Olaylar

Türk dövlətlərinin XI Bakı Qurultayı işə başladı                   

                           İlham Əliyev: "Bu gün bütün türk dünyası Azərbaycandadır"
Rəcəb Tayyib Ərdoğan: "Burada bütün insaniyyətin səsi yüksələcək"

Noyabrın 17-də Gülüstan Sarayında Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı öz işinə başladı. Dünyanın 33 ölkəsindən 600-dən çox qonağın iştirak etdiyi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, eləcə də digər türkdilli respublikaların yüksək səviyyəli rəsmiləri iştirak edir.

Mərasim türk dövlətlərinin görkəmli dövlət xadimləri ümummilli lider Heydər Əliyev, Mustafa Kamal Atatürk və başqalarının xatirəsinin bir dəqiqəlik sayğı duruşu ilə anılması ilə başlandı. Sonra qurultayın təşkilat komitəsinin Azərbaycan tərəfdən həmsədri Nazim İbrahimov və Türkiyə tərəfdən həmsədri Ə.Çayın çıxışları oldu. Azərbaycan prezidenti İlham Əliyev qurultayda nitq söylədi. Dövlət başçısı qurultayın tarixi əhəmiyyətindən, türk dünyasının birləşməsi yolunda vacibliyindən, Ermənistan-Azərbaycan münaqişəsindən və Türkiyənin həmişə Azərbaycanın yanında olacağından danışdı, qurultayın işinə uğurlar arzuladı və "bu gün bütün türk dünyası Azərbaycandadır" dedi. Sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Qurultay iştirakçılarına, bütün türk dünyasına səmimi sayğılarını, salamlarını çatdıran baş nazir "buradan ədalətin, insaniyyətin səsi yüksələcək" söylədi. Noyabrın 18-də isə qurultay işini "Beynəlxalq əlaqələr, media və informasiya texnologiyaları", "İqtisadi, ticarət, maliyyə əlaqələri və turizm", "Elm, təhsil və texnologiya", "Cəmiyyətin idarə olunması və hüquq", "Dil və mədəniyyət", "Gənclik" komissiyalarında işini davam etdirəcək. Komissiyalarda türk dünyasını narahat edən məsələlər, onların həlli yolları, eləcə də Dağlıq Qarabağ problemi, Şimali Kipr Türk Respublikasının təcriddən çıxarılması, Ahıska türkləri ilə bağlı məsələlər müzakirə olunacaq. Noyabrın 19-da Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının bağlanış mərasimi olacaq. Qurultayın yekunu olaraq qəbul ediləcək Bakı bəyannaməsində türk dünyasının narahat edən bütün məsələlər əksini tapacaq. Qeyd edək ki, Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının keçirilməsi təşəbbüsü ilk dəfə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Alp Arslan Türkeş tərəfindən irəli sürülüb və bu təşəbbüsə uyğun olaraq 1993-cü il martın 21-23 tarixlərində Türkiyənin Antalya şəhərində ilk qurultay keçirilib.

 

 

 

 

Zaman

17.11.2007 [10:56]                                                                                                            

 

Azərbaycan bu gün dünya türklərini Bakıda görüşdürür


XI Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Türkiyədən kənarda - Bakıda keçirilir.

Nazim İbrahimov: “Bu tədbir türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi baxımından da faydalı olacaq”.

Abdulhaluk Çay: “İnanıram ki, XI qurultayda bütün türk dünyasının müstəqilliyinə, rifah və səadətinə, iqtisadi və elmi cəhətdən inkişafına vəsilə olacaq qərarlar veriləcək”.

