Cavanshir muellimin musahibesi

Paritet qezeti ile musahibe

Musahibenin kechidi: http://www.paritet.az/diaspor/3670.html

 

 

“Qarabağı və Cənubu özümüz azad edəcəyik”

Abdulla Əmir Haşimi Cavanşir: “Azərbaycan haqlarını Avropa və ABŞ ictimaiyyətinə tanıtdırıb rəsmi olaraq qəbul etdirməyimiz üçün səylərimiz lazımdır”

 Xaricdə yaşayan azərbaycanlıların başqa ölkələrə üz tutmasının bir neçə səbəbi olsa da, Azərbaycanın bir hissəsi olan Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı qürbətə üz tutmasının adətən bir səbəbi var: İrandakı hakim rejimin apardığı siyasət. Bu səbəbdən xaricdə yaşayıb fəaliyyət göstərən cənublu soydaşlarımızın əksəriyyəti siyasi mühacirlərdir. Onlar mühacirətdə olsalar da, mübarizəni yenə davam etdirir, artıq mütəşəkkil diaspor təşkilatları da yaradıblar. Bu təşkilatlar Cənub problemini qabartmaqla yanaşı Azərbaycanın tanıdılmasında, Xocalı soyqırımının dünyaya çatdırılmasında, Qarabağ münaqişəsi barədə reallığın və bir çox həqiqətlərin təbliğində fəal iştirak edirlər. Belə təşkilatlardan biri də Güney Azərbaycan Konqresidir. Konqresin fəaliyyəti və gördüyü işlər barədə suallarımıza qurumun sədri Abdulla Əmir Haşimi Cavanşir cavab verir.

-Rəhbərlik etdiyiniz Konqres nə vaxtdan fəaliyyət göstərir, əsas məqsədləriniz nədir?

-Güney Azərbaycan Konqresi son yüz ildə Cənubi Azərbaycanda baş verən milli və demokratik hərəkatda öncül bir təşkilatdır. GAK uzun illər müxtəlif çətinliklərə dözən və sədaqətlə çiyinlərinə düşən vəzifəni yerinə yetirən üzvlərin hesabına ərsəyə gəlib, son yüz ildə Cənubi Azərbaycanda baş verən milli və demokratik hərəkatın varisidir. GAK, cənubi azərbaycanlıların modernləşməsində, millətləşməsində və dövlətləşməsində yaxın və uzaq hədəfləri əldə etmək üçün mübarizə aparır. Eyni zamanda, “İkiyə parçalanmış xalq” statusunu almaq üzrə səylər göstərir. Cənubi Azərbaycanda baş verən hadisələrə də bu prizmadan baxır və hadisələri həmin istiqamətdə yönəltməyə çalışır. Bu çətin yolda itki versə də, öz yolundan çəkinmədən cəmiyyətimizi irəliyə doğru aparan yolda qabaqcıl olub mübarizə edir və tarixi vəzifəsini yerinə yetirməyə çalışır. Hədəfimiz, Cənubi Azərbaycanın 22 şəhəri və 10 mindən artıq kəndində, xalqımızın öz müqəddəratını təyinetmə hüququnu əldə etməsi, azad və suveren bir xalq kimi beynəlxalq arenada öz yerini almasıdır. GAK, Azərbaycan zəhmetkeşlərinin - istər kəndçisi, istərsə də fəhləsinin, Azərbaycan qadınının, ziyalısının, orta sinfinin maddi və mənəvi mənfəətlərinə və ümumiyyətlə milli maraqlara həssasdır. GAK Cənubi Azərbaycanın böyük sərmayədarları -milli mənafeyini fars şovinizminə, səltənətçilərə və İslam rejiminə satan və dəllallıq rolunu oynayan-qarşıdır. Azərbaycan xalqını kölə və müstəmləkədə saxlamaqda böyük rolu olan, fars dilini Azərbaycanda hakim edib müdafiə edən və xalqın hesabına yığdığı sərvətlərini qorumaq üçün Azərbaycan xalqına xəyanət edən bu sinif və təbəqəyə qarşı, həmçinin onu təmsil edən hakim fars şovinistinə qarşı mübarizə aparırıq. Buna görə də,  Cənubi Azərbaycanın İslam rejiminə xidmət edən böyük sərmayədarlarını satqın təbəqə kimi tanıyırıq. Son yüz ildə, Cənubi Azərbaycanın milli qurtuluşu uğrunda ən çox çalışan Azərbaycan zəhmətkeşləri və ziyalıları olub. Biz hesab edirik ki, Cənubi Azərbaycan bu zəhmətkeşvə, milli sərmayədarların köməyi ilə bərabər, öz suverenliyini əldə edəcək.

