Güney Azərbaycanda
insan haqları
Abdulla ƏMİR HAŞİMİ
(Cavanşir)
1 xordad 1385 qiyamının ildönümü münasibəti ilə
Güney Azərbaycanda insan haqları seminarında
çıxış mətni
Stockholm, 19 may 2007
Sayın seminar iştirakçıları,
Sizləri səmimi salamlayaraq və Stockholma gələn
hörmətli qonaqlara xoş gəldiniz deyərək, əziz tədbir
təşkilatçılarına öz təşəkkürümü
bildirirəm.
Sayın soydaşlar,
Məncə, mövzusu Güney Azərbaycanda insan haqları olan
seminarda, Güney Azərbaycanda insan haqları, bu haqların
İran rejimi tərəfindən tapdalanması, Güney
Azərbaycana aid daxildə və xaricdə mövcud
təşkilatlar tərəfindən həmin haqların
əldə edilməsi yolunda aparılan istibdad
şəraitində fəaliyyətlər, metodlar və
effektləri, görülən işlər və alınan
nəticələr, güneylilərin həmin haqları
əldə etmə yolunda enişli-yoqquşlu mübarizə
tarixinə bir qıssa baxış və sair məqamlar
haqqında danışmaq lazımdır. Lakin, mən bu
barələrdə söhbət açmaq istəmirəm və
bunları digər sayın məruzəçilərin ixtiyarına
buraxıram. Amma Güney Azərbaycanda insan haqlarının
bugünədək əldə edilməməsinin səbəbi
və onun özünəməxsus iqtisadi və siyasi maneə və
amillərindən, və nəticədə Güney Azərbaycanda
siniflərin müttəfiq mübarizəsinin zəif olması
barədə qıssaca söhbət açmaq istərdim.
Güney Azərbaycanda siniflərin müttəfiq mübarizəsinin
zəruriliyindən bir neçə kəlimə danışmaq
istərdim. Siniflərin müttəhid olması
istər-istəməz Güney Azərbaycanda fəaliyyət
göstərən müxtəlif sinifləri nümayəndəlik
edən təşkilatların müttəfiq və müttəhid
cəbhəsinin yaranması zərurətini ortaya
çıxardır. Lakin Güney Azərbaycanda rejim
tərəfindən insan haqları rəayət
olunmadığı üçün, yəni bəyan və mətbuat
azadlığı, təşkilatlar azadlığı,
ictimaat və etiraz azadlığı olmadığı bir
yerdə də təşkilatların yaranmağı mümkün
olmur və onların birgə fəaliyyətinə də
şərait yoxdur. Nəticədə Güney Azərbaycanda
xalqımız gündəlik qanuni və ələni
fəaliyyət, və öz hüquqları üçün mübarizədən
məhrumdurlar və bu məhrumiyyəti aradan qaldırmaq üçün,
xalqımız, kül altında olan köz kimi birdən-birə vulkana
çevrilir. Keçən ilki 22 May qiyamı, həmin vulkanlardan biri idi
ki, özü yanıb, ancaq rejim onu söndürdü.
Güney Azərbaycanda insan haqları mövzusu seminarının
keçirilməsi təsadüf edir Güney Azərbaycanda son qiyamın
ildönümü ilə, və bu qiyamda bir çoxlu güney azərbaycanlılar
canlarını itirmişlər, şəhid olmuşlar və
bir çoxlu azərbaycanlılarımız qadın və
kişilər İran islam respublikasının polis
orqanlarının vasitəsi ilə həbs olunmuşlar və
hələ də azadlıqdan məhrumdurlar. Və bir
çoxları da iş və imkanatlarını əldən verib yenidən
Güney Azərbaycandan didərgin düşməyə məcbur
qalmışlar. Mən fürsətdən istifadə edib,
həmin qiyam iştirakçıları ilə öz
həmdərdliyimi bildirirəm və şəhid
ailələrinə başsağlığı deyib, bir daha
xatırladıram ki bu qanlar yerdə qalmayacaq və gün
gələcək ki Güneydə yaşayan xalqımız öz
insani haqlarını əldə edəcək, və o gün
həmin şəhidlərin və zərər
çəkənlərin xatirələri və gördüyü işləri,
verdikləri Haray, haray, mən Türkəm! kimi şüarları,
xalqımız tərəfindən tariximizdə dönüş
nöqtə anı kimi layiqincə qiymətləndiriləcək
və o gün də inanıram ki, uzaqda deyil.
