www.yurd.net

Ön söz

 

S.C.Pişəvərinin 1320-1325 (1941-1946)-ci illər arasında Azərbaycanda baş verən hadisələrlə əlaqədar xatirələri və mülahizələri oxucuya təqdim edilən kitabda öz əksini tapmışdır.

Müttəfiqlərin İrana daxil olması ilə diktatorluq rejiminin dağılması ölkədə yeni vəziyyətin yaranmasına səbəb oldu. Azərbaycanda xalq hərəkatı canlanmağa başladı. Müxtəlif cəmiyyətlər və təşkilatlar yarandı. Bu geniş xalq hərəkatının əleyhdarları da sakit oturmadılar. Pişəvəri Azərbaycanda başlanan azadlıq mübarizəsinin geniş miqyas almasını və buna qarşı çıxan dövlət idarələrinə yenidən başçılıq edən məmurların fitnələri barəsində geniş söz açır eyni zamanda dünyada azadlıq və demokratiyaya qarşı çıxan alman faşizminin avropada irəliləməsinə göz tikən mürtəce qüvvələrə mübarizə üçün Azərbaycanın qabaqcıl şəxsiyyətləri və zəhmətkeş iddələr faşizmə qarşı mübarizəyə qalxdılar və antifaşist təşkilatı yaratdılar. Pişəvəri Azərbaycanda digər təşkilatların yaranması barədə də öz xatirələrində geniş söz açıb, Azərbaycan Zəhmətkeşlər Təşkilatının yaranmasını geniş miqyasda izah edir və bu sahədə daha artıq fəaliyyət göstərən bir neçə nəfərin o cümlədən Israfil Gadiri, Hüseyn Rizvan, Əhməd İslamidən ad aparır və bu təşkilatın təkcə Təbrizdə yox, Azərbaycanın başqa şəhərlərində də yaranması haqqda məlumat verir. Azərbaycan Zəhmətkeşlər Təşkilatı əsasən aşağı təbəqəyə mənsub olduğu üçün Tehrana az əhəmiyyət verirdi. Bu təşkilatın rəhbərləri Azərbaycan dilinin yayılmasını və onun nə qədər əhəmiyyətə malik olduğunu dərk edirdilər. Azərbaycan zəhmətkeşlərinin xüsusilə fəhlə sinfinin mənafeini müdafiə edən Həmkarlar Ittifaqı da fəaliyyətə başladı. Həmkarlar ittifaqının yaradıcılarından olan Qulam Adəmpənava və Məşədi Qüdrət kəlkətəçi fabrikində fəhlələrin təşkilatlanması daha səmərəli oldu. Azərbaycan valisi Fəhimi yüksəlməkdə olan fəhlə hərəkatına və azadlıq uğrunda aparılan mübarizəyə qarşı fitnələrə əl atsa da xalq hərəkatının qarşısını almaq mümkün olmadı. Xəlil Inqilab kimi avantüristlərdən istifadə edərək, yeni Həmkarlar İttifaqının yaradılması da baş tutmadı. Baxmayaraq ki, Xəlil Inqilab özünün avantürist hərəkətləri ilə polis və fəhlələr arasında toqquşma yaranmasına zəmin hazırladı və nəhayət məğlubiyyətə uğrayan Xəlil İnqilab Tehrana sürgün edildi.

Möhtərzidə qeyd edək ki, Qulam Adəmpənava 21 Azər hərəkatının fəal iştirakçılarından biri olmuş. Ailəsi ilə və qardaşı Surxay ilə 1946-ci ilin dekabrında sovet Azərbaycanına mühacirət etmiş, və Ağdam şəhərində məskunlaşmı, uzun müddət ADF Ağdam şəhər komitəsinin sədri işdəmişdir.