GAK-ın nə vaxtdan fəaliyyət göstərdiyinə gəldikdə, qeyd edim ki, bu gün təşkilatın Mərkəzi Komitəsində olan üzvlər, uzun illərdir ki Azərbaycan Milli Hərəkatının fəallarıdır. 2006-cı ilədək DAK-ın rəhbərliyində çalışırdıq. Ancaq mən iyun 2006-cı ildə DAK-ın birinci sədr müavini və təşkilat məsulu vəzifəsindən istefamı verdim. Həmin tarixdəki istefanamədə xalqımızın nəzərinə çatdırdım ki, yaxın keçmişdə Cənubi Azərbaycanda baş verən hadisələr, xalqımızın bir yumruq olub öz kimliyini müdafiə məqsədli qiyamı, eyni zamanda superdövlətlərin torpaqlarımız üzərində çəkdiyi planlar bir daha Azərbaycandan kənarda yaşayan soydaşlarımızın arasında birliyin çox zəruri olduğunu bizə xatırladır: “Belə bir həssas məqamda Azərbaycan təşkilatlarının arasında da birliyi bərpa etmək üçün, daha öncədən də nəzərinizə çatdırıldığı kimi DAK-nin iki qanadının birləşməsini təmin etmək məqsədi ilə hər qanaddan 5 nəfər olmaqla komissiya yaratdıq. Lakin təəssüf ki, verilən təkliflərə biganə qalındı və iki iclasdan sonra komissiyanın işi dayandırıldı.  Hazırkı vəziyyətdə isə iki tərəfin arasındakı münasibətlər gərginləşdiyinə görə və fəaliyyətlərdə inkişafı mümkün görmədiyimə görə, DAK-ın İdarə Heyəti üzvlüyündən, təşkilat məsulu və sədrin birinci müavini vəzifəsindən, DAK-ın 9-cu Qurultayına Hazırlıq Komitəsinin üzvlüyündən istefamı nəzərinizə çatdırıram”. Bu istefadan sonra, GAK təsis etdik. Eyni zamanda, Azərbaycan üçün çalışan bütün qrup, cəmiyyət və təşkilatlarla, o cümlədən DAK-larla əməkdaşlığı davam etdik. Biz başqa təşkilatların daxili işlərinə qarışmırıq. Misal üçün xatırlatmaq istərdim ki, keçən il DAK-ların yığıncağı keçirildi - biz hər iki DAK-a dəvətlərinə görə təşəkkür edib, təbrik mesajı göndərdik. Birlik Komissiyası yaradıb həmsədrlik formasında birləşməni də mən təklif etdim. Ancaq o zaman buna razılıq verilmədi. Eyni zamanda xatırlatdıq ki, hər hansı bir səbəbdən birləşə bilmirlərsə, ad üzərində çəkiş-bərkiş və dedi-qoduya enerjiləri sərf etmək məqsədə uyğun olmadığı üçün biri adını dəyişib, başqa adla düşmənə qarşı səmərəli fəaliyyət apara bilərlər. İstefamdan sonra mənsub olduğum qanad, adını dəyişib DDAK - Demokratik Dünya Azərbaycanlıları Konqresi adı ilə fəaliyyətini davam etdirdi. Ancaq