Dədə Qorqud
Yazan: Anar
Latın
əlifbasına köçürən: Əhəd Əşkriz
Köksü yaşıl ulu
dağlar belə vuruş görməmişdi. Dibi dərin dar
dərələr belə döyüş bilməmişdi.
Savaş nə savaş idi, meydan
dolu baş idi. şahbaz-şahbaz atlar keçirdi, nalı
qalırdı. Qara polad üz qılınclar çalınırdı,
oxvarı ovxalanırdı. üç yeləkli qayım oxlar
atılırdı, dəmrəni düşürdü.
O, gün oğuz ellərinin
ağır günüydü. Oğuz oğulları bir-birinə
qarşı qalxmışdı. Dost-dostla, qohum-qohumla cəng
edirdi, qardaş-qardaşdan, ata oğuldan
ayrılmışdı. Bu qanlı qada Oğuz elinə hardan
gəlmişdi? Deməklə qurtarmaq olmaz.
Qoy el ağsaqqalı, yurdun müdrik
bilicisi Dədə Qorqud gəlsin, qopuzunu əlinə
alsın, ötənlərdən, keçənlərdən söz
açsın, söy söyləsin, boy boylasın, igid ərənlərin
başına gələnlərdən danışsın.
...Dədə Qorqud bu dəm
nə söz qoşurdu, nə qopuz çalırdı. Altı pərli
gürzlər, yalın qılınclar dəmir uclu oxlar
danışırdı. Atlar kişnəyir, bahadır nərələri
ərşə qalxırdı. Sözü, qopuzu eşidən kim ola,
diləyən kim ola? Dədə Qorqud fəryad edib Oğuz
igidlərinə üz tutub, bu qanlı qardaş
qırğınını saxlamağa
çağırırdı, amma ona məhəl qoyan, qulaq asan yox
idi, heç vaxt Dədə Qorqudun bir sözünü iki eləməyən
igidlərin bu gün gözləri qızmış,
ağılları çaşmışdı.
Iki igid atlarını dördnala
çapa-çapa üz-üzə gəldilər. Atlar şahə qalxdı. Bir
igid o birinin qurşağından qamarlayıb
başının üstünə qaldırdı, yerə
çırpdı. Zəbun olmuş igid havadan yerə elə
yavaş-yavaş, elə ağır-ağır düşdü ki,
deyəsən üsulluca iplə salladılar. Amma elə həmin
dəqiqə onu atdan salanın da əcəli yetdi.
Vıy-vıy vıyıldayıb gələn bir ox bu igidin
bağrına sancıldı. O, da qolunu uzatdı,
atının boynunu qucaqladı, sürüşdü at belindən
torpağa düşdü. Bir ötgün ox da ata dəydi, at da igidlərin
yanına sərələndi. Aram-aram, ağır-ağır
yıxıldılar, yavaş-yavaş, asta-asta
hərəkətsizləşib qaldılar.
Başqa döyüşçülər də
bir-birlərini qırırdılar. Bir-birini qılınclayan
kim, atla yel yetməz yel kimi keçib çomağı düşmənin
təpəsinə endirən kim, yayı çəkib oxu
tuşlayan kim, kəmənd atıb çaparı
yəhərindən dəbərdən kim...
Döyüş meydanının
qəribə mənzərəsi vardı. Igidlər, atlar
bir-bir həlak olduqca donub qalırdılar, daşa
dönürdülər. Səslər, nərələr, at
kişnərtiləri də get-gedə azalırdı.
Axırda heç kəs qalmadı. Indi bütün meydan leş idi,
cəsəd ididaş leş, daş cəsəd.
Döyüş sona yetdi, indi bu meydan
daş heykəlləri düzülmüş, bir çöl idi, insan və at
heykəlləri müxtəlif vəziyyətlərdə,
müxtəlif biçimlərdə donub qalmışdı öldüyü an
hansı halda idisə o halda.
Bu daş heykəllərin
arasında ağır-ağır, dərdli-dərdli bir qoca
keçib gedirdi, ağ saçı ağ saqqalına
qarışmış bir pir.
Qoca Dədə Qorqud
yedəyində təpəl qaşqa ayqırı meydandan keçib
təpə başına çıxdı, qanrılıb geriyə
baxdı. Meydanın mənzərəsi bir az da dəyişmişdi,
daş heykəllər ümumi görünüşlərini saxlasalar da
dəqiq biçimlərini dəyişdirmişdilər, indi bu
artıq insan at heykəlləri deyil, onları təxmini
xatırladan qəribə qayalar, əcaib daşlar, qaba daş
qalaqları idi. Daşlar, daşlar, daşlar
yığımıqanlı döyüşdən qalan bir bu idi!
Oğuz ərlərindən qalan bir bu idi! Daşlar, daşlar,
qayalar... Nə bir səs, nə bir kəs...
Dədə Qorqud köksün ötürdü,
acı-acı ağladı, yanıq ciyərini dağladı,
ayqırının cilovunu çəkib yola düzəldi, dağ
aşdı, dərə keçdi, bir meşənin qırağına
çıxdı. Meşə nə meşə... Fısdıq
meşəsi imiş bu meşə, amma həm də
qəbiristanlıq idi. Elə bil fısdıq ağaclar
qəbirlərin içindən çıxırdı. Qəbirlərin
üstündə də daş qoyun heykəlləri qoyulmuşdu.
Elə bil bu meşədə tamam bir sürü daşa dönmüşdü!
Dədə Qorqud
meşəyə baxdı, daş qoyunlara baxdı,
qəbirlərə baxdı, birdən bir səs eşitdi.
Döndü, gördü qara mahud şalvarlı cavan bir oğlan məzar
qazır.
-Oğlan, -deyə Dədə
Qorqud onu səslədi, -nə qazırsan belə?
Oğlan gözücü Dədə Qorquda
baxdı. Onun üzündə, gözlərində məşum bir
ifadə vardı. Oğlan laqeydlaqeyd:
-Gor qazıram, Dədə,-dedi.
-Kiminçün qazırsan bu goru?
Oğlan eyni biganəliklə:
-Səninçün Dədə,-dedi.
Dədə Qorqud diksindi.
Oğlan ona etina etmədən öz işinə davam edirdi.
Torpaq kənara atıldıqca,
məzar kənarındakı təpəcik böyüdükcə,
qəbir dərinləşdikcə Dədə Qorqudu
dəhşət basırdı. O, müc olub qalmışdı,
matı-qutu qurumuşdu. Səs eşidib başını
qaldırdı. Ağac başında civildəşən
quşlar xırdaca daşlar kimi budaqlardan yerə tökülüb
qaldılar-onları ovlayan-eləyən
olmamışdıbirdən-birə özləri düşdülər,
səpələnib qaldılar. Ağac özü də
birdən-birə qurudu, yaşıl yarpaqları
saralıb-soldu, qopdu, küləyə qoşulub uçub getdilər.
Ağacın çiçəkləri vağam olub sovuldular, budaqlar
yalın qaldı.
Çəmənlikdə bitər
otlar, yaşayırkən bitməz oldu.
Bulaqlardan axan sular, çağlayarkən
axmaz oldu.
Qanad çalıb uçan quşlar
birdən-birə uçmaz oldu.
Budaqlar da yalın qaldı,
çiçəklər də açmaz oldu.
Dədə Qorqud hayana baxdı
ölüm gördü, əcəl gördü.
