Azərbaycan Demokrası Ocağı

Danışıq-14 / Azərbaycan Demokrasi Ocağının Güntay Gəncalpla söyləşisi

 

 

 : milli hərəkət nə zamana qədər iranda olub-bitənlər

 

haqqında sukut edəcək ? milli fəalların sukutu onları toplumun mərcə teyfi durumundan ayırmağa  zəmin yaratmazmı ? İranda olan başqa hərəkətlər ilə intiqadi bir diyalogun qurulması bizim milli çıxarlarımız ugrunda ola bilər yoxsa o hərəkətlərin içində ərimək təhlukəsi var  ? və …. buna bənzər başqa sorularımızın cavabını Siyasi araşdırıcı sayın Güntay Gəncalp dan soruşmuşuq , sayğı deyer düşünürlərimizin əməkdaşlığı ilə bu mubahisələrin genişlənməsi və bu mubahisələrin içindən milli mənafeimiz uğrunda doğru bir yol xəritəsinin ip uclarının çıxmasını arzu edirik

http://azdemokrasi.files.wordpress.com/2011/03/kitabliq1.jpg?w=197&h=294İndiki durumda nə etməliyik?

Bəzən ictimai olayların sürətli gəlişməsi insanların bilinc düzeyini üstələyir. Yaradılışı etibarı ilə insanın duyqusallığa qapılması özünü düşüncələrə buraxmasından daha asandır. Bu üzdən də tarix duyquların ürünü, bilim isə, daha çox düşüncənin ürünüdür. Bilim və duyqusallıq arasında tarazlıq yaratmaq gərəkir, yəni ağıl və duyqu arasında. Müşəxxəs olaraq “nə etməmiz gərəkir?” sorusuna mən bu şəkilədə cavab verə bilərəm: Biz çalışmalarımızı duyqu planından düşüncə planına sövq etməliyik. Çünkü biz tarix boyu fikrən məğlub olmuşuq. İnqilab yaradacaq gücümüz hər zaman olmuş, indi də var. Lakin milli düşüncə zəminində biz uzun zamandan bəri yenilə-yenilə gəlmişik. Əsas amacımız bu yenilgəni tarixdən qaldırmaq olmalıdır. Bunun üçün siyasi-ictimai inqilaba imkan yoxdursa, mədəniyətdə inqilab etməliyik. Bizim bu qonu üzərində dərincə çalışmamız gərəkir. Farsların pozisionu ilə bizimki eyni deyil. Biz asimilasiona məhkum edilmişik. Mədəni inqilab yoluyla birikdirəcəyimiz gücü başqa tür əldə edə bilmərik. Yəni bir nitəlik yolunda çabalarımızı sürdürməliyik. Tələsməyə gərək yoxdur, tarixin sonu da deyildir. Milli duyqu və düşüncələrimizi toplumun dərin qatlarına daşımalıyıq. Bu da örnəyin İranda hansısa hərəkətə və göstərilərə qatılmaqla gerçəkləşə bilməz. Farslar demokrasi yolunda mübarizə aparırlarsa, biz milli-demokrasi yolunda mübarizə aparırırıq. Hər türlü İranda demokrasi savaşlarına moral dəstək vermək borcumuzdur, ancaq bu öz kimliyimizi unudaraq o hərəkətin bir parçası olmaq anlamında olmamalıdır. Olayları müqayisə yolu ilə daha yaxşı anlaya bilərik. Çində demokrasi yolunda mübarizə gedir. Ancaq Doğu Türkistanın dərdi başqa. Buna rəğmən Batıdakı Doğu türkistan liderləri Çindəki demokratikləşmə hərəkətinə qatılmasalar da ona teoridə dəstək verməkdədirlər. Sanıram bizdə də buna bənzər pozision var. Yaşıl Hərəkəti Dünya dəstəkləməkdə ikən, bizim ona “bunlar da keçmişdə iqtidarda olmuşlar” kimi bayağı sözlərlə qarşı çıxmamız etik deyil, dünyadakı özgürlük dalğalarının əsintisi ilə uyumlu açıqlama deyil. Ancaq bütün olanların ötəsində bizim təməl sorunlarımız var, ona cavab verməmiz lazəımdır. Düşünən bir türk toplumu oluşdurmamız lazım. Bunun üçün milli aydınlama evrələri gərəkir. Bu, olmadan biz gerçək tarixi pozisionumuzu əldə edə bilmərik. Məncə, bir çox suallar düşüncə zəminində hələ cavablanıb toplumun qatmanlarına yayımlanmamışdır. Düşüncə düzəni dəyişməlidir, yoxsa heç bir dəyişim olmaz. Bizim açımızdan da gerçək inqilab budur. Uzun sürsə də biz çabalarımızı bu yöndə yürütməliyik. Bir az da biz səbirli olalım, başqaları inqilab etsinlər. Tələsməyə gərək yoxdur və gənclərimizi bu canavar rejimə yem etməməliyik. Dünya və Orta Doğudakı olaylar bu rejimlə hesablaşacaq. Uzun sürməz. Biz ana amacımızın peşində olmalıyıq. Milli kadrlaşma, milli iradə, milli hüquq, milli ordu, milli kimlik. Bizim ana sorunlarımız budur. Bunların siyasi, mədəni, hüquqi və tarixi ədəbiyatını hələ oluşdurmamışıq. Biz hələ əkinlə məşğul olmalıyıq. Bizim biçinimiz bir az zaman alacaq. Zaman hər şeyin çözücüsüdür. Yetər ki, bu zamanın içini türkçə düşüncələrlə doldura biləlim. Biz milli hərəkətin düşüncəsini, etiyini və estetiyini oluşdurmaqla görəvliyik.

