Şövkət Tağıyeva
21 Azər Hərəkati ilə
bağlı bəzi mülahizələr
Hal-hazırda, Güneydə çoxmilyonlu Azərbaycan türklərinin
milli haqları və geniş mənada demokratiya mübarizə
apardığı bir dövrdə 21 Azər hərəkatmı,
yəni 1945-ci ilin 12 dekabrında (İran təqvimi ilə Azər
ayının 21-də) Güney Azərbaycanda qələbə ilə
nəticələnmiş hərəkata bir daha
qayıtmağa ehtiyac var. Mövcud şərait həm hadisələrin
iştirakçı və şahidlərindən, həm də
tarixçilərdən hərəkatın qaranlıq, bu vaxtadək
örtülü qalmış cəhətlərinin açılmasını,
ona həqiqi, obyektiv qiymət verilməsini tələb edir.
Zənnimizcə, bu məsuliyyətli işi görməzdən
əvvəl mühüm bir suala cavab verməliyik: Milli Hökumətin
yaradılmasına aparan yolda hərəkata o dövrdə arxa
duran Sovetlərin Pişəvəriyə bu işə rəhbərlik
təklifinə onun razılıq verməsi düzgün hərəkət
idimi? Məsələ burasındadır ki, bir çox müəlliflərlə
yanaşı, 1941-ci ilin avqustunda Sovet hərbi hissələrinin
ilk dəstələri ilə səlahiyyətli hərbi müxbir
kimi Güney Azərbaycana, ilk növbədə Təbrizə daxil
olmuş kapitan İbrahim Novruzovun da öz xatirələrindəl təsdiq etdiyi kimi, Pişəvəri
tarixdə bəzi analoji hadisələrə əsaslanmaqla
ruslara etibar etmədiyi üçün üzərinə son dərəcə
yüksək məsuliyyət qoyan bu təklifi böyük tərəddüddən
sonra qəbul etmişdi.2 Bu mühüm və tarixi əhəmiyyətli məsələ
ilə bağlı Sovet Culfasında qatarda Mir Cəfər
Bağırovla təkbətək görüşdə Pişəvəri
bu təklifin müqabilində Bağırova demişdi: «İndi
öz siyasi hədəfləri xatirinə bizi oyuna çəkən bu
ruslara arxalanmaq olmaz. Onlar lazım gəldikdə bizə heç kömək
də etməzlər və bizi mübarizə meydanında tənha
qoyarlar. Rusların məhəbbəti suda batan anda körpəsini
ayağı altına qoyan meymunun məhəbbətinə bənzəyir.
Mən onları yaxşı tanıyıram.» Lakin Mir Cəfər
Bağırov Seyid Cəfər Pişəvərini səhv
etdiyinə inandıra bilmişdi və Pişəvəri Azərbaycan
Demokrat Firqəsinin rəhbərliyi təklifini qəbul
etmişdi. Nəticədə hərəkat məğlubiyyətə
uğrasa da, çoxsaylı qurbanlar verilsə də, bir sıra
amillər qoyulan sualı müsbət cavablandırmağa əsas
verir
Bəri başdan demək lazımdır ki, Sovetlərin
təklifinə münasibəti birmənalı qiymətləndirmək
kifayət qədər çətindir və ümumiyyətlə, həmin
təklifin qəbul edilməsinin riskli olduğu nəzərə
alınmalıdır. Pişəvəri bunu başa
düşürdü. Çünki o özü dediyi kimi, tarixi hadisələrdən
(1920- 21-ci illərdə Gilandakı təcrübədən)
«rusları yaxşı tanıyırdı». Bununla belə o
hesab edirdi ki, təkrarı çətin ola biləcək həmin
şans əldən verilsə, tarix bunu bağışlamaz.
Odur ki, Pişəvərinin bu təklifin qəbulunda tərəddüdlərinin
müsbət qərarla nəticələnməsi düzgün addım kimi
qiymətləndirilməlidir və aşağıdakı
amillər də Pişəvəriyə haqq qazandırmağa
esas verir.
Əvvəla. Sovetlərin Güneydəki hərəkata
kömək təklifinin arxasında Stalin kimi dünya miqyaslı
siyasi xadim, faşist Almaniyası üzərində qələbə
qazanılmasında mühüm rol oynamış Sovet dövlətinin
başçısı dururdu.
Daha önəmlisi bu idi ki, yardıma doğma olan Azərbaycan
SSR, şəxsən Azərbaycan KP MK -nın birinci katibi
M.C.Bağırov vasitəçi idi. Bu cəhət özü Sovetlərin
etdiyi təklifi bir növ doğmalaşdırır, məqbul
edirdi.
Nəhayət, nəzərə alınmalıdır
ki, təklifin qəbulu riskli olsa da, bu, tarixin verdiyi çətin ələ
düşən fürsət idi. Burada bu şansın Azərbaycanın
iki hissəsinin birləşməsinə aparan bir vasitə
olmasını Pişəvərinin və yaxmlarmın dərk
etməsini də qəbul etsək, bu riskə getməyin düzgün
seçim olması ilə tam razılaşa bilərik. Bununla, yəni
birləşmə məsələsi ilə bağlı
professor Cəmil Həsənlinin kitabından iqtibasla
maraqlı bir sənədi burada gətirmək yerinə
düşər. Əsaslanmaq istədiyimiz həmin sənəd
Pişəvəri və digər rəhbər işçilərin
(cəmi 5 nəfər) imzası ilə MH-in təşkilindən
cəmi 11 gün sonra Quzeyə - M.C.Bağırova göndərilən
məktubdur. Məktub Quzeydəki kimi Güneydə də Azərbaycamn
bütövləşməsi ideyasının kifayət qədər
populyar olmasından xəbər verir. Həmin məktubun sonunda
qeyd edilirdi: «Öz dili, öz ədəbiyyatı olan 5 milyonluq Azərbaycan
əhalisi kifayət qədər kadrları və öz taleyini
idarə etməyə qadir, bacarığı olan bir
xalqdır. Dünyanın böyük dövlətlərinin hələ 3 il əvvəl
imzaladıqları Atlantik Xartiyası Azərbaycan xalqına
müstəqil yaşamaq haqqı vermişdi. Biz belə hesab edirik
ki, 5 milyonluq Azərbaycan xalqının hüquqlarını
qorumaq üçün Azərbaycanda (oxu: Güney Azərbaycanda - Ş.T.)
müasir şəraitə uyğun Müstəqil Demokratik Respublika
hökuməti qurulması zəruridir. Buna görə, Azərbaycan
xalqına öz qanuni hüquqlarından istifadə etməyə və
müstəqil milli dövlətini yaratmağa köməklə yanaşı,
Sizdən xalqımızın müqəddəs arzusu olan bu iki
qardaş respublikanın ən yaxın gələcəkdə
birləşməsinə yardım etmənizi və bunun üçün
şərait yaratmanızı xahiş edirik».3 Qeyd edək ki, məktub
Bağırova ünvanlansa da, bu kömək Sovet rəhbərliyindən,
şəxsən İ.Stalindən gözlənilirdi. Həqiqətən
də, Bağırovun müraciətlərindən sonra və SSRI
XKS-nin 1945-ci il iyunun 10-da qəbul etdiyi gizli qərarından Stalinin
belə bir icazəni icraata verdiyi bəlli olur.4 Deməli, hərəkat elə
başlanğıcından öz bətnində Azərbaycanın
bütövləşməsi perspektivini yaratmış və istiqamətləndirmişdi.