Fısıllıqdan
fışıldayıb çıxan ala ilan Dədə Qorqudun
ayağına yanaşdı, başını qaldırıb
onu çalmaq istədi.
Dədə Qorqud onu görüb
sərmərdi, kənara sıçradı, qıvraq
tərpənib təpəl qaşqa ayqırının
belinə qalxdı. At da ilandan hürküb fınxırdı, yel kimi
yerindən qopdu, üzünü dağlara tütdü. Dədə Qorqudu
meşədən, məzardan, əcəldən
uzaqlaşdırdı.
Amma gor qazan oğlan da işini
dayandırmadı, gözdən itən çaparın ardınca
uzun-uzun baxdı, qımışdı, qəbri qazdı ki,
qazdı.
Dədə Qorqud çapıb alçaqdan
uca yerlərə qalxdı, qışda-yazda qarı, buzu
əriməyən Qazılıq dağını aşdı,
çaylardan, daşqın-daşqın sulardan addadı,
düzlərdən, dərələrdən keçdi, başqa bir
iqlimə gəlib çıxdı.
Bura ucu-bucağı görünməz
bir dəryanın sahili idi. Dəniz gömgöy idi,
ləpələri ağ, narın. Sahil bomboş idi, bir
ins-cins gözə dəymirdi. Dədə Qorqud atdan endi.
Ovuclayıb dəniz suyunu üzünə vurdu, günəşə
baxdı, gülümsədi, eyni açıldı. Birdən səs
eşidib qulaq verdi, dönüb baxdı, sahılın uzağında
bir qaraltı gördü, ona sarı getdi.
Yanaşıb gördü ki,
yaşıl məxmər şalvarlı bir kişi yer
qazır. Dədə Qorqud salam verdi, əleyk almadı.
-Nə qazırsan a
kişi?deyə soruşdu.
Kişi:
-Sənə gor qazıram,
Dədədeyə çevrilib ona baxdı.
Kişinin qiyafəsi başqa
idi, sinni də, sifəti də başqa idi, amma gözlər
həmin o, gözlər idihəmin o, oğlanın məşum
gözləri. Dədə Qorqud geri çəkildi, əyilib məzara
baxdı, qəbir bayaqkindən bir az dərin idi,
kənarındakı təpəcik də bir az daha yekə idi.
Dədə Qorqud ayqırın
belinə sıçradı, qamçı çəkdi. Atı onu bu
yerdən də uzaqlaşdırdı.
Qamışlıqdan, atlı
batıb çıxammaz palçıqdan, meşədən keçdilər,
iti axan göy sulardan keçdilər. Yağışa düşdülər,
qara düşdülər. Ağappaq bir diyara gəlib çıxdılar.
Dörd bir tərəf büz, qar, qar. Nə bir insan səsi, nə
bir insan nəfəsi. At da yorulmuşdu. Dədə Qorqud da.
Dədə Qorqud
ayqırından endi, sağa baxdı, sola baxdı, birdən
bir səs eşitdi. Ağappaq qarlı-buzlu çölün bir yerindən
qaraltı görünürdü. Hənirti gəlirdi. Altdan üstdən bərk
geyinmiş, qara xəz kürklü, sinli kişi baltayla buz
qırırdı. Dədə Qorqud ona yapaşdı. Kişi
çönüb Dədəyə baxdı.
-Az qalıb Dədə, -dedi,
-bilirsən ki, kişilər üçün qəbir çuxuru dizəcən
olmalıdır. Dizinə çatmağa nə qalıb ki...
Dədə Qorqud lap qorxdu.
Gözlər həmin gözlər idi, buz altında qazılan
qəbir də lap dərinləşmişdi, dizəcən
olmasına nə qalmışdı ki?
Dədə ayqırına mindi,
atı mahmızladı. At da yorğun idi, atlı da.
Çapdılar,
yortdular, bu iqlimdən də uzaqlaşıb qaçdılar. Bəyaz
çöllər bitib tükəndi, yaşıl düzəngahlar bitdi
tükəndi, sarı bir səhra başlandı.
Qumlar,
qumlar, narın qumlar, sarı qumlar. Bu bir səhradır, nə
sonu var, nə kənarı. Dədənin dili-dodağı
qurumuşdu. Təpəl qaşqa ayqırın ağzı
köpüklənmişdi. Qum təpəciklərində at
büdrədi, sürüşdü. Dədə Qorqudu yerə çaldı.
Dədə Qorqud nəfəsini dərdi. Yavaş-yavaş
yeridi, təpəciyin başına çıxdı, gördü ki, bu
təpəciyin o, biri tərəfi qazılı qəbirdir. Qəbri
qazıb qurtarhaqurtarda olan adam yarımçılpaq bir qoca idi.
Başını qaldırıb Dədə Qorquda baxdı. Yaşı
ötmüş, saçı tökülmüşdü, amma gözlər elə o, gözlər
idi.
Dədə
Qorqud quş kimi atının belinə qondu, yortdu
yayda-qışda qarı, buzu əriməz Qazılıq
dağının yüksəyindən enişinə
düşdülər, bir də gördü ki, gəlib haman o, yerə
çıxıb. Həmin o, fısdıq meşəsi, həmin o,
daş qoyunlar, həmin məzarlıq.
Həmin
oğlanyox, nə oğlan, oğlan hanı, o indi bükülüb yumaq olmuş
bir qocadırqəbir qazıb qurtarmışdır. Dizəcən
qəbrin içində idi. Dədə Qorqudu görüb, qəbirdən
çıxdı. Hə, Dədə, dedi,gəlib
çıxmısan? Gördün ki, əcəldən qaçmaq olmaz? Gorun da
hazırdır. Di gəl gir!
Qəbir
qazan qoca meşənin içinə girib, ağacların arasında
qeyb oldu .
Dədə
Qorqud atdan düşmüşdü, daha ölümdən qaçmağa heyi
qalmamışdı. Dədə qəbrinin yanındakı
təpəciyin üstündə əyləşdi.
Fısıllıqdan fışıldayıb ala ilan
çıxdı, qıvrıla-qıvrıla Dədəyə tərəf
süründü, Dədə onu gördü, amma heç qımıldanmadı,
tərpənmədi. Dinməz-söyləməz oturub gözlədi.
Ölü
quşlar torpağa səpələnmişdi. Otlar
çiçəklər yanıb solmuşdu. Budaqlar yarpaqsız,
yalın qalmışdı. Elə bil bütün dünya ölümə
təslim olmuşdu. Dövran əcəl dövranı, meydan
əzrayıl meydanıydı.
Dədə
Qorqud dərdli-dərdli o yan-bu yana baxdı, başını
aşağı tutub hərəkətsiz dayanmış
təpəl qaşqa ayqırına baxdı, atının
yəhərinə bənd elədiyi qopuzuna baxdı. Ayağa
durdu, qopuzu köynəyindən çıxardı, sinəsinə
basdı, bir müddət çalmadı. Ötüb keçənlər gözünün
qabağından keçdi. Igidlər, döyüşlər, daş
heykəllər, sonra da qalaq-qalaq qayalar, yönsüz-yöndəmsiz
daş yığımları.
