Qadınlar və QHT
NAYİRƏ TOHİDİ
Amerikadan
baxış: "Yaxşı təhsil almış,
peşəkar və iqtisadi cəhətdən fəal
Azərbaycan qadınları hüquqlarını itirməyə
razı olmayacaqlar"
Postsovet
Azərbaycanında qadınların vətəndaş
cəmiyyəti quruculuğunda iştirak problemləri və
QHT-nin fəaliyyət istiqamətləri haqda kənar baxışın
məhsulu olan bu yazı bir neçə il öncə ABŞ-da çap
edilib. Müəllif Nayirə Tohidi Notric şəhərindəki
Kaliforniya Dövlət Universitetində qadın tədqiqatları üzrə
professor yardımçısı və Globalization, Gender, and
Reigion: The Politics of Women's Rights in Catholic and Muslim Contexts
jurnalının həmredaktorudur. Əslən iranlı olan
xanım müəllif "III Sektor"un
yazını qısa ixtisarla dərc etmək təklifinə
məmnuniyyətlə razılaşdı. Məqalə
"Cohn Hopkins University Press" və "Woodrow Wilson Center Press"
nəşriyyatlarının postsovet məkanında qadın problemləri
ilə bağlı birgə buraxdığı kitabdan götürülüb.
Əhali
geniş ölçüdə qeyri-hökumət təşkilatlarının
mənası, funksiyaları və əhəmiyyəti
barədə hələ ki çox az şey bilsə də,
Azərbaycanda üçüncü sektor intellektuallar və fəallar
arasında xeyli məşhurdur. Xüsusilə də partiya
mənsubluğu olmayan qurumlarda və qeyri-hökumət
təşkilatlarında vətəndaş cəmiyyəti
quruculuğuna güclü maraq bu ölkədə
demokratikləşməyə yönəlik yeni dinamizmi əks
etdirə bilər. Hakimiyyət QHT-yə daha loyal
yanaşdıqca özəlliklə 1994-96-cı illərdə
QHT-nin yanlış başa düşülməsi və onlarla
düşmənçilk nisbətən səngiməyə
başlayır.
Azərbaycanda
qadınlar həmişə fəallıq göstərərək
lap ilk vaxtlardan üçüncü sektorda aparıcı rol oynayıblar.
Hərçənd Sovetlər birliyinin dağıldığı ilk
illərdə qadınlara yönəlik QHT
formalaşmamışdı (Zərif cinsin
nümayəndələri onda hələ cəmiyyətdəki
statuslarını itirməkdən qorxmurdular). Valeriya Estesin qeyd
etdiyi tək, burada QHT fəalları kimi qadınların rolunu
bilavasitə qadın və gender məsələlərinə
müraciət edən təşkilatların rolundan
fərqləndirmək lazımdır. Bir çox qadınlar
qadın məsələləri ilə məşğul
olmayan QHT-də çalışır. Qadın QHT-si kimi təsnif
edliməyən bir çox qurumlar isə qadın və gender
məsələləri üçün spesifik olan problemlərə
müraciət edirlər.
Başqa
postsovet dövlətlərində olduğu kimi, Azərbaycanda da qadınların
QHT-nin işində fəal iştirakının
özəllikləri var. Azərbaycanda məktəb yaşına
qədər uşaqlar üçün ətraf mühiti mühafizə
təhsilini gücləndirməyi qarşısına
məqsəd qoyan "Gülüm" təşkilatının
yaradıcılarından olan İradə Quliyevaya görə,
"üçüncü sektor qadınların işinə yarayır, çünki
QHT qadınları çoxdan bəri narahat edən sosial
problemlərin - əlillik, sağlamlıq, uşaq problemləri
və təhsil məsələlərinin həllinə
çalışırlar".