XI Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Türkiyədən kənarda - Bakıda keçirilir. Tədbir türk dövlətləri arasında dostluq və qardaşlıq, iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu gün Bakıda XI Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı öz işinə başlayır. Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Türkiyədən kənarda - Bakıda keçirilir. Məqsəd türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlığı inkişaf etdirmək, informasiya mübadiləsinə nail olmaq, türk mədəniyyətinin zənginliklərini təbliğ etmək, iqtisadi inkişaf sahəsində əməkdaşlığı genişləndirə biləcək zəruri addımlar atmaq və türk dövlətlərinin problemlərinin həlli yollarını araşdırmaqdır.
 Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, XI qurultaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Monqolustan, eləcə də Rusiya Federasiyasının bir sıra vilayətlərindən, Rumıniya, Bolqarıstan, Kosovo və Yunanıstanda yaşayan türkdilli xalqların nümayəndələri qatılacaqlar. Ümumilikdə 30 ölkədən 1150-dək nümayəndə və qonağın dəvət olunduğu qurultayın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mehmet Ali Talat, Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl, habelə türkdilli dövlətlərin yüksək dövlət və hökumət nümayəndələri iştirak edəcəklər. Rəsmi açılışdan sonra qurultay işini 6 komissiyada- “Beynəlxalq əlaqələr, media və informasiya texnologiyaları”, “İqtisadi, ticarət, maliyyə əlaqələri və turizm”, “Elm, təhsil və texnologiya”, “Cəmiyyətin idarə olunması və hüquq”, “Dil və Mədəniyyət” və “Gənclik” komissiyalarında davam etdirəcək. Qurultayda ABŞ Nümayəndələr palatasının Xarici Əlaqələr Komitəsinin ermənilərin iddiası ilə bağlı qəbul etdiyi qətnamə layihəsini pisləyən bəyanatın qəbul ediləcəyi də gözlənilir.
Xatırladaq ki, Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayını 1993-cü ildən etibarən Türk Dövlət və Cəmiyyətləri Dostluq, Qardaşlıq və Əməkdaşlıq Vəqfi (TUDEV) keçirir
.

“Təkliflər önəmli olacaq”

TUDEV sədri Abdulhaluk Çay bu qurultayın bir çox cəhətdən ölkələrimiz üçün əhəmiyyətli olacağını deyib: “Antalyada keçirilən qurultayda Türkiyənin bütün dövlət qurumlarının türk dünyası ilə bağlı fikirləri öyrənilmişdi. Bakı qurultayında isə türk xalqlarının üzləşdiyi bir sıra problemlər, o cümlədən Türkiyə türkcəsinin bu coğrafiyada ortaq dil halına gətirilməsi, Dağlıq Qarabağ münaqişəsi, terror və kürd məsələsi, qloballaşmanın Avrasiya coğrafiyasında imperialist siyasətlər üzərindəki təsiri geniş şəkildə müzakirə ediləcək”.
Bu toplantının mühüm siyasi əhəmiyyət daşıdığını bildirən Əbdülhaluk Çay: “Bakı qurultayının da əhəmiyyətli olacağına inanıram. Bu günə qədərki 10 qurultay Türkiyədə keçirildi, digər türk cumhuriyyətlərinin o vaxtkı maddi durumu böyük toplantılar keçirməyə imkan vermirdi. İndi isə iqtisadi vəziyyət dəyişib. Qurultayın bu il Bakıda keçirilməsi Türk dünyası üçün bir mesajdır. İnşallah, daha sonra başqa cumhuriyyətlərdə də qurultaylar keçirləcək”.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyət daşıdığını bildirib. Nazim İbrahimovun sözlərinə görə, mərasimdə türk dünyasını narahat edən bir sıra problemlər, Ermənistan-Azərbaycan münaqişəsi, Şimali Kiprə münasibət, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, Ahıska türklərinin tarixi torpaqlarına qayıdışı ilə bağlı məsələlər müzakirə ediləcək: “Tədbirdə eyni zamanda, türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılacaq”.

Nicat İntiqam

                

ucnoqta

Türk dünyasInIn gözü BakIda

Bu gün Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı öz işinə başlayır

Bu gün işə başlayacaq Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı türk dövlətləri arasında münasibətləri daha da möhkəmləndirəcək. Qurultaya hazırlıq yüksək səviyyədə aparılıb. Üç gün ərzində türk dünyasının diqqəti Bakıda olacaq. 30 ölkədən 550 qonağın qatılacağı bu qurultayın ilk günündə ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunacaq. Sonra türk əsgərlərinin və Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət olunacaq. Daha sonra "Gülüstan" sarayında üç günlük müzakirələr marafonu başlayacaq. Qonaqlara paylanacaq məlumatlar toplusu türk dövlətləri və cəmiyyətlərinin tarixi haqqında informasiya almağa köməklik göstərəcək. Qurultayın sonunda "erməni soyqırımı"nı pisləyən bəyanat da qəbul olunacaq.

