Məhəmməd Azadgər

Anti Azərbaycan, İranpərəst Turançılar:
Mehran Baharlı və Əli Təbrizi

Mehran Baharlı öz facebookunda Əli Təbrizinin bir neçə yazısından parçalar seçib və birbirinə quraşdırıb «Əli Təbrizi istalinist Azərbaycançı və paniranist Azəriçilərin iç üzünü ifşa edir» başlığı altında paylaşıb. *

Mən 1348 - 1349 - cu illərdə Təhranda Əli Təbrizi ilə görüşmüşəm. Mən o zaman Əli Təbrizini yaxından tanımazdım. Ancaq yazıları və baxışları ilə tanış idim. O Tehranda tanınmış turançı və pantürkist idi. Məni onla tanış edən Hüsen Məhəmmədzadə Sədiq oldu. O illərdə mən məhəssil idim və Sədiq Təbriz danişgahında daneşcu (tələbə) idi . Bu mənim ikinci dəfə Təhrana getməyim idi. Sədiq Əli Təbrizini yaxşı tanırdı. Əli Təbrizi Səngləc parkının (park şəhrin) qabağında bir balaca dəkədə kitab satardı (Atropat kitabevi). O kitablarını xiyabanın qırağında səkidə döşərdi.

Əli Təbrizi bir turançı idi, kimsə onu ciddi tutmazdı. Çünkü o dönəmdə Azərbaycan toplumunda, indiki kimi belə baxışlara yer yox idi. Üstəlik, o dönəmdə Azərbaycan ziyalılarının və siyasi fəallarının içində sola qarşı histerik düşmənçilik yox dərcəsində idi.

Riza Heyət, Doktor Cəvad Heyətin dilindən belə yazır: « Doktor Heyət deyirdi ki, türkçülükdə o məndən öndə dir. Çünkü o turançı dir» və Ərsan Ərəl, Mehran Baharlının fikirdaşı yazır: « Ustad Təbrizli Əli, bütün yaşamını türkçülüyə adamış, Türk qırımlarıyla sarsılmadan savaşmışdır. O, bir başına bir Türk yurdu, Türk əskəri, Türk əskərinin baş komutanıydı. Onun yanında insanın türklük duruşu yüksəklərdə olurdu»

Bu gün, Mehran Bəharlı onun otuz-qirxneçə il öncəki turançılıq yazılarını və baxışlarını təbliğ edir! Mehran Baharlı Sürgündə Güney Azərbaycan ( İran ) Qələm Əncümənini tapdalamaq və dağıtmaq üçün Əli Təbriziyə pənah gətirir. Mehran Baharlı, Əli Təbrizinin bir neçə yazısından parçalar seçib və yan-yana düzməklə çalışır Anti Azərbaycan və turançuluq düşüncələrini Azərbaycanın Mili-Demokratik hərəkətinə sırısın. Mehran Baharlı facebookda yazır: «məncə bu yazı tam da sözdə Əncüməni Qələmi Azərbaycane Cənübi və onu quranlar haqqqında yazılmışdır.»

Mehran Baharli Anti Azərbaycan düşüncələrini Azərbaycan milli hərəkətinə təhmil etmək üçün Əli Təbrizidən aşağıdaki sitati gətirir:

«İran Türklərini yalnız Azərbaycan adlı qəfəsdə dustaq edənlərin hiyləsini hələlik bütün İranda olan Türk qardaşlarımız aydınca göz evinə almayıplar və bugün Rüsiyədə, Avrupada, İranda bizə Türk yerinə Azərbaycanlı adını güc və səmacət ilə təhmil edənlərin hədəfi budur ki bizə təlqin etsinlər ki Türk fəqət Azərbaycanda olabilər. O yerdə olan zamanda, hələ Türk yox, bəlkə «Azəri» adını alabilər. Bəs görünür ki Azərbaycan və Azəri kəlimələrini nə üçün səmacət və güc ilə işlədirlər»**

Əli Təbrizi «İran Türklərini» Azərbaycan adlı qəfəsdə dustaq görür! odur ki, Azərbaycan və Azəri terminlərinə həssasiyyət göstərir və bu terminlər ilə düşmənçilik edir! Bu o həssasiyyət dir ki, Mehran Baharlı va onun kimi turançılarda ciddi şəkildə gözə çarpır.