 

İrandaki iç çəkişmə hara gedir?

Bir çox filosofların ortaya qoyduğu dialektik evrim sürəci İran şərtləri üçün də uyqulanmaqdadır. Hər hakim tez öz içindən antitezini yetişdirər. Belə olmazsa, evrim olmaz. İran inqilabı da öz antitezini yetişdirmişdir. Heç bir müxalifət İranda Yaşıllar kimi bu möhtəşəm hərəkəti yarada bilməzdi. Çünkü onların heç birinin xalq içində nüfuzu yoxdur. Yaşıl Hərəkət ilk başlanqıcında yasal bir hərəkət idi. Bax, antitezlər bu şəkildə yasal olaraq ortaya çıxar, sonra yasalara sığmaz, yeni anayasa istər. Yasal olduğu üçün dəyişimdən yana olan, dini istibdaddan bezmiş olan toplum çox güclü şəkildə qatıldı. Çünkü ilk günlərdə öldürmə yox idi. Təbliğat idi. Seçimə hiylə qarışdıqdan sonra da toplumun qatılımı çox möhtəşəm idi. Çünkü yasal hərəkət idi. Ya da toplum yasal olduğunu sanırdı. Öldürmələr, saldırılar toplumu qorxutdu. Qatılımlar az olsa da davam etdi. Ancaq hər basqı özünə uyqun təpki oluşdurar. Yaşıl Hərəkət yasa dışılığına itələndi. Liderləri tutuqlandıqdan sonra tamamən bu savaş yasalara qarşı dönüşdü. İndi artıq anayasanın uyqulanması yolunda deyil, anayasanın dəyişməsi yolunda savaş gedir. Uzun illər boyunca ölkənin sərmayəsini ələ keçirmiş bu rejim ölər, anayasanın dəyişiminə getməz. Dünya kamuoyu rejimə qarşı dönüşmüş bu savaşa dəstək verir. Bu üzdən də artıq böyük uçurumlar müxalifət və rejim arasında ortaya çıxmış. Böyük ayətullahlar da liderlərin tutuqlanmasına təpki göstərirlər. Bu gəlişmələr rejimə qarşı savaşı daha da təşviq etməkdədir. Ancaq dəyişimin çox qanlı və sancılı, həm də uzun vədəli olması söz qonusu ola bilər. Önəmli olan toplumda rejimin 32 illik qorxu düzəninə qarşı etiraz cəsarətinin yaranmasıdır.

