Güneydə 60 il öncəki dərdlər yenə yaşanır

 

Bir millət olaraq tarixdə qazandığımız uğurları təsbit etməyə çalışsaq da, sonrakı dövrləri əhatə edən fəaliyyətimizi bir çox halllarda onların üzərində qurmuruq. Bəzən bu uğurları öz əlimizlə məhv etdirirlər. Tarixdəki belə müvəffəqiyyətlərimizdən biri də Güney Azərbaycanda qurduğumuz Milli Hökumətdir. Qısa zaman ərzində bunu millətimizin yaddaşından silməyə çalışıblar.  On fərqli yanaşmalar meydana çıxıb. Lakin həqiqəti də Günəş şüasıtək ovucun içərisində gizlətmək mümkün olmadığı kimi, Milli Hökumətlə bağlı gerçəklik də iki böyük şovinizmin (velikorus və fars) yalan və uydurmalarından qurtularaq günümüzə qədər gəlib çıxa bilib. Düzdür, bizlər hələ də tariximizin o şanlı səhifəsini yetərincə öyrənib, dəyərləndirə bilməmişik. Bir çoxları elə başa düşür ki, Güneydəki bugünkü Milli Hərəkat hansısa xarici təsirlərdən meydana çıxır. Elə 1945-ci il dekabrın 12-də qurulmuş Azərbaycan Milli Hökuməti ilə bağlı da eyni fikirlər hələ də söylənilməkdədir. Amma günümüzdə baş verənlər bunların tam əksini təsdiqləyir.

 

             Belə şərəfli səhifələrə işıq salınması yalnız tarixi bilmək xatirinə deyil, həm də indiki hərəkatımıza yanaşmanı müəyyənləşdirir. Bu günlərdə Əkrəm Rəhimlinin “Güney Azərbaycanda Milli Demokratik Hərəkat” adlı monoqrafiyası işıq üzü görüb. Müəllif ilk təhsilini Güney Azərbaycanın Mərənd şəhərində alıb. Hazırda Milli Elmlər Akademiyası Şərqşünaslıq institutundakı “Güney Azərbaycan qrupu”nun aparıcı elmi işçisidir. 4 kitabın, çoxlu elmi və publisistik  məqalələrin müəllifidir. Hazırda “Güney Azərbaycan: mübarizə davam edir” kitabı üzərində çalışmaqdadır.  “Güney Azərbaycanda Milli Demokratik Hərəkat” monoqrafiyasında bir çox tarixi həqiqətlər Azərbaycan oxucusunun və tarix araşdırıcılarının diqqətinə çatdırılır. Kitab Seyid Cəfər Pişəvərinin bi fikriylə başlayır: “Qoy bizim vücuda gətirməkdə olduğumuz  milli dövlətin tarixini tarixçilər kağız üzərinə gətirsinlər. Biz o tarixi yaratmağa daha artıq diqqət etməliyik... ”

            

Müəllif Ə.Rəhimli bu vaxta qədər Milli Hökumətlə bağlı yazmış müəlliflərin adını öz monoqrafiyasında böyük hörmətlə xatırladır. Girişdə o yazır: “Əslində, fakt və sənədlərin göstərdiyi kimi, 1946-cı ilin aprelinədək Quzey Azərbaycan rəhbərliyi və Güneydəki hərəkatın istiqamətləndirilməsində iştirak edən azərbaycanlıların özləri belə Stalin-Mikoyan güruhunun gizli hazırladıqları xəyanət və dönüklükdən demək olar ki,  çox vaxt xəbərsiz idilər. Moskvanın açıq xəyanətindən və riyakarlığından sonra ona qarşı çıxmaq və müqavimət göstərmək və ya hadisələrin sonrakı istiqamətini dəyişmək o zamankı tarixi şəraitdə mümkün deyildi. Bu, o dövrün reallığıdır. Onu nəzərə alımadan 21 Azərlə bağlı hadisələri obyektiv qiymətləndirmək mümükün deyil.”

