Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)

 

22 May qiyamının ikinci ildönümü münasibəti ilə

"Durna" cəmiyyətinin seminarında çıxış mətni

Stockholm, 17 may 2008

 

 

 

Əziz seminar iştirakçıları,

 

Bugün mən istərdim 22 May Güney Azərbaycanın 22 şəhərlərində “İran” qəzetinin azərbaycanlılara təhqir etməsinə etiraz olaraq 100 minlərdən artıq soydaşlarımızın küçə yürüşlərinə çıxaraq meydanlarda səsləndirdikləri əsas – “Haray, haray, mən türkəm!”, “Mənim dilim ölən deyil, fars dilinə dönən deyil!”, “Azərbaycan oyaqdır, kimliyinə dayaqdır!”, “Ana dilində mədrəsə, gərək olsun hər kəsə!” şüarlarının məzmun və mahiyyəti barədə fikirlərimi Sizinlə paylaşam. Daha doğrusu milli kimliyimizi, milli mədəniyyətimizi, milli maariflənməyimizin tələbini əks etdirən bu şüarlar barədə və bizə cəli milli kimlik yaratmanın tarixi və ona qarşı mübarizə barədə fikri və fərhəngi nöqteyi nəzərdən mülahizələrimi söyləyəm.

 

 

 

Milli kimliyimiz və milli mədəniyyətimiz başqa məqulələr kimi tarixi, ictimai, siyasi və fərhəngi məqulələrdirlər. Milli kimliyimiz, xalqımız yaranandan, milli mədəniyyətimizin ömrü isə mədəniyyətimizin ömrü qədərdir. Bunlar, həm siyasi və ideolojiki kateqoriya və həm də mədəni kateqoriya olaraq millətimizin üzvlərini birləşdirir, bizi həmdəm edir, həmdərd edir, həmrəy edir, həmrəng edir. Bugün xalqımızın yaşadığı yurdlar, ən qədimdən bizim  yəni türk xalqlarının vətəni olmuşdur. Və biz həmin torpaqlarda öz tariximizi və mədəniyyətimizi yaratmışıq. Əgər qədim tariximizi Sasani şahları aradan aparıblarsa, keçmişimiz Avropa tarixçilərinin əsərlərində səbt olub qalmışdır. Ərdəşir-e Sasani, bizim qədim tariximizi məhv edib aradan aparmaqla, bizim vaqeyi kök və mənşəmizin sənədlərini məhv etməklə, kökümüzü ariya nejadına farslara bağlamağa cəhd etmişdir. Sasanilər və Həxamənişilər barədə yaradılan uydurma tarix, türk elləri və hakimiyyətlərini danaraq, yalnız farsların hakimiyyətdə olmaqlarını qeyd etmişdir. Hal bu ki, tarix boyu türk elləri bu yerlərin yerli xalqları və hakimləri olmuşdur. Elə ona görə də, yüzminlərlə soydaşımızın “Haray, haray, mən türkəm!” deyə hayqırtısı, əsirlərdən gələn ulubabalarımızın sehirli səsləridir. Onların həqiqi nəfəsləridir. Onların ruhlarıdır ki, Azərbaycan torpaqlarında yaratdıqları kənd və şəhərlərdə, küçə-bə-küçə, ev-bə-ev səslənir və öz yurduna malik olduğunu haraylayır. Mədəniyyətimizə gəldikdə isə, xalqımızın tarixən yaratdığı dilimiz və onunla söylənən nağıllar, bayatılar, əfsanələr, lətifələr, mahnılar, vəsfi-hallar, laylalar, oxşamalar, tapmacalar, yanıltmaclar, ağılar, şəbihlər, xalq dramları, nəğmələr, atalar sözləri və məsəllər, dastanlar, aşıq poeziyasının rəngarəng söz inciləri ölməzdir və bugün dünyanın ağıl-hikmət nümunələri və gözəllik və müdriklik rəmzidir. “Mənim dilim ölən deyil, fars dilinə dönən deyil!” şüarı, bu yüksək mədəniyyətin keşiyində dayanan Azərbaycanın 22 şəhərində yaşayan yüzminlərlə soydaşlarımızın nidası və xəbərdarlığıdır.

