədiklərindən
seçilib ayrılan bir iş tutmasan, sənin adına belə
çoxlu sözlər deyilməzdi. Bunuca bizə başa sal, biz də
başımızı ağrıdıb sənin
yamanlığına düşünməyək. Beləsinə
danışsaq, düzgün olardı, axı mən də elə
sizlərə adımın nədən dilə-ağıza
düşdüyünü də, bu yalanların haradan pırtlayıb
çıxdığını da anlatmaq üçün buradayam. Di, qulaq
asın. Ola bilsin, birilərinizə elə gələr,
mən burada sözü gülməyə salıram, and olsun
inandığınıza mən ancaq sözün düzünü deməyə
çalışıram. Mənim adımın belə
dillərə düşməyi, mənim hansısa biliciliyimin
ucbatından oldu. Nə bilicilikdir, bu belə? Yəni, bunun
insana bağlı olan bir bilicilik olması sözsüzdür. Bu, adıma
yazılan bilicilik, məndə doğrudan da var; ancaq burada
mənim adıma yazmaq istədikləri: insanlıq
bilgəliyi, yoxsa insanlıqdan üstün bilgəlik, ya bilmirəm
adını nə qoyum, bunların nə olduğu mənə
bəlli deyil; kimsə məni bunlara qatmaq istəyirsə
də, bunu mənə qara yaxmaq üçün eləyir, ağ yalan
danışır. Gəlin belə səs-küy salmayın,
mənim özümü öydüyümü düşünsəniz belə, qulaq asın, ay
afinalılar; mən indi öz sözümü yox, sizin inanmalı
olduğunuz birisinin sözünü burada deyəcəyəm. Mənim
bilgəliyimə( düzü bilmirəm buna bilgəlik demək
olarmı?), tanıqlıq eləyən Delf
tanrısının* özüdür, biləsiniz! Herefontu
tanımayanız yoxdur. Herefont gəncliyindən mənim
də, sizlərində yoldaşınız olmuş, sürgün
illərində sizinlə getmiş, sizinlə də
qayıdıb gəlmişdi. Onun necə bir kimsə
olduğunu da unutmuş olmazsınız, onu eləmək
istədiyindən daşındırmaq olmazdı, bunu da
bilməmiş deyilsiniz. Günlərin bir günü o, Delfə gedib
çıxır, üzünə salıb orakuldan görün nə soruşur. A
kişilər, mən sizlərə dedim axı, hay-küy
salmayın, qoyun danışım! Bax belə, o tanrıdan,
məndən də artıq bilgə olan birisinin
olub-olmadığını soruşur, Pifiya da deyir,
tanrının deməsinə görə, yer üzündə Sokratdan
artıq bilgə olan birisi yoxdur. Baxmayaraq indi Herefont ölüb gedib,
ancaq qardaşı bu dediklərimin düzgünlüyünə
tanıqlıq eləyə bilər. İndi deyim, bunları
nə üçün sizlərə danışıram; mən axı
sizlərə adıma çıxarılan bu yalanların kökünü
göstərmək istəyirəm. Herefont mənə bunları
danışandan sonra, mən uzun-uzadı
düşüncələrə daldım: bu sözlərlə tanrı
nə demək istəyirmiş, onun bu sözlərini necə
anlamalı? Axı mən özümü azacıq da olsa belə bilgə
saymıram; onda tanrı nədən mənim hamıdan
artıq bilgə olduğumu deyir? Tanrı yalan danışmaz,
bu hamıya gün kimi aydındır. Çox uzun bir sürə,
tanrının nə demək istədiyi mənə
qaranlıq qaldı; sonradan bütün gücümü toplayıb, bu konunu
çözməyin belə bir yolunu düşündüm: mən bilgəliyi
ilə ad-san qazanmış birisinin yanına gedib, bu
öncəgörmənin çin çıxmayacağına arxayın olmaq
istədim, axı onun məndən artıq bilgə
olmağını anlamağım yetərdi, orakulaya deyim, bax
bu adam məndən artıq bilgədir, sən görünür
tanrının sözünü düzgün anlamamısan. Ancaq mən bu bilgə
sayılan adamnan tanışlıqdan sonra, doğrudan
doğruya sarsıldım- onun adını burada
çəkməyə gərək duymasam da deyim biləsiniz, bu
sizlərə başçılıq eləyən dövlət
qulluqçularından biri idi,- mən onunla bir az danışandan
sonra anladım, bu adam çoxlarına bilgə görünsə də,
onda bilgəliyin izi-tozu belə yoxmuş; mən onun üzünə
bu düşündüklərimi deyib, özünü bilgə saymasına baxmayaraq,
özlüyündə belə olmadığını ona anlatmağa
çalışdım. Mənim bu danışığımdan
sonra, onun da, yörəsində mənim dediklərimi
eşidən bir çox yandaşlarının da, məni
görməyə gözləri olmadı. Mən o adamın
yanından gedəndə anlayıb bildiyim bu oldu: mən ondan
artıq bilgəyəm, ona görə, nə onun, nə də
mənim bitkin biliklərimiz olmasa da, o, bilmədiklərini
bildiyini düşünür, mən isə bimədiklərimi
bilmədiyimi anlayıram. Belə çıxmırmı,
məndə ona baxanda azacıq da olsa bilgəlik var, axı
mən bilmədiyim nələrisə bildiyimi sanmıram. Onun
yanından, ondan artıq bilgə saydıqları
başqasının yanına gedib, onun da yaman gündə,
bilgəlikdən çox uzaq olduğunu gördüm; onun da biliksizliyini
üzə çıxardığım üçün, o da yandaşları
ilə birgə məndən yanıqlı oldular.
Bunlara baxmayaraq, mən ardıcıllıqla, toplumda
bilgə saydıqları bütün kimsələrin yanına gedib,
onların bilgəliyini sınamağa çalışdım.
Bunları elədikcə, özümə yağı
qazandığımı duysam da, sözün düzü qorxub çəkinsəm
də, ancaq tanrı sözünü uca tutmaqdan özümü saxlaya bilmirdim.
Beləliklə də tanrı sözünü anlamaq üçün, mənə
elə gəldi, gərək bilgəlikləri
dilə-ağıza düşən bütün adamları yoluxub,
yoxlayam. And olsun köpəyə*, afinanın kişiləri,
sizə açıq ürəklə demək istəyirəm, mən
bu adamları sınadıqca nə görsəm
yaxşıdır: bigəlikdə ad çıxarmış
kimsələrin çox biliksiz, dayaz adamlar olduğunu,
əksinə özünü bilgə saymayanların çoxunun onlardan qat-qat
üstün olduqlarını gördüm. Mən bu adamların arasında
necə gəzib dolandığımı, hansı
əməklərə qatlaşmağımı gərək
sizlərə danışam, axı mən tanrının
sözünün doğru olmasını araşdırırdım.
Dövlət qulluqçularının ardınca mən şairlərin
yanına getdim, onların ağı(faciə) üstündə
də, öyünclə də şeir yazanlarını yoluxdum, özümün
onlardan biliksiz olacağımı görmək umdusu ilə
onları bir-bir sınaqdan keçirdim. Mən onların yaradıcılığından,
ən yaxşı sayılan parçaları seçib, onlardan
öyrənmək amacı ilə, bu parçalarda yazdıqları
ilə nə demək istədiklərini özlərindən
soruşdum. Düzü gördüklərimi olduğu kimi sizlərə
danışmağa utanıram, ancaq yeri gəldiyi üçün
gərək deyəm. Anladığım təkcə o oldu, bu
şairlərin şeirlərini, oxucuları özlərindən
qat-qat yaxşı incələyə bilirlərmiş. Bununla
da çox qısa bir sürədə şairlər üzrə bunları
öyrənə bildim: onların yaradıcılığı
hansısa bilgəlikdən qaynaqlanmır, dedikləri
sözlər anadangəlmə bir vergidən, bununla bağlı
olan bir coşqunluqdan doğulur, onlar da gələcəyi
deyən baxıcılar, falçılar sayaq anlaq
yiyəsidirlər; axı belələri də çoxlu
yaxşı soraqlar verir, ancaq bunu haradan bildiklərini
özləri də anlamırlar. Şairlər də bax buna
oxşar olan bir duyumla yazıb, yaradırlar; ancaq ən
acınacaqlısı bu da deyil, onların bu vergilərinə
güvənib, özlərini bütün işlərdə başqa insanlardan
üstün sanmalarıdır. Mən, dövlət qulluqçuları ilə
olduğu təki, bu şairlərdən də anlaqca
yüksəkdə dayandığımı bilincə, onlardan
aralandım. Lap sonda mən
uzmanların(sənətkarların) yanına gələsi
oldum. Onların işlərinə gəlincə, mənim bu
işlərdən baş açmadığım özümə gün
təki aydın idi, ancaq onlardan çoxlu yaxşı bilgilər
öyrənə biləcəyimə də inanırdım.
Mən ilk baxışda yanılmadığımı gördüm,
onlar doğrudan da mənim bilmədiyim çoxlu
nəsnələri bilirdilər. Ancaq bir az da dərinə getdikcə,
onların da elə şairlər sayağı, yanlışa
qapıldıqlarını gördüm: onlar anadangəlmə
aldıqları yaradıcılıq bacarıqları ilə
öyünüb özlərindən çıxır, bütün qalan işlərdə
də hamıdan üstün bilikləri olduğunu düşünür, bununla
da bilgəlik anlayışını kiçildib, dəyərsizləşdirirdilər;
bundan sonra mən bir də tanrının dediyi sözün üstünə
qayıdıb, özümdən soruşdum: mən nə
etməliyəm?mən necə varamsa, eləcə də
qalmalıyammı, yəni onların bilgəliyinə
oxşamayan bu bilgəliyimlə, onların
anlamazlığına bənzəməyən bu anlamazlığımla,
baş-başa verməliyəm, yoxsa onlar təki olmağa
çalışmalıyam? Onda özümə də, orakula da dedim:
mən necə varamsa, eləcə də qalmağı üstün
tuturam.