Güney Azərbaycan dedikdə, İran adlanan yerdə yaşayan,
əksəriyyəti təşkil edən türklər
nəzərdə tutulur ki, onlar da Azərbaycanın
parçalanmış torpaqlarında əsasən bugünkü
şərqi Azərbaycan, qərbi Azərbaycan, Ərdəbil,
Zəncan, Qəzvin, Həmədan və Mərkəzi
ustanlarında, Tehran, Ərak və Qum
şəhərlərində yaşayırlar. Güney
Azərbaycan türklərinin, Xorasanda, İsfahanda, Kirmanda,
Rəştdə, Sarıda və başqa bölgələrdə
kiçik və böyük icmaları var. Təbii ki türkmən xalqı
və qaşqailardan bugün söhbət getmir, belə ki onlar özlərinə
məxsus türk boylarıdır. Sözsüz ki, Azərbaycanda dini
və etniki azlıqlar da yaşayırlar ki, kiçik-böyük
icmaları var və onların da insani haqlarını qorumaq,
Azərbaycan türklərinin üzərinə düşür.
Hörmətli seminar iştirakçıları,
Bildiyiniz kimi, güney türkləri, minillərboyu öz dil və milli
ənənələrini qoruyub saxlaya bilmişlər və
bununla yanaşı, qədim tarixə malikdirlər.
Bizlərin, qədim məbədgahlarımız,
kitabxanalarımız, musiqilərimız, din və
peyqəmbərlərimiz, elm ocaqlarımız olmuşdur.
Qadına hörmət, uşağa izzət və yardım,
gündəlik həyatımızdan atalar sözündə bizə yadigar
qalmışdır. Ata-analarımız, əcnəbilər tərəfindən
hücuma qarşı vuruşmuş, öz dillərini və adət
ənənələrini yaşatmış və bizi
bugünədək gətirib çıxarmışlar. Nümunəsi ulu
qəhrəmanımız Babəkin qiyamıdır ki, 1200 il
bundan əvvəl istelaçılara və
ərəbləşməyə qarşı baş vermiş
bir üsyan idi. Keçən ilki qiyam həmin mübarizənin növbəti
üsyanı və farslaşmağa qarşı, Güney
şəhərlərində - Təbrizdə,
Ərdəbildə, Zəncanda, Sulduzda və Tehranın
müəyyən hissələrində baş vermiş
hərəkat idi. Yəni, azərbaycanlıların
təhqirinə və onların haqlarının
tapdalanmasına qarşı geniş bir etiraz idi. Görünür ki, güneylilər
uzun illər öz varlıqlarını qoruyub saxlamaq üçün uzun
və enişli-yoqquşlu yollar keçmiş, və bu yolda böyük
dövlətlər qurmuşlar Ağqoyunlu, Qaraqoyunlu,
Səfəvi, Əfşar, Qacar dövlətləri, məhz bizim torpaqlarımızda
əjdadlarımız tərəfindən yaranan
dövlətlərimiz olmuşlar. Lakin, əjdadlarımızın
qurduğu dövlətlərin varisi 80 ildən bəri istemar
qüvvələrin köməyi ilə farslar olmuşdur, özü də
şovinist növündən hansı ki, İran adlanan yerdə
yaşayan xalqları, zülm, sitəm və əritmə
siyasətinə məruz qoyaraq, onların insani
haqlarını tapdalamağa, qadın və uşaq
hüquqlarını pozmağa, güclü bir vasitə olmuşdur.