Bütün bunlardan sonra bir daha qeyd etmək gərəkdir ki,
Sovetlərin təklifinə razı olaraq 1945-ci ilin
sentyabrında Azərbaycan Demokrat Firqəsini
(partiyasını) yaratmaq, Güney Azərbaycanda demokratik seçkilər
yolu ilə Milli Hökuməti təşkil etmək və Güneydə
sosial- iqtisadi, siyasi, mədəni islahatlar və quruculuq
işlərinə başlamaq düzgün seçim və son dərəcə
zəruri bir addım idi. Hərəkat fəaliyyət üçün fürsət
tapa bildiyi cəmi bir il ərzində həyata keçirdiyi möhtəşəm,
işlərlə bunu sübut etdi.
1941-ci ilin avqustunda Sovet ordusunun İranın
şimalına, o sıradan Güney Azərbaycana daxil olmasından
sonra Sovet-İran mədəni əlaqələrinin inkişaf
etdirilməsi xətti ilə Azərbaycan SSR-in mədəniyyət
xadimləri iranda, xüsusilə də Güney Azərbaycanda fövqəladə
bir missiya həyata keçirirdilər. Ölkənin güneyi üçün son dərəcə
əhəmiyyətli olan bu əlaqələr Pişəvərinin
başçılığı ilə Milli Hökumətin
yaradılmasından (12.12.1945) sonra daha geniş miqyas aldı.
Yeni yaradılan məktəblərdə Azərbaycan türkcəsində
tədrisin təşkilində, Təbrizdə universitet
açılmasında, Quzeydəki mədəni qurumlara uyğun
yazıçılar, rəssamlar və memarlar cəmiyyətlərinin
yaradılmasında, milli teatr, filarmoniya və digər mədəni-maarif
ocaqlarının açılmasında Quzey Azərbaycanın
bilavasitə yardımı və iştirakı öz bəhrələrini
verdi. Quzeylilər Sovet İttifaqında Stalin repressiyaları
dövründə qurbanlar verə-verə maarif və mədəniyyət
sahəsində qazandıqlarını Güneydə milli hakimiyyətin
yaratdığı imkanlardan istifadə edərək, qətrə-qətrə
cənuba ötürürdülər. Güneylilər isə bunları doğma
ana südü, donor qanı kimi qəbul edirdilər. Demək olar ki,
Güney və Quzey tarixdə heç vaxt hərtərfli əlaqələrin,
xüsusilə mədəni əlaqələrin öz apogeyində(zirvəsində-ən
yüksək yerində) olduğu bu bir ildəki qədər iç-içə
olmamışdı. Azərbaycanın o tarixi günlərindəki
qarşılıqlı münasibətlərində
xalqımıza xas olan bütöv azərbaycançılıq ideyası
hər iki hissədə hakim idi. Bütün bunlara görə hərəkatın
tək Güneydə deyil, həm də, şübhəsiz, Quzeydə
də o dövrdə milli mənlik və milli birlik şüurunun
inkişafında rolu son dərəcə böyük idi. Güney Azərbaycandakı
1941-1946-cı illər milli-demokratik hərəkatı təkcə
İranda deyil, bütün Yaxın və Orta Şərqdə
milli-azadlıq hərəkatlarının
başlanğıcı oldu. Elə bu cəhətdən də
hərəkat zamanı demokratik əsaslarla
yaradılmış Milli Hökumətin (MH) fəaliyyəti yüksək
qiymətləndirilməlidir. Çox önəmlidir ki, dövrünün böyük
siyasi dövlət xadimi hesab edilən İ.Stalin S.C.Pişəvəriyə
08.05.1946-cı il tarixli məktubunda müəyyən şərtlər
çərçivəsində olmaqla onu - bu perspektivli siyasi xadimi gələcəkdə
«Orta Şərqdə mütərəqqi demokratik hərəkatın
pioneri kimi» gördüyünü açıq şəkildə yazırdı.5
Hələ 1920-ci ildə Şeyx Məhəmməd
Xiyabaninin başçılıq etdiyi üsyan dövründə təcrübədən
keçirilən xalq hakimiyyəti orqanı - Milli Hökumət İran
dövləti çərçivəsində olmaqla, cəmi bir il sərbəst
fəaliyyət göstərməyinə və müəyyən qüsurlarına,
eləcə də hərəkat zamanı buraxılmış
səhvlərə baxmayaraq, Güney azərbaycanlıların müstəqil
milli inkişafında, həm də qeyd olunduğu kimi, ümumiyyətlə,
bütün Azərbaycan xalqının milli birliyində müstəsna
rol oynadı və xalqın istiqlal mücadiləsi tarixində əsrə
bərabər iz qoydu. Çünki məhz bu dövrdə, özəlliklə
milli hakimiyyətin fəalliyət göstərdiyi bir ildə
quzeyli-güneyli azərbaycanlıların vahidlik şüuru öz
açıq təzahürünü və deyərdli, təntənəsini
tapdı.
MH-in yaradılmasının birlik yolunda uzaq nəticələrini
böyük ümidlərlə təsəvvürünə gətirən Məhəmməd
Əmin Rəsulzadənin bu qurumu ilk təbrik edənlər cərgəsində
olması faktı da6 məsələnin əhəmiyyətinin böyüklüyündən
xəbər verir. (Ümumiyyətlə, M.Ə.Rəsulzadənin
ADR dövründə Azərbaycanın bütövləşməsi məsələsinə
münasibəti haqqında bax: Ş.Ə.Tağıyeva və N.Nəsibzadə.
1918-1920-ci illərdə Azərbaycan-İran münasibətləri
və Azadistan məsələsi - «Azərbaycan Demokratik
Respublikası» toplusu, Bakı, 1992).
Quzey
Azərbaycandan maarif və mədəniyyət işçilərinin
Güney Azərbaycana. orada həyata keçirilən mədəni
inqilaba köməyə qoşmaları, Güneydə isə bu köməyin
təbii bir hal kimi qəbul edilməsi fonunda MH-in xüsusi qərarı
ilə Güney Azərbaycanda ilk dəfə olaraq Azərbaycan
türkcəsinin rəsmi dövlət dili elan edilməsi (16.01.1946),
bu dildə məktəblər, universitet açılması, həmin
dil əsasında fəaliyyət göstərən dram teatrı,
filarmoniya, yazıçıların, rəssamların
yaradıcılıq birliklərinin və s. yaradılması
Quzeydəki mədəni inkişafın bir növ davamı kimi qəbul
olunmalıdır. Bu faktı 1945-ci ilin dekabrında Təbrizdəki
Şairlər Məclisi adından Səməd Vurğuna göndərilən
mənzum dəvətnamənin qızıl hərflərlə
yazılmalı olan aşağıdakı parçası çox gözəl
əks etdirir:
Şairlərimiz gəldi dünən böylə qərara,
Lütf eyləyəsən Təbrizə, Məclis tapa zivər.
Çünki dilimiz bir, sözümüz bir, elimiz bir,
Həm
bir atadan, bir anadandır iki gövhər7.