Bax, mənim bu araşdırmalarım, ay afinalı
kişilər, bir yandan mənə qarşı çoxlu
acıqlı, yanıqlı adamları ortaya çıxardı,
elə buradan da bu yalanlar törəyib artmağa başladı,
başqa yandan da mənə bu bilgə adını
yapışdırmağa başladılar, axı mənim
başqalarının bilgəliyini danmağımı
görənlər, onlarda dandığım bilgiləri özümün
bildiyimi sanırdılar. Özlüyündə isə, a kişilər,
gerçəklikdə tanrıdan başqa bir bilgə ola da
bilməz, tanrı isə, mənim adıma dedikləri ilə
ancaq onu açıqlamaq istəmişdi, insan bilgəliyi olduqca
kiçik, az qala dəyərsiz bir nəsnədir, Sokratı isə
bir örnək olaraq göstərməklə, adamlara bunu anlatmaq istəmişdi:
sizlərdən Sokrat sayağı düşünənlərə: o
yana getmə, bəri gəl, bilgə demək olarsa da, bu ancaq
onun öz bilgəliyinin dəyərsizliyini anladığı
üçündür. Mənə gəlincə, elə bu gün də
axtarıb- arayıb tanrı sözünün doğruluğunu adamlara
anlatmağa çalışmaqdayam, mənə bilgə görünən
kiminləsə, istər bizlərdən, istərsə yadelli
olsun, üzləşdimmi, o andaca tanrının düz dediyini
göstərmək üçün, bu adamın bilgə olmadığını,
onun özünə də, yörəsindəkilərə də
anladıram. Bax bu işlərlə çalışmaqla da mən,
nə şəhərimiz üçün, nə də öz ev-eşiyim üçün
önəmli bir iş görməyi çatdıra bilmirəm, tanrıya
ürəkdən göstərdiyim bu qulluğumla da, gördüyünüz kimi,
ən yoxsul bir dolanışıqla yaşamaqdayam.
Bundan başqa, öz istəkləri ilə mənim
başıma yığışan gənclər,
dolanışıq korluğu çəkməyən, özü də
varlı kişilərin oğulları ola-ola, mənim
adamların bilgəliyini necə sınadığıma
baxmaqdan doymurlar, sonra da məni yamsılayaraq, özləri də
başqalarını bu sayaq sınaqdan keçirirlər;
mənə elə gəlir, onlar da mənim elədiyim
təki, özlərini bilgə sayan kimsələrə
özlüyündə belə olmadıqlarını göstərə
bilirlər. Onların bilgə olmadıqlarını
göstərdikləri adamlar isə, özlərindən
inciməkdən, məni qınayırlar, sonra da belə bir
söz çıxarmağa başlayırlar, deməyəsən Sokrat
adında birisi, gəncləri pis yollara çəkir. Birdən
onlardan soruşan olsa: axı bu Sokrat nə işin
yiyəsidir, nə öyrədir?onda bunların deməyə bir
sözləri olmadığından, sudan quru çıxmaq üçün, bütün
çağlarda bilgələrin dalınca deyilmiş
dedi-qoduları dilə gətirirlər: o, yerin altında, göy
üzündə olan işlərə baş qoşur, bununla
tanrıların işinə qarışıb, onlara
saymazlıq göstərir, öz yalanlarını doğru adına
adamlara sırıyır. Bu adamlar sözün düzünü deməkdən ona
görə çəkinirlər, birdən onların nəyisə
bilməyə-bilməyə özlərini bu işin bilicisi kimi
göstərməklərinin üstü açıla bilər. Mən bilən
bu adamlar, çoxsaylı olmaqla, yersiz ötkəmliklə, varlı
olmaları ilə, bir yandan da öz aralarında anlaşıb, ara
vermədən mənim adıma olmazın yalanlar uydurmaları
ilə, sizlərin qulağını doldura bilmişlər.
Bax bu mənim üzümə keçən, Melet, Anit, Likon da onların
əlaltılarıdır: Meletincik düşmüş
şairlərin, Anituzmanların, Likon isə,
sözçülərin(ritorların, oratorların) acığını
məndən çıxmağa çalışırlar. Ona görə
də sözümün başlanğıcında sizlərə, belə
az bir sürədə, bu böyük yalanların üstünü açmağın
ağırlığından gileylənmişdim. Sözün düzünü
bilmək istərsəniz, bu dediklərimdən başqa söz
axtarmayın da, necə görürsünüz, mən sizlərə nə
varsa hamısını, olduğu təki,
gizlətmədən, gərəklisindən tutmuş
önəmsizinə kimi, bircə-bircə danışmaqdayam.
Bilirəm, bu danışıqlarımı da çoxlarınız
bəyənməyəcək, ancaq elə bu da, yəni
çəkinmədən sözün düzünü deməyim, mənim yox, onların:
məni qaralamaq istəyənlərin yalan
danışdığını açıb ağartmaq üçündür. Siz
haçansa, istər indi, istərsə gələcəkdə, bu
işləri araşdırsanız, bunun elə belə də
olduğunu tapacaqsınız. Beləliklə də məni
ilkin olaraq suçlayanların yalanlarının üstünü açmaq üçün
dediklərimi, elə bilirəm, yetərli saymaq olar; indi
isə mən, dediyinə görə bizim şəhərimizi
ürəkdən sevən bu Meletlə, onun çiyin
yoldaşlarının dediklərini yalana çıxarmağa
çalışacağam. Qoy belə də olsun, onların
mənə qarşı irəli sürdükləri bu suçlamanın,
məni istəməyənlərin hamısının sözü bir
yerə qoyması demək olduğu bəllidir. Bunların
dediklərinin özəti belədir: Sokrat gəncləri düzgün
yoldan sapdırıb, pozğunluqlara çəkməklə
yasaları pozur, şəhərimizin tapındığı
tanrıları tanımır, onların yerinə başqa tanrıları
qoymaq istəyir. Bax, belə bir suçlama sırası; indi
gəlin bu sıradan ayrı-ayrı sözləri seçib görək,
bunlar nə demək istəyirlər. Melet durub deyir, mən
yasaları pozaraq, gəncləri düz yoldan sapdırıram,
ancaq mən isə deyirəm, Meletin özü yasaları lağa
qoymaqla onları pozur, onun üçün önəmli olmayan
işlərdən ürəyiyanan adamlar təki
danışıb, adamları boş yerə məhkəmə
qurmağa çağırır; gəlin, bunun belə olduğunu
sizlərə göstərim.
-Melet, bir mənə de görüm, sən şəhərimizin
gənclərinin yaxşılığını
ürəkdən istəyirsən, eləmi?
-Sözsüz, mən bunu istəyirəm.
-Onda mənə de görüm, onların
yaxşılığı üçün çalışan kimdir? Sən
onların yaxşılığına çalışan birisi
olaraq, bunu bilməmiş olmazsan. Onların pisliyini
istəyəni tanıyırsan: ona görə də məni bunda
suçlayıb bu məhkəməyə çəkib gətirmisən;
indi də onları yaxşılığını
istəyən kimdir, onu de. Bax görürsən, Melet, sən susub,
nə deyəcəyini kəsdirə bilmirsən. Sənin
doğrudanmı utanan üzün yoxdur? Sənin susqunluğun, bu
işlərin sənin üçün azacıq da olsa önəmi
olmadığından soraq vermirmi? Ancaq, susma, danış:
kimdir gənclərin yaxşılığını
istəyən?
-Yasalar.
-Ay gözümün işığı, mən səndən bunu soruşmuram,
gənclərin yaxşılığını istəyən
bu yasaları kimlərin bildiyini, yerinə yetirdiyini
soruşuram.
-Bax onlar, Sokrat,- buradakı hakimlər.
-Nə danışdığındır, Melet!
Doğrudanmı bu adamlar gənclərə düz yol göstərib,
onları yaxşı olmağa yönəltməyi bacarırlar?
-Çox gözəl də bacarırlar.
-Onların hamısı? Yoxsa biriləri bacarır, o
biriləri yox?
-Hamısı bacarır.
-And olsun Heraya, çox yaxşı danışırsan, gör
hələ başqalarının işinə yarayan nə çox
adamlar var imiş! Yaxşı, bu qulaq asan adamlar necə, onlar
da gəncləri yaxşı olmağa öyrədirlər, ya yox?
-Onlar da.
-Gənəşik toplantısından olanlar necə?
-Onlar da.
-Melet, sən bilərsən, Xalq
Yığıncağında toplaşanlar, gəncləri
korlayıb eləmirlər? Yoxsa onlar da hamısı,
gənclərimizi yaxşı olmağa öyrədir?
-Onlar da hamısı, yaxşı olmağı
öyrədirlər.
-Belə çıxır, bütün afinalılar gənclərimizin
yaxşılıqsevər, gözəl insanlar kimi
yetişməsinə çalışır, təkcə mən
onları korlayıram. Sən bunumu demək istəyirsən?
-Elədir, bunu deyirəm.
-Ancaq mənim adıma, deyəsən, olmazın qaralar
yaxırsan a! Onda mənə de görək: atlarla belə bir
iş olurmu, hamı onları yaxşı öyrətməyə
çalışır, ancaq birisi onları korlamaq istəyir? Yoxsa
tərsinədir, hansısa birisi, ya da bir-ikisi onları
yaxşılaşdırmağı bacarır, deyək
miniciliyi yaxşı bilənlər, ancaq yerindən duran, bunu
bacarmayan çoxları, bu işə baş qoşanda atları
korlayırlar? Melet, elə başqa ələ öyrədilən
heyvanlarla da belə olmurmu? Bilmirəm indi sən Anitlə bunu
da danacaqsınız ya yox, bu doğrudan doğruya gəncliyin
çox böyük uğuru olardı da, hamı onları
yaxşılığa öyrətsin, yalnız bir adam onları
korlamaq istəsin. Melet, məncə sən gənclərin
işlərinə qayğı göstərmədiyini, bu
işlərin sənin üçün önəmi olmadığını
yetərincə göstərdin: məni məhkəməyə
çəkib suçladığın bu işlərdən sənin
nə başın çıxır, nə də sənin üçün
onların bir isti-soyuğu da yoxdur. Bax, Melet, Zevsin adı üçün,
bir bizə de görək: yaxşı yurddaşların
arasında yaşamaq gözəldir, yoxsa pis? Niyə susursan,
dillənsənə! Mən səndən çox da elə
başsındıran söz soruşmuram axı. De görək,
pislərözləri ilə oturub duranlara yamanlıq eləyirmi,
yaxşılaröz yörəsindəkilərə
yaxşılıq eləyirmi?
-Sözsüz, eləyirlər.
-Yaxşı, de görək elə birisi olarmı, öz
yaxınlarından yarar yox, korluq görmək istəsin? Niyə
susursan, yaxşı adam, axı yasaya görə sən mənim
sorğularımı yanıtlamaqdan boyun qaçıra
bilməzsən! Belə bir adam varmı, özünün
korluğunu(ziyanını) istəsin?
-Mən bilən beləsi ola bilməz.
-Yaxşı. Onda de görək, sən məni
məhkəməyə verəndə, mənim gəncləri
bilərəkdən korladığımı düşünürsən,
yoxsa bilməyərəkdən?