Qadınların
QHT-nin işində fəal iştirakının başqa
səbəbləri də çoxdur. Estesin də təsdiq etdiyi
kimi, "QHT hökumətin səlahiyyət
mərkəzlərinə və böyük biznesə yol tapa
bilməyən qadınlara təkcə sırf qadın
məsələləriylə bağlı dəyişiklikləri
deyil, həm də genişmiqyaslı sosial-iqtisadi
dəyişiklikləri reallaşdırmaq üçün fəaliyyət
meydanı təklif edir". Estes həmçinin belə güman edir
ki, ənənəvi hakimiyyət mövqeləriylə
müqayisədə QHT yeni və korrupsiyaya bulaşmamış
qurumlardır və bu təşkilatlarda çalışmaq
qadınların, onların ailələrinin nüfuzuna çox nadir
hallarda zərər gətirə bilər. O da
nəzərə alınmalıdır ki, Azərbaycan
qadınları (kişilərlə müqayisədə) daha ünsiyyətcildirlər,
xarici dilləri daha yaxşı mənimsəyirlər və
qeyri-formal şəbəkələrdə çalışmaq üçün
daha yaxşı qabiliyyətə malikdirlər. Bu da xarici donorlarla
əlaqə yaratmaqda, eləcə də qrant almaq üçün
sənədləri tərtib etməkdə və resursları
toparlamaqda onların işini xeyli asanlaşdırır.
QHT-nin
inkişafına maneçilik törədən başlıca
əngəllər hələ də iqtisadi
çətinliklərin, resurs qıtlığının və
xeyriyyə institutlarının yoxluğunun doğurduğu
əngəllər olaraq qalır. Ermənilərin
işğal etdiyi Qarabağla bağlı problemlər isə
bu vəziyyəti daha da mürəkkəbləşdirir, çünki
mümkün resursların əksər hissəsi həmin regiondan olan
qaçqınlara sərf edilir. QHT-hökümət münasibətlərində
müəyyən yumşalmaya baxmayaraq, hüquqi və hökumət
əngəlləri, qeydiyyat süründürməçilikləri və
şəffalığın olmaması hələ də
QHT-nin dolğun və sərbəst fəaliyyətinə imkan
vermir. Resurs qıtlığı səbəbindən QHT
aktivliyi (həm kişilər, həm də qadınlar üçün)
başlıca olaraq paytaxtla məhdudlaşır. Əyalət
yerlərində gender məsələləriylə
məşğul olan QHT son dərəcə azdır.
İlk
dövrlərdə əsasən donorlarla əlaqə yaratmaq
və qrant əldə etmək uğrunda gedən amansız
mübarizə indi öz yerini yavaş-yavaş QHT arasında əməkdaşlıq
zərurətinin dərk edilməsinə verir. 2001-ci ildə
təxminən on QHT koalisiyası yaranmışdı. Ən
iri və ən fəal QHT koalisiyalarından biri Milli QHT Forumudur.
1998-ci ildə yaradılan bu forum, bir sıra qadın
qurumları da daxil olmaqla, 250-dən çox QHT-ni birləşdirir
və onların fəaliyyətini əlaqələndirir. Məhz
belə bir koordinasiya və əməkdaşlıq QHT-yə
qanunvericilik sahəsində islahatlar aparmaq üçün hökumətə
daha ciddi təzyiq göstərmək imkanı verib. Əsas fəaliyyət
sahələrindən biri də gender
məsələləriylə bağlı olan forumda
qadınlar inzibati orqanın 40 (hər 15 nəfərdən
6-sı), işçi heyətinin 37,5, ekspertlərin isə 10
faizini təşkil edir.
Hazırda
qadın QHT-si müxtəlif tiplidir. Onlar adətən siyasi cəhətdən
müstəqil olduqlarını bəyan etsələr də,
onların bəziləri birbaşa və ya dolayısı
ilə aktiv siyasətlə məşğuldur.