Həmin şeirə cavab olaraq Səməd Vurğun
gözlətmədən «Təbrizin Şairlər Məclisinə»
adlı şeirini yazıb göndərmişdi.8 Artıq 1946-cı ilin
yanvarında Güney Azərbaycana gələn Azərbaycan SSR mədəniyyət
işçilərinin böyük bir dəstəsinə Azərbaycanın
İranla mədəni əlaqə cəmiyyətinin sədri
Səməd Vurğun rəhbərlik edirdi.9
Bunlarla bərabər, yəni Azərbaycanın iki hissəsinin
əlaqələri baxımından hərəkata verilən
yüksək qiymətlə yanaşı, onun neqativ cəhətləri
də qeyd edilməlidir. Bu sırada göstərilməlidir ki,
Quzeydən gələn maarif və mədəniyyət, səhiyyə,
kənd təsərrüfatı və başqa sahələr üzrə
işçilərin Güneydə mülki-mədəni fəaliyyəti ilə
yanaşı, Azərbaycan DTK- nın məsul işçisi
Atakişiyevin, Azərbaycan KP MK-nın ideologiya üzrə katibi
H.Həsənovun və digərlərinin Təbrizdə
olmaları, hadisələrin inkişafına, hərəkat rəhbərləri
və məsullarının fəaliyyətinə «göz
qoymaları» da həqiqətdir. Milli qoşun dəstələrinin
yaradılmasında Qızıl Ordu zabitlərinin təlimçiliyi
bəllidir və s və i. a. Bu kimi faktlar əsasında bəzi
mütəxəssislər, o cümlədən Moskvanın müəyyən
qrup tarixçiləri, bir çox İran müəllifləri və
respublikamızının bəzi gəncləri arasında belə
bir fikir dolaşır ki, Güneydəki həmin hərəkat
Moskvanın göstərişi, Bakının bilavasitə
iştirakı ilə həyata keçirilmiş və bu məqsədlə
Təbrizə xüsusi təlimatçı şəxslər göndərilmişdi.
Həqiqətən də, Moskvanın belə bir niyyəti ola
və bunun arxasında Güneyin Quzeyə birləşdirilməsi
yolu ilə (Stalinin Rusiyada hələ oktyabr çevrilişindən
əvvəl Cənubi Qafqazdakı bu səpkili söhbətlərdən
xəbəri var idi) böyük bir ərazinin Sovetlər tərkibinə
qatılması planı dura bilərdi və dururdu da.10 Hərəkat
iştirakçılarının verdikləri şifahi məlumatlar,
İran kommunistlərinin təşkilatı olan İran Xalq
Partiyasının keçmiş rəhbərlərindən
E.İsgəndərinin, o dövrkü baş nazir Qəvamüssəltənənin
(1946-47) xatirələri, İranda basılmış bəzi
tarix kitablarında gətirilən faktlar da bu sarıdan
boşluğu müəyyən dərəcədə doldurur. Sayılan
mənbələrdən əxz olunan bilgilər əsasında
belə qənaətə gəlmək olar ki, yerli sosial-siyasi əsaslarda,
lakin Sovet qoşunları İranın quzeyində olduğu bir
zamanda baş vermiş 1945-46-cı illər hərəkatına
Moskva həqiqətən də müxtəlif kanallarla (Təbrizdəki
konsulluq, Tehrandakı Sovet səfırliyi, Sovet-İran Dostluq Cəmiyyəti
və onun Azərbaycan filialı, Azərbaycan DTK və
başqa orqanlarının Təbrizdəki nümayəndələri
və s. vasitəsi ilə) nəzarəti əlində
saxlamışdı. İlk dövrdə hərəkatın
arxasında duran Sovet tərəfı demokratik qüvvələrə
bir çox önəmli yardımlar da etmişdi: MH-in silahlı qüvvələrinin
müəyyən gecikdirmə ilə olsa da yaradılmasına kömək
etmiş, onu az miqdarda hərbi texnika ilə təmin etmiş. Hərbi
kadrlar hazırlamaq məqsədilə 200-ə qədər
güneyli gənc Quzey Azərbaycana gətirilmiş, Quzeyin maarif-mədəniyyət
kadrlarının Güneydə fəaliyyətinə imkan
vermişdi və s. İranın baş naziri Qəvamüssəltənə
də öz xatirələrində təsdiq edir ki, 1946-cı ilin
martmda Tehranda (əslində Moskvada) Sovet qoşunlarının
İrandan çıxarılmasının ləngidilməsi ilə
bağlı (qoşunlar müharibə bitdikdən 6 ay sonra
çıxarılmalı idi) onun Sovet rəhbərləri ilə
apardığı danışıqlar zamanı Kreml Güney Azərbaycanın
muxtarlığının İran dövləti tərəfindən
tanınmasını israrla əsas şərtlərdən
biri kimi irəli sürmüşdü. Lakin danışıqların
sonrakı mərhələsində Moskvanın Azərbaycan məsələsinə
münasibəti əsaslı şəkildə dəyişmiş
oldu. 11 Belə ki,
danışıqların sonunda İran nümayəndələrinin
şərəfinə keçirdiyi ziyafət məclisində
Stalinin Əhməd Qəvamla (Qəvamüssəltənə) ayrılıqda
ayaqüstü apardığı söhbətdə12 Qəvamüssəltənənin
İranın şimal neftilə bağlı bəzi ümidverici
işarələri nəticəsində (İran müəllifləri
onu boş yerə «qoca tülkü» adlandırmırlar13) neft məsələsinə
önəm verilməsilə Sovet rəhbərlərinin, dəqiq
desək, şəxsən Stalinin mövqeyində və belə
görünür ki, gələcək planlarında da müəyyən yerdəyişmələr
yaranmış oldu. Yəni, ilk növbədə quzey
İranın nefti məsələsini həll etmək, o
sıradan bağlanılacaq sazişin qarşıda seçkiləri
gözlənilən XV iran Məclisində təsdiqinə nail olmaq.
Moskvada aparılan danışıqlarda İranın şimal
neft yataqlarının Sovetlərə konsessiyaya veriləcəyi
barəsində razılığa gəlinmiş və bu,
Tehranda imzalanan Sovet-iran sazişində (04.04.1946) şərikli
neft şirkəti yaradılması haqqındakı bənddə
öz əksini tapmışdı.
Bunun ardınca 1943-cü il Tehran konfransının qərarına
uyğun olaraq Sovet qoşunlarının irandan
çıxarılması may ayında başa (08.05.1946)
çatdırılmışdı. Güney Azərbaycanrəhbərlərinə
isə təzyiq göstərilmiş, onlar mərkəzi dövlətə
güzəştə gedərək hərəkatın bir sıra
mühüm nailiyyətlərindən əl çəkməyə,
İran qoşunlarının seçkilərə nəzarət
adı altında Azərbaycan şəhər və kəndlərinə
daxil olmasına müqavimət göstərməməyə və nəhayət
,1946-cı il dekabrın əvvəllərində, Güney Azərbaycanın
öz tarixi zəminində baş vermiş bu hərəkatdan müvəqqəti
olaraq, yəni seçkilərdən sonra qayıtmaq şərtilə
uzaqlaşaraq Sovet İttifaqına mühacirətə vadar
edilmişdilər. Dekabrın 14-də (23 Azərdə) iran
qoşunlarının Təbrizə daxil olması və hərəkat
iştirakçılarına qanlı divan tutması isə məlum
həqiqətdir.
Beləliklə, İran qoşunları tərəfindən
qan içərisində boğulan bu hərəkat Stalinin Əhməd
Qəvamın hiyləsinə uyaraq onun «səmimiliyi»nə
inanması nəticəsində əslində Sovetlər tərəfindən
İranın şimal neftinə qurban verilmiş oldu.