-Düşünürəm, sən onları bilərəkdən
korlayırsan.
-Bu necə olur, Melet? Sən belə gənc ola-ola,
məndən artıq bilgə də olursan, pislərin öz
yaxınlarına yamanlıq, yaxşıların öz
içkinlərinə yaxşılıq elədiklərini də
bilirsən, ancaq mən bu qoca yaşımda oracan anlamaz oluram
da, öz yaxınlarıma yamanlıq eləyib, onların da
mənə bunu eləyəcəklərini qanmıram,
sənin deməyinə görə, mən könüllü olaraq özümə
qarşı belə bir böyük pisliyə qol qoyuram! Bax bu
sözünə mən inanmıram, Melet, elə bilirəm,
başqaları da inanmazlar. Mən ya korlamıram, yox
korlayıramsa da, deməli bunu bilməyərəkdən
eləyirəm; bunların ikisi də sənin yalanını
üzə çıxarmaqdadır. Mən onları
bilməyərəkdən korlayıramsa, onda yasalara görə,
mənə öyüd verilməli, bu yoldan
çəkindirməlidirlər, məhkəməyə vermək
yox; bununla da mən bilməyərəkdən
elədiklərimdən əl çəkməli oluram. Sən
məndən uzaq gəzib bunları mənə
öyrətmirsən, sonra da məni dartıb bu məhkəməyə
gətirirsən, mənim öyrənmək gərəyimi
ödəməkdənsə, ölməyimi istəyirsən.
Ay afinanın kişiləri, yəni doğrudanmı
sizlərə aydın deyilmi, mən dediyim kimi, Melet üçün bu
danışdığı sözlərin haçansa da önəmi
olmayıb; yaxşı, onda, ay Melet, de görək mən bu
gəncləri nə sayaq korlayıram axı? Sənin
məhkəməyə yazdığın suçlamandan belə
çıxmırmı, mən onlara şəhərimizin
tapındığı tanrılara sayğısızlıq
göstərməyi, başqa tanrılara tapınmağı
aşılayıram? Mənim öz öyrətmələrimlə
adamları korladığımı ortaya atanda, sən bunumu
demək istəyirsən?
-Düzdür, bunu demək istəyirəm.
-Onda elə o tanrıların adı üçün, Melet, demək
istədiklərini, mənim üçün də, bura toplaşanlar üçün
də bir az aydın, geniş danışsana. İş
burasındadır, mən sənin nə demək istədiyini
anlaya bilmirəm: deyəsən mən bir sıra tanrıları
tanıyırmışam, demək tanrıtanımaz
deyilmişəm, ancaq mənim suçum bu imiş, sən demə
mən şəhərimizin tanıdığı
tanrıları yox, ayrılarını
tanıyırmışam; yoxsa sən demək
istəyirsən, mən tanrıları bütünlüklə
tanımıram, başqalarına da bunu öyrədirəm?
-Elədir, sən tanrıları büsbütün tanımırsan!
-Gülməli adamsan sən, Melet! Niyə belə
saçmalayırsan? Demək mən başqaları təki, nə
Günəşi, nə də Ayı tanrılar olaraq
tanımıram?
-Yoxsa belə deyil?sayğılı hakimlər, bax bu Sokrat
deyir, Günəş-daş parçası, Ay isə torpaq
topasıdır.
-Sən burda məni yox, Anaksaqoru suçlayırsan, Melet, bu
hakimləri də qanmaz yerinə qoymaq istəyirsən! Yoxsa
düşünürsən, bu hakimlər, sənin bu dediklərinin
Klazomenli Anaksaqorun kitabında yazıldığını da
bilmirlər? Gənclər isə, bunları sən demə
məndən öyrənirmişlər, onlar sonra gedib bunları
Anaksaqorun yazdığını öyrənsələr, bu
sözləri öz adıma çıxdığımı üçün məni
çoxdan hoydu-hoyduya götürməzdilərmi? Zevsin adı üçün de,
səncə, yəni doğrudanmı mən tanrıları
lap azacıq da olsa belə tanımılram?
-Azacıq da olsa belə tanımırsan!
-Bu lap ağ oldu, Melet, mənə elə gəlir sən
özün də öz dediklərinə inanmırsan. Ay afinalılar,
mənə elə gəlir, bu adam bir yandan çox sırtıq,
çox da yaramaz olduğundan, o biri yandan gənclik
anlamazlığından, məni bu məhkəməyə
çəkib, qara yaxmağa çalışır. Görünür, bu oturub
belə bir tapmaca düşünüb, indi onu ortaya atıb yoxlamaq
istəyir: Görəsən bizim bilgəmiz Sokrat, mənim
şuxluq elədiyimi, öz sözümü özümün də danmağımı
anlaya biləcək, yoxsa mən onu da, bura
yığışanları da yanılda biləcəyəm?
Axı gün təki aydındır, bunun mənə qarşı
dediyi suçlamada, sözünün başı ilə ayağı düz
gəlmir: Sokrat yasaları pozub, tanrıları tanımır,
ancaq onları tanıyır. Bu, bizi güldürmək üçün
deyilməyibmi? Baxın da, onun bayaqdan dediklərindən bu
çıxmırmı? Di dillən dəyərli Melet, sizlər
də səs-küyü yığışdırın, axı bundan
qabaq sizlərə demişdim, mənim öyrəşdiyim kimi
danışmağıma dözməli olacaqsınız. Melet, bir
mənə de görüm, bu yer üzündə elə birisi
tapılarmı, insanların gördükləri işləri
tanısın, ancaq onların varlığını
dansın? Ay kişilər, belə hay-küy salmaqdansa, bu
adamcığaza deyin mənim sorğumu yanıtlasın da! Yer
üzündə eləsi tapılarmı, atların
varlığını dansın, ancaq atla görülən
işlərin olduğunu danmasın? Ya da fleyta çalanın ola
biləcəyini dansın, ancaq fleyta çalğısının
ola biləcəyini danmasın? Gözümün işığı,
beləsi olmur axı! Görürəm, danışmağa dilin yoxdur,
ancaq mən sənə də, bu toplaşanlara da öz sözümü
demədən keçən deyiləm. Ancaq sən gərək
ən azından bu sorğumu yanıtlayasan: yer üzündə
elə bir adam varmı, tanrıları tanıyır, ancaq
tanrıcaları* tanımır?
-Yox, beləsi ola bilməz
-Belə de! Nə yaxşı, bunlar səni
danışdıra bildilər! Demək, sən boynuna
alırsan, mən tanrının varlığını
tanıyıram, bunu başqalarına da öyrədirəm,- burda
mən tanıdığım tanrıların, sən
deyən sayaq yeni olmasını indilikdə bir qırağa
qoyaq, sən bu məhkəmədə sözün düzünü
deyəcəyinə and içmisən, indicə də dedin, mən
tanrıların varlığını danmıram;
tanrıların varlığını danmıramsa, onda
tanrıcaların da varlığını dana bilmərəm,
elə deyilmi? Bu, sözsüz belədir. Sən susub
dillənmirsən, ona görə belə deyirəm. Yaxşı
onda de görək, biz bu tanrıcaların da ya tanrı, ya da
tanrıların törəmələri olduğunu
sanmırıqmı? Dillən: ya hə, ya da yox?
-Elədir, sən deyən kimidir.
-Mən tanrıcaları danmıramsa, bunu sən də
deyirsən, tanrıcalar da özlüyündə elə tanrı sayaq
varlıqlardırsa, onda belə çıxır, sən bura toplaşan
adamları ələ salırsan, onlarla tap-tapmaca oynayırsan,
deyirsən, mən tanrıları danıram, ancaq onları
tanıyıram, axı mən tanrıcaları
tanıyırımsa, bu belədir. Başqa yandan,
tanrıcalar, deyək bu nimfalar təki, tanrıların
uşaqlarıdırsa, onda o hansı adamdır,
tanrının uşaqlarının varlığını
tanıyır, ancaq tanrıları tanımır? Bu
bilirsənmi necə bir qanmazlıq olardı?kimsə
qatırın eşşəklə atdan törədiyini
danmır, ancaq eşşəklə, atın ola
biləcəyinə inanmır! Yox, Melet, ya sən burada
bizləri barmağına dolayırsan, ya da bilmirsən
məni nədə suçlayasan, ürəyin soyusun. Sən axı,
lap azacıq anlağı olan kimisə necə inandıra
bilərsən, birisi tanrıları, tanrıcaları danır,
ancaq elə onlara da inanır. Beləliklə də ay
afinanın kişiləri, Meletin dediklərinin ağ yalan
olduğu da, mənim suçsuz olmağım da, burada
dediklərimdən açıq-aydın görünməkdədir. Mən
danışığımın başlanğıcında
adamların birilərinin məndən niyə yanıqlı
olduğunu da sizlərə anlatdım, bu sözlərimin doğru
olduğuna güvənə bilərsiniz. Mənim evimi yıxsa,
elə bu dediyim, məndən yanıqlı olan adamların
yaydıqları yalanlar yıxacaq, bu Melet, Anit kimilər yox;
belə yalanlar neçə-neçə yaxşı adamların evini
yıxıb, görünür bundan sonra da çox yıxacaqdır. Elə
düşünməyin, bu işə düşənlərdən
sonuncusu mən olacağam!