 

 

azadliq

 

Bakıda Türk qurultayı

Rəcəb Tayyib Ərdoğan: «Qarabağ məsələsilə bağlı ortada bir oyun var»
Bakıda Türk Dövlət və Cəmiyyətlərinin 11-ci Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı öz işinə başlayıb. Tədbiri açan Xaricdə Yaşayan Azərbaycanlılarla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov bildirib ki, qurultaya 30 ölkədən 800-dən artıq nümayəndənin qatılıb.
Sonra çıxış edən TUDEV başqanı Əbdülhaluk Çay qurultayın ilk dəfə olaraq Türkiyə xaricində - Azərbaycanın paytaxtı Bakıda keçirilməsində böyük şərəf duyduğunu bildirib.
Çıxışlardan sonra türk xalqlarının qədim ənənəsinə uyğun olaraq türk dövlətləri və toplumlarının rəhbərlərinin iştirakı ilə dəmirdöymə mərasimi keçirilib.
Qeyd edək ki, tədbir çərçivəsində türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, Türk dünyasının mədəni irsinin təbliği, Türk gəncliyinin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyə olunması problemləri, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı məsələlər müzakirə ediləcək. Tədbirin sonunda komissiyaların hesabatları təsdiqlənəcək və qurultayın yekun hesabatı qəbul olunacaq. Bundan başqa, qurultayda 1915-ci il hadisələri ilə əlaqədar “erməni soyqırımı” iddiaları ilə bağlı bəyanat da qəbul ediləcək.
Dünənki tədbirdə çıxış edən dövlət başçısı Ilham Əliyev müstəqil türk cümhuriyyətlərində çox böyük təbii ehtiyatların olduğunu bildirib: “Qazaxıstanda, Türkmənistanda, Azərbaycanda neft və qazın hasilatı birlikdə dünyanın ən böyük neft-qaz hasil edən ölkələr səviyyəsindədir. Mövcud olan neft-qaz ehtiyatları dünya çatında dünya enerji bazarına təsir etmək gücündə olan həcmindədir. Bu, bizi gücləndirir, əlavə maddi imkanlar yaradır, müstəqil siyasət aparma üçün bizə çox gözəl şərait yaradır. Bu amil bütün türk dünyasını birləşdirir”.
I.Əliyev deyib ki, biz enerji cəhətdən tam müstəqil ölkəyik, amma dünya bazarlarına çıxışımız yoxdur: “O çıxışı bizim üçün qardaş Türkiyə təmin edib. Bundan bütün türk dünyası faydalana bilər və gələcəkdə bu sahədə mövcud olan əməkdaşlıq daha da dərinləşməlidir, daha da yeni ölkələri əhatə etməlidir. Indi artıq bu yollar açılıbdır, bu yollar yeni yollardır, bu yollar gələcəyə olan yollardır.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan türk dövlətləri arasında tarixi yaxınlıqların indiki zamanda bu dövlətlər üçün böyük imkanlar yaratdığını qeyd edib: Tarixi hadisələr keçmişdə bu əlaqələrdən istifadəyə imkan verməyib. O zaman aramızda sərhədlər qoyulsa da, indi bu problemlər aradan qaldırılıb". Ərdoğan digər türk dövlət və toplumlarının ciddi problemlərlə üzləşdiyini bildirib: “Iraqdakı türkmən qardaşlarımızın da vəziyyəti pisdir. Burada da eyni problemlə üzləşməkdəyik. Şimali Kipr Türk Respublikasına qarşı edilən ədalətsizlik isə çox təəssüf doğurur. Balkanlarda və bölgədəki haqsızlıqlar hələ də davam etməkdədir. Bu problemlərin həllinin bir yolu var, o da birliyə nail olmaqdır”.
Ərdoğan qurultayın keçirildiyi ölkənin torpaqlarının işğal altında olmasını bir daha xatırladıb: “Bu tədbirə ev sahibliyi edən Azərbaycanın torpaqları qonşu dövlətin işğalı altındadır. Bir milyona yaxın insanımız bu işğal nəticəsində öz ölkəsində qaçqın vəziyyətində yaşayırlar. Bu vəziyyət bizi narahat etməsinə baxmayaraq, dünya ictimaiyyətini bu məsələyə hələ də göz yumur. Ortada isə bir oyun var. Bölgədə ədalətin və sülhün hakim olması üçün ən təməl şərtlərdən biri Ermənistanın bu işğalına son verməsi, beynəlxalq hüquq prinsiplərinə riayət etməsidir. Ortada ABŞ, Fransa, Rusiyanın yaratdığı bir qurum var, amma ədalətli qərar varmı? Əlbəttə, yox. Ermənistan insan haqlarına, qonşuluq prinsiplərinə heç bir hüquqa uyğun olmadan son qoymağa məcburdur. Türkiyə bu məsələdə hər zaman qardaş Azərbaycanın yanında olub, bundan sonra da belə olacaq”.
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt deyib ki, Kipr türkləri Dağlıq Qarabağ problemini öz ürəklərində hiss edirlər. O, Kipr xalqının üzləşdiyi problemlərin qurultayın diqqət mərkəzinə gətirilməsini alqışlayaraq “Türk dünyasının dəstəyi ilə bu problemlərin həll oluna biləcəyinə olan inamımla bu günə qədər verdiyiniz dəstəyin bundan sonra da davam etməsini rica edirəm” deyib.
Qurultay öz işini sabah davam etdiriləcək.

