http://www.asmek.org:80/2008/09/iftar-ziyaftind-hbs-ediln-azrbaycanli.html

 

Güney] Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi – A S M E K
12 Sentyabr 2008

 

İFTAR ZİYAFƏTİNDƏ HƏBS EDİLƏN AZƏRBAYCANLI FƏALLARIN HARADA SAXLANDIQLARI BƏLLİ DEYİL

 

Çərşəmbə günü 2008 Sentyabrın 10-da güney Azərbaycanlı tanınmış siyasi məhbus Abbas Lisani-nin ailəsi şərəfinə verilən iftar qonaqlığında Abbas Lisani-nin həyat yoldaşı Rüqəyyə Lisani və övladları Sevda, AtilaOxtay daxil olmaqla təqribən 20 Azərbaycanlı həbsə alınıb. Həbsə alınanlar güney Azərbaycanın yazar, jurnalist, tələbə və mədəni fəallarıdır.

Bu saata qədər həbsə alınanlardan, 1 ilə yaxındır nəşrinə qadağa qoyulmuş "Dilmac" dərgisinin baş redaktor və imtiyaz sahibi, jurnalist və yazar Mühəndis Əlirza Sərrafi, jurnalist və yazar Mühəndis Həsən Raşidi, jurnalist və yazar Əkbər Azad, "Yaşmaq" dərgisinin redaktoru, şair Səid Muğanlı, Xoylu Abbas Nəimi, "Azərbaycan Gənclər Evi"nin keçmiş sədri, şair Əkrəm Nəccari (Abbas Nəimi-nin həyat yoldaşı), Azərbaycan Türkcəsi müəllimi Ərdəbilli Mehdi Nəimi, "Ulus" tələbə dərgisinin baş redaktoru Hüseyn Heydəri, Fərhad Rzayi, Şəhbaz İbrahimzadə, Məhəmməd Abbaspur, Rubab Əzimi Gərgəri, Yusuf Huşyar və iftar qonaqlığına ev sahibliyi edən Səyyad Məhəmmədiyan-ın (Ovçu) adları dəqiqləşib.

Tutulanlardan Abbas Lisani-nin ailəsi neçə saat sonra sərbəst buraxılsalar da digər tutulanların hansı ittihamla tutulmaları və harada saxlandıqları ilə əlaqəli məlumat yoxdur.

Kərəc şəhrində yaşayan Azərbaycanlı insan hüquqlaı müdafiəçisi Həsən Rəhimi Bayat isə cümə axşamı Sentyabrın 10-da Kərəc-də tutulub. Həsən Rəhimi son 2 ayda tutulan Azərbaycanlı tələbələr haqqında raporlar hazırlayıb, Radio "Farda" və Amerika Sesi Farsca bölümü TV-sinə müsahibə vermişdi. Mühəndis Rəhimi Miyanalıdır və Kərəc şəhrində yaşayır.

Həbsə alınanların arasında "Varlıq" dərgisinin yazarlarından da görünməkdədir. Əlirza Sərrafi, Həsən Raşidi və Əkbər Azad İranda ən uzun nəşr sabiqəsə olan Türkcə qəzet və bütün Türk dilli ölkələrdə tanınan Varlıq dərgisinin nəşrə başladığından bəri bu dərginin yazarlar heyətində olublar. Mühəndis Əlirza Sərrafi ayrıca İran höküməti tərəfindən nəşrinə son qoyulan "Dilmac" aylıq dərgisinin imtiyaz sahibi və baş redaktorudur. Sərrafi eyni zamanda Türk dili və folkloru müəllimi, siyasi aktivist və insan hüquqlaı müdafiəçisi kimi də tanınmaqdadır.