Ola bilər, sizlərdən biri qayıdıb desin: Sokrat,
belə işlərə baş qoşduğuna görə
utanmırsanmı, bax elə buna görə də, indi səni
öldürmək istəyirlər? Mən də qayıdıb bu adama
deyərdim: ay mənim istəkli arxadaşım, nəyisə
düzgün eləməyi bacarmayıb, yanlışa
qapılmasından; özünün insana yaraşan sayağı ömür
yolundan azıb, yaman adamların sırasına
qoşulmasından; ha belə bunun kimi yanlışlardan,
yaramazlıqlardan, büsbütün qaçmağa çalışan, seçdiyi bu ömür
yolunda ölümü də gözünün altına alıb, ondan qorxusu olmayan,
beləliklə də lap azacıq olsa belə, yararlı
işlər görməyi bacaran adamı sən düzgün
dəyərləndirə bilmirsən. Sənin
deməyindən belə çıxır, Troyada qorxub
çəkinmədən özlərini dirigözlü ölümə atan
yarımtanrılar da yaxşı iş görməyiblər, yoxsa
unutmusan, Fetidanın oğlu*, ad-sanını qorumaq üçün
ölümdən qorxub çəkinməyəndə, onun tanrıca olan
anası demişdi: İstəkli oğlum, sən
arxadaşın Patroklun öcünü almaq üçün Hektoru öldürsən, özün
də ölməli olacaqsan; Tanrılar, Priamın oğlunun
ölümündən bir az sonranı sənin ölüm çağın olaraq seçmişlərbunları
bilə-bilə o yenə də ölümdən çəkinmədi,
arxadaşının ölümünə görə yağıdan öc
almağı bacarmayan birisi kimi tanınmağı özünə
sığışdırmadı, bu da onun sözüdür:
Yağımı öldürən anda özüm də ölsəm
sevinərəm, yoxsa bu aypara biçimli gəmilərin yanında
qalıb, adamların gözündə gülünc görünmək, torpağa
ağır yük olmaqdansa, ölüm yaxşıdır. Bu anda onun
nə üçün, nə ölümdən, nə də baş verə
biləcək qorxulasılardan çəkinmədiyini
düşünüb-daşındınızmı? Sizlərin seçdiyiniz
qoşun böyüklərinin buyuruğu ilə mən Potideydə,
Amfipolda, Deliydə, yurd uğrunda savaşlarda ölümün gözünə
dik baxıb, döyüşlərdən qaçmamaışamsa, indi
tanrının buyuruğu ilə apardığım
fəlsəfə çalışmalarından da, nə ölüm qorxusu,
nə də ayrı bir nədənlə çəkilən
deyiləm, mən bundan qorxub qaçsaydım da onda məni
məhkəməyə çəkib, tanrıları tanımamaqda
suçlaya bilərdiniz, axı belədə mən ölüm qorxusundan,
orakulun dediklərinə qulaq asmaqdan boyun qaçırmış
olardım, özümü yalandan sizlərə bilgə olaraq
göstərmək istərdim, axı ölümün nə olduğunu
bilmədən ondan qorxmaq da elə yalançı bilgəlikdir,
belədə özünü, bilmədiyini bilən təki aparırsan.
Bir kimsə ölümün nə olduğunu bilmir, onun insan üçün
yaxşılıqmı, yamanlıqmı
gətirəcəyini də bilən yoxdur, ancaq hamı ondan
qorxur, sanki onun insana yamanlıq gətirəcəyini artıq
bilirlər. Bilmədiyin nəyisə bildiyini
düşünməkdən də böyük qanmazlıq ola bilərmi?
Mənə gəlincə, çoxlarından ancaq bununla
seçilirəm: mənim bilgələyim ondan bilinir, Aidi* gedib
görməyənəcən, onun necə bir yer olduğunu
bilmədiyimi düşünürəm. Yasanı pozub, məndən üstün
olanı eşitməmək, bu istər tanrı,
istərsə insan olsun,- bax bunun yaramazlıq, utanmazlıq
olduğunu mən bilirəm. Ona görə də, bəri başdan
yamanlıqdan çox yaxşılıq gətirə
biləcəyini düşündüyüm nələrdənsə qorxub
çəkinməyi anlağıma belə sığışdırmıram.
Anit deyir, mən ya gərək bura gəlməyəydim,
gəlmişəmsə gərək mənə ölüm
kəsilsin, yoxsa məni sağ buraxsanız, sizlərin bütün
oğullarınızın hamısını düz yoldan
azdıracağam, indi birdən bu yaramazın dediklərinə
inanmayıb məni buraxsanız, üstəlik desəniz: Sokrat,
biz bu dönə Anitin dediklərinə baxmayıb, səni
buraxırıq, ancaq sən gərək bu
araşdırmalarından, fəlsəfə
öyrətməyindən əl çəkəsən, bu
işlərə görə bir də ilişsən sənə
ölüm kəsəcəyik, onda mən də sizlərə
bunları deyərdim: Mən sizlərə tanrıdan ancaq
ən yaxşı olanları diləsəm də,
sayğı bəsləsəm də, sizlərin yox,
tanrıların sözünü tutacağam, ona görə də,
yaşadıqca filosofluğumdan da əl
çəkməyəcəyəm, qarşıma çıxanları
dilə tutub, inandırıb, yenə də dedikcə
deyəcəyəm: ay gücü ilə, bilgəliyi ilə ad çıxarmış,
Afinanın sayğılı kişisi, sən nədən
belə utanıb-qızarmadan, axça qazanmaq üçün gecə-gündüz
əlləşib vuruşursan, ancaq ad-san
qazanmağının, anlaqlı olmağının,
düzgünlüyünün, öpözünün qayğısına qalmırsan, onları
artırmağa çalışmırsan? Birdən
sizlərdən biri durub desə, o belələrindən deyil,
onda mən onun yaxasından yapışıb, oçağacan
sorğuya tutacağam, sınağa çəkəcəyəm,
danacağam, öyrənib bilim, o doğrudanmı dediyi təkidir,
ya yox; görsəm o özündə olmayan üstünlükləri yalandan öz
adına çıxmaq istəyir, onu yamanlayıb
deyəcəyəm, nəyə görə o, yaxşını
yamandan ayırd eləməyi öyrənməyib,
yamanlığı yaxşılıqdan artıq
dəyərləndirir. Qarşıma çıxan kim olur olsun:
qoca, gənc, yadelli, mən bunu onlara deməkdən
çəkinməyəcəyəm, ancaq ən başlıcası
sizlərdən yapışıb əl çəkməyəcəyəm,
axı sizlər mənim qandaşlarımsınız.
İnanın, mən bununla ancaq tanrıların
buyuruqlarını yerinə yetirməkdəyəm, onu da
biləsiniz, bizim şəhərdə mənim tanrılara
göstərdiyim bu qulluqdan da gərəkli, önəmli bir iş
görən yoxdur, ola da bilməz. Axı mən bütün günü
sizlərin qocanızı, gəncinizi yaxalayıb hey
deyirəm, gücünüzü öncə öz bədəninizi, axçanızı
yaxşılaşdırmağa yönəltməyin, birinci
öpözünüzün yaxşılığına çalışın: axça
qazanmaqdan ərənlik törəmir, ancaq istər tək-tək
adamlar olsun, istərsə toplumda, ərənlik qazananların
axçası da, başqa gərəkli nəsnələri də
olur. Mən gəncləri yoldan azdırmışamsa, onlara
ancaq bu sözləri demişəm, bu isə yaramazlıq
törədən sözlər deyil axı. Kimsə mənim bunlardan
başqa bir söz danışdığımı deyirsə,
demək onun başı yaxşı işləmir. Ona görə
də, afinalılar, budur sizə deyirəm: bilmirəm,
sizlər bu Anitə qulaq asacaqsınız, ya yox, yoxsa məni
sağ buraxacaqsınızmən indiyəcən nə
eləyirdimsə, onu da eləyəcəyəm, buna görə
məni dönə-dönə öldürsəniz belə.
Bu nə hay-küydür salmısınız, ay afinalılar,
mən axı sizlərə dedim, qoyun sözümü sonacan deyim; elə
bilirəm qulaq asmağınızın sizə yararı da
olmamış deyil. Mən indi başqa sözlər də deyəcəyəm,
sizlər yenə də buna görə qışqırmaq
istəyəcəksiniz, ancaq gəlin belə eləməyin.
Arxayın ola bilərsiniz, sizlər məni belə olduğuma
görə öldürsəniz, özünüzə məndən çox yamanlıq
edəcəksiniz. Bu Meletin, Anitin mənə yamanlıq
eləməyə gücləri çatmaz, mənim ürəkdən
inandığım belə bir gerçəklik var: pislər
yaxşılara yamanlıq eləyə bilməzlər. Ola
bilsin o, yaxşını öldürə, yurdundan qova, incidə
bilər. O da, başqaları da, ola bilsin bununla böyük
yamanlıq elədiklərini düşünürlər, ancaq mən
belə saymıram; bax onların indi eləmək
istədikləri, sizlərin əli ilə məhkəmə
qurmaları, insanı suçu olmadan ölümə sürükləmələri,
buna yamanlıq demək olar. Ona görə də, ay afinalılar,
elə düşünməyin mən burada ancaq özümü doğrultmaq üçün
danışıram, mənim çalışdığım sizlər
üçündür, dediyim odur, mənə ölüm kəsib, tanrıların
sizlərə verdiyi ərməğanı əldən
buraxmayasanız. Doğrudan da sizlər məni öldürsəniz,
mənim təki birisini tapmağınız qolay olmayacaq,
gülməli çıxsa da deyim, mənim sizin
şəhərdəki işimi mozalanın(atmilçəyinin)
işinə də oxşatmaq olar: bu yekə, yaxşı
soylu, iş-güc bacaran, ancaq yeyib-yatıb
ərincəkləmiş varlığın onu sancıb,
incidib yerindən tərpədən bir nəsnəyə
gərəyi vardır. Özlüyündə, mənə elə
gəlir, tanrılar məni şəhərimizə belə
bir iş üçün göndəriblər, mən gərək bütün günü
gəzib dolanam, hara gərəksə qonub, sizləri oyadam,
dilə tutam, qınayam, sancam. Bu işi mənim kimi görə
biləcək başqasını tapmaq qolay deyil, a
kişilər, dediklərimə inanırsınızsa
məni, bu işimi görə bilmək üçün sağ buraxa
bilərsiniz. Çox ola bilər, yuxudan diksinib kal duranlar
sayağı, yarıyuxulu olduğunuzdan, anlamazlıqdan,
məni vurub öldürə də bilərsiniz, yəni bu Anitin
dediyini eləyərsiniz, onda sonradan tanrılar sizin gününüzə
acıyıb bir başqasını göndərənə kimi,
bütün qalan ömrünüzü də yuxuda keçirəcəksiniz. Məni
isə elə bil tanrılar sizlərə bir
ərməğan olaraq veriblər, bunu nədən belə dediyimə
gəlin özünüz də baxın: sizlər öz aranızdan elə
birisini tapa bilərsinizmi, mənim təki, bütün
dolanışığını bir qırağa atıb,
illər uzunu ev-eşiyinin diriliyinin dağılmasına dözür,
ancaq sizlərin işlərinizə qayğı
göstərməkdən bir an olsa belə yaxasını qırağa
çəkmir, sizlərə bir-bir ata, ya böyük qardaş
qayğısı ilə yanaşıb, yaxşıların
sırasına qoşulmağa çağırır, buna
inandırmağa çalışır. Bu gördüyüm
işlərdən mənim hansısa qazancım olsaydı,
verdiyim öyüdlərə görə axça alsaydım, onda məni
nədəsə sorunlu saya bilərdiniz, ancaq özünüz də
görürüsünüz, qızıl-qırmızı üzümə keçib, məni
olmazın işlərdə suçlayan bu arsızlar belə,
mənim öyrətdiklərimə görə kimdənsə axça
götürdüyümü, ya da istədiyimi, burada dilə gətirə
bilmədilər; mənim isə bu dediklərimə sizləri
inandıracaq bircə tanığım varbu mənim
gördüyünüz, göz önündə olan yoxsulluğumdur! Ola bilsin də,
sizlərə çöçün görünə bilər, mən nədən bu
öyüdlərimi tək-tək adamlara, ya da başıma
toplaşanlara deyirəm, ancaq Xalq yığıncaqlarına
qatılıb, bütün şəhər adamına birdən
bunları çatdırmıram. Bunu nədən belə
elədiyimi mən sizlərə dönə-dönə
anlatmışam, düzünü bilmək istəsəniz, məni bütün
bu işlərə yönəldən tanrılardan gələn
bir səsdir; axı bu Melet də elə mənim bu durumumu öz
suçlamasında ələ salmaq istəmişdir. Bu məndə
uşaqlıq çağlarımdan başlamışdı:
birdən durduğum yerdə, hansısa səs eşidirəm,
bu səs məni görmək istədiyim hansısa işdən
çəkindirir, ancaq deyim, bu səsin məni hansısa bir
işə yönəltməsi də olmur. Bax elə bu səs
də, məni dövlət işlərinə qoşulmağa
qoymur. Sizləri inandırıram, afinalılar, mən
dövlət işlərinə baş qoşsaydım, çoxdan
başımı yemişdilər, onda nə özümə, nə
də sizlərə bir yararım da dəyməzdi. Gəlin
məndən inciməyin, mən sizlərə sözün düzünü
deyəcəyəm: dövlətin işlərində baş
verən əyrilikləri, yasa pozuntuluqlarını
açıq-aydın deyib, sizlərə, ya da başqa hansısa
çoxluğa qarşı çıxmaq istəyən birisi, toplumda
uzun sürə sağ qala bilməz. Yox, kimsə düzgünlük uğrunda
çarpışırsa, bununla belə, qısa bir sürədə
sağ qala bilirsə, o da gərək öz işini
təkbaşına görməyə çalışsın, dövlət
işlərinə qatılmasın. Dediklərimin
doğruluğunu göstərmək üçün sizlərə
düşündüklərimi yox, çoxunuzun artıq eşitdiyi bir olayıyəni
öz başıma gələnləri danışmaq
istəyirəm. Gəlin qulaq asın, onda görəcəksiniz,
başıma nələr gəlmiş, biləsiniz, mən
ölüm qorxusu altında belə, dövlətin görmək istədiyi
əyri işlərə qol qoymamışam. Mənim indi
danışmaq istədiyim, sizlərə üzücü,
darıxdırıcı da görünə bilər, ancaq bunlar
doğrudan da elə danışdığım kimi olubdur.
