http://olaylar.az/?newsid=1255556895

 

A.F.D.H.- ın məsulu Məmməd bəy Azadgər ilə müsahibə:

 

 

Bu günlərdə Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının dəvəti ilə bir qrup güneyli ziyalı Azərbaycana səfər etdi. Səfər çərçivəsində müxtəlif səviyyəli görüşlər keçirən güneyli soydaşlarımız bundan sonra DAK-la birgə atacağı addımlar və görəcəyi işlər barədə də müzakirələr apardılar. Azərbaycan Federal Demokrat Hərəkatının sözçüsü Məhəmməd Azadgər Azərbaycana səfəri, burada keçirilən görüşlər, eləcə də təmsil etdiyi qrumun fəaliyyəti barədə danışıb.
-Məmməd bəy, Azərbaycan Federal Demokrat Hərəkatı hansı zərurətdən yaradıldı və təşkilat nə zamandan fəaliyyət göstərir?
-Azərbaycan Federal Demokrat Hərəkatı 6 il bundan əvvəl yaradılıb və onun tərkibinə müxtəlif ölkələrdən olan insanlar cəmlənib. Almaniya, Kanada, Birləşmiş Ştatlar, İngiltərə, İsveçrə və digər ölkələrdən olan insanlar müəyyən bir platforma ətrafında yığışaraq əsasən siyasi fəaliyyətlə məşğul olublar. Bizim əsas fəaliyyətimiz İranda Azərbaycan xalqının hüquqlarının tapdalanması, orada milli haqların olmamasını dünya ictimaiyyətinə çatdırmaqdır. Hərəkatın əsas məqsədi Azərbaycan xalqının mənafelərini müdafiə etməkdir.
-Hərəkat fəaliyyət göstərdiyi müddət ərzində qarşısına qoyduğu məqsədlərə nə dərəcədə nail olub?
-Açıq deyə bilərəm ki, Güneydə bizdən mütəşəkkil, güclü təşkilat yoxdur. Təbii bu elə də xoşagələn bir hşal deyil ki, 30 milyonluq millətin güclü təşkilatı olmasın. Bizim hərəkatın İranın daxilinə, Güneydəki milli fəallara təsiri var və onlara lazım olan şeyləri çatdıra bilirik. Ancaq bu fəaliyyətimiz heç də bizi razı salmır. Bu gün İranda azərbaycanlılar, türklər, ərəblər, bəluclar və digər millətlər yaşayır ki, onların öz ana dillərində yazıb-oxumaq haqları yoxdur, onlara bu hüquq verilmir. Azərbaycan Federal Demokrat Hərəkatı bu istiqamətə xüsusi diqqət yetirir. İkinci məsələ qadın hüquqlarının tanınmaması, onların haqlarının pozulmasıdır. Təşkilat olaraq bu istiqamətdə də fəaliyyət göstəririk. Bütün bunlar bizim ümumi prinsiplərimizdir. Hazırkı İran hakimiyyəti insanlara haqq və hüquqların verilməsinə böyük maneədir. Mövcud rejim dağılmayınca sözügedən problemlər öz həllini tapmayacaq. Əsas hədəflərimizdən biri də bu hökuməti hakimiyyətdən uzaqnlaşdırmaqdır.
-Sadaladığınız problemlər istər Almaniyada, istərsə də digər ölkələrdə keçirdiyiniz rəsmi görüşlərdə həmin ölkələrin səlahiyyətli şəxslərinin diqqətinə çatdırılırmı?
-Biz hərəkat olaraq təkcə Almaniya deyil, ümumilikdə bütün ölkələrin rəsmi dairələri ilə keçirdiyimiz görüşlərdə İranda vəziyyəti onların diqqətinə çatdırır, bu ölkədə insan haqlarının tapdalandığı, diktatura rejiminin mövcud olduğu qeyd edirik.
-Sizin bu mövqeyinizə olan münasibət necədirğ Ayrı-ayrı ölkələrin rəsmi dairələri sizin fikirlərlə razılaşırlarmı?