 

 

 

Ancaq, iki il öncə şahid olduğumuz kimi Güney Azərbaycanda xalqımızın dinc yol ilə meydana gəlib, təhqirə, tohinə və apartheida qarşı üsyan və qiyam etməsi, əsas istəklərini nümayiş etdirən “Azərbaycan oyaqdır, kimliyinə dayaqdır” sözünə cavab verən İran İslam Respublikasının reaksiyası həmişəki kimi zorakılıq, top-tüfəng, həbs-zindan, işkəncə, ölüm, daha istibdad, təbiz və apartheid siyasəti olmuşdur ki, bu da məsələnin həllinə yox, əksinə böhranın dərinləşməsinə yardım etdi. Biz bu seminarda qiyamda zərər çəkən əzizlərimizlə həmdərdliyimizi bildiririk və qurbaniləri hər zaman ürəklərimizdə yaşadacağımızı təkid edirik. Madam ki hərhansı bir kültür, milliyyət, dini firqə, siyasi qrup və müəyyən zümrə və ya təbəqənin ideologiyası – hərhansı adda olursa-olsun istər din, istər ölkə, istər ümmət, istər millət, istərsə səltənət və ya cumhuriyyət, və yaxud imam-müctehid, vəzir-vəkil, şah və darğa adı ilə, hakimiyyəti qəbzələyir və azadlığa, həmrəyliyə, həmdərdliyə, əməkdaşlığa müsalimətcə xalqların biri-birinin kənarında yaşamağa, təbii insan haqlarının həyata keçirilməsinə imkan vermir və xalqımıza “iranlı” adında yalnış kimlik, “farsca” adında dil, “ariyaizm” adında irq, “pəhləvizm” adında qondarma tarix, “islam fundamentalizmi” adında cəhalət və mövhümat və ya hərhansı zəhərli ideologiya sırayırsa, 22 May qiyamları həm Güney Azərbaycanda və həm də İran adlanan ölkənin başqa yerlərində baş verəcəkdir. Və bu da təbii, tarixi və məntiqi qayda və qanundur. Bu qiyamlar xalqımızın tarixində minillərcə zülmkara, işqalçılara qarşı davam edib və XIX əsrin sonlarından yeni zirvələrə çatmışdır. Madam ki, zorakılıq, işqalçılıq, əritmə siyasəti və şovinizmlə qarşı-qarşıyayıq, qiyamlarımız da qaçırılmazdır və onların xatirələri də unudulmazdır. 22 May qiyamını əzizləmək üçün buraya yığışan soydaşlarımızı alqışlayaraq, həmin qiyamlardan, Babək, Məşrutə, Şeyx Məhəmməd Xiyabani, Pesyan və 21 Azər Hərəkatları, 29 Bəhmən və 22 May qiyamlarını dönə-dönə xatırlatmalıyıq.

 

 

 

Hörmətli seminar iştirakçıları,

Bizə qarşı olan fars şovinizmi, bir tarixi, ictimai, idari, inzibati, fəlsəfi sistem kimi, bir sıra daxili və xarici faktorların məhsuludur və apartheid məqsəd və hədəfləri daşıyır. Bu fenomenlə biz Afrikada, Avropada, Amerikada tanışıq. Bizim ölkədə isə həmin fenomen, panfarsizm, iranizm, paniranizm, fars şovinizmi, ariyaizm, pəhləvizm adları ilə məşhurdur. Etiraf etməliyik ki, onun, XIX əsrdə vətənimizdə yaranıb hakim olmasında Azərbaycan türklərinin rolu olmuşdur.