Baxmayaraq ki, oyaq güneylilər vaxtı ilə bunun
qarşısını almağa çalışmışlar
və bir tərəfdən rus və ingiltərə
istemarçılarına qarşı, digər tərəfdən
isə özümüzünkülərin istibdadına qarşı mübarizə
aparmışlar, məşrutə hərəkatı kimi
millətləşmə və demokratikləşmə yolunda
inqilabı meydana gətirmişlər. Və orada qanunaliliyini,
qadın-kişi və milli azadlığı yazılan birinci
konstitutiyada əks etdirmişlər. Yəni, 20-ci əsrin
əvvəllərində Məşrutə Hərəkatı,
rus və ingiltərə imperiyasına qarşı
təşkil olan bir milli və demokratik hərəkat idi ki
azərbaycanlılar tərəfindən aparılırdı.
Lakin burada istemarçı qüvvələr hərəkatı öz
imperiya mənafeləri əsasında yönəltməyə
müvəffəq olaraq, 1299 isfənddə kudeta yolu ilə
ingiltərə əlaltısı olan Rzaxan və onun himayəçilərini
hakimiyyətə gətirdilər. Həmin illərdən
başlayaraq, güneylilərin dövlətləşmə prosesi
dayandı, qurduqları minillik dövlətləri
əllərindən alındı, millətləşmə
və demokratikləşmə prosesləri ancaq farsların
millətləşmə və dövlətləşmə
prosesinə çevrildi. Və bu prosesdə, vahid İran, vahid
millət, vahid dil məsələsi təbliğ olundu,
başqa sözlə desək paniranizm ideyası panfarsizm möhtəvası
ilə rəsmi dövlət siyasətinə çevrilib, həyata
keçirildi.
Paniranizm iranı fars məmləkəti yəni Persia adlandıraraq,
fars dilini isə iranın vahid dili elan edir, başqa dilləri
qadağan edir, məktəb və idarələrdə farsca
danışmayanları cəzalandırır və bununla da
fars olmayan xalqları xüsusən azərbaycanlıların milli
varlıqlarını inkar edir. Bu siyasət indi də
ümmətçilik və panislamizm formasında davam edir. Panislamism
də xalqları və onların mədəniyyətini inkar
edir və bütün xalqların dil və milliyyətlərini
çalışır ki islam bayrağı altında məhv etsin,
aradan aparsın və vahid islam ümməti yaratsın.
Əlbəttə bu siyasətin, yəni şahid olduğumuz
son 80 il ərzində iranda yaşayan qeyri-fars
millətlərə qarşı aparılan qeyri-insani, ziddi-bəşəri
bir siyasətin kökünü, bir neçə amildə axtarıb tapmaq olar.
İsfənd kudetası niyə qalib gəldi,
Məşrutə Hərəkatı niyə məğlub oldu,
Azərbaycan türklərinin dövlətləşmə prosesi
niyə dayandırılıb əlindən alındı
və yaxud düzgün desək oğurlandı, və onların
insani və milli-mədəni demokratik haqlarının pozulmasına
hansı daxili və xarici qüvvələr yardım etdi? Fars
şovinizm ideyası kimlərin əli ilə meydana
çıxdı və bu siyasət, dövləti bir siyasətə
nə səbəbdən çevrildi və gündəlik özünü qeyri-fars
millətlərin həyatında necə əks
etdirməyə çalışdı? Əsasən fars
şovinizmi və panfarsizm nə deməkdir və nə kimi
bir şovinisti siyasətdir, və yaxud bu şovinisti
siyasət mədəniyyətə və digər xalqların
həyatının hansı faktorlarına təsir edir?