Nəticə etibarı ilə hərəkat
iştirakçıları və rəhbərləri öz iradələri
əleyhinə iki imperiyanın siyasi səhnədəki
şahmat oyununda piyada kimi istifadə edilmiş oldular. Bir cəhət
də nəzərdə saxlanılmalıdır ki, həmin
siyasi oyunun ibrətli bir sonluğu var: Azərbaycandakı hərəkat
yatırıldıqdan sonra İranın XV Məclisi neft
haqqında Tehranda hər iki tərəfin imzaladığı
müqaviləni təsdiq etmədi. Halbuki,
danışıqların Tehranda davam etdirilən mərhələsində
hərəkat rəhbərləri, ilk növbədə Qəvamüssəltənəni
yaxşı tanıyan Pişəvəri bu nəticəni əvvəlcədən
görürdü, lakin onun etdiyi haqlı iradlar Moskvanın rəsmi nümayəndələri
tərəfindən mənfi reaksiya ilə
qarşılanırdı.14
Bir daha qeyd edilməlidir ki, Sovet müdaxiləsinə və
bununla bağlı bir sıra neqativ hallara baxmayaraq, Güney Azərbaycanın
öz sosial-siyasi zəminində yetişmiş 1941-46-cı illər
milli- azadlıq və demokratik hərəkatının
güneyli-quzeyli bütöv xalqımız üçün əhəmiyyəti ölçüyəgəlməz
dərəcədə nəhəng idi. Bunu isə nə
xalqlar həbsxanası olan İran dövləti, nə də onu
qan tökməyə təhrik edən ABŞ və İngiltərə
həzm edə bilirdi. Odur ki, Güneydəki bu möhtəşəm
hərəkatın Sovet dövlətinin, şəxsən onun
başçısı Stalinin məsuliyyətsizliyi nəticəsində,
dünya imperialist sisteminin nəhəng dövlətləri olan
ABŞ və Böyük Britaniyanın yardımı ilə İran
irtica qüvvələri tərəfindən qəddarcasına
yatırılması tək Güneyin deyil, eyni zamanda Quzeyin də,
deməli, bütöv Azərbaycanın yeni imperialist dünya düzəni tərəfındən
aldığı ilk güclü zərbə idi.
Sovet dövlətının başçısı Stalinin məsuliyyətsizliyi
ilə bağlı yuxarıdakı otəri qeydə qayıdaraq
aşağıdakıları əlavə etmək. zənnimcə,
yersiz olmazdı. Belə ki, Güney Azərbaycanın öz tarixi və
milli zəminində yaranmış bu hərəkatın
geniş planda inkişafına yaşıl işıq
yandırmış, demək olar ki, əslində bunun məsuliyyetini
öz üzerine götürmüş Stalin Sovet dövlətinin başçısı
kimi bütün siyasi-diplomatik kanal və imkanlardan istifadə edərək
hərəkatı sonadək qorumağa borclu idi. O isə
İranın şimal nefti ilə bağlı saziş əldə
edildikdən sonra İran dövləti ilə rəsmi münasibətlərin
normal hala gətirilməsinə üstünlük verirdi ki, bu da Güneydəki
milli qüvvələrin vəziyyətinə və
inkişafına kölgə salırdı. Bu cəhətdən
Qırmızı Ordunun Güney Azərbaycandan
çıxarılması ərəfəsində Moskvada SSRİ
Ali Sovetinin toplantısında olmuş Mirzə İbrahimovun
Bakıda Həsən Həsənova danışdıqları
əsasında İbrahim Novruzovun xatırladığı
aşağıdakı dialoq xüsusi maraq kəsb edir:
«Bağırov (Stalinə): «İran Azərbaycanı məsələsinin
partiyanın Mərkəzi Komitəsi və ya Siyasi Bürosunda
müzakirə olunması və lazımi qərar qəbul edilməsi
daha yaxşı olardı». Bu təklifdən acığı
tutan Stalin ona məxsus amiranəliklə Bağırova
demiş: «Yoxsa yoldaş Bağırov Azərbaycanda müstəqil
siyasət yürütmək fikrindədir? Mərkəzi Komitə nəçidir?
Siyasi Büro nədir? Bunların hamısı mən özüməm.
Dediklərim icra olunmalıdır!»15 Bu dialoqdan da göründüyü kimi,
Bağırov Güney Azərbaycan məsələsinə ürəkdən
səy göstərdiyi halda (burada nəzərə
alınmalıdır ki, Azərbaycanın vahidliyi məsələsi
arxa planda Bağırov üçün, əlbəttə, mühüm və həlledici
problem kimi öz aktuallığını saxlamaqda idi), Stalin
artıq İranla münasibətlərin düzəlməsinə, ilk
növbədə şimal nefti məsələsinin həllinə
çalışırdı. İbrahim Novruzovun xatırlamasında
bizim üçün heç də az əhəmiyyəti olmayan daha bir cəhət
də var. Belə ki, Həsən Həsənovun dediyinə
görə, Təbrizə gəlmiş Mirzə İbrahimov Kremldəki
həmin söhbətlə əlaqədar Pişəvəri ilə
danışdıqda, o (Pişəvəri) qəti surətdə
təəccüblənmədən demişdi: «Mən ki,
demişdim: ruslara inamım yoxdur» 16.
O ki qaldı hərəkat məğlubiyyətə uğradıldıqdan
sonra demək olar ki, zor gücünə Sovet İttifaqına (Azərbaycan
SSR-ə) gətirilən və burada yaşadığı
yeddi ay ərzində yeganə «günahı» daima İrana
qayıtmaq və mübarizəni davam etdirmək olan S.C.Pişəvərinin
1947- ci il iyul ayının 11-də Yevlax yaxınlığında
avtomobil qəzasına düşüb həmin ayın 12-də
dünyasını dəyişməsinə. bu müəmmalı
ölümün təşkili də bütöv Azərbaycan xalqına
qarşı yönəlmiş son dərəcə ağır xəyanət
və əvəzi ödənilməyən bir itki idi. Lakin Pişəvərinin
ölümü (və ya öldürülməsi) faktı hələ də
ara-sıra tam sübuta yetirilməmiş «müəmmalı» bir yol-qəza
hadisəsi kimi xatırlanmaqda davam edir. Halbuki məsələnin
heç de az diqqet çekmeyen, tekidle öz cavabını gözleyen bir
sualı açıq qalmaqdadır: eger behs edilən ölüm hadisəsi
qəsd idisə və sifarişlə həyata keçirilmişdisə,
bəs onun sifarişçisi, bilavasitə təşkilatçısı
və icraçısı kim, daha doğrusu, kimlər idi?! Bir
şey aydındır ki. Sovet təhlükəsizlik orqanları
belə «günahları» (vətənə dönmək arzusunu) öz vətəndaşları
kimi, xarici siyasi xadimlərə də, bir qayda olaraq,
bağışlamırdılar17 və buna görə İran müəllifi
Vəkilinin bu ölümlə bağlı gəldiyi nəticə heç
də əsassız görünmür. O yazır: «Pişəvərinin
dikbaşlığından incik və narazı olan ruslar... onu
öldürməyi qərara aldılar... Qəzadan sonra xəstəxanada
ona iynə vurub öldürdülər».18
Bu yazı məsələyə az da olsa
aydınlıq gətirsə də, bütün bu illər ərzində
bəhs edilən ölüm hadisəsi açılmamış qalmaqda və
bir çox suallar öz cavabını gözləməkdədır. Xarici
ölkələrin bir çox hallarda gizli şəkildə Sovet
İttifaqına gətirilən, sovet xarici siyasəti ilə
bağlı sirləri bildiklərinə görə İ.Stalin
üçün arzuolunmaz canlı şahid olan siyasi xadimlərindən bəzilərinin
israrla öz vətənlərinə dönmək arzu və təşəbbüslərinin
həmin şəxslər üçün son dərəcə
acınacaqlı sonluqla bitdiyini nəzərə alsaq. çox təkid
və qətiyyətlə gizi də olsa, İrana
qayıtmağa hazırlaşan Pişəvərinin19 ölümünün sifarişçisinin şəxsən
İ.Stalinin göstərişi ilə DTK olduğunu zənn edə
bilərik. Pişəvərinin ölümündən sonra Moskvadan
SSRİ DTK-sının əməkdaşlarından ibaret xüsusi
komissiya heyətinin gəlməsi faktı da diqqəti çəkir.