 

 

 

İranizm bir nasionalisti cərəyan kimi Qacar dövrünün son illərində mədəni, siyasi və ictimai sahələrdə meydana gəlmiş, bugünədək hakimiyyət ideologiyasının böyük hissəsini əhatə edərək yaşamaqdadır. Pəhləvi dövründə dövlət ideologiyası olaraq türk, ərəb, bəluç, türkmən və sair xalqların inkişafı qarşısında əsas maneəni təşkil etdi. Şah rejimini devirən inqilabdan sonra iranizmlə islamizmin qarışığının möhtəvasını daşıyan islami rejim, ayağa qalxan və Ariyamehrin şovinizm və istibdad zəncirini qıran ərəb, türkmən, bəluç, Azərbaycan xalqlarına divan tutub, yenidən bizləri zülm altında yaşamağa məcbur etdi. Nə üçün bu cərəyan meydana gəldi sualının cavabında demək lazımdır ki, Nasrəddinşah dövründən başlayaraq Rzaşah dövründə hakimiyyətə gəlmiş, Məhəmmədrzaşah vaxtında zirvəyə çatmış və İran İslam Respublikasında islam fundamentalizmi ilə qarışıb, İranda yaşayan xalqları əritməyə məşqul olan bu ariyaizm ideyası, nasionalizm növündəndir – özü də geriçi və şovinisti hissəsi. Bəs o dövrdə nasionalizmin mütərəqqi hissəsi hansı idi?

 

 

 

Qacar dövründə Azərbaycan ziyalıları, ruhaniləri, Qacar dövlətinin zəif cəhətlərini və türk xalqlarının fəlakətlə üzləşdiyini və müharibələrdə məğlubiyyətini görürdülər. Başqa tərəfdən Avropa ölkələrinin hərtərəfli inkişafını müşahidə edərək, çarə yolları axtarmaq fikrinə düşmüşdülər və əlbəttə doğrudan da Avropanın elminə, yüksək ixtisaslarına, maddi və mənəvi inkişaflarına, ixtiralarına, texniki, sənəti, insani və hünəri inkişafına maraq göstərirdilər. Yəni Avropada gedən renesansı düşünüb, Qacar dövlətinin ərazisində tənzimat yaratmaq fikrində idilər. Rusiya və İngiltərənin istemarçı niyyətlərinin və planlarının qarşısını almaqla bərabər ölkəyə müstəqil iqtisadiyyat, müstəqil siyasi-hakimiyyət, mədəniyyətin inkişafı, vətəni və onun sərvətlərini qorumaq və müdafiə etmək və cəmiyyətin bütün maddi və mənəvi ehtiyaclarını ödəmək, bir sözlə desək, millətləşmə və demokratikləşmə prosesini mövcud cəmiyyətdə sürətləndirmək niyyətində idilər. Bu adamlar, həqiqi türk nasionalistləri və demokrat vətənpərvərlər idilər. Kor və kəzayi nasionalistlər isə istemar, istismar və 3-cü dünya ölkələrində özlərinə bazar və xam mal axtaran və öz mənfəətlərini güdən ölkələrə nökər və qulluqçu olmaq istəyənlər idilər ki, Avropanın istemarçı apartheid nasionalizmindən təqlid edərək ifratçı şovinisti təmayüllərlə vaqeyyətdən uzaq amac və ideallar ardını irəli sürürdülər –ki, hədəfləri azad etmək yox tabe etmək, müstəqil olmaq yox kölə yaratmaq idi.

 

 

 

Düzdür, Məşrutə Hərəkatında liberalisti cərəyandan tutmuş, ittihad-e islam, nasionalisti, yeniləşmə və demokratik cərəyanlar mövcud idi ki, onları biri birindən ayırmaq çətin və ya hər bir cərəyanı təkcə xalis görmək mümkün deyildi. Amma mütərəqqi nationalism və kor natsionalism bir sikkənin iki üzü kimi bu hərəkatın sütun-i fəqaratını təşkil edirdi.