Əsas qüvvəsini harda təmərküzləşdirir və
qeyri-fars millətlərin belə bir şovinisti
siyasətə əksül-əməlləri nədən
ibarətdir? - kimi sualları ətraflı cavablandırmaq üçün
geniş vaxta ehtiyac var. Ancaq qıssaca tarixi zəminə
haqqında demək olar ki, sərmayedarlıq sisteminin qalib
gəlməsi və onun inkişafı, milli dövlətlərin yaranması,
milli bazarın ortaya çıxması üçün əsas amil idi. Vahid
milli bazarın dövlət vasitəsi ilə mühafizə
olunması və milli sərmayədarlığın xarici sərmayədarlıq
rəqabətinin qarşısında qorunması və onu
hərtərəfli inkişaf etdirməyə şərait
yaradılması, bir prosesdə Avropada özünü göstərdi.
Amma şərq ölkələrində o cümlədən bizim
ölkədə, əsrimizin əvvəllərindən
başlanan millətləşmə və
demorkratikləşmə, klasik milli dövlət və milli
bazarın yaranması ilə təssüflə
nəticələnmədi və bizim ölkədə mal və
sərmayə maneəsiz istemarçı ölkələr
tərəfindən axınıb gəldi və daxili
sərmayə vasitə sərmayə ilə birləşib, bir
dəllal vasitə sistemini yaratdı. Bu da, feodal sistemində
yaşadığımız dövrdə qurulan feodal
dövlətimizin inkişafına və milli dövlətə
çevrilməsinə yox, başqa millətin əlinə
keçməsinə yardım etdi. Sərmayə, dil və milli
mənsubiyyətindən asılı olmayaraq bir növ dəllal
sərmayəyə çevrildi. Azərbaycanın coğrafi mövqeyi Rusiyada
oktyabr inqilabının qələbəsi və Güney
Azərbaycan yolu ilə Avropaya gedən ticarət yolunun
bağlanması, Pəhləvi sülaləsinin Azərbaycanda
milli sənayenin inkişafına süni maneələr yaratması
ilə Azərbaycan sərmayəsi iranın mərkəz
və cənubi məntəqələrinə
köçürülərək, işçi qüvvənin Tehrana və digər məntəqələrə
köçürülməsinə şərait yaratdı. Bu da Azərbaycanda
milli təşəkkülü ləngitdi və milli dirçəlişin
qarşısını aldı və yaxud bir sözlə desək
milli dirçəlişi yubatdı. Dəllal sərmayə
sahibləri millətimizə xəyanət etdi və xalqımızın
milli hərəkatını başsız buraxdı. Elə
ona görə də milli hərəkatımızda həmişə
ona başçılıq edən zəhmətkeş
təpəqələr və orta təbəqə olmuşdur.
Şeyx Məhəmməd Xiyabani tərəfindən
Azərbaycanda fəaliyyət edən Azərbaycan Demokrat Hizbi
yarandı və bu qüvvələrin siyasi təşkilatı
kimi Azərbaycan xalqının milli hərəkatına
rəhbərlik etdi. Xiyabanidən sonra Azərbaycan Demokrat
Firqəsi, Pişəvərinin rəhbərliyi ilə
yaranıb və Azərbaycanda milli-demokratik nehzəti rəhbərlik
edib, xalqımızı hakimiyyətə çatdırdı. Bu
hakimiyyət bir il ömür sürsə də, tariximizdə böyük iz
buraxdı və Azərbaycanda milli şüurun meydana
gəlməsi və təşəkkül tapması üçün dönüş
nöqtə idi. Azərbaycan Demokrat Firqəsinin rəhbərlik etdiyi
hərəkat yıxıldıqdan sonra Azərbaycan
burjuvası yenə də milli bayrağını qaldırmadı
və mərkəzi dövlətlə birlikdə milli
hərəkata xəyanət etməyə səy göstərdi
və fars şovinizminin təcavüzkar mövqeyini