Lakin təəssüf ki, komissiyanın fəaliyyəti və gəldiyi
nəticə haqqında hər hansı bir yazılı məlumat
əldə edə bilmədik.
Məlumat sorağı ilə Bağırovun
1956-cı ildə keçirilmiş məhkəməsinin çap olunmuş
materiallarına müraciət etdik. Təəssüf ki, bunlar içərisində
bizi maraqlandıran yeganə sənəd qəza baş verdiyi
zaman Dövlət Təhlükəsizlik Komitəsinin Yevlax rayon
şöbəsinin müdiri Salayev Lətif Səməd oğlunun bu
hadisə ilə bağlı şahid sifəti ilə təqdim
etdiyi materialdır.20 Bu yazı yeganə sənəd kimi bizim üçün son dərəcə
qiymətlidir.
Hər şeydən əvvəl qeyd edilməlidir ki,
bu məlumatın istintaq materiallarına daxil edilməsinin özü
həmin qəza hadisəsinin Bağırovun məhkəməsi
gedişində xüsusi müzakirə və sorğu obyektinə
çevrilməsini göstərir. Lakin Bağırovun məhkəməsinin
protokolları ilə tanışlıq mümkün olmadığından21 Lətif Salayevin məlumatında
verilən aşağıdakı bir sıra dəyərli
faktlar həqiqəti üzə çıxarmağa müəyyən dərəcədə
yardım etdiyindən bunlardan maksimum faydalanmağa
çalışdıq.
L.Salayev qəza haqqında xəbəri alan kimi Pişəvərinin,
onunla birlikdə qəzaya uğramış general Qulam Yəhyanın
və Azərbaycan DTK-sının əməkdaşı Nuri
Quliyevin yerləşdirildiyi rayon xəstəxanasına gəlmişdi.
Pişəvəri ona vəziyyəti danışdıqdan sonra
bir neçə dəfə «xəyanət» sözünü təkrar edərək
özünün qəza ilə bağlı şübhələrini
danışmış və bildirmişdi: «Mən 11 il
İranda təkadamlıq kamerada qaldım, Rza şah və Qəvamüssəltənə
məni məhv edə bilmədi. İndisə, nəhayət,
onlar öz niyyətlərinə çatdılar»22.
L.Salayev S.C.Pİşəvərinin şübhələrini
və bir neçə digər faktı - mindiklsri maşının
hansı səbəbdənsə onun - Pişəvərinin öz
maşını deyil, general Q.Yəhyanın maşını
olmasını, adətinin əksinə olaraq, bu dəfə
onun qabaqda - sürücünün yanında oturdulmasını, heç bir zərurət
yox ikən gecə vaxtı yola çıxmalarını,
maşının ehtiyac olmadan yüksək sürətlə idarə
edilməsini, ən başlıcası, erməni sürücünün - qəza
hadisəsindən xeyli əvvəl Bakıya gəlmiş və
ya gətirilmiş Melixyanın İrandakı
daşnakların liderinin oğlu və xarici kəşfiyyatla
bağlılığının müəyyən edilmiş
olmasını, bir sutka hələ həyatda ikən,
Bakıda olan cərrah qardaşının və Gəncədəki
oğlunun gətirilməsi haqqında iki xahişinə əməl
edilməməsini (Pişəvəri onlara öz şübhələrini
danışa bilərdi!) və s. nəzərə alaraq hadisənin
adi avtomobil qəzası deyil, əvvəlcədən
hazırlanmış qəsd olduğu nəticəsinə gəlir.
O yazırdı: «Mən belə hesab edirəm ki, həmin qəza
təsadüf olmayıb, Pişəvərini qətlə yetirmək
məqsədi ilə təşkil edilmişdi»23.
L.Salayevin danılmaz faktlardan çıxış edərək
gəldiyi məntiqi nəticəni təkzibə heç bir əsas
olmadığından bununla razılaşmaq və həyatının
son anlarında Pişəvəriyə oğlunu görməyə
ona imkan verilməməsini dəhşətli bir qəddarlıq,
heç bir bəraəti olmayan ağır cinayət kimi qiymətləndirmək
gərəkdir. Burada daha bir mühüm əlavə də etmək
yerinə düşər:
S.C.Pİşəvərini bu məşum hadisədən
az əvvəl - onun həyatının son günlərinin birində
görmüş şair Əli Tudə mühüm bir məqama toxunur:
«Eşitmişəm fədailərimiz meşələrdə
hərbi təlim keçir, gələcək döyüşlərə
hazırlaşır, doğrudurmu?» - deyə, mən maraqla
Pişəvəridən soruşdum. Pişəvəri mənalı-mənalı:
«Bəli! - dedi, - siz şairlər də qadir fədailərimizi
gələcək qələbəyə apara biləcək
ümid dolu şeirlər yazmalısınız.
Unutmamalısınız ki, ümid qələbə yolunda yanan
çıraqdır!»... Bir gün dəhşətli bir xəbər o
taydan bu taya keçmiş bütün siyasi mühacirləri sarsıtdı.
Dedilər ki, Pişəvəri meşələrdə hərbi
təlim keçən fədailərə baş çəkməyə
gedərkən, yolda maşını qəzaya uğrayıb.
Xəsarət alanları xəstəxanaya aparıblar...
Pişəvərinin bədənində cərrahiyyə əmeliyyatı
aparılmalı imiş. O təkidlə ətrafındakı
adamlara deyir ki, mənim qardaşım həkimdir, özü də
Bakıda yaşayır, çağırın gəlsin. Mənim bədənimdə
aparılacaq cərrahiyyə əməliyyatında iştirak
etsin. Ancaq Pişəvərinin qardaşını onun
yanına buraxmırlar (ayırma mənimdir - Ş.T.).
Danışırdılar ki Pİşəvəri son nəfəsdə:
«Qəvamın evi yıxılsın» - deyib gözlərini
yumubdur»24.
Əli Tudənin xatırlamasındakı bu faktda çox
önəmlidir: «...S.C.Pİşəvərini nədənsə
Buzovna qəsəbəsində ayrıca biryerdə dəfn
etdik... Mən mənzilə qayıtdım... radionu açdım...
Elə bu zaman London radiosunun diktoru fars dilində kinayə ilə:
«Cənubi Azərbaycan kommunistlərinin rəhbəri Pişəvəri
öldürüldü» (ayırma mənimdir - Ş. T.) - dedi»25.
Sovet DTK-sı bu xəbəri gizli saxlamağa
çalışsa da26, hadisədən iki gün sonra Tehran radiosu da bu xəbəri
yaydı.27
Pişəvərinin aradan aparılması göstərişinin
Stalin tərəfındən verilməsi məsələsinə
qayıdaraq, bir daha qeyd etmək zəruridir ki, həqiqətən
də o vaxtın mütləq diktatura hakimiyyət strukturu şəraitində
belə bir göstərişi yalnız Stalin verə bilərdi.
