Svante Kornel: «Ermənistan
Fransa və ABŞ-ın dəstəyini itirib»
«Dağlıq
Qarabağın statusu sülh danışıqlarının indiki
mərhələsində həll olunmayacaq». Con Hopkins
Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun tədqiqat
direktoru Svante Kornel «Azadlıq» radiosuna müsahibəsində
belə deyib. Onun sözlərinə görə, bu məsələ
işğal olunmuş Azərbaycan torpaqlarının çoxu geri qaytarıldıqdan
sonra həllini tapacaq: «Ən azından Dağlıq
Qarabağın axır statusu barədə bu
mərhələdə qərar verilməyəcək.
Yəni, söhbət bu məsələnin sonraya saxlanılmasından
gedir. Əvvəlcə, Azərbaycan torpaqlarının çoxu
geri qaytarılacaq, qaçqınlar yurdlarına qayıdacaqlar
və iqtisadi əlaqələr yaranacaq».
Cənab Kornel əlavə edir ki, Dağlıq
Qarabağ münaqişəsinin çözülməsi məsələsində
Ermənistan əvvəlki illərə görə, Fransa və
ABŞ-dan olan dəstəyini itirib: «Hazırda bir çox
məsələlərin perspektivi baxımından
Azərbaycan Birləşmiş Ştatlar üçün ən vacib
ölkədir. Fransa isə artıq münaqişənin həlli
məsələsində neytral mövqedə dayanır».
Svante Kornelin sözlərinə görə,
Ermənistan bölgədə gedən proseslərdən
kənarda qalır, Azərbaycan isə bu proseslərin
mərkəzindədir: «Bu, həm inkişaf baxımından, həm
də Qarabağ münaqişəsinə görə,
Ermənistanın geridə qalması, Azərbaycanın
isə daha yaxşı mövqeyə gəlməsi deməkdir».
Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz
İnstitutunun tədqiqat direktoru bildirir ki, İlham Əliyev
prezident Corc Buşla Dağlıq Qarabağdan danışarkən
problemin həllində ABŞ-ın daha böyük rol
oynamasını istəyib. Ona görə də, ola bilsin ki,
Amerika münaqişənin həllinə daha böyük önəm verəcək.
Azərbaycanın Xarici İşlər nazirinin
müavini Araz Əzimov isə mətbuata açıqlamasında
bildirib ki, həmsədrlərin regiona səfərləri
sadəcə, gəzmək xatirinə deyil. Fransalı
həmsədr Bernar Fasyenin Yerevana getməsi, oradan Bakıya gəlməsi
və dövlət başçısı tərəfindən qəbul
edilməsi müzakirə üçün mətləblər olduğunu
deməyə əsas verir.
Cənab Əzimovun sözlərinə görə,
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin
yaxın vaxtlarda görüşü planlaşdırılır.