dəstəklədi və yaxud ona şərait yaratdı. Beləliklə
Azərbaycanımızda əritmə siyasətinin prosesini sürətləndirməyə
kömək etdi. Pəhləvi rejimi yıxıldıqdan sonra,
Azərbaycanımızda hərəkatın
dirçəlməsinə islam rejimi tərəfindən
maneələr törədildi. İran islam respublikasında
azərbaycanlılar bu rejimin başçıları və ya
yüksək vəzifə sahibləri olsalar da Azərbaycan üçün heç
bir iş görmədilər. Bundan əlavə milli hərəkatın
qarşısını aldılar. Azərbaycan sərmayəsi
yenə də azərbaycandan kənarda fəaliyyət
göstərdi və Azərbaycan kəndçisi azərbaycandan
uzaqlarda fəhləlik etməyə məcbur oldu. Bir sözlə
desək komprador sərmayə azərbaycanda milli şüurun və
milli hərəkatın yüksəlməsinə mənfi
təsir qoydu və Avropanın 18 və 19-cu əsrdə yaşadığı
həyatı ilə fərqlənərək,
Azərbaycanımızda milli məsələnin
dirçəlməsində özünəməxsusluq meydana gəldi. Bu
müxtəsər də olsa iqtisadi səbəbdən ibarət
idi. Bu dediyim Azərbaycanda haqlarımızı əldə
etmək yolunda və milli hərəkatın qələbəsinə
özünəməxsus maneələrdən biri idi.
Güney Azərbaycanda insan haqlarına qarşı siyasi maneədən
də söz açmaq istərdim.
18-19-cu əsrlərdə, istemar qüvvələri başqa ölkələrdə
olduğu kimi, bizim ölkədə də xalqları
köləliyə və istila altında saxlamağa
çalışırdılar. Təssüflə bu dövrlərdə,
bizim də xalqımız və dövlətimiz olan Qacar,
istemarın təsiri altında olmuşlar. Amma,
xalqımızın oyanışı, 20-ci əsrin
əvvəllərində, Məşrutə inqilabında
başlanır.
Məşrutə Hərəkatı 1906-cı ildə
başlayaraq, iki mərhələdən ibarət, 1911-ci
ilədək davam etdi. Əsasən məşrutə
hərəkatı və tənzimat inqilabının baş
verməsi, türk xalqlarının iki Qacar və Osmanlı imperatorluqlarının
zəif olduğu və xalqlarının gündəlik
tələblərinə cavab verməməsi
səbəbindən meydana gəldi. Məşrutə
hərəkatı qacar istibdadına qarşı, qacarın
avropa və rus istelası altında yaşadığı
istemarı və boyunduruğunu qəbul etməsinə
qarşı bir ziddi-istemari hərəkat idi. Bu,
millətləşmə və demokratikləşmə -
milli-demokratik hərəkat idi. Eyni zamanda bu hərəkat
feodal sistemə qarşı bir inqilab idi, yeni bir dövlətçiliyi
meydana gətirmək üçün bir üsyan idi. Bu yeniliyi tələb
edən xalqımızın istəklərindən
su-istifadə edən həm xarici imperiya həm rza şah,
özünü yeni İran atası adlandıraraq fars şovinisti ideyası
ilə meydana çıxdı və ingiltərənin
dəstəyi ilə kudeta vasitəsi ilə hakimiyyətə
gəldi. Hökümətə gələn gündən
məşrutə hərəkatının
nailiyyətlərini aradan aparmağa çalışdı. Bayaq
qeyd etdiyimiz kimi, vahid millət, vahid dil adı ilə
şovinisti fikirlərini başqalarının
formullaşdırdığı kimi həyata keçirməyə çalışdı
və fars şovinizm ideyasını, dövləti siyasətə
çevirdi. Belə bir fars şovinizmi ki özü xarici imperiyaların
vasitəsi ilə və nökərliyi ilə formalaşmışdı.