Ilan
sürünüb Dədə Qorquda lap yaxınlaşmışdı, bu
an olmasa o biri an çalacaqdı. Birdən Dədə Qorqud
barmaqlarını qopuzun simlərinə çəkdi, telləri
dilləndirdi, çalğısının sədaları
altında sözünü dedi:
Hanı
dediyim o ərənlər? Dünya mənim deyənlər? Əcəl
aldı, yer gizlədi, fani dünya yenə qaldı! Gəlimli-gedimli
dünya, son ucu ölümlü dünya! Qoca Qorqud ölür öldün, onu bil! Karvan getdi,
sən gecikdin onu bil? Əlaqibət uzun yaşın ucu ölüm,
axırı ayrılıqdır.
Dədə
Qorqud qopuz çalırdı. Onu vurmaq istəyən ala ilan
birdən-birə dayandı, qopuzun sədaları altında
qıvrılıb geri çəkildi, sürünüb getdi.
Dədə
Qorqud qopuz çalırdı. Yerdən bir dəstə quş
pırlayıb budaqlara qondu, civildəşdilər.
Dədə
Qorqud qopuz çalırdı. Ağaclar çiçək açır, yalın
budaqlar yarpaqlanır, yamaclarda otlar, çiçəklər baş
qaldırırdı, qurumuş çeşmələrin gözü
soyuq-soyuq sularla dolurdu. Məzar kənarından
təpəciyin torpağı da axıb qəbri doldururdu.
Dədə
Qorqud qopuz çalırdıhəyat yenidən oyanırdı. Dədə
Qorqurd özü isə məzarını da, ölümüdə unutmuşdu. O,
indi qopuzun tellərindən doğan gözəl bir dünyada
yaşayırdı. Ötüb keçənlərin, igidlərin,
comərdlərin dünyasında. Dədə Qorqud çalır və
qopuzun sədaları altında igidlərin başlarına
gələnlərdən söz söyləyirdi, görək nə
söyləyirdi?!
Bir
gün xanlar xanı Bayandır xan yerindən ertə durmuşdu. Buyruq
vermişdi ki, uca dağın başında tonqal qalasınlar.
Uca
dağın zirvəsində bir tonqal alovlanır. Uzaq-uzaq
dağların başında da bir-birinin ardınca tonqallar
alışır. Oğuz elinin adəti vardı. Oğuz
igidlərini, xatunlarını şənliyə, toya
çağıranda uca dağın başında bir tonqal
qalanardı. Başqa dağlardan bu alovu görüb orda da tonqal
qalayardılar, bütün el-oba bilərdi, geyinib, bəzənib
şənliyə gələrdilər. Iki tonqalqalayanda
bilərdilər ki, elin başında qəza var,
təhlükə var, düşmən basqını gözlənir, onda
da igidlər yaraqlanıb, yasaqlanıb yığılardı.
Yamyaşıl
bir düzəngahda al-əlvan çadırlar, alaçıqlar,
köşklər, çətirlər qurulmuşdu. Yaşıl
çəmənliyə rəngbərəng ipək xalçalar
döşənmişdi.
Dörd
nəfər girdə, hamar çaylaq daşlarıyla Qobustandakı
<<Qaval-daşı>> döyəcləyir, ahəngdar
sədalar ucalırdı.
Başqa
bir tərəfdə gumbur-gumbur nağaralar döyülür, borular çalınır,
zurnaların səsi ərşə bülənd olurdu.
Yeddi
yerdə çatılmış ocaqların tüstüsü göylərə
uçub gedirdi.
Yetmiş
yeddi yerdə sərin sulu, al şərablı ala-bəzək
bardaqlar qoyulub, gün işığında bərq vuran mis qablar,
qazanlar düzülmüşdü. Qənarələrdən şaqqa-şaqqa
ətlər asılmışdı.
Bayandır
xan şamı günlüyünü yer üzünə tikdirmişdi, ala
çadırını göy üzünə aşırtmışdı, min
yerdə ipək xalçalar döşətmişdi. Təpə kimi
qoç qırdırmışdı, göl kimi şərab
gətirtmişdi. Ildə bir kərə Bayandır xan
şənlik edib oğuz igidlərini qonaqlardı.
Igidlər
bir-bir gəlib atdan düşdülər, sivri uclu, böyük bir
çadırın ağzına gəlib, taxta
əyləşmiş, Bayandır xana salam verdilər. Bayandır
xanın yanında onun vəziri, at ağızlı Alp Aruz
dayanmışdı. Alp Arzu da başqa Oğuz
bahadırları kimi azmandır, iridir. Doxsan dəridən kürk
topuğuna çatmaz, doxsan dəridən papaq qulağını
örtməz. Alp Aruz gələn qonaqları müxtəlif
çadırlara ötürürdü. Çadırlar üç rəngdədir: ağ,
qırmızı, qara.
Oğuz
igidlərindən Bəybura və Bəybecan məclisə
qoşa gəldilər. Atlarından düşdülər. Bayandır
xana salam verdilər. Aruz qabaqlarına çıxdı.
-Bəybecan
bura keç,-dedi, Bəybecanı ağ çadıra ötürdü. Bəybura da
ağ çadıra keçmək istəyəndə Aruz onun yolunu
kəsdi.
-Bəybura,
-dedi-sənin yerin qara çadırdadır.
Qara
çadıra keçə döşənmişdi. Burada hər şey zil-
qara idi. Süfrə də, qabqacaq da, xitmətçiləri də qara
libasda idilər. (Ağ çadırda hər şey ağ,
qızıllı da hər şey qızıllı olan kimi).
Bəybura
tutuldu:
-Məni
niyə bura gətirdin?- dedi.
Aruz
dedi:
-Bayandır
xandan buyruq belədir.
Bəybura daha da pərt oldu:
-Bayandır xan mənim nə
əskikliyimi gördü? -dedi. Qılıncımdanmı gördü,
süfrəmdənmi gördü? Məndən alçaq kişiləri ağ
çadıra, qızılı çadıra ötürdü, mənim günahım
nə oldu ki, qara çadıra göndərdi.
Aruz dedi:
-Bayandır xandan buyruq belədir
ki, oğlu olanı ağ çadıra, qızı olanı
qızıl çadıra ötürün. Kimin ki, oğlu, qızı yoxdur,
onu qara çadıra aparın, qara keçə altına döşəyin,
qara qoyun qovurmasından önünə gətirin, yeyərsə yesin,
yeməzsə dursun getsin. Oğulu, qızı olmayanı
tanrı qarğıyıbdır. Biz də qarğıyaq.
Bəybura yerindən
sıçrayıb durdu, üzünü öz adamlarına tutdu, dedi:
-Qalxın, igidlərim, biz burdan
gedəsi olduq!
Bu qara eyib mənə ya
məndəndir, ya xatundandır.
Bəybura və
başının dəstəsi qara çadırdan çıxdılar,
o, biri çadırlarda yeyib-içənlər boylanıb onlara
baxırdı. Bəybura isə heç kəsə baxmırdı,
heç kəslə danışmırdı. Heç kəslə
vidalaşmadı, atının belinə sıçrayıb üzünü
Aruza tutdu:
- Aruz, -dedimən bu
hayıfı səndə qoymaram.
Bəybura qamçısını
havada oynadıb ata çəkdi, at yerindən götürüldü. Adamları
onun ardınca çapdılar, at ayaqlarının
qaldırdığı toz içində itib uzaqlaşdılar.
