Güneyli ziyalılarla yazıçı Anar arasında görüş keçirilib               

www.d-a-d.org

Rza Bərahaniyə Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsi verilib 

Image

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahani başda olmaqla ABŞ, Kanada, Almaniya, İngiltərə, İsveç və s. ölkələrdə yaşayan əslən Güney Azərbaycandan olan 12 tanınmış soydaşımız Azərbaycanda səfərdədir. Oktyabrın 5-də onlar Tarix və Ədəbiyyat muzeylərində olublar. Oktyabrın 6-da isə qonaqlar Azərbaycan Yazıçılar Birliyində (AYB) birliyin sədri, yazıçı Anarla görüşüblər.

Tədbiri açıq elan edən yazıçı Anar qonaqları çox səmimi salamladı və ziyalıların əslən Güney Azərbaycandan olmasını eşidən zaman AYB-də belə bir görüşün keçirilməsini böyük məmnuniyyətlə qəbul etdiyini bildirdi: “Azərbaycan parçalanıb, biz bölünmüş millətik, eyni millətik. Bu mövzu da daima ədabiyyatımızda işıqlandırlıb. Yəni dərdlərimizi heç zaman unutmamışıq”. O, qonaqlara dəstək olduğunu, onların neçə illər ərzində vətəndən kənarda yaşadıqlarını, onların dərdlərinə şərik olduğunu vurğuladı: “İran adlanan yerdə Azərbaycan türklərinin öz hüquqlarını əldə etməyin yeganə yolu ədəbiyyatdan keçir. Bu dildə yazdıqlarınızı çap etmək hüququnu kimsə əlinizdən ala bilər, amma yazmaq hüququnu heç kim əlinizdən almır. Yazıçılar Birliyinin mətbuat orqanlarının qapıları güneyli ziyalılara həmişə açıqdır”.
Sonra DAK həmsədri Sabir Rüstəmxanlı güneyli ziyalıları yazıçı Anara təqdim etdi. Bundan əlavə, o, qonaqlara yazıçı Anar, onun həyat və yaradıcılığı barəsində ətraflı məlumat verdi.
Bundan sonra görüş qarşılıqlı fikir mübadiləsi formasında davam etdirildi. Güneyli ziyalılar Azərbaycanın parçalanması, İran adlanan yerdə insan haqlarının pozulması, qadın hüquqlarının məhdudlaşdırılması, fars şovinist rejiminin öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq soydaşımıza qarşı assimilyasiya siyasətini sürdürməsi, təqib və təzyiqlərini gücləndirməsi, davamlı həbslər həyata keçirməsi, eyni millər arasında mədəniyyət, ədəbiyyat sahələrində əlaqələrin daha güclənməsi, Güney Azərbaycanın istiqlaliyyətinə qovuşmasının vacibliyi, nəhayət, Quzey və Güneyin birləşməsilə Bütöv Azərbaycanın qurulması və s. dəyərli fikirləri qeyd ediblər.
Görüşün sonunda yazıçı Anar dünya şöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahaniyə AYB-nin fəxri üzvlük vəsiqəsini təqdim edib.

Image

Image