göründüyü kimi onu da qoymadılar - yenə ad davasına sürükləmək üçün DDAK ləğv olundu və ya kənarda qaldı. Yenidən DAK iki qanada bölünüb və ad davası davam edir. Təbii ki, bu kimi davaların nə xalqımıza, nə də Milli Hərəkatımıza dəxli yoxdur. Biz hər zaman qətiyyətlə Azərbaycan təşkilatlarında yaranan intriqaların bir tərəfdən əxlaqi və siyasi səlahiyyətsiz adamların yaratdığını xatırlatmışıq, digər tərəfdən isə biri-birinə zidd olan siyasi xətlərin irəli sürülməsinin təşkilati böhrana gətirib çıxartmasından danışmışıq. Tehran rejiminin tərəfdarları öz xətlərini təşkilatlarımıza hər zaman sirayət etmək istəyiblər. Bunların bütün səyləri ondan ibarət olub ki, azərbaycançılıq ideyası başqa adlar altında kölgədə qalsın, Azərbaycan dövləti zəifləsin, torpaqlarımız işğal altında qalsın, Cənubda milli mübarizənin qarşısı alınsın , dini fanatizm Cənubda hakim olduğu kimi, Şimalda də hakim olsun. Bir sözlə, Azərbaycan Respublikasında son 100 ildə əldə edilən modern nailiyyətlər məhv edilsin və qondarma süni analizlərlə Azərbaycanın gələcəyini dumanlı havaya, bulanıq suya və zəhərli atmosferə sürükləsinlər. Dünənki bütövçülər, Cənubun və Şimalın vahid bayrağı olan dövlət bayrağımıza alternativ bayraq qoyurlar, Pişəvərinin yaratdığı 21 Azər tarixinə qondarma alternativ gün sırıyırlar. Səttarxana, Xiyabaniyə, Pişəvəriyə, Elçibəyə, Heydər Əliyevə, İlham Əliyevə və başqalarına siyasi dərs verməyə çalışırlar, illər boyu İranda ariçiliyi-fars şovinizmini dəstəkləyən xarici qüvvələri Cənubun-Şimalın sahibi kimi tanıdır, İslam fundamentalizminin əlini sıxaraq Azərbaycanın hər nöqtəsində onun at oynatmasına şərait yaradırlar. Belə getsə, çox çəkməyəcək ki, Tacikistan kimi həmin şər qüvvələri dəf etmək üçün 50 min şəhid verməyə məcbur olacağıq. Bunlardan əlavə çalışılır ki, Cənubi Azərbaycanda milli hərəkatımızı, İran yaşılçılarının quyruğuna çevirsinlər. Bir çoxları bizə müqəddəs olan “Güneyə istiqlaliyyət”, “Qarabağa azadlıq”, “diaspora inkişaf”, “demokratiya” və “Azərbaycan dövləti bizimdir” şüarları altında riyakarcasına çirkin mahiyyətlərini gizlədə bilir və Makiavelli üsulları ilə insanlarımızı aldatmağa çalışırlar. Biz həmişə bu siyasi və əxlaqi səlahiyyətsizləri xalqımıza tanıtdırmağa çalışmışıq.