Əli Təbrizi xalis İranpərəst turançıdır: « İran, bütün ellərin və qovmların vətəni olduğu kimi, bütün Türk ellərinin də doğma vətənidir, o halda, Azərbaycan adında olan kiçik bir ölçü və cızıq, yalnız bir nöqtə və ustan adıdır ki məmləkətin idari təqsimatı üçün mənzurdadır... Bizimki topraq və ustan davası dəgil, adımız topraq ölçüsündə və cızıq ortasında olabilməz, bəlkə və geniş bir höviyyət və fərhəng dünyasındadır.» ( Dil və Ədəbiyyat s.129 - 130 ) ***

Azərbaycan adı ilə düşmənçilik və Azəri kəliməsinə qeyri-adi həssasiyyət göstərmək və türkçülüyə və turançılığa heyran olmaq həm Təbrizidə və həm Baharlıda və onun fikirdaşlarında müştərək dir.

Mehran Baharlı, Əli Təbrizinin Azərbaycana və sola va eləcə də Azərbaycan cəmiyyət və təşkilatlarına olan nifrətini təkrarlayır: «Əncümənlərin, və cəmiyyətlərin içinə girən solçular, qabaqcadan nüfüz etmək üçün təlim görüb və təmrin ediblər və sonra milli və hər ünvan masqasın vuraraq mikroblar kimi əncümənlərin və cəmiyyətlərin için çürüdüblər və sonra onun laşəsindən təğziyə etməyə başlayıblar.» Bu sözlər ancaq bir ruhi xəstəliyə düçar olan adamın sözü olabilər!

Əli Təbrizi İranpərəst turançılığına görə hətta Azərbaycanlıların bircə ədəbi məhfilini belə təhəmmül edəbilmir! O özü etiraf edir: «1336 da ana dilimizdə Ədəbiyyat üçün məhfil qurdum. Bu məhfili bir para mövzulara görə pozdum və sonra 1338 də yenə bir başqa məhfil qurdum və bunda da çoxusun solçi gördüyüm üçün buraxdım və... Bu məhfilləri hərbir neçə müddətdə pozdum, və sonra bir ayrı məhfil toplayırdım, və yenə də 1342 də bir məhfil başladım, vəli bu sonki olandan ayrıldım... » Ədəbi Məhfillər (s. 115 Dil və Ədəbiyyat)

Səlamullah Cavid «Dostlar görüşü» - Ədəbiyyat Ocağı - adlı kitabında o illərdə yaranan məhfillər haqqında çox dəyərli və gözəl bilgilər veribdir.

Doktor Fərzanə öz xatiratında belə yazır: «1336-cı ilərində «Heydərbaba məhfili» quruldu. Bu məhfilə bir çoxlu ədəbiyyat və maarif xadimləri o cümlədən kar və lallar mədrəsəsinin qurucusu Mirza Cabbar Bağçəban (Əsgərzadə), bir çox tarixi və bədii əsərin yazarı Nüsrət Ullah Fəthi (Atəşbak-Atəşbəygli), şair və ədib Məhəmməd Əli Azəri, yazar və ədliyyənin ünlü vəkili doktor Hüsenquli Katibi, ictmai xadim doktor Səlamullah Cavid, böyük yazar Gəncəli Səbahi və bir də mən və Səhənd qatılmışdıq. Bu sayı getdikcə çoxalırdı və bir sürə sonra Əli Təbrizi, Məcid Həsənzadə (Savalan) və sonralar da bir neçə nəfər ki adları Səlamullah Cavidin yazdığı «Dostlar görüşü» kitabında yazılıbdır bu məhfilə qatıldılar.» (Ustad Fərzanənin xatirələri» kitabından - Sədiqə Ədaləti) Əli Təbrizi bu məhfili dağıda bilmədiyi üçün bu məhfildən uzaqlaşır.

Əli Təbrizi onun kimi düşünməyən və turançı olmayan hər bir məhfili dağıtmaq istəyir. Mehran Baharlının da əməlləri və gördüyü işləri ondan əskik deyil.