Bu ideyanın özzəyi bundan ibarətdir ki, güya iranlılar
mərğub ariyayi nəjadından əmələ
gəliblər və digər vəhşi və
qeyri-mütəməddin xalqlar və qəbilələr
tərəfindən hücuma məruz qalıblar ki, bu
bərbərlər, yunanlardan, ərəblərdən,
moğullardan, əfqanlardan və osmanlılardan ibarətdir.
Və güya ki həmin təmiz ariyayinəjadlar bu
qəbilələr və tayfaların hücumuna məruz qalandan sonra
Kuruş və Daranın torpaqlarının bir hissəsini
əldən veriblər və fars nəjadında və fars
dilində bir sıra naxalisliklər yaradıblar. Fars
şovinizminin nəzərincə, azərbaycanlılar və
iranda yaşayan digər qeyri-fars xalqları ancaq ariyayi
nəjadın bir hissəsidirlər və özlərinə
məxsus dilləri, mədəniyyətləri, tarixləri
yoxdur və bəlkə nəjad cəhətindən
əslən farslardırlar ki sonra dilllərini unudublar yəni
fars dilini unudublar və başqa dillərdə
danışırlar. Beləliklə ariyayi nəjadın
əsil torpağı olan güya İran ancaq ahuramazda tərəfindən
farslara verilibdir və başqa iranda yaşayan xalqlar bir
qüvvə olaraq xəyanətkarlardırlar və qədim
İran sivilizasiyasını məhv etmək istedadına malikdirlər.
Buna görə ki İran dağılmasın bir təmərküzlü
və çox avtoritet bir hökümətə daima ehtiyac var ki o da güclü
orduya malik olmalıdır ki qeyri-fars xalqların
başının üstündə dayansın. Fars şovinizminin
ideyasına əsasən, qeyri-fars millətlərin
mədəniyyət və dillərini inkişaf etdirmək,
irana və fars dilinə xəyanət hesab olunur çünki qeyri-fars
millətlərin dilləri inkişaf edilsə, milli
dirçəlişin qarşısı alınar və İran
zəifləşər. Milli zülmü aradan qaldırmaqla İran,
iranistana çevrilər. Beləliklə qeyri-fars millətlərin
haqları olmamalıdır ki, öz dil,
mədəniyyətlərini öyrənib inkişaf etdirsinlər
və bu sahədə çalışsınlar və ana
dillərində yazıb oxuyub məktəb qursunlar, və
yaxud milli dövlətlərini yaratsınlar. Yəni farslar,
hətta özlərinin istifadə etdikləri hüquqlardan qeyri-fars
millətlərini məhrum sayırlar. Beləliklə
qeyri-fars millətlər ancaq mühacir kimi iranda
yaşamalıdırlar və müstəcir ömür sürməlidirlər
- öz sahibxanaları qarşısında heç cürə
əqidələrini söyləməyə ixtiyarları olmadan.
Fars şovinizmini həyata keçirənlər
çalışırlar ki iranda yaşayan millətlər
arasında kinə, nifrət yaratsınlar, onları təhqir
etsinlər, iqtisadi sahədə ayrıseçkilik və apartayd
siyasətini gücləndirsinlər. Fars şovinizmi xalqlar
arasında təfrəqəni genişləndirmək üçün
təkcə xalqlar arasında kinə, nifrət yox,
bəlkə şəhərlər arasında hətta
məhəllələr və kəndlərarasında bu kinə
və nifrəti yaradır və mənfi atitüdləri
yaradıb onların arasına yayır, beləliklə insanlar
arasında sülh, bərabərlik, qardaşlıq,
əməkdaşlıq əvəzinə kinə,
düşmənçilik, təfrəqə, dava və rəvani
anlaşılmamalar, gərginlik törədir, və bu
sahədə sərmayə buraxır, müxtəlif
idarələr və dövləti orqanlar, gizli və açıq şəkildə
bu sahədə fəaliyyət aparırlar. Həm şah
dövründə və həm indiki islami rejim dövründə uzun bir
prosesdə düşünülmüş şəkildə, qanuni və
qeyri-qanuni yollarla qeyri-fars millətləri və qeyri-fars
əhalini təhqir etməyə, biri-birinin canına
salmağa sistematik formada bunları zülm altında saxlamağa,
bədbinlik yaratmağa çalışılır. Onları ana
dillərində təhsil almaqdan məhrum etməklə bərabər,
gigiyen servislərini aşağı saxlamaqla,
bekarlığı və narkotik maddələri onların
içində yaymaqla, və yaxud qeyri-fars
məntəqələrdə iqtisadi dirçəlişə, iqtsadi
sərmayələrin buraxılmasına maneə
törətməklə və farslara üstünlük verməklə
farsnişin yerlərdə yeni iş imkanlarını
yaratmaqla, qeyri-fars millətlərin inkişafının
qarşısı alınır və onların insan haqları
zərrəcə rəayət edilmir, onları insana yox
uzunqulağa, tarakana və böcəyə oxşadırlar.