Məsələn, Azərbaycan Qadınlar Məclisi ("Sevil")
ən iri qadın təşkilatı olduğunu iddia edir, onun
Azərbaycanın 70-dən çox rayonunda bölmə və ya
nümayəndəliyi var. Quruma prezidentin (Mərhum
Heydər Əliyev nəzərdə tutulur. Xatırladırıq ki, məqalə bir neçə il
əvvəl hazırlanıb - red.) qızı Sevil
Əliyeva başçılıq edir. Dilarə Əliyeva adına
Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti ilkin olaraq
Azərbaycan Xalq Cəbhəsinin qadın qanadı kimi meydana
çıxıb və 1995-ci ilədək heç bir aydın gender
perspektivi göstərmədən siyasət
məsələləriylə məşğul olub. Bununla
belə, qurumun sədri Novella Cəfərovanın dediyi kimi,
son illərdə bu təşkilat "daha inklyusiv, daha az barışmaz,
qadın və gender məsələlərinə daha çox
diqqət yetirən bu sahədə daha fəal olan bir
təşkilata çevrilib".
Qadın
QHT-si ilə bağlı son illərdə baş verən
müsbət dəyişikliklərdən biri Birləşmiş
Millətlər Təşkilatı İnkişaf
Proqramının (BMT İP) himayəsi altında 1997-ci
ildə Azərbaycanda Gender İnkişafı Mərkəzinin
yaradılması ilə bağlıdır. Bacarıqlı,
gender məsələlərinə dərindən maraq
göstərən azərbaycanlı qadın Rəna
İbrahimbəyovanın rəhbərlik etdiyi mərkəz
qadınlar arasında təsirli və bənzərsiz
təhsil-təlim proqramları seriyası həyata keçirir. Misal
olaraq, "Qadın hüquqları insan hüquqlarıdır",
"Münaqişələrin həllində qadınların
rolu" kimi mövzularda milli və regional konfransların
təşkilini, zorakılıq, zorlama və seksual təcavüz
kimi tabu mövzulara dair broşurların nəşrini, gender
münasibətlərinə dair təhsil və təşviq yönlü
televiziya proqramlarının hazırlanmasını
göstərmək olar.
Transmili
qadın şəbəkələrinin, BMT agentliklərinin
qadın layihələrinin, İSAR, Soros Açıq
Cəmiyyət İnstitutu və Milli Demokratiya İnstitutu kimi
gender məsələlərinə həssas yanaşan
beynəlxalq fondların fəaliyyət Azərbaycan
qadınlarının informasiya, resurs və gender
təhsilinə ehtiyaclarını ödəməkdə
əvəzsiz rol oynayıb. Xarici donor agentliklərinin postsovet
Azərbaycanına müdaxiləsinin bəzi xoşagəlməz
nəticələrinə baxmayaraq, daxili və beynəlxalq
faktorlar arasındakı qarşılıqlı təsir
baxışlarda, oriyentasiyalarda və qadın QHT-sinin
məqsədlərində gender həssaslığına
yönəlik müsbət dəyişikliklərə gətirib.
Bəzi
qadın təşkilatlarının səyləri
sayəsində Azərbaycan "Qadınlara qarşı bütün
ayrı-seçkilik formalarının ləğv edilməsi
haqqında" Konvensiyaya qoşulub, insan hüquqları və
qadın hüquqları haqqında bir sıra BMT konvensiyalarının
prinsiplərini rəsmən qəbul edib. Ancaq
Azərbaycanın hakimiyyət orqanlarının bu konvensiyalara
qarşı səmimiliyi və onları uğurla tətbiq edib-etməyəcəkləri
hələlik tam aydın deyil.