Mehran Baharlının yazdığına görə, Əli Təbrizi, İstalinist Azərbaycançıları ifşa edir! Bu söz uydurmadır. Əli Təbrizinin yazıları göstərir ki, o Lenin və İstalindən və eləcə də oktobr inqilabından bilgisi yoxdu. Onun bir tərəfdən sola və solçuluğa əcib-qərib kiynə və nifrəti var və o biri tərəfdən də bir İstalinist dir. O «Rusiyədə dil məsələsi» ünvanlı yazısında İstalindən belə yad edir:

«... belə bir iztirari zəmanlarda meydana girmək və meydan dolandırmaq adəti olan böyük İstalin, burada çırmalanıb ortaya gəldi...(s.108 Dil və Ədəbiyyat) və başqa yerdə «Geçmişdəkilər və Biz» ünvanlı məqaləsində İstalin haqqında belə yazır: «İstalin, Tezar dövlətinə tabe Gürci millətinə bağlı olduğu üçün, milli sitəmin acı dadın unutmamışdır və bilirdi ki hərbir, milli fərhəng və milli huququnda müstəqil və azad olmaynca, heç bir aldadıcı (insani) şüarlara vədələrə inanmaq düzgün və yetərli dəgil. » (s.104 Dil və Ədəbiyyat). Əli Təbrizli bu yazılarda bir İstalinist kimi çıxış edir.

Mehran Baharlı Azərbaycanla və eləcə də sol ilə düşmənçiliyin « İstalinist Azərbaycançı», «Utancaq Paniranıst» və... töhmətlər altında gizlədir.

Mehran Baharlı Əli Təbrizinin məşrutiyyət nehzəti haqqında turançı baxışını da ortaya atır:

«məşrutiyyət dövründə öz əlimiz ilə Türk törəsi olan Qacarı yixdiq.» Mehran Baharliyə xatırlatmaq lazımdı, məşrutə inqilabının öncülləri elə Azərbaycanlılar və Türklər olmuşlar. «Qacar sülalə»sinin ciddi müdafiəçiləri Şeyx Fəzlullah Nuri və təhranın imam cüməsi və bu kimilər olmuşlar. Qacarların Türk əsilli olmaqlarına rəğmən Türk millətinin qatı düşməni olmuşlar. Qacarların dərbarında fasid Türk və Fars ünsürləri çiyin-çiyinə bütün İran əhalisinin qanını şüşəyə tutmuşlar.

Təhranı baş kənd edən elə Ağa Məhəmməd Xan Qacar idi . Elə bu Ağa Məhəmməd Xan Gürcülərlə savaşda sərbazların təhyici üçün Firdovsinin Şahnaməsini onlara oxuyurdu. Qacarların Fars dilinin İranda yayılmasında böyük rolları olmuşdur. Firdovsinin Şahnaməsi Ağa Məhəmməd Xan Qacarın « Baliyni» kitabı idi.

Qacar şahlarının Fars dilinin İranda yayılmasında və rəsmiyyət tapmağında böyük rolları olmuşdur. Fəthəlişah da Ağa Məhəmməd Xan kimi Şahnamə azarkəşi (tərəfdar) idi. Qacarların 150 il hakimiyyəti dövründə Fars dili Türk dilinin yerində oturdu. Fəthəlişahın oğlu Cəlal Əldin Mirza Qacar, ifrati Fars nasiyonalisti və «parsı sərə ya zəbane pak»i işaə vərənlərdən biri idi. Qacar şahları Azərbaycanlılara və Türk höviyyətinə ciddi zərbələr vurublar.

Mehran Baharlı düşmənçiliyin Pişəvəriyə, Azərbaycan Milli Hökumətinə və Azərbaycan Demokrat Firqəsinə Əli Təbrizinin dilindən belə nəql edir:

«habelə firqədə milli ad ilə üzərimizə Rus qiyafəsində komunistlər çıxdı»

Bu baxış və belə sözlər Paniranistlərin, şahçıların və bütün Azərbaycan düşmənlərinin baxışı və sözü olubdur. Azərbaycan Demokrat Firqəsinə və Azərbaycanın Milli Hökumtinə və Pişəvəriyə bundan böyük ihanət və düşmənçilik nə ola bilər?