Afinalılar, mən bizim şəhərdə haçansa bir
dövlət qulluğunda işləməmişəm, ancaq
yasalara uyğun olaraq, bir ara Gənəşik
toplantısında işləməli olmuşam.
Gənəşik toplantasının yığıncaqlarına
başçılıq eləmək sırası bizim Antioxid
uruğuna(tayfasına) çatanda, sizlər onda bir neçə strateqi,
onların yaxınları ilə birlikdə
məhkəməyə vermək, onlara ölüm kəsmək
istəyirdiniz, onları dəniz döyüşündə
yenilməkdən savayı, bir də yaralıları, dənizə
tökülmüş döyüşçüləri atıb qaçmaqda
suçlayırdınız,- bu isə büsbütün yasanı pozmaq
demək idi, sonradan sizlər də bunun belə olduğunu
boynunuza aldınız. Oradakı görəvlilərdən
təkcə mən bunun yasaları pozmaq olduğunu deyib,
sizlərin istəminə qarşı çıxdım, onda, sözçülər
məni tutuqlamağa çağırdılar, elə sizlər
də çığır-bağır salıb, məni damlatmaq
istəyirdiniz,- mən onda düşünüb-daşındım,
bildiyiniz kimi, sizlərə qoşulub yasaları
pozmaqdansa,-damlanmağı, öldürülməyi, üstün tutdum. Bu,
şəhəri xalqın özünün yönətdiyi çağlar idi, sonra
oliqarxların Otuzlar deyilən yığnağının,
şəhərimizi yönətməyə
başladığı çağlarda, onların görəvliləri
mənimlə birgə dörd adamı da yanlarına
çağırıb, Salaminə gedib oradan Leontu öldürmək üçün,
tutub gətirməyi tapşırdılar. Bilirsiniz, onlar
çoxlarına belə tapşırıqlar verib, bacardıqca
adamların gözünün odunu almağa çalışırdılar.
Mən onda da sözlə yox, işdə göstərdim, loru dillə
desək, ölüm mənim üçün boş bir sözdür, ancaq yasanı
pozmağa, tanrıtanımazlığa qarşı
çıxmaqbunlar mənim üçün önəmlidir. Bu hakimiyyət necə
güclü, qaniçən olsa belə, məni əyrilik
eləməyə sürükləyə bilmədi, biz onların
yanından çıxandan sonra, o dörd adam Salaminə yollanıb
Leontu tutub gətirdilər, mən isə onların
buyuruğuna qol qoymadan çıxıb evimə getdim. Bu
hakimiyyət bir azdan yıxılmasaydı, buna görə məni
öldürəcəkdilər. Sizin aranızda bu dediklərimin
düzgünlüyünə tanıq olacaq çoxlu adamlar vardır.
Belə olayların baş verdiyi toplumda mənim dövlət
qulluğunda işləyib, uzun illər yaşaya
biləcəyimə inanardınızmı, özü də mən bu
illərdə yaşadığım təki, ərdəmli
bir ömür sürüb, düzgünlüyü qorumağa çalışsaydım, bunu
ən başlıca işim saysaydım, sizcə məni
sağ qoyardılarmı? Bu olası iş deyil, afinalı
kişilər! Tək mənim üçün yox, bir kimsə üçün də bu
olası deyil. Mənim isə bütün ömrüm boyu ancaq bir üzüm olub,
istər qarışmadığım dövlət işləri
olsun, istərsə özəl işlərim, mən düzgün olmayan
bir dənə də işə qol qoymamışam,
başqalarını da buna çağırmışam(indi bu
başqalarını, mənim öyrəncilərim
adlandırır bu yalançılar). Mən haçansa, kiminsə
öyrətməni olmamışam, ancaq ya gənc olsun, ya qoca,
mənə qulaq asmaq istəyəndə, ya da nə
elədiyimə baxmaq istəyəndə, onları
qovmamışam da. Mən bu danışıqlarım üçün bir
kimsədən axça almamışam, yoxsul olsun ya varlı,
nə soruşublar demişəm, kimsə mənimlə söz
deyişməsinə çıxmaq istəyibsə, onlarla da
anlaşmışam. İndi bu adamlar yaxşı olublar, ya
pisdirlər, sözün düzü mən bunu bilmirəm, mən isə özüm
sarıdan onlara hansısa bir bilimi öyrətməmişəm,
nə də öyrədəcəyimi boyun olmamışam.
İndi kimsə durub deyirsə, mən ona nələrisə
öyrətmişəm, ya da bu yöndə hansısa
danışıqlar aparmışam, onların bu yalanlarına
inanmayın. Onda nədən ötrü bir çoxları mənim
başıma toplaşıb, uzun sürədə mənimlə
birgə olmağı istəyirlər? Bunu da mən
sizlərə danışmışam; mən bu işin düzünü
sizlərə söyləmişəm: ona görə, onlar mənim,
bilgə olmayıb özünü belə adlandıranların iç üzünü
açıb göstərməyimə baxmağı sevirlər. Axı
bu işdə adamların könlünü açan nəsə vardır.
Bunları eləməyi isə mənə tanrılar
aşılayır, öncəgörmə, yuxugörmə təki
görüntülərlə mənə anladırlar. Bu dediklərimin
düzgünlüyünü sizlərə inandırmaq mənim üçün çox da qolay bir
işdir. Mən doğrudan da gəncləri yoldan
azdırıramsa, onlardan keçmişdə yoldan
azdırdıqlarım artıq yaşa dolublar, indi
gərək mənim onları gəncliyində düz yoldan
sapdırdığımı anlamış olsunlar, gəlib
burada mənim üzümə keçsinlər, ancaq gördüyünüz kimi beləsi
burada sizlərin qarşısınıza çıxmadı.
Özləri gəlmirsə, onda onların doğmaları:
ataları, qardaşları, ya kimisə, yaxın
adamlarını yoldan azdırıb korladığım üçün
bura gəlib niyə bunu demir? Mən burada onların çoxunu
görməkdəyəm: budur Kriton, mənim yaşıdım,
özü də bizim dalanda yaşayır, onun atası Kritobul; sonra
sifettili Lisaniy, onun atası Esxin; Epigenin atası kefisiyli
Antifon; bax bu qardaşları anıramFeozoditin oğlu
Nikosstratla onun qardaşı Feodot; Feodot artıq ölüb, demək
qardaşı mənə qarşı danışmaq
istəsə, onu bundan çəkindirə bilməz; budur, Demedokun
oğlu, Feaqın qardaşı Parad; Aristonun oğlu, Platonun
qardaşı Adimant ilə Eantador, sonra Apollodor
qardaşlarını görürəm. Mən burada olanların
çoxunun adlarını sadalaya bilərəm, Melet düz
adamdırsa, gərək öz danışığında
onları tanıq olaraq göstərəydi; yox o bunu
unutqanlıqdan eləməyibsə, mən buna qarşı
çıxmıram, qoy bunu indi eləsin, özü istədiyi kimsəni
çağırsın. Siz burada onun dediklərinin tərsini
görürsünüz, a kişilər, baxın görürün, Meletlə Anitin
deməsinə görə mənim korladığım bu adamlar,
mənə yardım göstərmək üçün necə
əldə-ayaqdadırlar. Mənim yoldan
çıxardıqlarımın məni qorumaq istəməsi
anlaşılandırsa, onda mənə yardımçı
olmağa gəlmiş onların doğmalarına nə
deyirsiniz, mən onların qandaşlarına yamanlıq
eləmişəmsə, onlar nədən mənə
yaxşılıq eləmək istəyirlər?onların bu
elədikləri düzgün olan kimsənin yanında olmaq
istəklərindən doğur, bu isə mənim düz, Meletin
isə ağ yalan danışdığını
göstərməkdədir. Kişilər, elə bilirəm bu
konuda danışmaq yetər! Bax mənim özümü doğrultmaq üçün
demək istədiklərimin özəti bunlardır. Ola bilsin,
burada sizlərdən kimsə indi öz keçmişinin
ağrı-acılarını: haçansa mənimkindən yüngül
olan bir işlə bu məhkəməyə düşüb,
hakimləri dilə tutmağını, onlara yalvar-yaxar
eləməyini, göz yaşı tökməyini, onların
ürəyini yumşaltmaq üçün öz körpələrini,
doğmalarını, arxadaşlarını yığıb
bura tökməyini anmaqdadır, ancaq mən qat-qat qorxulası
duruma düşsəm də, görürsünüz, bunları eləmirəm.