Mühəndis Həsən Raşidi və Əkbər Azad Varlıq dərgisindən əlavə "Keyhan-i Həvayi" qəzeti tərəfindən nəşr edilən "Yol" dərgisi, "Yarpaq", "Nəvid-i Azərbaycan" və "Umid-e Zəncan" kimi qəzetlerin də yazarlarından olublar. Onlar Azərbaycan uşaqlarına çeşidli proqramlar hazırlayan "Çiçəklər" Quruluşu-nun təsisçiləridirlər. 55 yaşlı Həsən Raşidi "Dilimizin Sadə Qrameri" və "Türk Dili və onun İrandakı mövqeyi" (Farsca) kitablarının yazarıdır. Həsən Raşidi May 2006 "İran" qəzetində Azərbaycanlıları təhqir edən məqalə və karikaturaya qarşı kütləvi etirazlardan sonra da 3 aya yaxın həbs edilib və sonra vəsiqə qarşısında sərbəst buraxılmışdı.

"Fərəngiz ilə Qırmızı Don" (Uşaqlar üçün) kitabının yazarı Əkbər Azad isə İyul 2004-cü ildə Azərbaycanlıların Bəzz (Babək) qalasındakı yürüyüşündə iştirak etdiyi üçün gözaltına alınıb, 67 gün işkəncə edilərək Əhər, Təbriz və Tehranda İran Ettelaat məmurları tərəfindən sorğu suala çekilmişdi. O vəsiqə qarşılığında sərbəst buraxıldıqdan sonra İnqilab məhkəməsi tərəfindən 1 il və Apellyasiya məhkəməsində 4 ay həbs cəzasına məhküm oldu. Azad həp sürəsinin qalan qısmı ilə əlaqıli Oktiyabr 2006-cı ildə Əhər zindanına göndərildi.

Sentyabr 10 və 11-də tutulanların arasında daha öncə həbs sabiqələri olan sadəcə Həsən Raşidi və Əkbər Azad deyil;

- "Yarpaq" qəzetinin keçmişdəki və "Yaşmaq" dərgisinin indiki redaktoru şair və jurnalist Səid Muğanlı (Məhəmmədi) da neçə dəfə, o cümlədən Dekabr 2002 və Aprel 2004-cü ildə gözaltına alınaraq İran Ettelaat məmurlar tərəfindən həftələr sorğu suala çəkilib. Səid Muğanlı son aylarda güney Azərbaycan şairləri arasında medya vasitəsi ilə keçirilın "Qızıl Alma" şer festivalının birincisi olmuşdu.

- Tehran şəhrində yaşayan Qoşaçaylı (Miyandab) milli aktivist Səyyad Məhəmmədiyan (Ovçu) Dekabr 2003-cü ildə İran Ettelaatı məmurların tərəfindən tutulub və 2 həftəyə yaxın İran təhlükəsizlik həbsxanasında saxlanılmışdı. Sentyabr 10-da verilən iftar qonaqlığına Tehranın Nəvvab küçəsində ev sahibliyi edən Məhəmmədiyan-ın evini təhlükəsizlik gücləri təftiş edib və onun bilgisayar və bəzi başqa əşyasını aparıblar.

- Azərbaycan Türkcəsinin müəllimi, şair və mədəni-siyasi aktivist Ərdəbilli Mehdi Nəimi Aprel 2005-ci ildə Ettelaat məmurları tərəfindən tutulub və 12 gün həbsdən sonra vəsiqə qarşılığında sərbəst buraxılmışdı.

SON İKİ AYDA TUTULAN TƏLƏBƏLƏR

Çərşəmbə ve cümə axşamı İranın Tehran və Kərəc şəhərlerində təqribən 20 Azərbaycanlının həbsə alınması ilə Son 2 ayda İranda həbsə alınan Azərbaycanlı yazar, jurnalist, insan hüquqları müdafiəçisi və tələbələrin sayısı 25 nəfəri aşıb.