Pişəvəri Azərbaycan cəmiyyəti adı ilə fəaliyyət göstərən təşkilata da öz münasibətini bildirib. Ilk dəfə Azərbaycan və Fars dilində çıxan “Azərbaycan” qəzetinin həmin cəmiyyətin orqanı kimi nəşr edilməsinə də geniş yer verib.

Pişəvərinin fiələrində “Azadlıq cəbhəsi” adlanan təşkilata da geniş yer verilir. “Azadlıq cəbhəsi” pişəvərinin təşəbbüsü ilə yaranmışdır. 40-dan artıq Tehranda və Təbrizdə  çıxan qəzetlər həmin cəbhə ətrafında birləşmişdir. “Azadlıq cəbhəsində” qəzet redaktorlarından başqa, tanınmış milli şəxsiyyətlər də iştirak edirdilər.

Pişəvəri Hizbi-Tudeyi-İranın Azərbaycan təşkilatının fəaliyyəti ilə əlaqədar öz düşüncə və mülahilələrini geniş formada izah etmişdi. Pişəvəri Hizbi-Tudənin Azərbaycan mühitinə uyğun gəlməyən çıxışlarını mənfi qiymətləndirir. Azərbaycanın geniş ictimaiyyətinin istəyinə uyğun gəlməyən radikal mövqedən çıxış etməsini günün təlabatına uyğun olmayan çıxış adlandırmışdı. Tehrandan Təbrizə gələn nümayəndələrin özündə də Ardaşes Ovanesyanın sol hərəkətləri, xüsusilə Liqvan hadisəsinin və Hacı Ehtişamın öldürülməsi, eyni zamanda bu hadisədə həlak olan Hizb üzvlərinin həlak olması, dövrün tələbatına zidd olan sol radikal hərəkat kimi qiymətləndirilmişdir.

Pişəvərinin 1945-ci ilin əvvəllərində Təbrizə gəlməsi və Azərbaycanın görkəmli ziyalıları ilə görüş keçirməsi, onu müasir Iran tarixində başladığı fəaliyyətin parlaq səhifələrini təşkil edir. Pişəvəri 1944-cü ildə Təbriz əhalisinin böyük əksəriyyətinin azad seçki yolu ilə inamını qazandı 14-cü məclisə nümayəndə seçildi. Lakin məclisin mürtəce nümayəndələri  onun etibarnaməsini ləğv etdilər. Pişəvəri bununla da deputatlıq hüququndan məhrum edildi. Beləliklə Pişəvəri Təbriz əhalisinin tanınmış və inanılmış rəhbərlərindən biri idi.

Azərbaycanda Pişəvərinin fəaliyyətinin yeni dövrü başlandı. Müttəfiqlərin Irandan çıxması ərəfəsində mürtəce qüvvələrin fəallaşmasına qarşı çıxaraq, yeni güclü geniş xalq kütləsinə arxalanan partiyanın yaranması zərurətini dərk etdi, belə bir partiyanın əsasını qoydu. 12 Şəhrivər bəyannaməsi həmin partiyanın yaranmasını bütün dünyaya elan etdi. Bu bəyannamə nə təkcə Iranda, bəlkə Qərb dünyasında da həyəcan siqnalı oldu. Pişəvərinin xatirələrinin böyük hissəsi bu dövrə, Şəhrivər 1324, Azər 1325-ci illərə (sentyabr 1945, dekabr 1946) təsadüf edir. Oxucu Pişəvərinin xatirələrində bu illərdə Azərbaycanda baş verən milli demokratik azadlıqların həyata keçirilməsi və xalqın bu hərəkatı inamla müdafiə etməsi və bu yolda çoxlu qurbanlar verməsi ilə tanış olacaqlar. Oxucuya səbir və hövsələ ilə Pişəvərinin düşüncələrini və xatirələrində əks olunan hadisələrin gedişini izləməyi və bu əvəzsiz əsərdən bu günkü və gələcək mübarizə üçün dərs ala biləcəyini arzu edirik.

                                                                                            Əmirəli Lahrudi