Bəyburanın obası Bayat
səfalı bir yerdədir. Bir yanı sıldırım
dağlar, bir yanı çay, bir yanı çöl-çəmən, bir
yanı meşə. Çadırlar, dəyələr, alaçıqlar
rəng verib rəng alırdı. Ocaqlardan qalxan tüstü mavi
səmada əriyib itirdi. Çay qırağında yeddi-səkkiz
yaşlı uşaqlar aşıq-aşıq, gizlənqaç,
turna döydü oynayırdılar.
Dəyələrdən birinin
qabağında Boğazca Fatma dayanmışdı. Onun yanında
beş-altı körpə var, özü də yenə yüklüdür. Fatma
əlini belinə qoyub cır səslə
çağırırdı:
-Ay qız, Züleyxa! Zübeydə!
üridə! Ölməyə, itməyə getmişdim? Yatacaq yerim
yenə bu xaraba olasıydı dana. Nolaydı mənim evimə
də bir baxaydınız. Oğru köpək gəlib evi
bir-birinə qatıb, toyuq hininə, qaramal damına
döndərib... Başqa bir alaçıqdan bir arvad çıxıb ona
cavab verir, nə isə qışqırırdı.
Nal səsləri eşidildi.
Bəybura və başının dəstəsi obaya daxıl
oldular. Bəybura çadırına çatıb atdan düşdü,
içəri keçdı. Arvadı Ayna Mələk onu həyacanlı
görüb təşvişə düşdü. Bəybura dedi:
Qadınım, bilərmisən
nələr oldu? Bayandır xanın vəziri at
ağızlı Alp Aruz üzümü el içində qara etdi.
Oğlun-qızın yoxdu, səni tanrı qarğıyıb,
biz də qarğarıq dedilər. Səndənmidir?
Məndənmidir? Niyə tale bizə bir oğul verməz,
nədəndir?- Bəybura az qala ağlayacaqdı.
Ayna Mələk:
-Mənə qəzəb
etmə,-dedi -inciyib acı sözlər söyləmə. Sənin
nə günahın, mənim nə günahım. Qismətimiz bu
imiş.
Ayna Mələk hönkürüb
ağladı. Bəybura dözə bilməyib çadırdan çıxdı.
Ağır-ağır obanın kənarına gəldı,
oynayan uşaqlar qorxuşdular qaçışdılar. Bəybura
həsrətlə, kədərlə, uzun-uzun onların
ardınca baxdı. Nal səsləri onu qəmli
fikirlərindən ayırdı. Çaparaq gələn Bəybecan
atından düşdü, Bəyburaya yanaşdı.
-Bəybura, -dedi -ürəyinə
salma. Ac görsən qarnın doldur, yalınçaq görsən əynin
geydir. Borculunu borclarından qurtar. Ola ki, bir ağzı
dualının alqışıyla tanrı sənə oğul
verə. Gün o gün olsun Bayandır xanın gələn
şənliyində, oğul atası kimi ağ çadırda
oturasan. Tanrı mənə də bir qız verəcək,
olursa əhd edirəm, qoy o, sənin oğlunun
beşikkəsmə adaxlısı olsun.
Bəyburayla Bəybecan
qucaqlaşdılar.
* *
*
Ayna Mələk
xəlvətcə çadırından çıxıb Boğazca
Fatmanın dəyəsinə gəldi.
Boğazca Fatma yemək yeyirdi.
Iri bir baş soğanı əzmişdi, yumurlayıb
tikənin üstünə qoymuşdu, indi bu yekə loxmanı
ağzına tıxayıb, üstündən də barmağıyla
basırdı, az qalırdı nəfəsi kəsilə. Ayna
Mələk ona dərdini danışırdı. Fatma
yeməyindən qalmadan qulaq asırdı, ara bir
başını dəyəyə soxan uşaqların
hərəsinə bir tikə verib yola salırdı.
Boğazca Fatma
ağzındakı tikəni çeynəyə-çeynəyə dedi:
-Neyləyim? Bu yıxılacaq evdə un yox ələk yox.
Dəvə də dəyirmandan gəlmədi. Görüm bu evi xaraba
qalsın, ərə gedəndən bəri qarnım
doymadı, üzüm gülmədi, ayağım başmaq, üzüm yaşmaq
görmədi. Nolaydı bu kulbaş ərim öləydi, birinə
gedəydim, baxtımdan o barı yaxşı olaydı.
Ayna Mələk yenə də öz
dərdindən danışırdı:
-Kişi əriyib şama dönüb,
yaman xiffət eləyir. Bilmirəm suçumuz nə oldu ki,
tanrı bizi bir övlada həsrət qoydu.
Fatma ağzındakı
loxmanı içəri ötürərək:
-Ey, kül olsun ərin də
başına, uşağın dadedi. Mənim doqquz
uşağım varqarnını göstərir-onuncu da budur ha
yoldadı, nə olsun, ağ günə çıxmışam?..
...Bəyburada Bəybecanın
məsləhətinə əməl edirdi,
varını-dövlətini aca-yalavaca paylayırdı. Qoyunlar
kəsib şaqqa-şaqqa bölünürdü təpə kimi ət
yiğilir, göl kimi süd sağılırdı. Adamlar
Bəyburanın qapısına əliboş gəlib
əlidölü qayıdırdı.
Amma ərlə arvadın
muradı hasıl olmurdu ki, olmurdu. Onlar qüssəylə
bir-birlərinə baxırdılar.
* *
*
Dədə Qorqud qopuz çalır,
sözünü davam edir:
-Sizə kimdən deyim,
Bəkildən. Bəkil Oğuz elinin keşikçisi idi... Uca
dağın başında məskən salmışdı.
Əlincə qalasından, Gəncədən, Bərdədən,
dəmir qapı Dərbəndədək bütün yurdun qarovulunu çəkirdi.
şad xəbəri, bəd xəbəri tonqal qalayıb bütün
el-obaya bildirirdi.
Dağ başında Bəkilin
məskəni. Dağın ən yüksək
zirvələrində odunlar yığılıb, ocaq
çatılıb, amma alışdırılmayıb, Bəkil
yaraqlanıb-yasaqlanıb ova hazırlaşır. Dədə
Qorqudun səsi gəlir:
-Bəkil həm də igidlər
içində ən məşhur ovçu idi. Ov eləyəndə
nə yay qurardı, nə ox atardı. Qova-qova ceyranlara
çatardı, çata-çata yayını çıxardıb kəmənd
kimi ceyranın boğazına atardı, ceyranı tutardı,
bıçağını çıxardıb qulağını
dələrdi, yenə buraxardı.
Bəkil Dədə Qorqudun
danışdığı kimi etdi, gülümsündü, sonra atını
qamçılayıb, başqa bir ceyran dəstəsinin ardınca
düşdü. Bu üsulla bir ceyran da tutdu, onun da qulağını
dəlib buraxdı.
* *
*
Bəyburayla Bəybecan ova
çıxmışlar. Onlar düzəngahda rastlarına çıxmış
ceyran sürüsünü qovurdular. Bəybura nışan alıb yayın
çəkdi, oxun atdı ceyranı yaralayıb yerə sərdi.
Çapıb yaralı ceyranın yanına gəldilər. Ox
ceyranın belinə sancılmışdı, amma Bəybura
gördü ki, ceyranın qulağı da dəlikdir.
Bərbecana göstərdi:
-Görürsənmi Bəybecan, -dedi.
Bu Bəkilin ceyranlarındandır, qulağını
dəlib buraxıb.
Bəybecan:
-Bunu Bəkilə
göndərmək gərəkdir, -dedihalal maldır.