-Fikrinizcə, türk xalqlarının bir-biri ilə əlaqələri necə qurulmalıdır?

-Biz əsasən öz dövlətimiz Azərbaycan Respublikası, qardaş Türkiyə dövləti və təşkilatları, Uyğurstanın (Sintszyan Uyğur Muxtar Rayonu) xaricdəki təşkilatları, Kərkük türkmənlərinin xaricdəki təşkilatları, Qazaxıstan və Türkmənistan diaspor qurumları ilə sıx əməkdaşlıq edirik. Bu əməkdaşlıq müxtəlif formatlarda həyata keçir. Misal olaraq, Türkiyədə cənubi azərbaycanlıların qurultaylarını keçiririk, Türkiyə diaspor təşkilatları ilə birlikdə Türkiyənin ərazi bütövlüyünü dəstəkləyən, uydurma “soyqırım” yalanını ifşa etmək və PKK-terrorizminin əleyhinə müştərək tədbirlər, Ermənistanla sərhədlərin açılmasına etiraz kampaniyaları təşkil edirik, Türkiyə səfirliyinin tədbirlərində azərbaycanlı olaraq fəal iştirak edirik. Uyğur təşkilatları ilə əməkdaşlığımız əsasən qarşılıqlı milli hüquqlarımızın qorunması və bərpası istiqamətində yerli qurumlara çatdırmaqdan ibarətdir. Xatırladım ki, əməkdaşlıqlarımız təkcə türkdilli xalqların nümayəndələri ilə məhdudlaşmır. Yaşadığımız ölkələrdə digər dünya xalqlarının da diaspor qurumları ilə əməkdaşlıq edərək, xüsusilə İrandan çıxmış ərəb, bəluç, lor və gilək qurumları ilə birgə fəaliyyətimiz var. Fars cəmiyyətləri ilə əməkdaşlıq isə mümkün deyil. Ona görə ki, Tehran rejiminə müxalif olsalar da, anti-Azərbaycan mövqeyindədirlər və çox vaxtlar mövqeləri erməni qurumlarla üst-üstə düşür.

- Konqresin neçə ölkədə daimi nümayəndəliyi fəaliyyət göstərir, bu fəaliyyət nədən ibarətdir?

-GAK-ın təşkilati xəttini Mərkəzi Komitə müəyyənləşdirir. Birbaşa Mərkəzi Komitənin üzvlərinin yaşadıqları ölkələrdə - İsveç, Fransa, Norveç, Almaniya, Britaniya, Kanada, Avstraliya, ABŞ, Rusiya, Türkiyə, Azərbaycan Respublikası və əsasən Cənubi Azərbaycanda fəaliyyət aparılır. Fəaliyyətimiz mədəni, sinfi, milli və siyasidir. Demokratik metodlara üstünlük veririk. Beynəlxalq təşkilatlar və türkdilli dövlətlərlə əməkdaşlığa isə xüsusi yer ayırırıq və bu sahələrin inkişafına çalışırıq.  Azərbaycanın ən fəal şəxslərindən Fransadan Mustafa Alınca Bəzirganlı GAK-ın birinci müavinidir. Cənubi Azərbaycanda şovinist siyasət yeridən qüvvələrə qarşı isə ideoloji, siyasi və təşkilati fəaliyyət aparırıq. Ümumiyyətlə, GAK, Cənubi Azərbaycan xalqının təşkilatlanması, inkişafı və qurtuluşu üçün əlindən gələni əsirgəmir. Bunlardan əlavə, məlumatlandırıcı nəşrlər hazırlayırıq. Hər iki aydan bir xaricdə yayılan təşkilatımızın rəsmi orqanı “Konqres” jurnalının yarısında xarici dildə materiallara yer verilir, belə ki, oxucu auditoriyamız ancaq azərbaycandillilər yox, həm də beynəlxalq qurumların nümayəndələridir. Web-səhifələrimiz, e-qruplarımız fəaldır. GAK MK-nin üzvü Cavidan Elbarsın baş redaktorluğu ilə “Güney Azərbaycan” jurnalı maliyyə çətinliyi və qeyri-müntəzəm olsa da, buraxılır. Digər üzvlər İngiltərədən Atasoy yerli təşkilatlarla birlikdə Cənubi Azərbaycan insan haqları üzrə Amnesty İnternational ilə, mədəni abidələrimizin dağıdılmasının qarşısını almaq barədə isə YUNESKO ilə əməkdaşlıq edir, Avstraliyadan Mikayıl Oyta isə Avstraliya azərbaycanlıları təşkilatının rəhbərliyində fəaliyyət göstərir. Norveçdən şair Hadı Qaraçay Cənubi Azərbaycan ədəbiyyatının inkişafı yolunda ədəbi yığıncaqları təşkil edir və “Sözün sözü” elektron nəşrində  gənc şair və yazıçıların yetişdirilməsində xüsusi fəaliyyət aparır, Norveçdən Müzəffər Əsgərzadə təşkilat amallarını sosial-şəbəkələrdə fəal əks etdirir, Kanadadan heykəltaraş Ruhi Tuna Azərbaycan incəsənət insanları ilə birgə fəaliyyət göstərir. Türkiyədən Seyfəddin Altaylı yazıçı və araşdırma işləri ilə bərabər geniş əməkdaşlıqlarla dəyərli kitablar nəşr edir və TRT Radio bölməsinin məsullarındandır. Rusiyadan Cəfər Təbrizi orada Cənubi Azərbaycanla maraqlanan partiyalarla yaxın əməkdaşlıq edir və s. Bu gün Cənubi Azərbaycan Milli Hərəkatını GAK-sız təssəvvür etmək mümkün deyil. Eyni zamanda, GAK-ın diaspor fəaliyyətlərində rolu danılmazdır. Bir sözlə desək, GAK-ın az xərclə böyük töhfələr verən təşkilat olduğunu, kimsə dana bilməz. O ki qaldı GAK-ın Cənubi Azərbaycanda gizli fəaliyyət hissəsi barədə danışmağa, haqq verərsiniz ki, təhlükəsizlik cəhətdən bu barədə danışmaq lazım deyil.