 

 

 

Birinci qrup yəni mütərəqqi nasionalistlər, çıxış yolunu feodal Qacar sistemini yeniləşdirməkdə görən ziyalılarımız idi ki, bunu, istibdadı aradan qaldırmaq, parlament yolu ilə qanun və qayda qoymaq və həmin qanunu ölkədə hakim etmək, azadlığı təmin etmək, cəmiyyəti aktivləşdirməkdə düşünürdülər. Xalqımızı maarifləndirmək yolu ilə - məktəblər açmaqla, qəzet və jurnallar buraxmaqla bu fikri geniş yayaraq, həmin hədəflərə qulluq edən Məşrutə İnqilabını meydana gətirdilər və feodal Qacar dövlətinin strukturlarını dəyişdirməklə, islahat aparmaqla dövləti modernləşdirməyə cəhd edirdilər. Bu prosesdə milli ideologiya yaratmağa da çalışırdılar. Lakin, rus və ingiltərə dövlətlərinin ölkədaxili məsələlərdə cür-bə-cür müdaxiləsi, məşrutə hərəkatının müxaliflərinin müqavimətləri, totələri və tormozlamaları, məşrutə tərəfdarlarının daxilində çəkişmələr və buraxılan siyasi və ideoloji səhvlər, məhəlli orqanların məqampərəstlikləri, əşirə başçılarının qüdrəttələblikləri, həmçinin əməldə ölkənin Rus və İngiltərə imperiyası arasında bölünməsi faktorları əl-ələ verərək, Qacar imperasiyasının hakim olduğu ölkənin günü-gündən kiçilməsi, zəifləməsi və parçalanmasına gətirib çıxarması, ikinci qrup yəni kor nasionalistlərin ideologiyasının həyata keçirilməsinə şərait yaratdı. Yaxşı niyyətlə yaradılan Məşrutə İnqilabı, nəhayət möhtəvası dəyişdirilərək, şərr dağarçığına çevrildi və kor nasionalism mütərəqqi nasionalismə qalib gəldi. Belə ki, bugün biz 100 il bundan əvvəlkindən də geri bir məqamda saxlanılmışıq – qurduğumuz milli maarifləndirici məktəb və mədrəsələrdən bugün hətta biri də yoxdur, nə varsa xalqımızı assimilasiya və əritmə obyektləridir. Odur ki 22 may qiyamında yürüşə çıxanlar haqlı olaraq meydana gəlib, öz milli iradələrini ortaya qoyub, yenidən tələb etdilər ki, “Ana dilində mədrəsə, gərək olsun hər kəsə!”. Bugün də keçmişdəki səhvləri təkrar etsək, təbii ki 100 il keçsə də bugünkü kimi yenə bir məktəb də əldə edə bilməyəcəyik. Əsas səhvlər nədir?

 

 

 

Məşrutə ərəfəsində, “Məktubat-e Kəmalüddövlə” kitabının müəllifi Mirzə Fətəli Axundov, “Nameye Xosravan” kitabını yazan Cəlaləddin Mirzə Qacar və onların ardınca gedən Mirza Ağaxan-e Kirmani, bir sıra yalnış mədəni və tarixi faktorlardan istifadə etdilər. Onlar, islamdan əvvəl dövrə qayıdarkən zərdüştlüyü, sasani və həxamənişi imperiyalarını nümunə göstərərək, fars dilində yazmağı təbliğ etdilər, Hindistandakı fars zərdüştlərdən adət-ənənə öyrənmək və onlardan təqlid etməyi tövsiyə etdilər, və bizim də güya ariyayi olduğumuzu bizə inandırmağa çalışdılar.

 

 

 

To humayun məhd-e zərtoşti o fərzəndane to

Pur-e iranənd o pak ainnəjad-e ariyan

 

 

 