Bəybura:
Elə olsun, -dedi, ceyranı
adamlarından birinə verdi. Bəkilə aparın.
Bu zaman başqa bir atlı çaparaq
onlara çatdı.
-Muştuluq, Bəybura!
-dediOğlun oldu.
...Çadırda təzəcə
doğmuş ananın sifətiAyna Mələyin sifəti
yorğun və xoşbaxt idi. Onun yanına yerə saçayaq
və bir teşt dolu gül qoyulmuşdu. Qədim inanışa
görə bunlar olanda qadın asan doğur. Boğazca Fatma
teştin üstünə təmiz parça saldı. Ayna Mələyin
yorğanına, paltarına iynələr sancdı<< hal
anasından >> qorumaq üçün. Sonra Fatma şüşənin
içinə soğan saldı, qapının ağzına
apardı. Ayna Mələyin başının altında bir
parça çörək və ət gizlətdi. üç soğanı kabab
çəkib boşqaba qoydu. Bəyburayla Bəybecan çapa-çapa
gəlirdilər ki, qarşılarına bir atlı
çıxdı. Bəybecanı səsləyib:
Muştuluq Bəybedan, -dedigözün
aydın, qızın oldu.
Bəybura:
-Bəybecan, sözümüz sözdür ha,dedi.
Qızın oğlumun beşikkəsmə
nişanlısıdır.
Bəyburanın
qarşısında bir dəstə igid və üç nəfər
tacır dayanmışdı. Bəybura əvvəlcə
tacirlərə müraciət etdi:
-Tacirlər, -dedisözümü
dinləyin. Tale mənə bir oğul verdi. Sizi dünya
malından qane edərəm. Tədarük görüb yola düzəlin,
gecə-gündüz deməyin, qara-qara dağlardan aşın,
qanlı-qanlı sulardan keçin, böyük-böyük
şəhərlərdən ötün, yerin bir ucundan, o biri ucuna
yetin, Rum elinə çatın. Mənim oğlum böyüyüncə ona
yaxşı-yaxşı ərmağanlar alıb gətirin.
Sonra Bəybura üzünü
igidlərə tutdu:
-Siz də igidlərim Bəkilin
yanına gedin. Deyin ki, uca dağda tonqal qalasın, bütün
elimizə-obamıza xəbər eləsin. Hamı bilsin ki,
Bəyburanın arslan kimi bir oğlu olub. Qoy bütün
ərənlər yığılsın, oğlum üçün böyük
şənlik düzəldirəm.
...Uca dağda tonqal
alovlanırdı. Uzaq-uzaq dağların zirvələrində
də yeni-yeni tonqallar alışırdı.
Bəybura böyük şənlik
düzəltmişdi. Qaval daş döyülürdü. Taraqqalar
çatladılırdı. Qırx yerdə ocaqlar odlanırdı,
qırx yerdə al-alvan xalçalar döşənmişdi. Səksən
yerdə qızıl bardaqlar qoyulmuşdu, qızıl
badələr düzülmüşdü. Doxsan yerdə rəngbərəng
çadırlar qurulmuşduağ çadırlar, qızılı
çadırlar, qara çadırlar.
Bəybura arvadına deyirdi:
-Xanlar xanı Bayandırı
Qızılı çadıra ötürəcəm, oğlu yoxdur,
qızı var. Alp Aruzu qara çadıra aparacam, nə oğlu var
nə qızı. Tanrı onu qarğıyıb, biz də
qarğayaq...
Ayna Mələk dedi:
-Bəybura, sözümü dinlə.
Padşah tanrının kölgəsidir. Padşahına asi
olanın işi rast gəlməz. Bayandır xan sənin
qonağındır, o sənə qıydı, sən ona qıyma
gəl. Igidlər içində alçaldıb, qızıl çadıra
aparma.
Bəybura fikrə getdi...
Igidlər bir-bir yetdilər:
Bəybura onları sevinclə qarşılayırdı.
Çadırlara ötürürdü. Aruza qara çadırı göstərdi. Nə o
bir söz dedi, nə də Alp Aruz. Aruz qara çadıra girdi, bu
eynilə Bayandır xanın qonaqlığındakı qara
çadırdan idi, yerinə qara keçə döşənmişdi,
qab-qacaq da qapqara idi, xidmətçilər də zil-qara
geyinmişdilər. Aruz dinməz-söyləməz oturdu. Onun
sifəti elə bil donub qalmışdı, amma birdən
bığlarından qan sızmağa başladı. Alp Aruzun
xasiyyəti vardıacığı tutanda
bığlarından qan axardı.
Obanın o başında Ayna
Mələk xatunları qarşılayırdı.
Qadınların içində al-qırmızı donlu, incə
belli, uzun boylu, gənc gözəl bir qız da vardıBayandır
xanın qızı Burla xatun. Uca boylu Burla xatun olsa-olsa on
beş, on altı yaşı olardı. Burla xatun oğrun-oğrun
o biri tərəfə cavan igidlər
yığıldığı yerə baxırdı.
Cavan igidlər bir qıraqda ayaq
üstə durmuşdular, xalçalar üzərin də
əyləşmiş atalarının, əmilərinin
söhbətlərinə qulaq asırdılar.
Bir tərəfdən meydan
qurulmuşdu və bu meydan çəpər arasına alınmışdı.
Bir azdan hamının baxışları bu meydana dikildimeydana
gözləri qızmış bir buğa və erkək
dəvə çıxartdılar. Bunlar savaş üçün xüsusi tərbiyə
olunmuş heyvanlar idi. üç kişi dəmir zəncirlə
buğanı sağ yanından, üç kişi sol yanından
tutmuşdular. Buğanı meydanın ortasına
gətirdilər. O biri tərəfdən altı kişi
dəvəni meydana gətirdilər.
Birdən buğa dartınıb
zəncirni qırdı və dəvəyə tərəf
cummaqdansa çəpərə tərəf atıldı.
Meydandakılar qorxu içində bir bucağa qısıldılar.
Buğa həmlə edib çəpəri dağıtdı və
meydandan bayıra çıxdı.
Adamlar bir-birinə dəydi.
Buğa birbaşa qadınlar olan tərəfə cumurdu,
buynuzlarıyla o, qırmızı donlu Burla xatunu nişan
almışdı, düz qızın üstünə gəlirdi. Hürkümüş
qız alaçığa söykənmiş, hərəkətsiz donub
qalmışdı. Buğa lap ona çataçatda idi. Hamı özünü
itirmiş, quruyub durmuşdu.
Birdən cavan igidlərdən
biri on altı-on yeddi yaşlı oğlan bir an içində
yerindən qopub, göz qırpımında buğanın
qabağına keçdi, onun yolunu kəsdi, yumuruğunu buğanın
düz alnından vurdu. Buğa elə bil mıxlanıb yerində
qaldı. Sonra geri çəkilib var gücüylə oğlanın
üstünə cumdu. Oğlan bu dəfə yumuruğunu onun
alnına dirədi. Indi hər ikisi öz yerində mıxlanıb
qalmışdılar. Nə buğa oğlana güc gələ
bilirdi, nə oğlan buğaya. Oğlanın bütün damarları
gərilmişdi. Buğanın gücü üstün gəlirdi. Birdən
oğlan nə isə düşündü, qıvraq
hərəkətlə yumruğunu çəkib özünü kənara
atdı. Buğa ayaq üstə dura bilmədi, düşdü,
təpəsi üstə yıxıldı. Oğlan aman
vermədi, bıçağını çıxartdı,
buğanın başını kəsdi.