Ola bilər, elə buna görə də kimsə məndən
utanmasın, ya da incisin, səsvermədə də bunu
ürəyinə salsın. Mən bilmirəm sizlərin
arasında belə düşünən var, ya yox; belə
düşünəniz varsa, mən onlara yenə də sözün düzünü deyəcəyəm:
ağrınızı alım, mənim də doğmalarım
vardır; mən Homerin dediyi sayaq palıd ağacından, ya
da qayadan doğulanlardan deyiləm, insandan törəmişəm;
mənim qandaşlarım da var, üç oğlum da var, afinalılar,
biri artıq gəncdir, ikisi körpədirlər; ancaq mən
onları bura gətirib sizlərin ürəyini yumşaltmağa
çalışmayacağam. Bilirsinizmi mən niyə belə
eləyirəm? Bu mənim sizdən incik düşməyimdən,
ya da sayğısızlığımdan deyil. Mən
ölümdən qorxuram, ya qorxmuram, gəlin bunu da bir qırağa
qoyaq, mən belə bir iş tutmağı, nə öz adıma,
nə də sizlərin adına yaraşdırmıram, bunun
şəhərimizin də adına əskiklik
gətirəcəyini düşünürəm, üstəlik belə
davranmağım, nə mənim adıma qoşulan bu bilgə
ayaması ilə, nə də mənim yaşımla düz
gəlmir. Axı necə olsa sizin içinizdə belə bir söz
gəzir: bu Sokrat başqalarına oxşamır; elə
sizlərin içində də bilgəliyi, igidliyi, ərdəmliyi
ilə seçilən kimsə, birdən durub belə bir iş
tutsa, öz adını batırmazdımı? Mən ömrümdə,
neçə-neçə adlı-sanlı adamların məhkəmə
qarşısında necə acınacaqlı durumlara
düşdüyünü görmüşəm, onlar nədənsə ölüm
deyilən bu sonluğun çox qorxunc olduğunu düşünürlər;
az qala düşünməli olursan, yoxsa bunları
öldürməsələr, ölümsüz olasıdırlar?! Mənə
elə gəlir, belələri bizim şəhərimizin
adını batırırlar, bir yadelli bunları görsə,
belə düşünməzmi: baxma bu afinalıların igid adamlar
olduğunu deyirlər, nə olsun bunlar dövlət
başçısını, başqa qulluq yiyələrini
özləri seçirlər, ancaq iş bərkə düşəndə
özlərini qadın kimi qorxaqcasına aparırlar. Bax buna
görə də, ay afinanın kişiləri, bunu nəinki bizim
kimi anlayışlı kimsələr belə
etməməlidir, sizlər özünüz kiminsə belə
etməsinə yol verməməlisiniz, əksinə bu sayaq
ağlaşma qurub, şəhərimizin adını
batıranlarla, özünü toxdaq aparan suçlulardan, qat-qat artıq qaba
davranmalısınız. Ad-sanını qorumaq bir yana, axı
hakimlərdən yalvar-yapışla suçundan keçmələrini
diləməyin özü düzgün yol deyil, düzgün olan, üstünə qoymaq
istədikləri suçda sorunlu olmadığını tutarlı
sözlərlə danışıb, eşidənləri
inandırmaqdır. Axı bu hakimlər də ona görə seçilməyiblər,
kimi istəsələr suçunun üstündən keçsinlər, onlar
doğrunu üzə çıxara bilmək üçün seçiliblər; axı
onlar hakim seçiləndə and içib demirlər, kimi
istəsələr suçunu bağışlayacaqlar, ancaq yasaya
uyğun işləyəcəklərinə and içirlər. Ona
görə də nə bizlər sizləri yasanı pozmaq üçün
dilə tutmalı, nə də sizlər buna yol verməli
deyilsiniz, yoxsa hamımız birlikdə ufutsuz olarıq. Ay
afinalı kişilər, axı siz mənə demirsiniz,
yaxşı olmayanı, düzgün olmayanı, tanrıların
bəyənmədiklərini eləyim, yaxşı, indi
mən sizin dediyiniz kimi eləyəndə də, bu Melet
böyürdən çıxıb məni ufutsuzluqda suçlayıb,
məhkəməyə sürükləyir axı. Mən indi
sizləri dilə tutub, öz andınızı unudaraq yasanı
pozmaq üçün yola gətirə bilsəm, onda mən sizləri
tanrının yoxluğuna alışdırmağa
çalışmış olardım, burada özümü doğrultmaq
yerinə, özümün tanrıtanımazın birisi olduğumu
göstərmiş olardım. Özlüyündə isə iş büsbütün
başqa sayaqdır; mənim tanrıqanlığım bu
məni suçlayanlardakından qat-qat artıqdır, ay
afinalılar, ona görə də tanrıları unutmadan, məni
elə mühakimə eləməyinizi istərdim, sizlər üçün
də, mənim üçün də ən yaxşı olan üzə
çıxsın.
2. Məhkəmə
onu suçlu sayandan sonra Sokratın çıxışı.
Elə indicə baş verən bu işdən
darılmamağa çoxlu tutarqalarım var mənim, ay afinanın
kişiləri, sizlər məni suçlu saydınız, düzü bu
mənim üçün çox da elə gözlənilməz olmadı.
Mənə çöçün gələn burada səslərin bu sayaq
bölünməsi oldu*. Mənə elə gəlirdi, bundan qat-qat
artıq çox səslə məni suçlu çıxaracaqsınız,
ancaq belə azacıq səs üstünlüyü ilə
suçlanacağımı gözləmirdim. Vur-tut otuzbir daşı,
bu yandan götürüb o yana qoya bilsək, mən suçlu sayılmaram.
Demək artıq bu Meletin üzünü görməkdən yaxamı qurtara
bildim; bundan başqa görünən bir də bu oldu: birdən bu
Anitlə, Likon bunun sözünü tutub bura gəlməsəydilər,
Melet səs çoxluğu qazana bilmədiyindən min drahm* görkoldu
ödəməli olacaqdı.
Məni suçlu bildiyiniz bu işə görə, Melet bu anda
yasanın ona verdiyi girəvəyə arxalanıb, sizləri
mənə ölüm kəsməyə çağırır. Çox
yaxşı. İndi də yasaya görə mən
deməliyəm, suçumun altını necə çəkməyi
istərdim. Altını çəkməyimlə, adıma
yazılan suç biri-birinə uyğun olmalı deyilmi? Ancaq bu
uyğunluğu necə tapaq? Mənim özəl işlərimi
bir qırağa tullayıb, özümə dinclik vermədən,
böyük bir çoxluğun, az qala hamının getdiyi yaşam yolunu
tutmamağımın: axça qazanmağa girişməməyimin,
özümə yaxşı ev-eşik qurmamağımın, strateq
olmağa çalışmamağımın, xalqa
başçılıq eləmək istəyindən
daşınmağımın; öz qazancımı güdmək üçün
dövlət qulluğuna soxulmaqdan, pusqulardan(qəsdlərdən),
dirənişlərdən (qiyamlardan),
bizim şəhərdə az qala bir öyrəncəyə
dönmüş bu sayaq davranışlardan uzaq gəzməyimin, bütün
bunları öz ərdəmliyimə yaraşdırmamağımın;
özümün də, sizlərin də işinə yaramayacaq bir yol
tutmaq istəməyib, arayıb-axtarıb işinizə
yaxşı yarayacaq bir yol tutmağımın,-sizlərin
yaxasından yapışıb, öz
dolanışığınızdan öncə öpözünüzü
düşünməyinizi, özünüzün indinizdən artıq anlaqlı,
üstün kimsələr olmağı sizlərə
aşılamağımın, şəhərimizin insanlıq
ad-sanını ucaltmağın, onu yenidən tikib qurmaqdan
üstün olduğunu anlatmağımın, habelə bu sayaq çoxlu
suçlarımın altını necə çəkməyimi düzgün
sayırsınız?ya da yasaya görə, suçumun üstündən
keçəsiniz deyə mən indi sizlərə hansı sayda axça
boyun olmalıyam? Ay afinanın kişiləri, nə olar,
elə bir yaxşı yol tapın, bu mənim
elədiklərimin ödənci olsun, bu gün sizlər də
mənə yaraşan bir yaxşılıq eləyə
biləsiniz. Sizlərin yetkinliyiniz üçün əməklər
çəkmiş, yoxsul, yardımlara gərək duyan, mənim
kimi birisinə nə yaraşır, sizcə? Mənə
elə gəlir, beləsinə ən çox uyğun
gələni, dövlətin öz axçası ilə verdiyi günorta
yeməyi alması olardı, bu günorta yeməyinə
qatılanlardan: Olimpiya yarışlarında at sürməkdə,
ya da başqa gimnastika yarışlarında üstünlük qazananlardan
onun nəyi əskikdir?axı bu adam sizlərin aağgünlüyünüz
üçün öz əməyini qızırqanmır, indi də sizlər
onun yararı üçün bir iş görsəniz pismi olar? Siz
məndən suçlarımın altını necə
çəkmək istədiyimi soruşursunuz, mən də
deyirəm, özümə bu axçasız verilən günorta
yeməyinə qatılmağı kəsirəm.
Sizlərə elə gəlməsin mən bayaq burada
tökülən göz yaşlarından, yalvar-yapışlardan,
dizin-dizin sürünməklərdən
danışdığımdan indi özümü dartmaq istəyirəm;
yox, ay afinalılar, belə deyil, iş burasındadır:
burada az bir sürədə sizləri bir kimsəni
bilərəkdən incitmədiyimə inandıra
bilməsəm də, ancaq özüm buna ürəkdən inanıram,
mən kimsəni bilərəkdən incitməmişəm;
başqa şəhərlərdə olduğu sayaq, ölüm
kəsilməsini bir gün yox, bir neçə gün çəkən
məhkəmədə versəydiniz, sizləri inandıra
biləcəyimə arxayınam; indi mən neyləyim, kiçik
bir sürədə, belə böyük yalanların üstünü açıb,
doğrunu ortaya qoymaq baş tutmayan bir işə çevrilir. Ona
görə də mən öyrəncəm üzrə, indiyə kimi
bilərəkdən bir kimsəni incitməmişəmsə,
onda özümü də incitməyəcəm, o üzdən də, nə
eləmədiyim hansısa bir suçu boynuma götürməyəcək,
nə də özümün hansısa olmayan bir suçumun altını
çəkməli olduğumu dilə
gətirməyəcəyəm. Mən bunu nə üçün
eləməliyəm axı? Meletin məhkəmədən
mənə ölüm kəsilməsini istədiyindən
qorxduğuma görəmi, yoxsa yaxşımı, pismi olduğunu
bir kimsənin bilmədiyi bu ölümdən üşəndiyimə görəmi?