Mehran Baharlının mürşüdü və öndəri Əli Təbrizi «Geçmişdəkilər və biz» adlı yazısında yazır: «1338 də Vahidin (Vahidin Qəzəlləri) düzgün olaraq çap etdim ki onu və bir çoxli Türkcə kitablarımı əmniyyət idarəsi tutdi və sonra ara-sıra Türkcə kitabları çap etməgə idamə verdim və hətta şəhrəbanı ittilaat məmuri Məhərrəm Əli Xanın qorxusundan gecələr çapxanada yatırdım» (s.106 Dil və Ədəbiyyat)

Bu illərdə hələ Azərbaycan Demokrat Firqəsi, İran Tudə Hizbi ilə vəhdət etməmişdi. Hizbe Tudə ilə Firqənin vəhdəti 1339-cu ildə baş tutur. Firqənin üzvləri bu vəhdətdən xəbərləri yox idi. Mühacirətdə Firqə içərinin fəaliyyətlərindən xəbərsiz idi. Ancaq Firqə üzvləri və havadarları gizli fəaliyət edirdilər. Elə 1338-ci ildə Əli Təbrizi Vahidin Qəzəllərini çap edən və çapxanada yatdığı zaman, 120 firqəçi təbrizdən və Azərbaycanın bütün şəhərlərindən Savak tərəfindən həbsə alınıb və Təbrizin savakında və Tehranın Qızıl Qələ işgəncəgahında ağır işgəncələrə məruz qalmışlar. Əli Təbrizi Məhərrəm Xanın qorxusundan çapxanada yatan zaman Qızıl Qələdə şahın təhlükəsizlik organı Savak, Firqəçilərin dərisini soyurdu!

Azərbaycan xalqının Firqəçi fədayiləri dəstə-dəstə nizamı (hərbi) dadgahlarda (məhkəmələrdə) mühakimə olub, edama və ağır həbslərə məhkum olunanda, Əli Təbrizi Azərbaycanlıların ədəbi məhfilərini dağıdırdı! Nizamı dadgahlarda Azərbaycanın qəhraman oğulları edama və ağır zindanlara məhkum ediləndə və Cavad Furuği, Əyyub Kəlantəri, Əli Əzimzadə Cəvadi, Xosro Cəhanban Azər və Həsən Zehtab 1339 da Təbrizdə edam olanda və onlarla Firqəçi ****cavanlıqlarını şah rejiminin zindanlarında çürüdəndə, Əli Təbrizi turançılıq eşqi ilə Firqəçilərə saldırırdı. İndi bizə Mehran Baharlı bir turançının qarmaqarışıq yazılarını montaj etməklə Sürgündə Güney Azərbaycan Qələm Əncümənini dağıtmaq istəyir. Tamaşalıdır!

Əli Təbrizli, Bulud Qaraçorlu-Səhənd haqqında belə yazır: «inqlabdan sonra, alkol və məşrub əsərində səktə edib ölən şaircik, be estelah Səhənd, üçün hər bir neçə müddətdə, Cəvad-namə (Varlıq) da yazılan uzandırmalar, milli məseləni, bir xanəvadəgi həddinə kimi aşağı salmaqdan başqa nə ola bilər ? » (s.122 Dil və Ədəbiyyat)

Ustad Məhəmməd Əli Fərzanə «Dədəmin kitabı»nin müqəddiməsində yazır:

Qana boyanmış Azərbaycanda közərən ocaq sönmədi. Bu ağır illərdə Bulud -B. Q. Səhənd-də bir çoxlari kimi, milli-ictimai fəaliyətlər nəticəsində iki dönə tutulub məhkəməyə verilir. Zindan şərayiti və didərginlik onda günü-gündən milli şüurun daha da canlanmasına səbəb olur. O 53-1951 illərində zindanda iki böyük mənzumə, birisi «Araz» və o birisi «Xatirə»ni yazdı. Bu mənzumələrdə O ürək ağrısı ilə arzuların heçə çıxdığından xəlqin acınacaqlı və dözülməz həyatından, Azərbaycanda hakim kəsilmiş dərəbəylik və özbaşınalıqlardan, yurdun tarixin şum talei nəticəsində ikiyə bölündüyündən, bir xəlqin öz ana dilində yazıb oxumaq üçün bəlalara tuş olmasından söz açmışdır. (s. 6 Dədəmin kitabı)