Biz nə zamana qədər sükut edəcəyik?

Sükut etməmişik. Güclü düşüncə işləri ilə uğraşan insanlarımız var. Həm daxildə, həm də xaricdə. Yanlış ortamlarda çətinliklə birikdirdiyimiz milli enerjimizi sükutu pozmaq adı ilə hədər vermək doğru olmaz. Zahirən səssizlik olaraq görənən bu sükutumuzun pozulmasını zaman özü bəlli edəcək. Biz İranda demokrasi yolunda gedən savaşlara açıqca açıqlamalarımızda dəstək verməliyik məncə. Bunun yanı sıra bəlli zaman üçün hazırlanmalıyıq. Yaxın gələcəkdə də böyük dəyişimlər ola bilər. Xaməneyi ölə bilər. Başqa olaylar da ola bilər. Belə olur genəldə. Elə bir an gəlir ki, diktator rejimlər artıq xiyabanlardakı göstərilərə güllə ata bilmir. Müzakirəyə başlayır. Hər zaman belə olmuş, İranda da belə olacağı bəklənir. Bax, bu zaman bizim sükutumuzun içindən böyük səslər çıxacaq. Biz bu günə hazır olmalıyıq. Güney Azərbaycanda və İranın genəlində möhtəşəm türklük hərəkəti başlamalı və İranın dəyişik hərbi yerlərində görəvli olan türkləri milli hərəkətin yanında və önündə aparıcı güc kimi görməliyik. Belə olmazsa, Batı Azərbaycanda millətimizin üzərinə soyqırım uyqulana bilər. Millətimizi qorumaqla mükəlləfik. Ancaq o zaman hansı siyasi öncəliklərlə çıxış edəcəyimiz qonusunda bir söz deyə bilmərəm. Bunu o zamankı pozisionlar bəlli edər.

 

Bizim əməl etməmiz üçün hansı şərtlərin olması gərəkir?

Birinci, toplumumuzda geniş türklük bilinci oluşmalıdır. Bu olmazsa, olmaz. İkinci, toplumumuzda türk kimliyi və türk dili mərkəzli çağdaşlaşma sürəci başlamalıdır. Üçüncü, bizim başqaları ilə tarixi istəklərimizin sınırları bəlirlənməlidir. Niyət bizim hərəkətin ontolojisini oluşdurar. Toplumlar tarixlərinə, təbiətlərinə görə millətləşməzlər, niyətlərinə görə millətləşərlər. Ata sözümüz deyir: “Niyət hara mənzil ora.” Niyətimizin yazısı, sənəti, etiyi və estetiyi açıqca göz önündə olmalıdır. Böylə olduğunda əməl üçün, yalnızca hələ sinfi kimliyi bəlli olmayan gənclər aktiv olmazlar, bütün siniflər, özəlliklə orta sinif də bu hərəkətə qatılar. 2006-ci ildə gənclərimiz şəhid oldu. Bu mübarizəyə bazar dəstək vermədi. Etisablar olmalı idi. Nədən belə olmadı? Çünkü onu da zaman yetişdirəcək. Bizim mübarizəyə bütün təbəqələr qatılmaldır. Bunlar zamanla oluşacaq və bizim əməl meydanımız o zaman daha da genişləyəcək.

Bəzi aydınlarımız İranda olan başqa hərəkətlər ilə tənqidi diyaloğun qurulmasından yanadırlar. Bunun bizim milli çıxarlarımız uğrunda ola biləcəyini duşunürlər. Sizcə böylədir, yoxsa o hərəkətlərin içində ərimək təhlukəsimi var?