            

Biz yazılarımızda və danışıqlarımızda tez-tez fars şovinizmindən, onun millətimizə qarşı haqsızlıqlarından bəhs edirik. Bu monoqrafiyada həmin şovinizm haqqında və onun millətimizə etdiyi zülmdən misallar göstərilir.  Onlarla sizləri tanış etməyə ehtiyac duyuruq. Müəllif İkinci Dünya müharibəsinin ilk illərində Güney Azərbaycandakı sosial-iqtisadi vəziyyəti təhlil edir və onun ağırlığını oxucuya çatdırmaq üçün bir sıra tarixi faktları göstərir. O yazır: “Ölkənin bu regionunda  yeridilən dövlət siyasəti ideoloji baxımdan buradakı aborigenlərin farsdan dönmə tezisinə əsaslanıb, bütün sahələrdə təhsil, elm, mədəniyyət, eləcə də dövlət atributları ilə bağlı bütün təsisatlar və müəssisələrdə farslaşdırma siyasəti geniş planda icra olunurdu. İranın rəsmi dövlət sənədlərindən birində açıqca yazılırdı: “...Azərbaycanda İranlılıqdan başqa hər hansı bir milliyyətdən söz gedə bilməz.””

 

             “30-cu illərdə Təbriz və onun ətrafında baş vermiş güclü sel nəticəsində əhali şaha və dövlət orqanlarına kömək üçün müraciət etsə də, bu, cavabsız qalmışdı. Üstəlik, sel dağıntılarını aradan qaldırmaq məqsədilə yerli əhali tərəfindən toplanmış pulun böyük hissəsi Təbriz ostandarlığı tərəfindən mənimsənilmişdi.” Bu, şah hakimiyyətinin Azərbaycan türkünə özündə əks etdirən etinasız münasibətə bir nümunədir. Müəllif o zamanlar çap olunan “Peykar” qəzetində həmin dövrün siyasi-ideoloji mənzərəsi ilə bağlı məqaləsindən bir nümunə göstərir. Qəzet yazırdı: “İranın əhalisi qeyri-fars olan geniş regionları, xüsusən Azərbaycan, Kürdüstan, Ərəbistan (Xuzistan) bu gün də hər cür hüquqdan məhrumdur. Burada yaşayan uşaqlar qeyri-ana dilində olan məktəblərdə oxumağa məcburdurlar. Həmin rayondan məclisə seçilmiş nümayəndə fars dilini bilmirsə, onun mandatı təsdiq edilmir. Bütün dövlət məmurları farsalardan təyin olunur. Onlar bu rayonların əhalisinə qul kimi baxırlar. Onların ərizə və şikayətləri mütləq fars dilində olmalıydı. Hüquq mühafizə orqanları fars dilində tərib olunmayan ərizələri qəbul etmir, bu da çox vaxt milliyətcə fars olmayan şəxslərin qeyri-qanuni surətdə məhkum edilməsinə səbə olur”. Rza şahın hakimiyyəti illərində azərbaycan türkcəsində hər hansı qəzet, jurnal və ya kitabın çap edilməsi rəsmi olaraq yasaqlanmışdı. Milli əritmə siyasəti Azərbaycan türklərinin milli, mədəni, sosial, iqtisadi həyatının bütün sahələrini əhatə edirdi. Əvvəllər notarius idarəsinin rəisi olmuş, 1936-cı ilin fevralından 4-cü əyalətdə (Qərbi Azərbaycan əyaləti şahın vaxtında belə adlanırdı), 1938-ci ilin avqustundan isə 3-cüdə (Şərqi Azərbaycanda) vali vəzifələrində çalışmış fars şovinisti Abdulla Mostofinin etiraflarından bir neçəsini Ə.Rəhimli monoqrafiyasında göstərir: “A.Mostofi sonralar etiraf edir ki, o azərbaycanlılara yas yerində türkcə ağı deməyə belə icazə vermirdi.”Mən onlara başa salırdım ki, siz- Daryuşun və Kambizin əsl xələfləri nə üçün Əfrasiyab və Çingizin dilində danışırsınız?””

            

Kitabın başqa bir yerində müəllif Azərbaycan məktəblərindəki vəziyyətin ağırlığını, fars şovinizminin siyasətini tarixi sübutlarla belə verib. Rza şahın hakimiyyətinin ilk illərində Azərbaycanda maarifə başçılıq etmiş R.Möhsüni azərbaycanlı ziyalıları Təbrizə bir toplantıya yığıb türkcə hər cür tamaşanın qoyulmasının və maarif idarə və məktəblərində bu dildə danışığın qadağan olduğunu bildirdikdən sonra demişdi: “Məktəblərdə hər kəs türkcə danışsa, eşşəyin noxtasını onun başına salıb, axura bağlayın”.