Bunları bilə-bilə, mənim necə əlim
gələr, özümə yaxşı olmayan nələrisə
yaraşdırım? Ömürlük dustaqlığımı? İki-üç
gündən bir dəyişilən bu yaramazların
hakimiyyətinin qulu olaraq qazamatda yaşamağı mən
özümə sığışdırmaram! Ya da ora salınıb,
görkolma axçasını ödəyənə kimi qalmaq, bu da
mənlik deyil! Bu da elə mənim üçün ömürlük dustaqlıq
deməkdir, axı mənim görkoldu üçün verməyə axçam
yoxdur, olmayacaq da.
Yoxsa mən özümün Afinadan qovulmağımı
sizlərdən diləməliyəm? Ola bilsin, elə
sizlər də indi bunu dilə gətirməyimi çox
istərdiniz. Ancaq mən onda gərək necə bir qorxaq
olaydım, ölüm qarşısında ürəyimin
üzülməyindən bunusa da anlaya bilməyəydim: sizlər, öz
doğma yurddaşlarım, mənim aranızda
yaşamağıma dözə bilmədiniz, mənim sözlərim
sizlərə oracan ağır, yolverilməz göründü, indi durub
baş sınırıb, məndən yaxanızı
qurtarmağa yollar axtarmaqdasınız; getdiyim başqa bir
şəhərdə də mənə belə
yanaşmayacaqlarmı? Belə bir iş olmayacaq, ay
afinalılar. Mənim saçımın-saqqalımın
ağardığı bu çağımda,
şəhər-şəhər gəzib bir qaçqın ömrü
yaşamağıma dəyərmi? Mən bunu əlimin içi kimi
bilirəm, hara getdimsə, gənclər mənim başıma
toplaşıb, burada olduğu kimi mənə qulaq asmaq
istəyəcəklər; mən onları başımdan
dağıtmaq istəsəm, onlar böyüklərini dilə tutub
məni şəhərdən qovduracaqlar, mən onları
qovmasam, onların böyükləri, onlarla
danışdığıma görə məni qovacaqlar. Bu
yerdə biriləriniz durub soruşa bilər: Sokrat bizim
yanımızdan qovulandan sonra, sən dilini dinc saxlayıb,
səssiz-küysüz yaşşaya bilməzsənmi? Bax elə
mənə, bunu sizlərə anlatmaqdan da ağır
gələn iş yoxdur. İndi mən durub desəm, bu
mənim tanrıların sözünə qulaq asmamağım
olardı, tanrılara qulaq asmadan isə dinc yaşamaq olmaz,
onda sizlər mənə inanmayacaqsınız, mənim sözü
gülməyə saldığımı düşünəcəksiniz;
yox qayıdıb desəm, gündə-gündə
ərdəmlikdən söz açmaq, habelə bu kimi insanlıq
dəyərlərindən danışmaq, bir sözlə
sizlərin arasında elədiyim təki, özümə də
başqalarına da dinclik vermədən hamını
yaxşılığa çağırmadan, bu sayaq
araşdırmalar aparmadan, mənim üçün yaşamağın
dəyəri yoxdur, onda mənə lap az inanacaqsınız.
Ancaq sözün düzü elə budur da var, ay kişilər, ancaq
neyləyəsən, sizləri buna inandırmaq da qolay bir
iş deyildir. Bundan başqa da mən özümə yaraşmayan
nəyisə boynuma götürməyə də
öyrəşməmişəm. Axçam olsaydı, suçlanmaqdan
qurtulmaq üçün ayırardım, bundan ötrü ürəyimi sıxmazdım
da, ancaq neyləyəsən, o da yoxumdur, gücüm çatan axçanı
verməyə sözünüz yoxsa, onu verə bilərəm. Mən
sizlərə bir min gümüş ödəyə bilərəm,
istəyirsinizsə bunu sizə verə bilərəm.
Baxın, ay afinanın kişiləri,- Platon, Kriton, Kritobul,
Apollodor- mənə deyirlər, otuz min ödəməyi boynuma
götürüm, onlar mənə sayışçı(zamin) durmağı
da boyun olurlar; mənim sayışçılarıma
güvənirsinizsə, otuz min ödəməyə də
tablaşaram.
3.
Məhkəmə ona ölüm kəsəndən sonra Sokratın
çıxışı
Bir azca gözləməyə tablaşmadınız, ay
afinalı kişilər, insanlar arasında adınızın
yamanlığa çəkilməsinə qol qoydunuz,
şəhərimizi ələ salmaq istəyənlərə:
siz ünlü bilgə Sokratı öldürən adamlar
deyilmisinizdeməyə tutarqa vermiş oldunuz. Sizlərə
ilişmək istəyənlər, mən bilgə olmasam da,
belə deyib, sizləri qınayacaq, aşağılayacaqlar.
Ancaq sizlər bir az tablaşaydınız, mən elə özüm
ölüb gedəcəkdim; mənim yaşıma baxın, onsuz da
ölməyimə elə də çox qalmamışdı. Mən
bunu sizlərin hamısına yox, ölümümə səs
verənlərə deyirəm. Bu adamlara bir sözüm də var: ay
kişilər, ola bilsin sizlər düşünürsünüz, mənə
ölüm kəsilməsinin nədəni o oldu, mən özümü doğrultmaq,
sizlərin ürəyini yumşaltmaq üçün yetərli olacaq
sözləri burada tapıb deyə bilmədim. Belə
olmadığını biləsiniz. Yetərli olmayan mənim
sözlərim deyil, yetərli olmayan məndə
sırtıqlığın, utanmazlığın
olmamasıdır, bir də, özümü sizlərə
bəyəndirmək umdusunun olmamasıdır, sizlər çox
istərdiniz, məni öz qarşınızda hönkürüb ağlayan,
yalvarıb yaxaran, bir sözlə alçalmış bir durumda
görəsiniz, axı başqalarını belə görüb, buna
alışmısınız. Mən isə belə
qorxulası durumlarla üzləşəndə, özümü qul
sayağı alçaqlığa salmaq istəmədim, özümü
doğrultmaq üçün burada elədiyim çıxışlarımdan da
oxsınmıram, özümü sizlər istəyən sayaq
doğrultmaqdansa, ölməyi üstün tuturam. Məhkəmədə
də, döyüşdə də ölümdən qorunmaq gərəkir.
Deyək, döyüşdə yarağını atıb qaçmaqla, ya
səni öldürmək istəyənə yalvarmaqla da ölümdən
qurtulmaq olar; ancaq bir çox durumlarda ölümdən qorunmağın
başqa yolları da var, bunun üçün qorxub çəkinmədən
sözün düzünü deyirsən. Ölümdən qaçmaq ağır deyil, ay
kişilər, bundan qat-qat ağırı üzüqaralıqdan
qaçmaqdır, axı o ölümdən artıq bir yeyinliklə
adamın üstünə gəlir. Ona görə də indi məni,-
qoca, yavaşgəl birisini, yavaş-yavaş gələn ölüm
özünü yetirib yaxalayırsa da, ancaq məni suçlayan bu güclü,
başıboş adamları bundan da qat-qat yeyin gələn
üzüqaralıq yaxalayır. Mən sizin istəminizlə
kəsdiyiniz ölümə qovuşmağa gedirəm, onlar isə
düzgünlüyün istəmi ilə, əyriliklərinə,
yamanlıqlarına qovuşacaqlar; artıq nə mənim, nə
də onların uğracağını(taleyini)
dəyişmək olası deyil. Görünür, bu olasıların
başa gəlməsi də düzgünlüyün ortaya çıxması
üçündür.
İndi isə, ay məni suçlayanlar, bundan sonra
başınıza nələr gələcəyini
sizlərə söyləmək istəyirəm. Mən indi
elə anlarımı yaşayıram, deyilənə görə
ölümdən öncə yaşanan bu anlarda, insanların
gələcəyi görmə duyğusu qat-qat güclənir.
İndi ay kişilər, mən sizlərə dərin bir
inamla deyirəm, məni öldürəndən sonra, çox
keçmədən, sizlərdən bunun öcü alınacaq, özü də bu
öc sizlər üçün, mənim ölümdən duyacağım acılardan
qat-qat ağır olacaq. Məni öldürməklə, sizləri
ömrünüzü istədiyiniz kimi boş-boşuna yaşamaqdan
çəkindirən birini aradan götürmək istədiniz, ancaq bu
istəyiniz doğrulmayacaq: bundan belə, sizin bu ölüvay
dincliyinizi pozacaq çoxlu adamlar üzə çıxacaq, onları mən
indiyə kimi toxdaq saxlamışdım, onlar biri-birindən
gənc, biri-birindən artıq dözümsüz olacaqlar, sizin
yaşamınızı ağıya
döndərəcəklər. Elə düşünürsünüzsə, sizin
düzgün yaşamadığınızı açıb ağardan,
üzünüzə vuran adamları öldürməklə, sizi gözləyən
qorxulu gələcəkdən yayına bilərsiniz, bərk
yanılırsınız. Bu sayaq özünü qorumaq olası da deyil,
yaxşı da deyil, ən qolayı, ən yaxşısı o
olardı, sizlər düz danışanların
ağızlarını yummaqdansa, özünüzün yaxşı
olmağına çalışaydınız. Mənə ölüm
kəsən sizləri nələrin gözlədiyini deyib,
çıxıb gedirəm. Ancaq indilikdə şəhərimizin
ağalarının başlarının iş-gücdən
ayılıb, məni öldürüləcəyim yerə
göndərməsindən öncə, mənim ölümümə səs
verməyən hakimlərlə qalıb, burada baş
verənlərdən danışmağı çox istərdim.
Mənim ölümümü istəməyən kişilər, başıma
yığışın! İndi artıq bizə
danışmağı kimsə yasaq eləyə bilməz.