Cavan igid başını
qaldırıb bənizi qaçmış qırmızı donlu
Burla xatuna baxdı, gülümsədi. Burla xatun da çəkdiyi qorxudan
yavaş-yavaş özünə gələrək cavan oğlana
gülümsündü.
Bayandır xan:
Əhsən-dedi, sonra üzünü
ətrafındakı ərənlərə tutub əlavə
etdi -bu oğlana qılınc verin, çalar olsun, ərdəmlidir.
Bədöy at verin, minər olsun, hünərlidir. Çiyni quşlu
cübbə don verin, geyər olsun, cürətlidir. Dədə Qorqud
gəlsin, oğlancığa ad qoysun .
Dədə Qorqud Aslan
yatağında, ağca qayanın başında dayanıb.
Cavan oğlan onun qarşısında diz çöküb, baş əyib.
Dədə Qorqud igidə ad verir, deyir:
-Oğul, meydanda cəng etdin,
hünər göstərdin, buğa öldürdün, uğur qazandın. Ömrün
həmişə uğurlu olsun, həmişə uğur qazan.
Adinda Qazan olsun. Adını mən verdim,
yaşını tale versin!
Qonaqlar əl çaldılar, bu
adı bəyəndilər, Burla xatun Qazana, Qazan Burla xatuna
baxdı, ürəklərinə məhəbbət odu düşdü.
Bayandır xan üzünü Bəyburaya
tutdu, dedi:
Bəybura, gün o gün olsun,
sənin oğlancığın da böyüsün, igidlik göstərsin,
şadlıq çalaq, Dədə Qorqud ona da ad qoysun.
...Dədə Qorqud
məzarının yanında oturub qopuz çalır,
söhbətinə davam edir:
-At
ayağı iti, ozan dili çevik olar. Ay keçdi, il dolandı. Oğuz
elində ölən oldu, olan oldu. Bayandır xanın qızı
uca boylu Burla xatun Qazana ərə getdi, böyük toy edib
şadlıq çaldılar. Qazanla Burla xatunun Tural adlı
oğulları oldu. Bəybecan bu dünyadan köç eylədi, qara
torpağa tapışırıldı. Bəyburanın
oğlancığı da boya-başa çatdı, yetman bir igid
oldu.
Bəyburanın
11-15 yaşlı oğlu ( Beyrək ) at belində seyrana
çıxmışdı. O, atını uzaqlardan görünən uca
dağa tərəf çapırdı.
Uca
dağın yamacıyla pıyada gedən pəhlavan
cüssəli gənc ovçu Bəkilin oğlu Qaraça Çobandır. Qaraca
Çobanazmandır.
-Ovçu
Bəkilin oğlu Qaraca Çobanın ayası üçyaşar dana
dərisindən, sapandının qolları üç keçi tükündən
idihər atanda on iki batman daş atardı, atdığı
daş yerə düşməzdi. Yerə düşsə də top
kimi sovrulardı. Ocağ kimi oyulardı. Daşın
düşdüyü yerdə üç il ot bitməzdi. Qaraca Çobanın
acığı tutanda iri bir daşı götürüb əlində
sıxar, kül edib havaya sovurardı. Qaraca Çobanın iri bir
çomağı vardı. Onu yanınca sürüdükcə torpağa
xış kimi cızıq salardı.
Qaraca
Çoban çomağını sürüyə-sürüyə gedərdi,
torpağda xış yeri qalırdı.
Qaraca
Çobanın qəribə görkəmi vardı. Arxadan ona baxanda
adama ela gəlirdi ki, qollu-budaqlı nəhəng bir ağac
yeriyir, çünki Qaraca Çoban başının üstündə çox iri bir
odun şələsi aparırdı. O, daşdan-daşa
addaya-addaya, qayadan-qayaya tullana-tullana gəlib Uca dağın
başına çatdı. Bir kənarda ocaq çatmağa
başladı. Atası ovçu Bəkil:
-Oğul
Çoban, dedi. Bu ağacı neylərsən, niyə bura
gətirdin?
Qaraca
Çoban:
-Bəyburanın
oğlu bu gün bizə qonaq gələcək. Bu ağacdan ocaq
qalayacağam, kabab çəkəcəyəm, dostumu qonaqlayacam
-dedi.
Bəkil:
-Xoş
ola, -dedi, -ocağını çaxmaq daşıylə qala. Çaxmaq
daşının odu düşümlü olar!
Bəyburanın
oğlu çapa-çapa Uca dağın başına Qaraca Çobanın
yanına qalxırdı.
...Elə
bu zaman uzaq-uzaq ellərdən bir dəvə karvanı
gəlirdi. Bu haman o tacirlərin karvanı idi, onlar neçə il
bundan qabaq Bəybura Rum elinə göndərmişdi. Karvan
qədim şəhərlərin qalaların,
xarabalıqların yanından keçirdi. Ağır yüklü
dəvələr ləngər vura-vura addımlayırdı,
bəzirganlar da yorğun yuxusuz idilər.
Bəyburanın
oğluyla Qaraca Çoban ocaq başında oturub kabab yeyirdilər,
şirin-şirin söhbət edirdilər.
Karvan
dar bir dərəyə düşmüşdü, ağır-ağır
irəliləyirdi. Bu dərə Qanlı Dərə
adlanırdı. Qanlı Dərənin dibindən çay
axırdı.
Heybətli,
nəhəng bir adam dağın yamacında otura-otura
əyilib dərənin dibindən axan çaydan su içirdi. Bu
heybətli azmanın sifəti eybəcər və qorxunc idi,
özünün də yalnız bircə dənə gözü
vardıtəpəsində. Təpəgöz böyük quldur idi, yol
kəsib, karvan çapardı. Dağdan iri bir qaya yuvarlanıb
gəldi, təpəgöz çiynini qayanın qabağına verdi,
itələyib onu kənara atdı.
Dərədən
axan çayın üstündən kiçik bir körpü salınmışdı. Karvan
həmin körpüyə tərəf irəliləyirdi.
Çaydan
su içən Təpəgöz zınqrovların səsini eşidib
başını qaldırmadan karvanı gördü. Kəlləsindəki
bircə gözüylə ağır yüklü dəvələrə
baxdı. Karvan körpüyə çatar-çatmaz Təpəgöz
dəhşətli bir nərə çəkdi, bu
nərədən dağlar-daşlar lərzəyə
gəldi.
Təpəgöz:
-Hey,balaca
adamlar, dedi -dayanın, durun, dəvələrinizin yükünü
açın.
Qoca
tacir dedi:
-Nə
heybətli qocasan, səni görcək görər gözlərimiz
görməz oldu, tutar əllərimiz tutmaz oldu, ağzımız
içi buz kimi, sümüklərimiz duz kimi oldu. Bizdən nə istəyirsən?
Təpəgöz:
-Hey sarsaq! -dedi. Sifətimi nə
bəyənməzsən, sifəti, gözü göyçək
qızların, gəlinlərin canını çox
almışam. Ağ saqqallı, qara saqqallı
kişilərin malını,canını çox almışam.
Sizin də malınızı, varınızı soyacam,
canınızı alacam, ətinizi qurda quşa
yedirdəcəm, sümüklərinizi köpəklərimə
atacağam, haydı tez olun, düşün yerə görüm, yükünüzü
mənim mağarama daşıyın.