Bu hərəkətlərin içində ərimə təhlükəsi deyə bir şey yoxdur. Əgər bu hərəkət hansısa bir hərəkətin içində əriyəcək dərəcədə zəifdirsə, o zaman ona güvənmək də olmaz. Niyə ərisin ki? Əriyəcək olan bir hərəkətin gələcəyinə güvənmək olmaz ki. İranda bəzi dəyişimlər olacaq ki, biz onlarla işbirliyi etmək zorunda olacağıq. Biz bu ölkədə yaşayırıq, bu ölkənin gerçəklərinin dışına çıxa bilmərik. Yaşıl Hərəkətlə işbirliyi edəlim deyənlər də haqlıdırlar. Burada haqsız olan yoxdur. Önəmli olan olaya hansı baxış açısından baxmaqdır. Yəni yaşıl hərəkətə qatılımdan niyət nədir, o, göz önündə bulunmalıdır. Yaşıl Hərəkət İranda yaşayan bütün millətlərin yararınadır. Başda da bizim yararımızadır. Çünkü Musəvi türkdür. Biz soy olaraq türk olan hər kəsin türklüyə yararlı ola biləcəyinə inanmalıyıq. Yoxsa 30 milyon türk haqqından danışa bilmərik. 30 milyon türk dediyimiz varlığın 10 milyonu bəlkə Musəvi kimidir. Biz fərdlərlə ilgilənməməliyik sistemlə ilgilənməməliyik. Yəni örnəyin Musəvini də türklüyündən uzaqlaşdırmış olan bir düzən var. Bu düzən bizim düşmənimizdir, Musəvi kimi şəxsiyətlər deyil. Ayrıca, bu gün Musəvi dünyada demokrasidən yana olan bir lider kimi tanınmış və onun türk olması da bu açıdan türklər üçün bir məziyətdir. Bir şəkildə biz Yaşıl Hərəkətin dışında deyilik. Liderliyindəyik. Türk insanı olaraq bu hərəkətin başındayıq. Ancaq modern türk istəkləri olaraq hərəkətin dışındayıq. Bunu da ələ keçirmənin yöntəmləri üzərində düşünməkdə yarar var. Musəvi özbəöz türkdür. Onun dünyagörüşü dartışıla bilər, ancaq milliyəti türkdür. Milliyəti insan verən doğadır. Onu dəyişdirmək olmaz. Dəyişimi, asimilasion yolu ilə olur.

Birləşdirci amillər nədir?

Bizim əsas birləşdirici amilimiz ortada yoxdur nə yazıq ki. Çünkü birləşdirici amil, düşüncələr deyil, ortaq bir inancdır. Düşüncə professional bir işdir. Biri az bilər, biri çox. Ancaq toplumu bir mərkəzdə bütünləşdirən ortaq bir inancdır. Bu günə qədər də bizim farsların qarşısında yenilişimizin səbəbi budur. Məsələn Doğu Türkistanda birləşdirici bir inanc amilir var. Toplumun asimilasionunu önləyir. Məncə Doğu Türkistanda asimilasion yoxdur, kolonizasion var. Ancaq İranda türklərin asimilasionu söz qonusudur. Çünkü Uyqurların inanc fərqliliyi onların qoruyucusu və bizim farslarla inac özdeşliyimiz bizim əridicimizdir. Bunun üzərində böyük din mütəfəkkirləri düşünməlidir. Bu, bizim tarixi sorunumuzdur, əsas sorunumuzdur. Türk—İslam inancı oluşmalıdır. Bunun əskilərdən örnəkləri vardır. Ancaq Pəhləvilər, özəlliklə islam rejimi çox güclü biçimdə türklərin özgürlükçü İslam alqılayışlarını məhv etdilər. Bunu canlandırmanın bir yolu olmalı. Bir mədəniyətin orta dirəyini təşkil edən inancdır. Bir toplum inancını itirdiyində, başqa millətlərin içində əriməsi asanlaşar. Bizim inancımızı farslar çalmışlar. Bunu onarmamız lazımdır. Türk kimliyi Anadoluda olduğu kimi İranda da türklərin inanc düzeyinə yüksəlməlidir. Atatürkün ən böyük başarısı türk kimliyini toplumun tarixi inancı ilə özdeşləşdirməsi olmuşdur. Biz bu kimi böyük işlərlə uğraşmalıyıq. Bu da sükut anlamında deyil, tarixin dərinliyini etkiləyəcək işlər görmək anlamındadır