İyulun 17-dən bəri ən azı 10 Azərbaycanlı tələbə həbs ediliblər. Həbs edilənlərdən sadəcə Vədud Əsədi və Şahrux Hatəmi sərbəst buraxıblar və digər 8 tələbə ailələri ilə görüş imkanı və vəkillə təmin olmadan İran Ettelaat-ının həbsxanalarında saxlanılırlar. Məhbuslarən ailələri onlara tətbiq olan ehtimali işkəncələrə görə niyarançılıqlarını bildiriblər. İyulun 17-də Təbriz Universitetində tutulan Səccad Radmehr, Fəraz Zehtab, Aydın XaceiDaryuş Hatəmi (Elçin), Avqustun 20-də həbsə alınan Mənsur ƏminiyanMəqsud Əhdi, Avqustun 13-də Təbrizdə tutulan Əmir Mərdani və Avqustun 31-də Xoy şəhrində tutulan Məcid Makuyizad-ın (Elyar Xoylu) ailələri İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Haşimi Şahrudi-yə açıq məktub yazıblar. Ailələr məhbuslara yaxınalrı ilə göruşmə və vəkillə təmin olma haqqı istəyiblər.

BAŞQA MƏHBUSLAR

Xatırlatmaq lazimdir ki məhbusların ailələri və insan hüquqları müdafiəçilərinin İran təlükəsizlik gücləri tərəfindən hədə-qorxulara məruz qaldıqları üçün, İran zindanlarında həbsdə olan onlar Azərbaycanlının haqqında dəqiq məlumat əldə etmək mümkün deyildir. Bu nədənlə Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi, ASMEK, yayımladığı raporların dəqiq, ancaq kamil olmadığını bildirir. Yuxarıda qeyd olan adlardan əlavə Hali hazırda həbsdə olanların adları ASMEK-in dəqiqləşdirdiyi bilgilərə görə bunlardır;

- Abbas Lisani, Güney Azərbaycanın tanınmış siyasi və mədəni aktivisti Abbas Lisani, İyun 2006-cı ildən bəri həbsdədir, o həbs edilənləndən sonra məruz qaldığı basqılardan dolayı dəfələrcə uzun sürəli aclıq aksiayaları keçirib. 2008 Martın 6-da həyat yoldaşı və 3 övladı yaşayan Azərbaycanın Ərdəbil şəhərindən təxminən 2000 Km uzaqda olan İranın Yəzd şəhərindəki həbsxanaya köçürülüb. Rüqəyyə Lisani 2008 Mart ayında həyat yoldaşını görmək üçün 13, 10 və 9 yaşlarında olan uşaqları ilə birlikdə Yəzd şəhrinin zindanına getdiklərini ancaq saatlar intizardan sonra sadəcə 10 dəqiqə görüşə bildiklərini ASMEK-ə bildirib. Onun dediyinə görə ancaq kiçik uşağın ağlaması səbəbi ilə görüşə imkan verilib. Bu ağır şərtlərin nədəni ilə 6 aya yaxındır başqa mülaqat gerçəkləşməyib.

- Mehdi Nuri (Elman), Sulduz özel Azad Universiteti’nin tələbəsidir. May 2006 etirazları ilə ilgili Sulduzda (Nəqədə) tutulub və 80 gün işkəncəylə birlikdə sorğu suala çəkildikdən sonra sərbəst buraxıldı. Mehdi Nuri azadlıqdan sonra məhkəmə tərəfindən 2 il həbsə məhküm edilib və 2007 Mayın 8-də tutularaq təkrar zindana göndərildi. İndi isə Təbriz zindanının mali bölməsində saxlanılır.

- Əhməd Hüseynpur, Avqustun 30-da Təbrizdə tutulub və harada saxlanıldığı bəlli deyil.

- Həmid Rustəmi (Arğış), 2008 May ayında Xoy zindanına göndərilib, "Qarlı Ərk" və "... və Senin Hekayələrim" adlı hekayə topluların yazarı və jurnalist Həmid Arğış 2007 Fevralın 21-də dünya ana dili günü aksiyalarında iştirak etmək istədiyi üçün mühakimə olub! Batı Azərbaycan məhkəməsi tərəfindən ona verilən hökmdə 1 il həbs və 2 il Bicar şəhrinə sürgün edilmeyə məhküm edilərək, 3 il boyunca bütün əsərlər və yazılarının nəşrinə qadağa qoyulub.