İbrahim Novruzovun xatirələrində qeyd olunan və
Stalinin M.C.Bağırova dediyi ehtimal edilən «Mərkəzi
Komitə nəçidir, siyasi büro nədir? Bunların
hamısı özüməm» sözləri də diktatorun həmin
mövqeini aydın göstərirdi.28 Bu səbəbdən də Azərbaycan
KP MK-dakı bir toplantıda Bağırovla Pişəvəri
arasında baş vermiş mübahisəyə görə təbiətən
son dərəcə kinli hesab edilən Bağırovun Pişəvərinin
ölümündə günahkar olması ehtimalı ilə razılaşmaq çətin
və qəbuledilməzdir. Hərçənd ki, bəzi
yazılarda bu məsələlər xüsusi vurğulanır.29 Bu ehtimal ağlasığan da
deyil. Hər şeydən əvvəl ona görə ki, ən
xırda məsələ ilə bağlı belə Stalini məlumatlandıran
Bağırov Pişəvərinin həyatı üçün Stalinin
qarşısında cavabdeh idi və aydındır ki, o özü həmin
şəxs barəsində hər hansı bir qəsd
haqqında göstəriş verə də bilməzdi. Bu da məlumdur
ki, Bağırovun məhkəməsində iştirak
etmiş şəxsin dediklərinə əsaslanaraq
verilmiş bir məlumatda M.C.Bağırov Pişəvərinin
öldürülməsi ilə əlaqədar ona qarşı irəli
sürülmüş ittihamı rədd edərək, bu qəsdin
Moskvanın göstərişi ilə həyata keçirilməsini təsdiq
etmişdir.30
Həmin sözlərində Bağırov qəsdin şəxsən
kimin tərəfindən hazırlanmasına toxunmasa da,
yuxarıda məlumatına əsaslandığımız Lətif
Salayevin bəzi təsvirlərindən (Yemelyanovun özünü çox əsəbi
və şübhəli aparması, eləcə də respublikanın
ağası kimi davranması və s.) bu işin
icrasının məsulu və təşkilatçısının
Azərbaycan DTK-nın sədri Yemelyanovun olması qənaətinə
gəlmək mümkündür. Bu isə yalnız Moskvanın göstərişi
ilə ola bilərdi.
Bununla bərabər fikirləşmək olar ki,
Pişəvəriyə qəsd edilməsində
Bağırovun günahlandırılması versiyası,
yuxarıda ötəri qeyd etdiyimiz kimi, Moskvanı da tam qane edirdi,
çünki bu əsl müqəssir Stalinin kölgədə qalmasına
yardım edirdi. Burada xatırlamaq yerinə düşər ki, öz
araşdırmasında çox maraqlı müşahidələr
aparmış t.e.d., prof. E.R.İsmayılov Bağırovun
1956-cı ildə mühakiməsinə və onun güllələnməyə
məhkum edilməsinə nəticə vuraraq təqribən bu
qənaətə gəlir ki, Sovet hakimiyyətinin Stalin dövrünün
Azərbaycandakı bütün cinayət və ədalətsizliklərin
Bağırovun üzərinə yıxılması əsas məsələlərin
izahını asanlaşdırırdı.31 Pişəvərinin öldürülməsinin
günahını Bağırovun ayağına yazmağın da
həmin siyasətin məntiqindən doğduğunu deyə
bilərik.
Burada açıq qalan bir məsələ də var, o da Gəncə
şəhəri yaxınlığında (deyilənə görə,
Hacıkənddə) meşələrdə İrana yollanmaq
ehtimalı ilə hərbi təlimlər keçən güneyli fədailər
problemi ilə bağlıdır. Əsas suallar isə təbii
olaraq, bu təlimlərin kimlər tərəfindən istiqamətləndirilməsinə.
başlıcası isə, bunlardan Bağırov və onun
vasitəsilə Stalinin nə dərəcədə məlumatlı
olmasına aiddir. Bu suallar indiyədək tədqiqatçılar
üçün açıq qalmaqdadır. Məlum olan faciəvi sonluq isə
budur ki, Pişəvəriyə edilən qəsddən sonra
Hacıkənddə olan və Güneyə, orada mübarizə
aparmağa can atan həmin fədailər içərisində
«İrana dönmək istəyirsinizmi?» sualı ilə sorğu
aparılmış, suala «hə» cavabı vermiş min nəfər
fədai buradaca dərhal məhv edilmiş - güllələnmiş,
qalan üç yüz nəfər isə yük vaqonlarına doldurularaq
Qazaxıstana sürgün edilmişdi.
Stalinin Pişəvəri haqqında göstərilən qəti
qərarına daha bir mühüm cəhət səbəb ola bilərdi.
Bu da İranla ölkənin şimal neft yataqlarına dair
bağlanmış qarşılıqlı neft konsessiyası
şirkəti haqqında müqavilənin İran dövləti tərəfindən
rəsmiləşdirilməsi məsələsi idi. Belə
ki, həmin ilin iyulunda açılmalı olan XV Məclisdə göstərilən
müqavilənin təsdiqi gözlənilirdi. (Hər halda, Stalin bunu
inamla gözləyirdi, Stalini aldatmış Qəvamüssəltənə
isə özünün planlaşdırdığı əks nəticəyə
- müqavilənin təsdiq edilməyəcəyinə əmin
idi). Çox ehtimal ki, Pişəvərinin öz fədailəri ilə
irana qayıtması neft məsələsinə görə də
Stalin üçün son dərəcə arzuolunmaz idi. Deməli, bu fakt da
«sözə baxmayan» Pişəvərinin siyasi cəhətdən
kənarlaşdırılmasına verilən göstəriş
üçün əsaslardan biri ola bilərdi. Lakin məsələnin
acınacaqlı və ibrətamiz cəhətlərindən
biri də bu idi ki, Pişəvərinin ölümündən cəmi bir
neçə gün sonra - 1947-ci il iyulun 17-də işə
başlamış həmin Məclis noyabr ayının ilk günlərindəki
iclasında haqqında danışılan müqavilənin müzakirəsini
keçirmiş və Qəvamın planlaşdırdığı
kimi (eləcə də onu yaxşı tanıyanların gözlədiyi
kimi) bağlaşmanı rədd etmişdi.32 Beləliklə, bütün deyilənlərin
cəmində Seyid Cəfər Pişəvəriyə
qarşı qəsd qərarının məhz İosif Stalin
tərəfindən verildiyi ehtimalı üzərində dayanaraq
və təkrar olsa da. bir daha deyirik ki, bu məsuliyyətsiz
hökmü Pişəvəri kimi tanınmış siyasi xadim
haqqında yalnız Stalin verə bilərdi.
1941-1945-ci illərdə Qırmızı Ordu
sıralarında batalyon baş komissarı kimi Güney Azərbaycanın
Urmiya şəhərində olmuş İmam Mustafayev 1988-ci
ildəki qəzet müsahibəsində Güneydə Milli Hökumətin
həyata keçirdiyi tədbirlərin miqyasını
xatırlayır. O deyir: «Cənubi Azərbaycan əhalisi
Pişəvərinin MH-nin 1945-ci ilin sonlarından etibarən
yaratdığı xeyirxah dəyişiklikləri hələ
də xatırlayır. Bizim qoşunların Təbrizdən
gözlənilməz çıxması inqilabi hökumətə münasibətdə
xəyanət idi. Biz silahsız qardaşlarımızı
İran irticasının özbaşınalığı ilə
üzbəüz qoyduq. Bu qaçmağın rüsvayçılığı
Stalinin, Beriyanın və onların ən yaxın əhatəsinin
üzərinə düşür. Cənubi Azərbaycan
inqilabçılarının nəsibi olmuş bəlaların
miqyasından xalq hələ kifayət qədər xəbərdar
deyil»33.