Qeyri-fars qadın və uşaq əhalisi o cümlədən
azərbaycanlılar, qeyri-fars kişilərdən bir neçə
qat daha artıq təhqir və ayrıseçkiliyə məruz
qalır. Bu siyasəti rəsmiləşdirmək üçün hətta
filmlər, çəkilişlər, radio və TV verilişləri
və qəzetlər buraxırlar və müxtəlif
nümunələr o cümlədən qeyri-fars millətlərin nümayəndələrini
təlxək və ağılsız, savadsız, işsiz,
bacarıqsız, ləyaqətsiz, aşağı
məharətli işlərdə göstərməklə
onları daha ruhdan salmaq, daha lağa qoyaraq, məsxərə
edərək, təhqir etməyə çalışırlar. Bir
sözlə desək, onları böyük şəhərlərdən
uzaqlaşdırmağa və daha öz üzərində
mədəniyyət sahəsində, sivilizasiya
karvanının inkişafı yollarında maneə
yaratmağa çalışırlar. Fars, panfarsizm və ya fars
şovinisti siyasəti yeridənlər, o zamanda ki iranda
yaşayan xalqlar öz milli-mədəni hüquqlarını qoruyub
saxlamağa heç bir ixtiyarları yoxdur və onlara hər
tərəfdən təzyiq edilir, lakin özünü avropa və
amerikaya yaxınlaşdırmaq üçün və onların dəstəklərini
qazanmaq üçün avropa və amerikaya lazımı yaltaqlıqlar
imtiyazlar verməyə həmişə can atırlar. Bir
surətdə ki qeyri-fars millətlər o cümlədən
azərbaycanlılar ana dillərində yazıb oxumaqdan məhrumdurlar,
İran rejimi həm şah dövründə və həm də
indiki dövrdə, ingilis dilinin öyrənilməsinə və ya TV
və radio kanallarının açılmasına və yaxud onlarla
inteqrasiyada geniş miqyasda sərmayə buraxılmasında
və bu sahədə xeyli vəsait ayırmaqda
səxavətli olmuşdur.
Xatırlatmaq istərdim ki fars şovinizmi qeyri-fars millətlərin
əsasən dil və mədəniyyətinə hücum
etməklə həmin xalqların dilini nəfy edir və yaxud
onları fars dilinin bir ləhcəsi və s kimi
tanıtdırır və çalışır ki bu dilləri
və yaxud onların dili ilə desək bu
ləhçələri məhv etsin və aradan aparsın. Onlar,
fars dilini azərbaycanlıların ikinci dili də hesab etmirlər.
Bəlkə onu azərbaycanlılara ana dili kimi sıramağa
çalışır və məktəblərdə izin vermir ki
fars dilindən başqa bir dildə tədris olunsun və ya danışılsın.