Təpəgöz iri bir qayanı
dəbərdib dəvələrin üstünə yuvarladı.
Dəvələr hürküşdülər. Bəzirganlar
dəvələrdən yerə endilər, yükləri açmağa
başladılar. Təpəgöz əmr etdi ki, yükləri onun
mağarasına aparsınlar.
Dağın döşü oyuq-oyuq idi,
mağaralar, kahalar ağızlarını yırtıcı
heyvanlar kimi açmışdılar. Təpəgözün
mağarası vahiməli bir aləm idi. Mağaranın içi iri
bir boşluq idi. Bura yarımqaranlıq idi, bucaqlarında yanan
iri şamların şölələri mağara divarlarına
qorxunc kölgələr salırdı. Mağaranın
yuxarısından aşağı sallanan, dibindən yuxarı
ucalan buz və əhəng sütünları əcaib məxluqlara
bənzəyirdi. Divarlara xallı pələng dəriləri
asılmışdı. Hər yerdə sümüklər
ağarırdıinsan sümükləri, əcaib heyvan sümükləri.
Mağaranın müxtəlif yerlərində qalaq-qalaq şam
ərintisi vardı. şam ərintiləri bir yerdə elə
qəribə yığılmışdı ki,
qucağında körpə uşağı, başında
örpəyi olan qadını xatırladırdı.
Mağaranın divarları boyu böyük daş rəflər
vardı, bu rəflərin üstünə insan kəllələri
düzülmüşdü. Divarlarda yarıqlar vardı. Yarıqların
arasına pərçim olunmuş yarasaların səsindən qulaq
tutulurdu. Mağaraya daxıl olan tacırlər qorxudan
əsim-əsim əsirdilər. Təpəgöz əyilib cavan
tacirin qulağını dişlədi, qopartdı, çeynəyib
uddu. Tacir çığırdı. Qan qulaq yerindən düdük kimi
şorlayıb axdı.
Təpəgöz qulağı
çeynəyə-çeynəyə:
-Tez olun, tez olun, yükləri
açındeyirdi.
Tacirlər
titrəyə-titrəyə yükləri açmağa
başladılar.
Təpəgöz bahalı
mallaraipək parçalara, qızıla-gümüşə, bahalı
daş-qaşa, ləl-cavahirata, yarağa-yasağa baxıb
ağzı sulanırdı.
-Bəh-bəh, -deyə
bəzəkli qılıncı əlinə götürdübu gözəl
qılıncı ki, gətirmisiniz, gərək öz
başınızı bu qılıncla kəsəm.
Tacirlərin gətirdikləri
ərmağanlar içində bir Boz ayğır da vardı. O, indi
dəvələrin yanında mağaranın ağzında
idi. Cavan tacir quldurun gözünü oğurlayıb mağaradan
çıxdı, cəld Boz ayğırın belinə
sıçrayıb çapmağa başladı. Qoynu qanla dolmuşdu.
...Bəyburanın oğlu Qaraca
Çobanla görüşüb ayrıldı, atını çapıb dağdan
arana düşdü, düzangahə çıxdı.
Cavan bəzirgan az çapdı, çox
çapdı, gəlib həmin düzəngaha çatdı,
Bəyburanın oğlunu gördü, özünü ona yetirdi, salam verdi, onun
üzü al-qan içində idi.
Bəyburanın oğlu:
-Hey qoçaq -dedi, -kimsən, hardan
gəlirsən, kim səni qanına qəltan eləyib?
Cavan bəzirgan:
-Igid, -dedi -tacirik, neçə ildir
böyük qardaşlarımla bu eldən getmişdik. Uzaq-uzaq
elləri gəzdik, bahalı mallar aldıq. Dəmir qapı
Dərbənd yanında, Qanlı dərədə heybətli
bir quldur yolumuzu kəsdi, gövdəsi adamdır, amma
təpəsində bircə gözü var. Malımızı,
rizqimizi aldı, dedi canınızı da alasıyam.
Qulağımı dişlədi, uddu, qardaşlarımı
əsir saxladı, mən qaçdım, sənə gəldim. Igid,
mədət qıl!
Oğlan atını
mahmızladı:
-Düş qabağa, yol göstər,
dedi:
Tacir:
-Igid,
-dediamma quldur zor quldurdu. Bəlkə geri dönəsən. Qaraca
başını kəsdirməyəsən, alca qanını
şorlatmayasan. Ağ saqqallı babanı, ağ birçəkli
ananı, <<oğul, oğul>> deyib ağlatmayasan.
Oğlan:
Bu sözü sən mənə
deməli idin, çünki dedin, əlbəttə gedəcəm.
Başıma qaxınc, üzümə toxunc olmasın. Neylək?
Ölsəm yer bəyənər, qalsam el bəyənər.
Onlar Qanlı Dərəyə
gəlib çıxdılar.
Oğlan dərənin
dibindən Təpəgözü səslədi:
-Hey Təpəgöz! dedi. -Çıx
savaşaq, çəkişək, vuruşaq, yaxşı
kişilərin canını sənin əlindən
qurtarım.
Mağaranın qaranlıq
ağzından Təpəgözün yeganə gözü görünürdü. O,
dərə dibindəki oğlana baxıb qəh-qəh güldü.
-Oğlan, oğlan, ay oğlan!
-dedi. -Əlim-ayağım sənə dəyməmiş
qayıdıb dön burdan!
Oğlan dedi:
-Hərzə-mərzə
söyləmə, itim Təpəgöz. Alp ərə qorxu vermək
eyib olur, bəri gəl, vuruşaq!
Təpəgöz nərə
çəkib mağaradan çıxdı. Nərəsindən
dağlar titrədi, yeddi qaya yeddi kərə hay verdi,
yamacın daş-kəsəyi, yerindən qopup yarğana yuvarlandı.Təpəgöz
altı pərli gürzünü əlinə aldı, oğlanın
üzərinə cumdu.
Oğlan qalxanını
yapındı, gürzə qarşı tutdu. Təpəgöz
oğlanı yuxarıdan aşağı vurdu. Qalxan
paralandı, oğlan yaralandı, amma yıxılmadı.
Təpəgöz
qılıncını sıyırdı, oğlan da
qılınc çəkib, qılınclaşdılar, bir-birini ala
bilmədilər. Süngülərə vuruşdular, buğa kimi
çarpışdılar, qurşaq tutub güləşdilər,
süngülər sındı, torpaq ayrıldı bir-birini
alammadılar.
Təpəgöz oxu yaya qoydu,
nişan aldı, atdı oğlanı çiynindən yaraladı,
alca qanın şorlatdı. Təpəgöz
qılıncını qaldırıb oğlanın üstünə
gəldi, başını kəsmək istədi, oğlan
qıvrılıb kənara sıçradı, kəməndini iri
bir ağacın budağına keçirdi, ipdən
yapışıb özünü yellədi, çayın o biri
tərəfinə tullandı. Təpəgöz başını
çevirib tək gözüylə ona baxmaq istəyəndə oğlan
ipi yelləyib təzədən o biri yana atıldı.
Oğlan kəmənddən yapışıb o taya,bu taya
atılırdı. Təpəgöz isə tək gözüylə onu
izləyə bilmirdi. Oğlan bu dəfə lap hündürə
tullandı, havadaykən nişan alıb oxla Təpəgözü düz
gözündən vurdu.