Bununla da bizə cəli kimlik sıramaqda böyük səhvə və xəyanətə yol verdilər. Türk xalqlarının dövləti olan Qacarı yeniləşdirmək istəyən fəallar, dil, din, etnik mənsubiyyət, müştərək hissiyyat, müştərək tale, vahid mədəniyyət faktorlarına lazımı qiymət verməyi bacarmayan və xalqımızın tarixini düzgün araşdırmağa qadir ola bilməyən həmin adamlar, naqis, eybəcər, şübhəli Sasani və Həxaminişi tarixini yaradan istemarçı qüvvələrin yazarlarının yazılarını – o cümlədən Rallinson, Sercan Mülkim, Dopron, Qobino, Ernest Ronan, Bornov, Pasmer və Hambulettin yazılarını kopi edib, bizə, üzdən-iraq milli ideologiya yaratmağa cəhd göstərdilər və “iran nasionalizmi”, “iran milləti”, “iran mədəniyyəti”, “iran tarixi” və s kimi terminlər yaratmağa başladılar. İdeyasını Mirzə Fətəli Axundovdan alan Mirzə Ağaxane Kirmani “Yeksəd Xitabə”sində yazır: “... əndame motədele xosrov və xorame delarame şirin, və qəddo balaye bəhram, və sine o bazuye rostəm və yal o kupale fəramərz və heyyəto heybət o cəladət o səlabəte qudərz və veqar o aram e cəmşid və sima o çehreye mənuçehr və roxo quneye fərrux və kəlle o səre kave-ye ahəngər və form-e dəmağe camasb və çəşm o əbruye löhrasb və gərdən o şaneye Ənuşirəvan, xubiye şəkl o qəşəngiye şəmayele iraniyan ra xub neşan midəhəd”. Göründüyü kimi, burada “iraniyan” kəliməsinin altında farslar özlərini çox məharətlə gizlədib, irqçiliyi aşkara təbliğ edirlər. Bəlkəm də, Hitler sonralar dərsini Mirzə Ağaxan-e Kirmanidən öyrənib!

 

 

 

“İran-e No” qəzetinin 134-cü nömrəsində 1910-cu il 16 fevralda, yazılır: “Ma bayəd melləti təşkil bedəhim ke, dər zəbanha və şivehaye moxtəlef təkəllom numude və be ayinhaye motəfərreqeye xoda pərəsteş nomayənd –ke esme u İrani həst. Əz emruz dər İran nə mosəlman, nə zərtoşti, nə ərməni, nə yəhudi, nə fars və nə tork bude. Fəqət yek İrani həst. Ma yek mellət həstim”. Bu həmin “bir millət – bir dövlət” nəzəriyyəsinin təməl daşıdır ki, sonralar Rzaxan diktatorcasına 20 il onu həyata keçirməklə məşqul idi.

 

 

 

Kəsrəvi, “Azəri ya zəbane bastane azərbaycan və şəhriyarane qomnamn” adlı kitabında çalışırdı ki, Azərbaycanı ariyayilərin vətəni tanıtdırsın və ariyayilərin də qədim əsil dili güya azəri olmuşdur ki, onun fikrincə türk dili azəri dilini məhv edibdir.

 

 

 

Bu səhvlərlə bərabər, Məşrutə Hərəkatının yaratdığı azad mühitdən, dini və etnik azlıqlar xüsusilə də farslar, ermənilər və zərdüştlər istemarçı xarici imperialarin köməyi ilə bəhrələnməyə çalışdılar və buraxılan səhvlərdən lazımı qədər istifadə etdilər.

 

 

 

Bu dövrdə həmin növ nasionalizm Rzaxanı əsil iranlı ailədən hesab edir və türk Qacar padşahlarına üstün sayırdı. Əsas səy bundan ibarət idi ki, türk kimliyini götürüb, təzə kimlik -  yəni qondarma iranlı kimliyi yaradılsın. Avropa istemarçıları da bekar oturmamış və yaranmış mühitdən lazımı istifadəni edərək, istədikləri möhrələri işüstə gətirməyə çalışıb, türk Qacar dövlətini kudeta yolu ilə devirərək, ölkənin nicatını müstəbid, mütəmərkiz dövlətin işüstə gəlməsində görməyi təbliğ edib və həyata keçirtdilər. Məmləkəti hərcmərclikdən qurtarmağı bəhanə göstərən kodetaçılar, türkləri yanıltdılar. Bu işdə o dövrdə nəşr olan “Kavə” jurnalı (yazıçıları: Məhəmmədəli Camalzadə, Kazımzadeye İranşəhr, Ələvi, İbrahim Purdavud, Mənuçehr Fərsad, Əbulhəsəne Həkimi, Mirzə Məhəmməd Qəzvini, Təğizdə), “İranşəhr” jurnalı (yazıçıları: Müşviq Kazımi, Rəşid Yasəmi, Rzazadə Şəfəq, İqbal Aştiyani, Məhəmməd Qəzvini, Hüseyn Kazımzadə) və “Firəngistan” jurnalı böyük rol oynadılar. Onların fikrincə güclü mərkəzi hökümətin olması üçün, məhəlli firqələrin, milli dillərin, milli adət-ənənə və geyimlərinin aradan getməsi lazım idi.