Hüccət-ül-İslam Əbduləziz Əzimi Qədim, 2008 Mayın 2-də Qum şəhrinin Ləngrud zindanına göndərilib. O din adamıdır və bundan öncə Təbriz, Ərdəbil və Qum şəhərlərində ən azı 4 dəfə həbs edilib.

- Arif Ulufi 2008 Mayın 31-də Urmiyə zindanına göndərilib, Nəxcəvan Universitetinin tələbəsidir, 2007 Fevralın 21-də dünya ana dili günü aksiyalarında iştirakı üçün mühakimə olub.

- İbrahim Cəfərzadə İyunun 21-də Xoy zindanına göndərilib, Xoy şəhrində fəaliyət edən "Əvrin" qeyri hökümət təşkilatının sədri olub, siyasi və mədəni fəaliyətləri üçün 1999-cu ildən bəri ən azı 7 dəfə həbs edilib, son dəfə 2007 Fevralın 21-də dünya ana dili günü aksiyalarında iştirak etmək istədiyi üçün mühakimə olub! Batı Azərbaycan məhkəməsi tərəfindən ona verilən son hökmdə, 1 il həbs və 2 il İran-ın güneyində yerləşən Brazcan şəhrinə sürgün edilmeyə məhküm edilərək bütün siyasi-ictimai fəaliyətlərinə 3 il, millət vəkilliyi və şəhər şuraları seçimlərində namizədliyinə isə bir dönəm (4 il) qadağa qoyulub.

- İbrahim Rəşidi (Savalan), 2008 Avqustun 5-də Uemiyə zindanına göndərilib, şair və yazardır. Azərbaycan tələbə hərəkatında önəmli rolu olan İbrahim Rəşidi Urmiyə Universitetinin mexanika mühəndisi fakültəsinin məzunu "Azər torpaq" qeyri hökümət təşkilatının qurucusu, Urmiyə universitetinin "Ustad Şərhiyar" dərnəyinin sədri, "Ulduz", "Bulud", "Baxış" və "Oyanış" dərgilərinin redaktoru olub. Keçmişdə də ən azı 5 dəfə Urmiyə, Tehran, Əhər və Ərdəbil şəhərlərinin həbsxanalarında saxlanılıb.

- Məhəmməd Nəsiri, 2008 Avqust ayında 6 ay həbs sürəsinə çəkmək üçün, batı Azərbaycanın Makı şəhərində zindana göndərilib.

- Əli Əbbasi, Ərdəbil zindanında.

Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi, ASMEK, İran hökümətinin Azərbaycanlı mədəni-siyasi aktivistlər, yazarlar, jurnalistlər, insan hüquqları müdafiəçiləri və tələbələrin həbsə alınmasını beynəlxalq qanunların əleyhinə olaraq dəyərləndirir. ASMEK-ə daxil olan məlumata əsasən məhbusların ailələri onların haqqında hər hansı məlumat buraxmamaq üçün qorxudulublar. Təbriz Universitetinin tələbəsi Mənsur Əminiyan-ın ailəsinə hər hansı qəzet və radioya müsahibə verdikləri təqdirdə daha artıq basqıllarla üzləşəcəklərini deyiblər. Qorxudulan ailədən medya tərəfindən müraciət olunanda "hər hansı bir yaxınları həbsə alənmayıb" şəklində danışmaqları istənilir. ASMEK göz altına alınanlardan neçəsinin vəkillə təmin olmadıqları və etiraf vermək üçün işkəncəyə məruz qaldıqlarını təsbit edib. Onların hamısının bənzər durumda olduqları təxmin edilir. ASMEK İran höküməti və məhkəmələr məsullarını beynəlxalq qanunlar və İran dövlətinin də qol çəkdiyi insan hüquqları anlaşmalarına uymağa çağırır.

 

Bütün siyasi ve əqidə məhbuslarının azadlığı diləyi ilə

12 Sentyabr 2008

Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi – A S M E K

Sözçü: Əlirza Quluncu

quluncu@gmail.com