- Azərbaycanın parçalanması, Cənubdakı soydaşlarımızın problemlərini dünya ictimaiyyətinə hansı vasitələrlə çatdırırsınız?

-”İkiyə bölünmüş xalq” statusu almaq üçün, BMT, AŞPA və Avropa İttifaqının müvafiq strukturlarına dəfələrlə məktubla müraciətlər etmişik. Problemləri müxtəlif formalarda - seminar, mitinqlər, dəyirmi masalar, etiraz aksiyaları, nəşrlər təşkil edirik, beynəlxalq insan haqları təşkilatları ilə mütəmadi ünsiyyət saxlayaraq çatdırırıq, yerli KİV-lərə məlumatlar göndəririk, yerli parlamentarilərlə görüşlər keçiririk, özümüzdə və başqalarında olan imkanlardan istifadə edərək, dünya ictimaiyyətinə çatdırmağa çalışırıq.

-Bu gün dünya ictimaiyyəti bu problemlərdən nə dərəcədə xəbərdardır?

-Qərb dövlətləri rəsmi səviyyədə problemlərimizlə maraqlanmırlar. Bu da, onların İranla iqtisadi və başqa siyasi maraqlarına görədir. Ancaq bəzən deputatları bizim istəklərimiz əsasında Cənubi Azərbaycan məsələsini eşitməyə məcbur olurlar, hərçənd ki, onlar da hansısa ciddi dəstək göstərmirlər.  Avropadakı QHT və insan haqları qurumlarına gəldikdə isə, onlarla əməkdaşlığımız mövcuddur və həmin qurumlar bəyanatla çıxış edə bilirlər və ya birgə tədbirlər keçirə bilirik. Avropada fəaliyyətimizə qanuni cəhətdən mane olmağa bəhanə tapa bilmirlər. Rəsmilər bizimlə görüşüb dinləsələr də,deyilənləri qulaqardına vururlar. Terri Devis və Klaus Şumanla görüşlərimizi misal olaraq xatırlada bilərəm ki, birinci mərhələlərdə hətta bizi eşitmək də  istəmirdilər və söylədikləri dəlil bundan ibarət idi ki, İran Avropa Şurasına daxil deyil.  Nəhayət, görüşməyə məcbur oldular və Cənubi Azərbaycanın nə olduğu və gələcək hadisələr necə formalaşacağı prosesi barədə bizi dinlədilər. Danimarka , İsveç və digər ölkələrin parlamentlərində də belə oldu. Onlarla 3-4-cü görüşlərdə bunu deməklə kifayətləndilər ki, “Gedin, hökümətinizi qurun, biz sizi tanıdıq!”. Demək istədiyim budur ki, Cənubu və Qarabağı özümüz azad etməliyik və Avropanın ikili standartlarına çox da ümid bağlamamalıyıq. Qərblilər, İranda artıq imtiyaz almaq üçün bizlərə daha da etinasız olduqlarını nümayiş etdirirlər.