Mən siz arxadaşlarıma, indi burada nə baş verdiyini
anlatmaq istəyirəm. Ay hakim kişilər,- sizlərə
burada tutduğunuz düzgün yola görə hakim demək olar- buradakı
məhkəmənin gedişində mənim başıma çox
anlaşılmaz bir iş gəldi. Sözün doğrusu, bütün ömrüm
boyunca, ara vermədən tanrıdan gələn bir səs
məni görmək istədiyim gərəksiz, düzgün olmayan
işlərdən çəkindirmişdir; ancaq indi burada mənim
başıma gözləmədiyim bir iş gəldi, bilmirəm
buna pislik deyimmi ya yox, axı belə işlərə adamlar
yaxşılıq da demirlər; ancaq bu tanrıdan
gələn səs, nə mən ertədən evdən
çıxanda, nə bu məhkəmənin qapısından
içəri girəndə, nə də bütün çıxışlarım
boyu, bir yol da olsa belə məni bunlardan çəkindirmədi.
Axı qabaqlar mən danışanda, sözümü ağzımda qoyub
məni saxlayan bu səs, indi məni nə
elədiklərimdən, nə də
danışdıqlarımdan çəkindirmək istəmədi.
Bunu necə anlamalı? Onda qulaq asın, deyim: belə
çıxır bu məhkəmədə baş verənlər
mənim yaxşılığım üçündür, deməli
buçağacan, bizim ölümün pislik olduğunu düşünməyimiz
də yanlış imiş. Mən indi buna ürəkdən
inanıram, elə ona görə də mən
yaxşılığa sarı getməyən hansısa yolu
tutmaq istəyəndə, tanrıdan gələn səs
məni o andaca saxlayıb, bunu eləməyimə yol
verməyib.
Gəlin bunu araşdırmağa çalışaq, ölümdə
hansısa yaxşılığın olmasına umunc yeri
varmı? Düzgün yanaşmağa çalışsaq, onda ölüm bu iki
nəsnədən biri olmalıdır: bu ya öz diriliyindən
bir yolluq ayrılmaqdır, belədirsə, onda ölümdən sonra
nə baş verirsə biz onları duyası deyilik, ya da bu
öpözün(ruhun) yerdəyişməsi, onun buradan başqa bir
yerə köçməsidir, adamların çoxluğunun
danışdığına inansaq bu elə belədir də
var. Ölümdən sonra insan artıq nəsə duymursa, bu lap yuxu
görmədən yatmağa bənzəyir, oysa bu çox gözəl bir
uğracaqdır. Mən belə düşünməyə
başlayıram, birdən birisi yuxu görmədən
yatdığı bir gecəni götürüb, onu ömrünün bütün qalan
gecələri, gündüzləri ilə tutuşdursa, bu günlərin
o yuxu görmədən yatdığı gecədən nə
ilə üstün olduğunu düşünüb-daşınsa, nəinki
hansısa sıradan bir adam, deyərdim lap azman bir çar da,
bunların arasında böyük bir ayırd olunası nəsnə
tapa bilməzdi. Ölüm bu deməksə, o doğrudan da bir
gözəl tapıntıdır, axı bütün ömrümüzün, yuxu
görmədən yatdığımız o gecədən bir
üstünlüyü yox imişsə, ölüm də elə ancaq buna
oxşayır. Başqa yandan, ölüm öpözümüzün buradan başqa
yerə köçməsidirsə, deyilənlər düzdürsə, yəni
bütün ölənlər oradadırsa, onda bundan yaxşı nə
ola bilər, ay hakim kişilər? Doğrudan da bu, üzdəniraq
hakim deyilən kimsələrdən yaxa qurtarıb, Aidə*
gedib çıxsan, orada ən yaxşı hakimlərlə
üzləşəcəksən,- Minosla, Radamantla, Eakla,
Triptolemlə, beləcə yaşamlarında düzgünlükləri
ilə ad çıxarmış bütün yarımtanrıların
olduğu bir yerə köç etməkdən də gözəl bir iş
olarmı? Sizlərdən hansı biri, Orfeylə, Museylə,
Hesiodla, Homerlə görüşə bilmək üçün,
nələrindən keçməzdi! Mənə gəlincə, ölüm
budursa, mən bir yol yox, dönə-dönə ölmək istərdim;
başqasını bilmirəm, ancaq mənim üçün orada düzgün
qurulmayan məhkəmələrlə öldürülmüş:
Palamedlə, Telamonun oğlu Ayaksla görüşüb danışmaq çox
önəmli olardı, öz uğracağımı, onlarınkı
ilə tutuşdurub bir toxdaqlıq da tapardım. Bundan başqa
da orada olduğum sürədə, burada elədiyim kimi, orada olan
adamları da yaxından tanımaq, anlamaq, onlardan
hansıların doğrudan bilgə olduqları,
hansılarının ancaq belə görünmək istəyib
bilgə olmadıqlarını araşdırmaq da mənim üçün
çox gözəl bir iş olacaqdır; ay hakim kişilər,
istənilən adam nələrindən keçməzdi, Troyaya o
böyüklükdə qoşun çəkməyi bacaran adamı görsün, ya da
Odisseyi, Sizifi, bu kimi çoxlu adlı-sanlı kişiləri,
qadınları, yaxından tanısın; onlarla
danışmaq, bir yerdə yaşamaq, tanrıdan gələn
ən böyük bir ərməğan olardı. Bir də mən ona
arxayınam, orada belə danışıqlara görə
adamları öldürmürlər, axı deyilənə görə
oradakı adamların hamısı ölümsüz olurlar.
Ona görə də, ay hakim kişilər, ölümdən pislik
gözləməyin; deyilənlərə inansaq, yaxşı
insanla nə öz ömründə, nə də ölümündən sonra
tanrılar yamanlıq eləmirlər, ölümündən sonra da
tanrılar onlara qayğı göstərirlər; baxın elə
mənim uğracağım(taleyim) özbaşına belə
olmadı, tərsinə, məncə mənim indi ölüb,
qocalıqdan duymalı olacağım çoxlu
sıxıntıllardan qurtulmağım ən yaxşı
yoldur. Bax elə buna görə də tanrıdan gələsi
səs məni burada elədiklərimdən çəkindirmədi,
elə mən özüm də sözün düzü mənə ölüm kəsən
bu hakimlərdən çox da incimirəm. Onlar mənim yaxşılığımı
istəmədən, mənə korluq vermək üçün, ölüm
kəsiblər; ancaq özləri də bilmədən mənə
yaxşılıq eləyiblər. Mənim onlardan da,
sizlərdən də, bir kiçicik diləyim də var: ay
kişilər, birdən görsəniz mənim oğullarım
yaşa dolduqdan sonra, öz ərdəmliklərindən çox, axça
qazanmaq üçün əlləşirlər, onlardan bunun öcünü alın,
elə mən elədiyim təki, onları
danlayıb-dansayıb dinclik verməyin; görsəniz
düşkünlüyə qapılaraq, ancaq özlərini düşünürlər,
onların sıxıb suyunu çıxarın, mən də
axı sizlərdən özünü tanımaqdan yayınıb,
özündə olmayan üstünlüklərin var olduğunu
düşünənlərin beləcə sıxıb suyunu çaxarardım.
Belə olarsa, onda sizlərin düzgün olaraq, mənim
oğullarıma suçlarına görə kəsdiklərinizdən
elə mənə də pay düşəcəkdir. Bax indi buradan
getməli olduğum an gəlib çatdı, mənim ölüb
getməli, sizlərin yaşamalı olduğunuz çağlar
başlayır, indi başladığımız bu
yollabizlərdən hansımız yaxşılığa
çatmağa doğru gedirik, bunu tanrılardan başqa bir
kimsə bilmir.
DUYDURMALAR(şərhlər).
1. Aristofanın komediyasıBurada, bizim çağdan qabaq,
444-387-ci illərdə yaşamış yunan komediya yazarı,
gerilikçi gələnəklərin qızğın
qoruculuğu amacı ilə yazıb yaratmış
Aristofanın yazdığı Buludlar komediyasından söz
açılır, Aristofan bu komediyasında Sokratı yanlış
olaraq sofist kimi göstərmişdir.
2. MinƏski çağlarda yunanıstanda 280 qramlıq
çəkini bildirmişdir, bununla axçanı da ölçmüşlər, bir
min axça, 280 qram gümüşün dəyərini bildirmişdir.
3. Delf tanrısı Delf, Yunanıstanın Fokide
bölgəsində şəhər olmuş, burada yunanların
ellikcə tapındığı Apollonun Tanrı evi
olmuşdur. Delf tanrısı-Apollonun Tanrı evinin
orakulu(öncəgörəni-fala baxanı), yunanlar arasında çox
sayğılı kimsə sayılmış, o çağların
insanları çox önəmli işlərini ona gənəşib,
Apollonun istəmini öyrənərək başlamışlar.
4. And olsun körəyəƏski çağlarda yunanlarda bütün
durumlara görə tanrıların adına and içmək
yolverilməz sayıldığından, sözarası, az
önəmli işlərdən danışanda, bu sayaq and
içmişlər.
5. TanrıcaYunan mifolojisində tanrıların ya öz
aralarında, ya da insanlara sevişməsindən
törəyən, tanrılardan bir basamaq(pillə)
aşağıda duran, çoxlu ölməz tanrıcalar da
olmuşdur.
6. Fetidanın oğluBurada Troya savaşının
başlıca ərənlərindən olmuş Axillesdən
söz açılır. Yunan mifolojisinə görə, Axilles öləri
insanMirmidon çarı Peleylə, ölməz dəniz
tanrıcası Fetidanın sevişməsindən
doğulmuşdur. Anası Axillesi də ölməzliyə
qovuşdurmaq üçün, onu yeraltı dünyada axan Stiks çayında çimizdirəndə,
topuqlarını əlinin içində saxladığından,
onlar qutsal suya toxunmamış, Axillesin topuğu onun
öldürülə biləcəyi tək yer olaraq qalmışdır,
sonradan onu Troya savaşında topuğundan oxla vurub
öldürmüşlər.
7. AidYunan mifolojisində, ölənlərin öpözlərinin
(ruhlarının) köçüb getdiyi yeraltı dünya, buranın
yönətimçisi də Aid adında tanrı
sayılmışdır.
8. Səslərin bu sayaq bolünməsiSokratın
məhkəməsində 501 andlı hakim olmuş, onlardan
280-i onun öldürülməsinə, 221-i isə ölümünə qarşı
səs vermişdilər.
9. DrahmƏski çağlar Yunanıstanında, 4-7 qram
arasında olan çəkini bildirmək üçün işlənmişdir,
bir drahm axça, bu çəkidə olan gümüşün dəyərində
sayılımışdır.
çevirən:
ARAZ GÜNDÜZ