 

             Sonradan Möhsinini əvəz etmiş Zövqi məktəblərdə türkcə danışanlara cərimə və sonra isə fiziki cəza əmr etmişdi. O, Azərbaycan məktəblərində hər fars sözünün mənasını uşaqlara türkcə başa saldığı üçün kənd müəllimini ciddi cəzalandırmış və ona “nan” deyərkən çörəyi, “ab” deyərkən suyu, “xurus” deyərkən xoruzu göstərməyi məsləhət görmüşdü.

 

             Monoqrafiyada türk dilinə qarşı fars şovinizminin hücumuna dair misallara davam edən müəllif yazır: “Fars dilini yabançı sözlərdən təmizləmək” adı altında 1926-cı ildə Müdafiə Nazirliyi nəzdində xüsusi komissiya təşkil olundu. Həmin komissiya “əcnəbi söz” adı altında bütün  türk sözlərini  hərbi leksikondan çıxardı. Sonra bu iş genişləndirilib yer, çay, dağ və yaşayış məntəqələri adlarının dəyişdirilməsinə, daha sonra adamların ad və soyadına tətbiq edildi. 1934-cü ilin payızında İran məclisi “ölkə başqa dillərdə məktublaşmaya, şikayət və ərizələrə baxmağa yasaq qoymaq haqda” qanun qəbul etdi”.

 

             Müəllif monoqrafiyada Azərbaycan iqtisadiyyatına şah rejiminin ögey münasibətini əks etdirən nümunələr verir. Habelə Azərbaycanın inzibati ərazi bölgüsündə apardığı siyasətdən də nümunələr verir. Belə bölgünün nəticəsində Azərbaycan iki ostana- üçüncü və dördüncü ostana ayrılmış oldu. Bundan başqa Qəzvin, Həmədan, Qum, Məlayiq, Tufarqan, Sənəndəc ətrafındakı onlarla Azərbaycan mahalı və 250-dən çox kəndi İranın birinci və 5-ci əyalətlərinin tərkibinə qatıldı...

 

             Belə bir zülm altında yaşayan Azərbaycan türkü həmin dövrdə özünün hüquqlarını müdafiə edərək, milli varlığını fars şovinizmindən qorumaq üçün bir sıra təşkialtlar yartdı. Monoqrafiyada Ə.Rəhimli Güney Azərbaycanda yaranmış təşkilatlardan və onların fəaliyyətlərindən bəhs edir.

 

             Kitabın növbəti hissəsi Azərbaycan Milli Hökumətinə və onun fəaliyyətinə həsr edilib. İlk dəfə olaraq Azərbaycan Milli Hökumət ilə mərkəzi dövlət arasında 1946-cı il iyunun 13-də bağlanmış müqavilənin mətni kitabda çap olunub. Təbii ki, bir məqalədə böyük zəhmət bahasına başa gəlmiş bu kitab haqda yazmaq mümkün deyil. Yuxarıda kitabdan bir sıra nümunələri həm də ona görə qeyd etdiki ki, problemlər bu gün də Güney Azərbaycanda qalmaqdadır. Çünki şah rejimi yıxılsa da, onu əvəz edən  teokratik hakimiyyət İranın indiki dövlətçiliyinin əsas ideologiyasını dəyişdirmədi. Başqa sözlə, panfarsizm ideologiyasını İslam pərdəsi altında yürütməkdədir. Bu gün də Azərbaycan türkünün milli varlığına qarşı hücumlar olmaqdadır. Hələ də ana dilində məktəblərdə yazıb oxumaq qadağandır. Hələ də Azərbaycan torpaqları çoxsaylı əyalətlərə bölünür. Rza şahdan üzü bəri davam edən iqtisadi siyasət bu gün də yürüdülür... Və nəhayət, Güneydəki Milli hərəkatın istəkləri 60 il öncəki kimi indi də tələb olunmaqdadır...