 

 

express

Bakıda Türk dövlətləri və cəmiyyətlərinin qurultayı

Bakıda Türk dövlətləri və cəmiyyətlərinin qurultayı öz işinə başlayıb.

Qurultayda 1150 nümayəndə iştirak edir, o cümlədən, dünyanın 30 ölkəsindən 550 qonaq da iştirak edir.

Forumun açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Recep Tayyip Erdoğan, Türkmənistan hökuməti baş nazirinin müavini Xıdır Sapraliyev iştirak edirlər.

Noyabrın 18-də qurultayın 6 komissiyasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm, maliyyə, türk dünyası mədəni irsinin təbliği sahələrində əməkdaşlıq məsələləri üzrə müzakirələr olacaq.

Bundan başqa, Qarabağ münaqişəsinin nizamlanması, Şimali Kiprin beynəlxalq izolyasiyadan çıxarılması, Əfqanıstan və İraqda türkdilli xalqların vəziyyəti, Axıska türklərinin qaytarılması haqqında fikir mübadilələri aparılacaq, qətnamələr qəbul olunacaq.

Bundan başqa, 1915-ci ildə Türkiyədə "erməni soyqırımı"nın tanınması üzrə çəkişmələrin mənasız olması ilə bağlı bəyanat qəbul ediləcəyi gözlənilir. Bu qurultaylar 1993-cü ildən keçirilir. Əvvəlki 10 forumun hamısı Türkiyədə keçirilib

Türk dövlətləri ortaq tarixini yenidən yazmalı və ortaq gələcəyini müəyyənləşdirməlidir

İraqda, Kiprdə, Balkanlarda, Rumıniyada yaşayan türklərin problemləri, sıxıntıları, demək olar ki, eynidir. Bütün bu problemlərin bir çıxış yolu var - bütün türk dövlətləri güclənməli, əməkdaşlıq etməli və bir-birini dəstəkləməlidirlər. Bu fikirləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan şənbə günü Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin 11-ci dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında bildirib.
Onun sözlərinə görə, əməkdaşlıq, sabitlik və inkişaf, həmçinin, ortaq tariximiz, mədəniyyətmiiz və dinimiz türk dövlətlərinə geniş imkanlar yaradır.
«Biz inkişaf etməsək, bizi bir-birimizdən ayıra bilərlər. Düzgün idarəçilik, qanunun aliliyi, regional və beynəlxalq inkişaf bizim əməkdaşlığımıza təkan verməlidir. Bizim insan resursları və təbii sərvətlərimiz bütün problemlərimizin həlli üçün kifayətdir. Biz, sadəcə, əlaqələrimizi daha da yüksəltməliyik»-deyə Ərdoğan bildirib. Baş nazir onu da vurğulayıb ki, türk dövlətləri ortaq tarixini yenidən yazmalı və ortaq gələcəyini müəyyənləşdirməlidirlər.