-Ayrı-ayrı partiyalar müəyyən tərəddüdlər edirlər. Digər tərəfdən ölkələr arasında olan əlaqələr və diplomatik münasibətlər səbəbindən bəzi problemlər ortaya çıxır. Onu da nəzərə almaq lazımdır ki, hansısa dövlət öz siyasi-iqtisadi əlaqələrini zərbə altında qoyaraq sırf bizim üçün İran dövləti qarşısında məsələ qaldıra bilməz. Bizə əsas vacib olan odur ki, problemlərimizi eşitsinlər və bunu da keçirdiyimiz görüşlərdə onların diqqətinə çatdırırıq. Əgər Azərbaycan Milli Hərəkatı güclənər və aparıcı qüvvəyə çevrilərsə, o halda bizim sözümüz daha çox eşidiləcək və tərəfimizdə olanların sayı çoxalacaq.
-Çox zaman xarici ölkələrdə yaşayan güneyli soydaşlarımızın siyasi proseslərdə fəal olmadığı bildirilir. Sizcə bu amilin özü aparılan mübarizənin effektivliyini azaltmır?
-Ayrı-ayrı ölkələrdə yaşayan güneyli soydaşlarımız əvvəllər çox aktiv olublar. Zaman keçdikcə onlar yaşlanıb, mübarizə enerjisi zəifləyib. Bunu təkcə Güneydən olan soydaşlırımıza şamil etmək düzgün olmaz. Hətta farslar, kürdlər və digərləri də aktiv deyillər. Digər tərəfdən mühacirətdə az-az insanlar tapılar ki, bütün ömrünü öz idealları uğruna fəda etsin və mübarizə aparsın. Xarici ölkələrdə üzləşdikləri bir sıra problemlər də onları aktiv olmağa qoymur. Ancaq daxild fəallıq artsa, bu özünü xarici ölkələrdə də göstərər. Bir neçə il əvvəl azərbaycanlıların təhqir olunmasına etiraz əlaməti olaraq İranda keçirilən kütləvi aksiyalar xarici ölkələrə də təsir etdi. Həmin ərəfədə öz fəallığı ilə seçilməyən azərbaycanlılar da ayrı-ayrı ölkələrdə keçirilən aksiyalara qoşuldular. Hesab edirəm ki, xaricdəki aktivlik sırf daxillə bağlıdır. Nə qədər ki, Güneydə fəallıq artacaq, mübarizə güclənəcək bu xaricə də öz təsirini göstərəcək.
-Hərəkatın Güneydəki fəallara təsiri varmığ Təşkilat olaraq onlara müəyyən təlimat və tapşırıqlar verə bilirsinizmi?
-Hesab edirəm ki, təsir dairəsi var və istənilən tapşırıqları verə bilirik. Sadəcə hər hansı örnək gətirməyə çətinlik çəkirəm. Çünki bununla daxildəki insanları təsir altında qoya bilərik.
-Son zamanlar İran hakimiyyətinə qarşı beynəlxalq təzyiqlərin artdığı müşahidə edilir və hətta Birləşmiş Ştatlarla İsrailin İranı vuracağı da söylənilir. Əgər proseslər bu istiqamətdə cərəyan edərsə Qərb sonrakı mərhələdə Güneydəki soydaşlarımızın hüquqlarını tanıyacaqmı?
-Düzdür ki, Birləşmiş Ştatlarla İsrail mövcud İran hakimiyyətini devirmək istəyir. Ancaq inanmıram ki, adı çəkilən güclər İrana zərbə endirmək, bu blkəyə qarşı hərbi əməliyyatlara başlamaq qərarına gəlsinlər. Çünki belə bir addımın atılması əksinə Tehran hakimiyyətini gücləndirmiş olar. Mahmud Əhmədinejad istəyir ki, Qərb tərəfindən belə bir addım atılsın və nəticə etibarilə hakimiyyət xalqı bir qədər də özünə tabe etsin, onu asılı vəziyyətə salsın, bütün haqq və hüquqları tanımasın. Hesab edirəm ki, bu proses Azərbaycan Milli Hərəkatının xeyrinə ola bilməz. Ancaq bu siyasi təsirlər vasitəsilə baş versə daha yaxşı olar. İrana qarşı həyata keçirilən hərbi əməliyyatlardan sonra bizim öz haqq və hüquqlarımıza qovuşacağımızı söyləyənlərlə razılaşa bilmərəm.