Qeyri-fars millətlər o cümlədən güneylilərin
əksəriyyəti, belə bir ziddi-insani siyasətə
qarşı mübarizə yolunu seçirlər. Lakin bir iddə də
özlərini təhqir olmuş hesab edib və nəhayət fars
şovinizminin toruna düşürlər və ona görə ki daha
təhqirdən tohindən və öz yaşadığı
ana-ata yurdlarında özlərini biganə saymasınlar deyə
səhv yolu seçib daha farslaşmağa tərəf
hərəkət etməyə çalışırlar və
özlərini bu siyasətlə uyğunlaşmağa,
farslaşmağa və haqlarından keçməyə boyun qoyurlar
və onların siyasətini onların istədikləri kimi
həyata keçirməyə, və daha demək olar farsizə
olmağa səy göstərirlər. Ana dillərini unutmağa,
öz tarixlərini unutmağa, öz mədəniyyətlərinə
biganə qalmağa, və yaxud bəzən ata-baba
yurdlarını tərk edib mühacirət etməyə
çalışırlar və bununla belə bir növ fars
şovinizmindən yaxa qurtarmağa çalışırlar ki
təbii ki, bu düzgün yol deyil, bəlkə əsas yol bundan
ibarətdir ki rejimə və fars şovinizminə
qarşı mübarizə edib öz milli höviyyətini qazanıb, öz
insani haqlarına sahib olmaq və ayıq-sayıq ata-ana yurduna
sahib çıxmaq və onun tarixi, mədəniyyəti,
xalqının dilini, adət-ənənələrini, qoruyub
saxlamaqla onları qorumaq strukturlarını yaratmaq, öz milli
dövlətini yaratmaq, və milli iqtisadiyyatına fikir verib plan tökmək
və nəhayət müstəqil bir insan, müstəqil və azad
bir xalq kimi yaşamaq yolunu tutmaq lazımdır. Düzdür fars
şovinizmi çalışır ki həmin deforma olmuş insanlardan
daha artıq su-istifadə etsin, və hətta onları öz
şovinisti siyasətlərini həyata keçirməkdə bir
vəsaitəyə çevirsin. Bu cəhdlər yolunda kimsə fars
dilində danışırsa gərək hətmən
ləhcəsiz ola, özü də tehran ləhcəsində danışsa
daha yaxşı olar, qəbul olunar. Iran rejiminin son
hədəfi ondan ibarətdir ki, fars dilini
azərbaycanlılara ana dili kimi qələmə
verərək azərbaycanlılara, Azərbaycan dilinə,
Azərbaycan mədəniyyətinə, təhqir ediləndə,
azərbaycanlılar heç bir reaksiya göstərməsinlər.
Təbii ki bu necə ki şah rejiminin ürəyində qalan
arzusu idi, İran islam rejimi də bu məqsədinə çata
bilməyəcək. Və keçən ilki, Haray, haray, mən
Türkəm! şüarı 22 may azərbaycanlıların
qiyamında gurultu və əzəmətlə
səslənərək, bunu bir daha göstərdi. Xülasə
desək, fars şovinizmi milli zülmü həyata keçirən bir idari
mexanizmadır ki, müəyyən ideolojiki əsaslara söykənir
və şovinizm və rejimlə mübarizə, yəni onun
siyasəti ilə mübarizə, onun tarixi və mədəniyyəti,
vaqeiyyəti təhrif etməyi ilə mübarizə, onun
fəlsəfi təbirləri, təfsirləri və
gündəlik siyasəti ilə mübarizə, yaratdığı xalqlara
qarşı şəhərlərə qarşı
atitüdləri ilə mübarizə və bir sözlə desək, fars istemarçıların
bütün siyasi, iqtisadi, mədəni, hərbi və informasiya
sistemləri ilə mübarizədir. Və bu mübarizə,
Azərbaycan xalqının öz insani haqlarının yolunda
mübarizəsi ilə üst-üstə düşür.
Diqqətinizə görə, təşəkkür edirəm!