 

 

 

O zaman ki, jurnalistlər, şairlər və siyasətçilər belə səhnələri bəzəyib hazırladılar, Rzaxan və onun ətrafındakı hərbçilər meydana gəldilər. Rzaxan belə bir dalğaya minməyi bacardı və qüdrətə gəldi. O, türklərinin dövlətçilik sistem və ənənəsinə sahiblənərək bir sıra üzdən iraq qəzetçi, şair, ziyalı, hərbçi, vəkil və vəziri ətrafında topladı. Eşqi, Arif, Fərruxi kimi şairlər, Süleyman Mirzə İskəndəri, Davər, Teymur Taş, sərhəng Həbibulla Şeybani, sərtib Əmir Əhmədi, Yəzdanpənah və Əmirtəhmasibi kimilər Rzaxanın ətrafında toplaşdılar. 3 isfənd Rzaxanın kodeta günündə İngiltərəlilər xarici amil rolunu oynasalar da daxili amil təmərküz tərəfdarı olan kor və irticai fars nasionalizmi idi. Həmin təmərküz adına Xiyabani, Mirzə Kiçikxan, Heydərəmoğlu və Pesyan namərdcəsinə öldürüldülər və 21 Azər Hərəkatı da qan dəryasında boğuldu. Təqribən eyni qəzzax qüvvəsi – Rzaxan daxil olmaqla, Məşrutə dövründə Təbrizə, sonralar Rəştə və daha sonra Məşədə göndərilmişdi. Və nəhayət həmin qəzzax başçısı Rzaxan kodeta etdi və həmədanlı Eşqilər və qəzvinli Ariflər kodetadan himayə etdilər.

 

 

 

Tac-e Key Xosrov-o təxt-e cəm əgər abruyi

Daşt, an abru in şah-e gəda (Əhməd şah) xahəd bord.

Bad sərdar-e sepəh zende dər İran aref,

Keşvər-e rub-e fəna ra be bəqa xahəd bord.

 

 

 

Bu yazıçı və şairlər o vaxt öz səhvlərini başa düşdülər ki, Rzaxan Rzaşaha çevrilmişdi və geriçi İran nasionalizmi, diktatorun əlində vasitəyə çevrilərək mədəni və siyasi azadlıqlarla və millətin öz müqəddəratını təyyin etməsi ilə ziddiyyətdə idi.

 

 

 

Rzaşah iş üstə gəldikdə, sanki ölkədə farslardan və ariyailərdən başqa kimsə yaşamamış kimi, məhəlli yerlərin adları dəyişilir, ərəb və türk ayların adları fərvərdin-ordubeheştə çevrilir, qəməri il şəmsiyə çevrilir, Firdovsinin minilliyi qeyd olunur, türk dilinə qadağa qoyulur, fars dili dövlət dili statusu alır, beyin yuma mexanizmi işə salınaraq, pəhləvi papağı, pəhləvi dili icad edilir.

 

 

 

Ma həme kudəkane iranim

Madəre xiş ra negəhbanim

Həme əz poşte keyqobad o cəmim

Həme əz nəsle pur dəstanim

Zadeye Kuroş o Həxaməneşim

Bəççeye qarən o Nərimanim

Pesəre mehrdad o Fərhadim

Tireye ərdəşir o sasanim.