Hadisələrdən məlumatlı olan
İ.Mustafayevin bu mülahizələrindən çıxış edərək
əlavə etmək gərəkdir ki, Moskvada Sovet rəhbərliyindəki
erməni (Anastas Mikoyan) və ermənipərəst (Lavrentiy
Beriya və digərləri) qüvvələrin Stalini Pişəvəriyə
qarşı təhrik edə bilmələri faktoru da nəzərə
alınmalıdır. Və bu faktor bəhs etdiyimiz sui-qəsdin
tezləşdirilməsi və reallaşdırılmasında
öz mənfur rolunu oynamamış deyildi və Sovet rəhbərliyində
olan antiazərbaycan və antitürk qüvvələr bölünmüş xalq
taleyini yaşayan Azerbaycan xalqının bütövləşməsi
məsələsinə bundan sonra da mütəmadi olaraq düşmən
mövqe tutmaqda davam etmişlər
Bu baxımdan 1954-1958-ci illlərdə AKP MK-nın
birinci katibi olmuş İ. Mustafayevin 1988-ci ildə
«Vışka» qəzeti müxbirinə Güneylə bağlı verdiyi
müsahibəsində daha bir neçə maraqlı cəhət var.
Maraqlı cəhətlərdən biri budur ki, o, müxbirin
sualına cavabda özünün MK-nın birinci katibi olduğu
beşillik dövrdə «həll etdiyi ən mühüm məsələlər»
içərisində birinci yerin məhz «Azərbaycanın birləşdiriiməsi»
probleminin tutduğunu söyləyir. İ.Mustafayevin müxbirə
danışdıqlarından bəlli olur ki, o, bu « problemin həllinə
gedən yolu məğlubiyyətdən sonra iranda gizli fəaliyyət
göstərən Azərbaycan Demokrat Partiyasına və onun Azərbaycan
GSR-də mühacirətdə olan MK-sına köməyi gücləndirməkdə
görürdü».34 Lakin İ.D.Mustafayevin Güney Azərbaycandan
olan inqilabçılara daha əsaslı kömək etmək təklif
və təşəbbüsləri «yuxarılarda» rəğbətlə
qarşılanmırdı, hələ üstəlik Sov.İKP XXI
qurultayında (27.01- 05. 02. 1959 ) İmam Mustafayev ADP MK-nın
qurultayda iştirak edən katibinin 35 də müvafiq rəsmi səviyyədə
qarşılanmasına nail olmağa çalışdıqda.
Suslov buna qəti və sərt şəkildə mane olaraq
demişdi: «Bizdə İran Xalq Partiyasnın nümayəndəsi
var və bu bəsdir» («basta»!).36 «Vışka» müxbirinin
yazdığı kimi İ. Mustafayev o zaman belə nəticəyə
gəlmişdi: «Hələ vaxtı deyil».37
Az sonra Moskvadakı həmin antiazərbaycan əhval
ADP-nin az qala tamam ləğvinə səbəb olmuşdu. Belə
ki, 1959-cu ildə Sov.İKP MK o dövrdə İttifaqda mühacirət
həyatı yaşayan ADP-nin eyni vəziyyətdə olan
İran Xalq Partiyasına (Tudə) birləşdirilməsi
haqda qərar qəbul etmişdi. Lakin ADP-nin birinci katibi
Mirqasım Çeşmazərin 38 Moskvada Sovet partiya rəhbərləri Ponamaryov və
Suslovla görüşdə bu qərara sərt və qəti surətdə
etiraz bildirməsi məlumdur. Başlıcası isə ADP-nin
Tudə ilə birlikdə Bakıdakı həmin məsələyə
həsr edilmiş konfransında güclü əks mövqe göstərilməsi
nəticəsində birləşdirilmə haqqında qərar
az güzəştlə - ADP-nin adı saxlanılmaqla qəbul
edildi: «İXP-nin Azərbaycan təşkilatı - ADP».
1945-46-cı illərdə Güneydəki hərəkat
timsalında tarixin xalqımıza verdiyi hadisələrin
şirinli- acılı dərsləri də var. Bunlarsız hərəkatın
mübarizə tariximizdə əhəmiyyətini tam və düzgün
müəyyən etmək mümkün olmaz. Onlardan ən mühümləri
hansılardır?
Ən mühüm dərs bundan ibarətdir ki, heç vəchlə,
heç bir vaxt, heç bir mühüm məsələnin həllində (elə
qondarma Qarabağ probleminin özündə olduğu kimi) Moskvaya tam
arxalanmaq olmaz. Moskva istər Güney, istərsə də Quzey Azərbaycandakı
hərəkatın arxasında durmuş olsa belə, əks tərəf
ona yağlı bir tikə göstərdikdə, hərəkatı
qurban verə də bilər. Eləcə də Tehrana heç bir
güzəştə getmək olmaz (xüsusilə, Moskva bunda təkid
edərsə). Bu baxımdan 21 Azər hərəkatı
gedişində, iyun ayının 13-də Təbrizdə mərkəzin
nümayəndələri ilə baglanan müqaviləyə Zəncanın
Milli Hökumətin tabeliyindən çıxarılaraq İrana verilməsinin
daxil edilməsi, az sonra Güney Azərbaycana guya ki, Məclis
seçkilərinə nəzarət ücün gələn İran qosun
hissələrinə yenə də Moskvanın təkidilə
demək olar ki.ırana verilməsının daxil ediməsı,
az sonra Güuney Azərbaycana guya ki, məclis seçkilərınə
nəzarət üçün gələn İran qoşun hissələrinə
yenə də Moskvanın təkidilə demək olar ki, müqavimət
göstərilməməsi xalqımıza fəlakətlər gətirmiş
kobud səhvlər idi. Bu səhvləri yalnız Quzeydə
1920-ci ilin dekabrında Zəngəzurun Ermənistana verilməsi.
ardınca DQMV -in yaradılması kimi yanlış qərarlar
ilə müqayisə etmək olar. Nəticədə Güneydə
xalq on minlərlə qurban verdi, minlərlə insan sürgünə
göndərildi, on minlərlə mühacirətə getdi. Bu
qurbanları 1920-ci il aprelin 27-də ac-yalavac XI
Qırmızı Ordunun komanda heyətinin Azərbaycan
Demokratik Cümhuriyyəti nümayəndələri ilə Yalamada
bağladıqları müqaviləni pozaraq Quzeydə törətdikləri
qırğınlarla da müqayisə edə bilərik. Elə ən
son faciələrdən biri - 20 Yanvar ərəfəsində
Moskvanın Girenko, Primakov və başqaları kimi rəsmi
nümayəndələrinin Sovet ordusunun Bakıya daxil edilməyəcəyi
haqda Bakı və bütövlükdə, respublika ictimaiyyətinə
verdiyi yalançı vədləri də eyni qəbildəndir.
Təkzibedilməz faktların təkcə səthi
tutuşdurulması ilə üzə çıxan bu tarixi eyniliklər
indi bizi xüsusi sayıqlığa çağırır. Tarix, o
sıradan Güneydə 1945-46-cı illər hərəkatı və
son yüzillik ərzində Quzeydə biri digərinin ardınca
törədilən faciələr, alovunun sönməsinə imkan
verilməyən Qarabağ «problemi» göstərir ki, Azərbaycan
xalqı bir daha nə Moskvaya, nə Tehrana, nə də
onların hər ikisinin yalançı vədlərinə inana bilməz
və inanmağa haqqı da yoxdurl
Hərəkatdan
çıxan ikinci mühüm nəticə, zənnimcə, bundan ibarətdir
ki, Azərbaycan xalqı öz taleyüklü məsələlərini həll
etdikdə quzeyli-güneyli bütün xalqın birliyinə
arxalanmalıdır və nəzərə almalıdır ki,
yalnız belə olduqda o, böyük nəticələr əldə
edə və qarşıdakı ən böyük amala nail ola fcilər.