Təpəgöz gözündən yapışıb
fəryad qopardı:
Aman gözüm, var gözüm!
Yalqız gözüm, ay gözüm!
Kor olmuş Təpəgöz
altı pərli gürzü sağına soluna fırladırdı,
gürzün qopardığı yeldən az qala dəvələr
yıxılırdı.
Oğlan qaçıb mağaranın
ağzına gəldi, yumaq kimi büzüşüb mağaranın bir
küncündə qalmış tacirləri səslədi.
-Çıxın, -dedi -Daha
Təpəgözdən sizə zaval yoxdur. Tacirlər mağaradan
çıxdılar. Qoca tacir Təpəgözün nalələrindən
titrəyə-titrəyə:
Ay oğul, -dedi,-axı
malımız, varımız mağarada qaldı. Oğlan:
-Bu saat malınızı ordan
çıxardaram, -dedi mağaraya girdi. Təpəgöz bunu eşitdi:
-Oğlan,-dedi,-sən mənim
mağarama girdin, daha əlimdən qurtara
bilməyəcəksən, indi səni mağaraya elə
vuracam ki, quyruğun mağaranı yağlasın!
Təpəgöz mağaranın
içinə girdi. Oğlan daş rəfə düzülmüş insan
kəllələrindən birini götürüb Təpəgözün
əlinə toxundurdu. Təpəgöz bunu oğlanın kəlləsi
bilib bərk-bərk yapışdı. Oğlan sivişib
mağaranın ağzından çıxdı, dartıb
malları da çıxartdı.
Təpəgöz:
-Oğlan, qurtuldunmu? -dedi.
Oğlan:
-Qurtuldum-dedi.
Təpəgöz hirsindən az qala
patlayacaqdı, o, mağaranın əhəng sütünlarından
birindən yapışıb silkələdi. Mağaranın
divarları titrəməyə başladı. Oğlan,
tacirlər, karvan artıq dərənin dibində idilər.
Birdən sankı dəhşətli bir zəlzələ
qopdu. Təpəgöz silkələyib öz mağarasını öz
başına uçurtmuşdu. Gurultulu bir yarğan qopdu,
dağın yarısı uçub dağıldı. Təpəgöz
daşın-torpağın altında qaldı, həlak oldu.
Karvan Qanlı Dərədən keçib açıqlığa
çıxdı. Qoca tacir dedi:
- Igid oğlan! Sən ərlik
göstərdin, bizi ölümdən qurtardın, gəl indi
bəyəndiyin mallardan seç.
Oğlan ipəyə-qumaşa,
ləl-cavahirata gözucu baxıb:
Tacirlər, -dedi. -Dünya malında
gözüm yoxdur. Amma bir bu yayı, bir bu gürzü, bir də bu boz
ayqırı bəyənirəm.
Tacirlər tutuldular. Oğlan:
-Nədi, çoxmu istədim? -dedi.
Qoca tacir:
-Xeyr, igid, -dediniyə çoxdur? Amma
bizim bir müştərimiz var. Bu üç şeyi onun oğluna
ərmağan aparırıq.
Oğlan:
- Müştəriniz kimdir?- dedi.
Bayat obasından
Bəyburadır, -dedilər, -onun oğluyçun aparırıq.
Oğlan gülümsədi, bir şey
demədi, atını qamçıladı, çapıb getdi.
Tacirlər ardınca baxa-baxa qaldılar:
- Yaxşı igiddir, insaflı,
mürüvvətli igiddir, dedilər:
* *
*
Karvan Bəyburanın obasına
yaxınlaşırdı.
* *
*
... Bəybura öz çadırında
əyləşmişdi, oğlu da yanındaydı.
Tacirlərin gəldiyini eşitmişdilər,
gözləyirdilər. Karvan obaya çatdı, tacirlər obaya
gəldilər, baş endirib salam verdilər, gördülər ki,
onları qurtaran igid, Bəyburanın sağında oturub,
tacirlər yüyüdülər, oğlanın əlindən öpdülər.
Bəyburanın acığı tutdu:
-Bu nə deməkdir,
əbləhlər,dedi: -Ata dururkən oğul əli
öpərlər?
Qoca tacir:
-Bu igid sənin oğlunmudur?
-deyə xəbər aldı.
-Bəli, oğlumdur.
-Onda incimə, Bəybura,
əvvəlcə onun əlini öpdüyümüzə. Əgər
sənin oğlun olmasaydı, bizim malımızıda
aparmışdılar, canımızı da
almışdılar. Oğlun igidlik göstərdi, bizi
qurtardı.
Bəybura:
-Bu
oğlana ad qormaq olarmı ? -dedi.
-Bəli, artıqdır,
-dedilər.
...Dədə Qorqud gəldi.
-Sözüm dinlə Bəybura, -dedi.
-Sənin oğlun əlimizin arxası olsun. Bunun adı Boz
ayqırlı Bamsı Beyrək olsun! Adın mən verdim,
yaşını tale versin.
* *
*
Bayandır xan can verirdi. Alp Aruz,
əmən, Qazan Qarabudaq, Dondar, Bəybura, Beyrək, başqa
igidlər onun yanındaydılar. Bayandır xan
yatağında uzanıb, ağır-ağır
danışırdı:
- Igidlər, sözümü dinləyin.
Mən bu dünyadan gedər oldum. Ona ağlamıram ki, dünyadan
doymadım, xanlıqdan usanmadım. Ona ağlamıram ki, at
belində, yağılarla savaşda həlak olmadım,
evimdə yatağımda ölürəm. Igidlər ona
ağlayıram ki, oğuldan ortağım yox, qardaşdan
qədərim. Allah-taala mənə qarğayıbmış,
igidlər, tacım, taxtım üçün ağlayaram.
Alp Aruz, Qazan başqa igidlər
gərginliklə Bayandırı dinləyirdilər
Bayandır xan deyirdi:
- Igidləlr, son sözümü
dinləyin, vəsiyyətimi bilin, lazımdır ki, mən
öləndən sonra məmləkət pozulmasın, xaniman
dağılmasın, yağılar evimizi başsız görüb
üstümüzə ayaq açmasınlar. Lazımdır ki, taxt-tacıma bir
alp igid sahib olsun.
Alp Aruz son dərəcədə
böyük gərginliklə dinləyirdi. Bayandır xan sözünü bitirdi:
Taxt-tacımı
kürəkənim Salur oğlu Qazana vəsiyət edirəm,
-dedi.
Alp Aruzun bığlarından qan
dammağa başladı. Bayandır xan gözlərini yumdu. Qazan
onun əlinin içinə daş verdi. Bayandır xan son gücüylə
ovcundakı daşı sıxdı...
* *
*
Uca dağın başında
tonqal qalandı. Dağdan dağa xəbər getdi.
Zirvələrdə qoşa-qoşa tonqallar alovlandı.
Bayandırın cənazəsini qaldırdılar, yerinə daş
qoydular. Qəbrinin üstündə şam çıraq yandırdılar.
Aslan yatağında, Ağca
qayanın yanında igidlər yığnaq olmuşdu. Qazan
qonur atının belində atlı Oğuz igidlərinin
qarşısında dayanmışdı. Igidlər ipək
örkəni kəmənd kimi Qazanın boynuna atdılar, onu atdan
yerə saldılar. Qazan yerdə çapalamağa başladı.