Parsizadeyim o paksereşt

Nəjade qədime ariyayim.

 

 

 

Yeri-göyü anti-türk və anti-ərəb propaqandası götürür.

 

 

Nesve zəban ra ərəb əz beyn bord,

Nime degər ləhceye torkan sepord.

 

 

 

Mahmud Əfşar Azərbaycan üçün təklif edirdi ki, türk dilində danışmağa qadağa qoyulsun, Azərbaycan türkləri fars məntəqələrinə köçürülsün, Azərbaycanın adı və onun sərhədləri məhv edilsin.

 

 

 

Təbii ki, bu kimi anti-Azərbaycan siyasətinin anti-tezi də azərbaycançılığın güclü surətdə meydana gəlməsidir. Tarix boyu Azərbaycanın özünün taleyi və tarixi olub. Mümbüt yerləri, çalışqan xalqımızın işi, zəhməti nəticəsində bol və firavan iqtisadiyyatı olub və stratejiki nöqteyi nəzərdən xaricilərin hücumlarına məruz qalsa da öz varlığını qoruyub saxlaya bilmişdir və həmişə də azərbaycanlı kimi özünü tanıyıb və bu adla da dünyada və ən əski tarixlərdə adını yaşadıbdır. Ancaq Məşrutə dövrünün kor nasionalistləri və Rzaxan, onun oğlu və bugünkü rejimdir ki, azərbaycanlını iranlı kimi tanıtmağa cəhd göstərir. Keçmişdə də Azərbaycan, türk dövlətlərinin idarəçiliyində özünəməxsus rolu olmuş, xüsusən Təbrizin ölkənin siyasi taleyində həlledici rolu olmuşdur. Bugün də elə qiyamlar Təbrizdən qalxır. Göründüyü kimi, Rzaşah qovulandan sonra ilkin fürsətdə Azərbaycan türkləri milli hökümətlərini qurdular və bir ilin ərzində Azərbaycanın inkişafı üçün Pişəvərinin gördüyü işləri, Rzaşah 20 il ərzində edə bilmədi. Təssüflə növbəti dəfə Rzaşahın oğlu Məhəmmədrza Amerikaya söykənərək, atasının şovinist və apartheid siyasətini davam etdirərək, Milli Hökümətimizi qan dəryasında boğdu. Onun paniranizm dərəcəsi oraya çatdı ki, özünü Şahənşah-e Ariyamehr elan edərək, bunu və Şahın Ağ İnqilabını qəbul etməyənlərin ölkədən qovulmalarının əmrini verdi. Ancaq 29 Bəhməndə, yenə də qəhrəman Təbriz ayağa qalxmaqla, Ariyamehr-Pəhləvi şahənşahlıq rejiminə son qoydu. Yerinə gələn islam rejimi tarixdən ibrət almayaraq, ondan əvvəlkilərin kor natsionalist və şovinisti siyasətini bu dəfə dinlə qarışdırıb, yenə də Azərbaycan xalqını əritmə cəhdlərini davam etdirdi. Lakin, 22 May 2006-da, xalqımız ayağa qalxdı! Bununla, “Haray, haray, mən türkəm!” deyərək fars şovinist dövlətinin qarşısında türklüyü bir daha təsdiqlədi, milli haqlarının tələbini ortaya qoydu, özünün yüksək milli şüura malik olduğunu və ancaq öz qüdrətinə-gücünə güvəndiyini dilə gətirdi, birliyi təmin etməyi təmrin etdi, bizi təhqir edən şovinizmlə üz-üzə durub onu üzr istəməyə məcbur etdi, özümüzlə özgə arasında sərhəd qoydu və bu sərhəddi hüquqi mərzlərlə müşəxxəs etdi. 22 Mayda, Azərbaycan türkü ona qarşı olan qüvvələrə rəsmən ultimatum verdi və “Azərbaycan oyaqdır, kimliyinə dayaqdır!” sözü ilə hakimiyyətə xəbərdarlıq verdi.