ƏDƏBİYYAT
1. Bu xatirələri ilk dəfə
olaraq Həmid Mollazadə bəzi ixtisarlarla özünün 1997-ci ildə
Təbrizdə fars dilində nəşr etdirdiyi «Möhürlənmiş
sirlər: Azərbaycan hadisələrinin açılmamış səhifələri»
adlı kitabına daxil etmişdir. (bax: Həmid Mollazadə. Razhaye-sər
be mohr. Nəqoftehaye-vəqayee-Azərbaycan. Təbriz, 1376)
2.Yenə orada, səh.20
3.Djamil Qasanlı. YUjniy
Azerbaydjan: naçalo xolodnoy voynı, Baku, 2003, str.173-174.
4.Yenə orada səh.74-75
5.«Araz» dərgisi, 1996, No.1, səh.32
6.«Araz» dərgisi.No.l, 1996, s.40
7.«Vətən yolunda» qəzeti, 16.12.1945
8.C.M.Vəkilov. «Azərbaycan Respublikası və
İran: 40-cı illər». Bakı, 1991 səh.81
9.Cəmil Həsənli. Soyuq müharibənin
başlandığı yer: Güney Azərbaycan. 1945-1946,
Bakı, 1999, s. 74.
10.Bəzi güneyşünas tarixçilərimiz
tərəfindən hələ də mübahisəli hesab edilən
həmin mövzu ilə bağlı bu sətirlərin müəllifinin
qənaəti haqqında bax: Ş.Ə.Tağıyeva.
«Bölünmüş xalqlar» problemi, Stalin və vahid Azərbaycan məsələsi,
«Azadlıq» qəzeti, 11 və 13 iyul 1996. Yenə onun: Azərbaycanın
Güneyi Stalinin istilaçılıq planlarında - «Dünya azərbaycanlıları»,
B., 2003, No. 1-2 (3), s. 74-79.
11.Ətraflı bax: Qozəşte
çerağe-rahe-ayənde əst.
12.Yenə orada.
13.Həmid Mollazadə, səh.44
14.Yenə orada.
15.Yenə orada, s.38.
16.Yenə orada, s. 39.
17.Nümunələr üçün bax: yenə
orada, səh. 74.
18.Əbülfəz Vəkili.
Qafqaziyye və mocahedine-İran. Tehran, 1346, səh.165
19.Həmin günlərdə
Pişəvərinin tam ciddiyyətlə irana (Güneyə) getməyə
hazırlaşmasının təsdiqini onun
bacısının xatirələrindən də görürük. Bax:
«21 Azər» dərgisi, Ns7 (xüsusi buraxılış), səh.7-8
20.M.C.Bağırovun məhkəməsi.
Bakı, 1993, səh.97-101.
21.Azərbaycan Respublikası
Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi
Dövlət Arxivinin müdiri Ataxan Paşayevin verdiyi şifahi məlumata
görə, məhkəmənin materialları məhkəmə
bitdikdən dərhal sonra Moskvaya aparılıb. Bu məlumatları
professor Jəmil Həsənli də oradan ala bilməyib və
bunların taleyi hələ ki məlum deyil. Tədqiqatçı
i.e.n. Ə.Rəhimlinin «Olaylar» qəzetinə verdiyi müsahibədə
bu «materialların yox edilməsi (Moskvaya apاrılması) və istintaq
aparan azərbaycanlı müstəntiqin Moskvada qəflətən
müəmmalı ölümü» qeyd edilir (Bax: «Olaylar» qəzeti, 26.08.2004).
Bu fakt da Pişəvərinin ölümünün Moskvanın əli ilə
təşkil olunmasına tutarlı bir fakt-işarədir.
22.M.C.Bağırovun məhkəməsi,
səh.98
23.M.C.Bağırovun məhkəməsi, səh. 99.
24.«Ağ ləkə»lər
silinir. Bakı, 1991, səh. 134-135
25.Yenə orada, səh.136
26.M.C.Bağırovun məhkəməsi,
səh. 100
27.Həmid Mollazadə. Göstərilən əsəri,
s.75.
28.Yenə orada, s. 38.
29.«Ağ ləkə»lər
silinir, səh. 135-136
30.Doktor Məhəmmədəli
Fərzanə. Seyid Cəfər Pişəvərinin müəmmalı
ölümü - «21 Azər tariximizdən biryarpaq», ərəb
qrafıkası ilə, səh. 2 (Toplunun yeri və ili göslərilmir).
31.G. İsmailov. Vlastiy i narod.
Baku, 2003, str. 338
32.Bax: Qozəşte..., səh.
505-511; Mehrdad Azəri, səh.,94
33.«Vışka» qəzeti,
03.11.1988
34.Yenə orada.
35.Həmin illdə ADP
MK-nın katibi Mirqasım Çeşmazər idi.
36.«Vışka» qəzeti,
03.11.1988
37.Yenə orada
38.Burada yeri gəldiyi üçün 15 il
AMEA-nın Şərqşünaslıq İnstitutunda eyni şöbədə
(«Cenubi Azerbaycan Tarixi» şöbesi) işlediyim ve yaxşı
tanıdığım Mirqasım Çeşmazer haqqında
aşağıdakıları yazmağı özümə borc
sandım.
Mirqasım Çeşrrazər Təbrizdə Milli Hökumət
dövründə açılmış radionu ilk səsləndirən və
bir il müddətində onun direktoru kimi işləmiş şəxs,
eyni zamanda Seyid Cəfər Pişəvərinin köməkçisi
olmuşdur. Tarix elmləri namizədi M. Çeşmazər son dərəcə
prinsipli, Bakıda 1956 -60-cı illərdə ADP MK-nın
birinci katibi olduğu zaman və sonralar da çox sadə həyat tərzi
sürən, ADP və Pişəvərinin adının təmizliyini
həmişə hər şeydən üstün tutan, bu cəhətdən
ən yüksək məqamlarla da baş-başa gəlməkdən
çəkinməyən bir şəxs idi. Bu baxımdan onun
yuxarıda yad edilən Sov. İKP MK-nın qərarı ilə
- ADP-nin İXP-yə birləşdirilməsi məsələsi
ilə əlaqədar Sov. İKP MK katibləri Ponamaryov və
Suslovla heç də sıcaq olmayan görüşü gözəl nümunədir.
M. Çeşmazər ADP-nin yaranması və fəaliyyəti
haqqında monoqrafiyanın, Pişəvəriyə həsr
edilmiş, eləcə də Güneydəki bəhs olunan hərəkatla
bağlı bir sıra eİTii və publisistik məqalələrin
müəllifidir.
Hərəkata və onun rəhbəri S.C. Pişəvəriyə
sadiq olan bu şəxsin ömrünün son illərində
yazdığı «Xatirələr»inin nəşri hər
şeydən əvvəl «21 Azər» hərəkatı və
eləcə də Pişəvəri şəxsiyyəti ilə
bağlı mötəbər bir mənbə kimi çox dəyərli
olardı. Nəzərə çatdırmalıyıq ki, bu xatirələr
Pişəvərini «bizim öndərimiz» - deyə yad edən
İrandakı mübariz Azərbaycan-türk gəncliyi üçün də qiymətli
töhfə olardı.