1998-ci
ildə yaradılan Qadın Məsələləri üzrə
Dövlət Komitəsi Azərbaycanda qadınların statusu
ilə məşğul olan qadın QHT-si daxil olmaqla bütün proqramlara
və fəaliyyətlərə "nəzarət etmək
və onları əlaqələndirmək"lə
məşğul olmalıdır. Amma istər bu
nəzarətin hüdudları, istər də həmin
komitənin qadın QHT-si ilə münasibətləri
hələ də dəqiq aydın deyil. Ancaq QHT-nin dövlət nəzarətindən
azad olması ölkədə vətəndaş
cəmiyyətinin yaranması üçün ən zəruru şərtlərdən
biridir. Digər tərəfdən, QHT
hərəkatının xarici donorlardan tam asılılıq,
beynəlxalq/daxili ehtiyaclar və prioritetlərdən də
daha çox qrant ayıran daxili/xarici donorların istəyinə
uyğun məsələlərə və
layihələrə istiqamətlənmə kimi müəyyən
aspektləri süründürməçilik, korrupsiya və qadın aktivizminin
Sovetlər birliyində və digər avtoritar rejimlərdə
gördüyümüzə bənzər homogenizasiya potensiallarını
gücləndirə bilər. Bu cür dövlətə yönəlmiş və
yaxud xaricilərin dominantlıq etdiyi və ya qrantdan
asılı feminizm sıravi qadınları
təşəbbüslərini heçə endirməyə, gerçək
ehtiyac, bərabərlik və demokratiya istiqamətində
dəyişikliklər uğrunda çalışan həqiqi
təşkilatlar üzərinə kölgə salmağa məhkumdur.
Postsovet
keçid qadınların statusuna ümumən müsbət təsir
göstərib, çünki iqtisadi və sosial hüquqları vaxtilə o
qədər pozulub ki, indi onların çoxu vətəndaş
hüquqları və yeni imkanların üstünlüklərindən
yararlanmağa can atır. Millətçilərin,
mühafizəkarların və islamçı qüvvələrin gender
gündəminə irticaçı münasibətindən
əndişəyə düşən qadınların
əksəriyyəti milli müstəqilliyin, bazar iqtisadiyyatının
və demokratiyanın gender parametrlərini yenidən müəyyənləşdirməyə
başlayıblar. Qadınların çoxu, xüsusilə də ali
təhsili, peşə təcrübəsi və xarici dil bilmək
qabiliyyəti olanlar öz siyasi və iqtisadi fəaliyyətləri
vasitəsilə vətəndaş cəmiyyəti
quruculuğunda və demokratikləşmədə fəal
iştirak edirlər. Onlar rəsmi siyasət qurumlarında
və qeyri-rəsmi vətəndaş arenasında, xüsusilə
də QHT-də öz iştiraklarını təmin edərək
işsizliyə, siyasi istismara və sosial
marginallaşdırmaya qarşı mübarizə aparırlar.
Qadınların
sosial aktivliyində ilk dövrlər xeyriyyəçilik və milliyyətçilik
hissiyyatı dominantlıq etsə də, indi bu fəallıq
tədricən gender istiqaməti almaqdadır. Azərbaycan
qadınları özlərini hələ ki feminizmlə, xüsusilə
də onların düşüncəsində kişilərə
və ailəyə qarşı düşmənçilik kimi qavranılan
"Qərb feminizmi" ilə eyniləşdirməkdən
çəkinirlər. Ancaq onların sosial aktivliyinin bir çox
aspektləri uzunmüddətli feminist strategiyasına xidmət
edəcək.
Özlərini
feminist kimi xarakterizə edib-etməmələrindən
asılı olmayaraq əksər qadınlar gender
məsələlərinə həssas sosial-iqtisadi inkişaf
və demokratikləşmə uğrunda mübarizədə
özlərinin gender əsaslı metodlarla işləyən təşkilatlarını
yaratmağa başlayıblar. Onların bir çoxunun bu
fəallığı milli çalara malik "milli
feminizm"ə dönüşə və yaxud Latın
Amerikasında müşahidə edilən "fərqli"
feminizm xətti üzrə inkişaf edə bilər, ancaq görünən
odur ki, yaxşı təhsil almış, peşəkar və
iqtisadi cəhətdən fəal Azərbaycan qadınları vətəndaş
və fərdi hüquqlarını itirməyə razı
olmayacaqlar.
Hazırladı:
Tehran Vəliyev