-Azəraycan Federal Demokrat Hərəkatının Dünya Azərbaycanlıları Konqresi ilə əməkdaşlığı hansı səviyyədədir?
-Azərbaycan Federal Demokrat Hərəkatı siyasi təşkilat olaraq son vaxtlara qədər Dünya Azərbaycanlıları Konqresi ilə hər hansı əlaqədə olmayıb və hansısa işlər həyata keçirməyib. Həmçinin bu günə qədər təşkilat olaraq Dünya Azərbaycanlıları Konqresinin iclaslarına qatılmamışıq. Konqresin həmsədri Sabir Rüstəmxanlı Almaniyada olarkən 2 dəfə onunla görüşümüz oldu. Daha sonra bizi tanışlıq məqsədilə Azərbaycana dəvət etdilər. Hesab edirəm ki, bu çox gözəl bir dəvət idi. Azərbaycanda da müxtəlif səviyyəli görüşlərimiz keçirildi.
-Bundan sonra DAK-la əməkdaşlığınız hansı səviyyədə qurulacaq və qarşıdakı planlarınız nədən ibarətdir?
-Hesab edirəm ki, Güneydə insan haqlarının tapdalanması, soydaşlarımızın haqq və hüquqlarının pozulmasını biz birgə olaraq beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Həmçinin Dağlıq Qarabağ problemi ilə bağlı birgə fəaliyyət göstərməliyik. Dağlıq Qarabağ məsələsi bizim üçün bir Fələstin məsələsidir. Azərbaycan ərazilərini erməni işğalından azad etmək uğrunda mübarizəyə qoşulmaq borcumuzdur. Azərbaycan Respublikası ilə Güney Azərbaycan arasında əlaqələr genişlənməli, qarşılıqlı səfərlər intensivləşməlidir. Bütün bunlar bizim ümumi istəklərimizdir.
-Azərbaycandan hansı təssüratla ayrılırsınızğ Bu günkü Azərbaycan sizin təsəvvür etdiyiniz Azərbaycandır, yoxsa nəsə dəyişib?
-Mən Azərbaycanda 3 dəfə olmuşam. İlk dəfə 1980-ci ildə Mərkəzi Komitənin dəvəti ilə Bakıya gəlmişəm. Növbəti dəfə isə biz Azərbaycana 3 il sonra qaçqın kimi pənah gətirdik. Çünki İran İslam İnqilabından sonra üz7vü olduğumuz partiyanın fəaliyyəti qadağan edildi, dostlarımız edama məhkum qaldı. O zaman bizi burada duz kimi yalayır, böyük mehribançılıq, qonaqpərvərlik göstərirdilər. Açığı deyim ki, Güneydə bu qədər mehribançılıq yox idi. Bu dəfəki səfərimdə isə tamamilə başqa bir Azərbaycan gördüm. Bu gün Azərbaycan çox irəli gedib, inkişaf edib, modern bir cəmiyyət yaranıb.
-Prezident İlham Əliyevin Dünya Azərbaycanlıların ikinci Qurultayında səsləndirdiyi "Biz 50 milyonluq bir xalqıq" ifadəsi mühacir həyatı yaşayan güneylilərə nə dərəcədə stimul verir?
-Hesab edirəm ki, prezidentin səsləndirdiyi bu fikirlər izə böyük bir stimul vermiş oldu. Bu bütün dünyada yaşayan azərbaycanlıları sevindirdi. Azərbaycanlılarda belə bir inam yarandı ki, bizə sahib çıxan var. Prezidentin bu yanaşması çox düzgündür və bu siyasətin davam edəcəyinə inanırıq.
                                                                                                                                                               Süleyman