- Azərbaycanın tanıdılması istiqamətində hansı işləri görmüsünüz?

- Qərb ölkələri Azərbaycanı 400 il bundan əvvəl və daha qabaqdan regiona ayaq açdıqları vaxt tanıyıblar, onun yeraltı, yerüstü, maddi-mənəvi sərvətlərinə necə sahib çıxmalarına müxtəlif planlar cızdıqları da hamıya aydındır. Ancaq bizim haqları Qərb ictimaiyyətinə tanıtdırıb və rəsmiyyətə keçirməyə səylərimiz lazımdır. Demək istərdim ki, BMT-nin 4 qətnaməsinə əsasən işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonun Azərbaycana qaytarılması artıq hamıya tanışdır. Ancaq bu haqqın bizə qaytarılmasında Avropa bir addım da atmır. Biz var-gücümüzlə, məhdud imkanlarımızdan istifadə edərək azərbaycanlılara aid olan bütün haqları əldə etməyə çalışırıq. Əsas istiqamətlərimiz biz 50 milyondan artıq bir xalq olduğumuzu qəbul etdirək. Cənubda tarixi torpaqlarımız işğal altında olsa da, orada yaşayırıq, mədəni soyqırıma məruz qalmışıq, insani və milli haqq-hüquqlarımız tapdalanır, Şimalda Ermənistanın hərbi təcüvüzünə, dəfələrlə soyqırıma məruz qalmışıq. Həmçinin, Qarabağda hərtərəfli soyqırıma məruz qalmışıq və bu istiqamətdə əlimizdə olan bütün vasitələrdən, şəhərlərdə məlumatlandırıcı çadırlar qurmaqdan tutmuş, sosial-şəbəkə və e-səhifələrdə məlumatların yayılmasınadək, imza kampaniyalarının keçirilməsindən tutmuş yuxarıda saydığımız vasitələrlə məqsədlərimiz üçün mübarizə aparırıq.

- Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı və ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar haqqında əməkdaşlıq etdiyiniz və fəaliyyətinizi qurduğunuz ölkələrdə məlumatları hansı səviyyədədir?

-Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olduğu, Xocalıda Ermənistan tərəfindən törədilən soyqırım, şəhərlərimizin və mədəniyyət abidələrimizin erməni vandalizmi tərəfindən vəhşicəsinə dağıdılması barədə bu ölkələrin hamısında kifayət qədər məlumatlar var. Bizim fəaliyyətimizdən başqa, Azərbaycan dövlətinin nəşr etdiyi ingilis, rus, ərəb, ibrani, fransız, alman və ispan dillərində çap edilmiş kitablar və audio-disklər  Qərb rəsmilərinə və KİV, kitabxanalarına bacardıqca çatdırıb yerləşdirmişik. Bu səylərimizin məqsədi ondan ibarətdir ki, onların ermənipərəst mövqelərini dəyişdirib tərəfsiz olmalarına, tərəfsizləri isə haqqımızdan tərəfdarlıq etmələrinə sövq edək.

Bundan başqa xüsusilə Ağdam və Şuşanın işğal günləri hər il Ermənistana qarşı mitinqlər təşkil edir, Xocalı şəhidləri üçün anma mərasimləri keçiririk. Gördüyümüz işlər kifayət qədər deyil. Onun da obyektiv və subyektiv səbəbləri var.

-Dünya azəbaycanlılarının bir-biri ilə əlaqələri və inteqrasiyası nə dərəcədədir? Soydaşlarımızın daha sıx birləşməsi üçün hansı addımlar atılmalıdır? 