 

 

 

22 may qiyamının müvəqqəti məğlub olma səbəbləri, şovinisti islami rejiminin həddindən artıq ölkənin imkanatını öz əlində toplaşdırması, qiyama qarşı hərbi qüvvələrdən istifadə etməsi, qiyamçılar arasında təfrəqə salma imkanlarının geniş olması, qiyamçıların polis tərəfindən şiddətlə təqib olunmaları və KİV-ə əl tapmamaları, qiyamçılararası pərakəndəlik, beynəlxalq təşkilatlar, dünya ictimaiyyatı və böyük dövlətlərin qiyama etinasızlığı, xaricdəki Azərbaycan icmalarının çox olmasına baxmayaraq onların bir çoxunun siyasi və mütərəqqi mövqeləri olmadığı üçün və aralarında pərakəndəlik, rəyasəttələblik və bəzən də lompənizm və inhisarçılıq geniş yayıldığına görə kifayət qədər dəstək verə bilməmələri, həm daxildə və həm də xaricdə azərbaycanlılararasında düşmənin güclü nüfuzi amilinin olmasında görmək olar. Bunlara rəğmən 22 May, xalqımızın ləyaqətini, inam və istedadını ortaya qoydu və millətimizin etibarını yüksəltdi, bir sıra fəallar və sədaqətli mübarizləri tərbiyələndirib meydana gətirməklə, hərəkatın davamına şərait yaratdı.

 

 

 

22 may qiyamından sonra rejimin reaksiyasının nədən ibarət olması barədə demək olar ki, rejim, türklərin içərisində təfrəqəni gücləndirir, ərazi bütövlüyünü qorumaq bəhanəsi ilə həmişəki kimi milli fəalların xarici dövlətlərə bağlı olduqlarını iddia etməyə davam edir, azərbaycanlıların şiə olduqlarından nəhayət su-istifadə etmək yollarını genişləndirir, Azərbaycan türklərini başqa etniklərlə üz-üzə qoymağa şərait yaradır, azərbaycanlılar arasında “irani” kimlik və bu kimi qeyri-milli simvolları gücləndirir və bununla mərkəzə bağlı kimliklərinin bağlantılarını möhkəmləndirir, fars şovinizmini gücləndirmək üçün islam dinindən daha artıq dəstək almağa səy göstərir, Azərbaycan fəallarının zəif adamlarını ələ almağa çalışır və öz opozisiyonlarında sağdan tutmuş soladək bütün qüvvələrdə dolayı yolla anti-Azərbaycan ruhiyyəsini gücləndirməyə çalışır. Fars şovinizminin amilləri bugün başa düşüblər ki, Azərbaycanda yaratdıqları iqtisadi, ictimai və mədəni problemlər, bizi mərkəzdən uzaqlaşmağa aşgar faktlar ixtiyarda qoyur və ona görə bu sahədə qondarma islahatların təkliflərini irəli sürməklə hərəkatın dərinləşməsinin qarşısını almağa çalışır və yaxud bir sıra radio-TV və qəzetlərdə Azərbaycanın əleyhinə gedən təhqiramiz propaqandanın güya qarşısını almaqla türklərin ürəklərini ələ almaq istəyir. Daha doğrusu desək, aldatmaq istəyir. Rejim, Azərbaycanın düzgün tarix və kimlik məsələlərinin araşdırılmasının daha artıq qarşısını alır və onların xalq arasında yayılmasına manelər törədir ki, gənc nəsillər belə bir məlumata əl tapmasın. Fars şovinizmi xarici siyasətində isə türk ölkələrinə xüsusilə Azərbaycan Respublikası və Türkiyəyə, türkçülük və azərbaycançılıq fəaliyyətlərində xüsusi təzyiq göstərir və həmin ölkələrdə sabitsizlik, hərcümərclik yaradılmasına hərtərəfli çalışır.

 

 

 

Diqqətinizə görə, təşəkkür edirəm!

.