1953-cü ildə baş verən kudetadan sonra ömrünün əsas hissəsini təhranda yaşamağa məcbur qalan Səhənd, yalnız xəlqimizin əbədi həmasəsi sayılan Dədə Qorqud dastanlarından şeir heykəli yaratmağa kifayətlənməmiş bəlkə o bu illəri öz yaradıcılığının ən səmərəli illərinə çevirmişdir. Bu ağır illərdə o bir tərəfdən bir milli şair kimi dilini dananlara, milli-tarixi varlığına xor baxanlara amansız atəş açdığı haldə, o biri tərəfdən bir insanlıq və həqiqət carçısı kimi dünyada, Viyetnamdan tutmuş İspaniyaya və Kubaya qədər xəlqlərin azadlıq və qurtuluşu uğrunda mübarizələrini alqışlamış və bu azadlıq və qurtuluşu qana çəkənlərə nifrət yağdırmışdır. O hətta vaxtilə çox hörmət bəslədiyi Şuralar Birliyində olan yaramazlıqlara və çatışmazlıqlara toxunmaqdan çəkinməmişdir. (s.15 Dədəmin kitabı)

Şəhriyarın Heydər Babaya səlam və Səhəndiyyə və başqa şeirləri, ya Səhəndin şeirləri və Məhəmməd Əli Fərzanənin və Hüsen Məhəmmədzadə Sədiq və Məhəmmd Təqi Zehtabinin və Rəhim Rəyisniyanın və Behzad Bəhzadıların və ... işləri və yaraddıqları əsərlər böyük miqyasda Azərbaycanlıların modern millətləşməsində və yüksək milli şüura sahib olmalarında ciddi təsirləri olub! Əli Təbrizlinin və Mehran Baharlının Azərbaycanın Milli-Demokratik hərəkətində və yaxud Azərbaycanın tanıtımında və milli Ədəbiyyatının dirçəlişində heç müsbət təsirləri olmayıb! Mehran Baharlının Sürgündə Güney Azərbaycan (İran) Qələm Əncüməninin əleyhinə totiyələri, töhmətləri və saldırmaları onun ziddi- azərbaycan və iranpərəst turançılığını açıq- aydın göstərir!

 


*. http://www.facebook.com/notes/mehran-baharli/%D8%B9%D9%84%D9%8A-%D8%AA%D8%A8%D8%B1%D9%8A%D8%B2%D9%8A-%D8%A7%D9%8A%D8%B3%D8%AA%D8%A7%D9%84%D9%8A%D9%86%D9%8A%D8%B3%D8%AA-%D8%A2%D8%B2%D9%87%D8%B1%D8%A8%D8%A7%D9%8A%D8%AC%D8%A7%D9%86%DA%86%D9%8A-%D9%88-%D9%BE%D8%A7%D9%86-%D8%A7%D9%8A%D8%B1%D8%A7%D9%86%D9%8A%D8%B3%D8%AA-%D8%A2%D8%B2%D9%87%D8%B1%D9%8A%DA%86%D9%8A%D9%84%D9%87%D8%B1%D9%8A%D9%86-%D8%A7%D9%8A%DA%86-%D8%A7%D9%88%D8%B2%D9%88%D9%86%D9%88-%D8%A7%D9%8A%D9%81%D8%B4%D8%A7/474155309274642

** Mehran Baharlıdan sitatlar onun facebookunda paylaşmış yazısındandır. Onun yazı şəklin diyəşməmişəm.

*** Əli Təbrizidən gətirilən sitatlar onun Dil və Ədəbiyyat adlı kitabının 1360-cı il Atropat kitabevi nəşrindəndir. Mən onun imla şəklini saxlamışam

**** Nümunə olaraq əzizimiz Məcid Əmın Müəyyed 1338 -ci ildən 1356 -cı ilə dək Azərbaycan Dəmokrat Firqəsinə bağlılığı üçün şah rəjiminin zindanlarında saxlanılıb. O əvvəl edama məhkum olmuşdu, sonralar edamı, əbəd zindanına düşürüldü (mən elə burada ona can sağlığı və uzun ömür arzu edirəm.) Mən hələ burada Səfərxan və Əhməd Ahəngərandan ki, otuz ildən çox şahın zindanlarında ömür çürütmüşlər, söz açmıram !