-Azərbaycanlılar, müxtəlif səbəblərdən xaricdə yaşamağa üz tutublar. Bir qismi iqtisadi, digəri isə təhsil üçün və bəziləri də siyasi səbəbdən xaricdə yaşayırlar. İqtisadi çətinlik və təhsil üçün xaricə gələn azərbaycanlılar İran rejiminin dairələri ilə geniş əlaqədə olduqları üçün, farsların anti-Azərbaycan təbliğatlarının təsiri altındadırlar və yaxud uzaq durmağa məcburdurlar. Siyasi mühacirlərin də  heç də hamısı  milli mövqedə deyillər. Aralarında şahçılar, mücahidlər, bəhailər, solçular da var. Bir sırası azərbaycançı və xüsusilə Pişəvəri hərəkatının tərəfdarlarıdırlar ki, bunlar da milli fəallardır. Sonuncu qrupa daxil olanların çoxu GAK-la əlaqədədirlər. Azərbaycan Respublikasından mühacir etmiş soydaşlarımızın çoxu isə müxalifət mövqeyindədirlər. Ən əsas məsələ anti-türk və anti-Azərbaycan siyasətinin təkcə daxildə yox, xaricdə  yaşayan azərbaycanlıları da təzyiq altına qoymasıdır. Siz, İran rejiminin xaricdə zəncirvari qətllərini yəqin ki, eşitmisiniz. Terror və hədə-qorxular, təbii ki, insanlarımızı azərbaycançılıq üzrə fəaliyyətdən çəkindirməkdə təsirsiz deyil. Əlbəttə ki, ABŞ-da, Fransada və ya İranın özündə manqurt, öz kimliyinə biganələşdirilmiş azərbaycanlılar da az deyil. Biz ayıq olmalıyıq. Azərbaycanlılar arasında xeyli dedi-qodu var. Əslində düzgün baxanda hər bir söz-söhbətin, hər bir cümlənin arxasında bu və ya digər şəxsi, sinfi mənfəətlər yatır və ya xaricdən onları stimullaşdıranlar var. Kiçik və sadə görünən bu dava-dalaşların arxasında böyük maraqlar yatır.

 İran bir şovinist imperiya kimi  iqtisadi, siyasi, mədəni, hərbi və diplomatik böhran keçirir. İranda yaşayan azərbaycanlılar, ərəblər, türkmənlər, kürdlər, bəluçlar, lorlar, öz müqəddəratını təyin etmək hüququ uğrunda illərdir ki mübarizə aparırlar. İranın bugünkü siyasi strukturu dünya standartlarına uyğun olmadığından həm insan hüquqları barədə, həm də xarici münasibətlərdə tam çətinliklərlə üzləşir. Bir sözlə desək İran məntəqədə fəsad mərkəzinə çevrilib ki, onun nümunəsini bir gün İran-İraq savaşında, digər gün Əfqanıstanın daxili savaşlarında, başqa gün isə Tacikistan, Qırğızıstan daxili islam fundamentalizm çəkişmələrində, Çeçenistan, İnquşetiya və Abxaziyada görmüşük. Fələstin, Livan, Küveyt, Suriya, Misir, Əlcəzair və Tunisdə İranın yaratdığı “Hizbullah” dəstələri, törədilən cinayətlər, İranı və bir sözlə desək müsəlmanları gündən-günə dünyada tədric edir. Hər hansı bir təşkilat ki azərbaycanlıları maarifləndirir, modernləşdirir, mədəni olaraq dünyaya tanıtdırır, dünya standartları yaşayışına uyğunlaşdırmağa sövq edirsə, təbii ki, İranla qarşılaşır. İran 35 milyon cənubi azərbaycanlını kölə, maarifsiz, musiqisiz, dilsiz, partiyasız, qəzetsiz, kitabsız, kitabxanasız və özünü idarəetmək üçün struktursuz,  və bir sözlə, milli şüura malik olan insansız edibsə, Şimali Azərbaycanı da həmin vəziyyətə salmağa çalışır. Elə ona görə də Azərbaycan təşkilatlarını bölür, məhv edir və ya onların fəallarını ələ almağa çalışır, bu işə güclü maliyyə vəsaiti ayırır. İran mövhumata, xürafata lazımınca pul ayırır ki, Azərbaycan insanını məhv etsin, manqurtlaşdırsın, narkotikaya və depressiyaya salsın. Odur ki, biz azərbaycanlılar əzmimizi cəm etməliyik, qətiyyətlə belə qəddar bir düşmənlə ürəklə mübarizə aparıb, onun arxasını yerə vurmalıyıq. Özümüzü onun cəhalətindən uzaq saxlamalıyıq, İslam dünyasını da dünyada fanatik və cəhalət yönümlü yox, nurlu və tərəqqipərvər, insansevər, qadın-uşaq hüquqlarına hörmət edən, zorakılığa və patrialxal sistemə qarşı duran bir din kimi tanıtdırmalıyıq.

-Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

-Bu gün azərbaycanlılara aid 250-dən artıq cəmiyyət, yüzlərlə web-səhifə, onlarca elektron qrup, bir neçə radio, televiziya və jurnal, həmçinin müxtəlif sosial-şəbəkələr mövcuddur ki, soydaşlarımızı biri-biri ilə əlaqələndirir. Təbii ki, bu əlaqələr dilimizin, adət-ənənələrimizin qorunub saxlanmasına kömək göstərir. Lakin hələ də çatışmazlıqlar çoxdur.Bizcə, diasporun həlledici rol oynamasına gəlib çatmasında maneə və problemlər öz yerində qalır. Bu problemlər nədən ibarətdir və həlli yolları nədir?” sualının uzun söhbətə və dərin analizə ehtiyac var. Qısaca  deyə bilərik ki, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması zəifdir, birliyini təmin etmək həddindən artıq çətindir. Buna da  siyasi-ideoloji fikir ayrılıqları, fərdi-iqtisadi maraqlar, ən başlıcası, xarici qüvvələrin, xüsusilə İran və Ermənistan rejimlərinin təxribatları və əlbəttə ki, bizim türk mənşəli və İslam dinli olduğumuz üçün Avropa və ABŞ tərəfindən dəstəklənməməyimiz səbəb olur. İran rejimi, təkcə azəri diasporuna aid təşkilat və cəmiyyətləri yox, hətta Azərbaycan ailələrini də dağıtmaq üçün əlindən gələni əsirgəmir. Biz, informasiya texnologiyaları, televiziya, maliyyə dəstəyimizin olmamasından əziyyət çəkirik. Misal olaraq, Avropa, ABŞ və Kanadada, nə parlamentdə, nə hökümətdə təmsil olunan nümayəndəmiz var. Bələdiyyə səviyyələrində keçirilən seçkilərdə də 1-2 nəfər tapmaq olar. Diaspor fəalları ilə Azərbaycan Republikasının əlaqələri zəifdir, digər xalqların diaspor təcrübələrindən istifadə edilmir, türk dünyasında  fövqəladə pərakəndəlik və hətta bəzən qarşıdurmalar müşahidə edilir, gənclərimizin bir çoxu vətənpərvərlik ruhiyyəsində yox, fövqəladə eqoistlik, qısqanclıq və vətənə biganəlik duyğusundadırlar. Cənubi Azərbaycanda milli mübarizəmizin zəfər çalması üçün diasporun xüsusi və geniş dəstəyinə ehtiyacımız var.

-Qarşıda hansı işləri görməyi planlaşdırırsınız?

-Keçmişdə gördüyümüz işlərin effektini izləyirik. Təbii ki, yeni metodları arayıb, araşdırırıq ki, daha güclü və daha səmərəli işlərimizi təşkil edək. Bir neçə yeni layihələrimiz var. Bir neçəsini Azərbaycan Respublikasında fəaliyyət göstərən partiya və QHT-lər, idarə və nazirliklərlə danışıq və əməkdaşlıq razılığından sonra həyata keçirmək fikrindəyik. Eyni zamanda keçmişdəki müsbət təcrübələrimizi genişləndirib, davam etməyi palanlaşdırırıq.

  Asif NƏRIMANLI