Harayın qonağı Hidayət Sultanzadə: İranı ideologiya deyil, demokratiya xilas edəcək |
|
|
|
Hidayət Soltanzadə |
Harayın qonağı Hidayət Sultanzadədir. O Tehranda
anadan olub. Uşaqlığını Təbrizdə keçirib.
Tehran Universitetini bitirib. Avropa ölkələrində
yaşayıb. Hazırda İngiltərədə mühacirətdədir.
Sual: İranda prezident seçkilərindən sonrakı hərəkatı
demokratik adlandırmaq olarmı? Bu hərəkatda İranda
yaşayan bütün xalqlar təmsil olunurmu?
Cavab: Tehran böyük bir meqapolisdir. Orada xalq mürtəce qüvvələrin
əleyhinə qalxıb. Onlar xalqı əzirlər. Bəsicilərdir,
pasdarlardır və bir sıra nizami qüvvələrdir. Bunlar
Xameneyi tərəfindən idarə olunur və Əhmədinejat
tərəfindən müdafiə olunur. İndi xalq əzilməsinə
etiraz edir. Xalqın ayağa qalxması cəmiyyəti iki yerə
bölüb. Şüarların da xarakteri də dəyişib,
yavaş-yavaş radikallaşır.
Sual: Şüarlar necədir?
Cavab: Birinci azadlıq şüarlarıdır.
Qadınların və millətlərin hərəkatıdır.
Hər üç şüarı qaldıranlar prezidentliyə namizədləri
deyil, öz haqlarını tələb edir. Seçkidən sonra isə
vəziyyət tamam dəyişib. Çünki seçki dövründə
meydanlara çıxmış xalq mövcud dini rejimin sifətini daha
aydın gördü və bu xalqın ayılmasında mühüm rol
oynadı. Hazırda elə bir mərhələ yetişib ki,
ictimai-siyasi mübarizə özünü təsdiq etmək istəyir.
Sual: İranda ictimai-siyasi mübarizə özünü təsdiqetmə
mərhələsindədir. Buna xaricdən dəstək necədir?
Yəni xaricdə çoxsaylı mühacir təşkilatları var.
Onlar da daxili mübarizəyə təsir edə bilirmi?
Cavab: Kim nə qədər bacarır, o qədər də
kömək edir. Xaricdə müxtəlif ideologiyalara xidmət edən
çoxsaylı təşkilatlar fəaliyyət göstərir.
Onların hər birinin İranda demokratik hərəkata köməklə
bağlı öz baxışı var. Dünyanın 108 şəhərində
İrandan olan insanlar dalbadal nümayişlər keçirdi. İndi isə
böyük paytaxtlarda həftədə bir və ya iki dəfə
İran rejiminə etiraz olaraq İran, Amerika və Rusiya səfirliklərinin
qarşısında etiraz nümayişləri keçirirlər.
Sual: Fikrinizcə, İranı hansı ideologiya böhrandan
xilas edə bilər? Əhali hazırkı dini rejimə etiraz
edir, şah rejimini istəmir.
Cavab: Biz ideologiya yox, demokratik sistem istəyirik.
İdeologiya ilə qabağa getmək mümkün deyil. Çünki,
qadınların, millətlərin, mədəniyyətlərin,
dinlərin, dillərin, insanların azadlığı, siyasi və
hüquqi azadlıqlar demokratik rejimdə əksini tapır.
Azadlıq bir baxışdır. Onu böldükdə, bütün
azadlıqlardan məhrum olursan. Demokratiyada bütün azadlıqlar
bir-biri ilə orqanik bağlılıqda yaşayır.
İran demokratiyaya çatmalıdır və bundan sonra müzakirələr
davam etdirməlidir.
Sual: Bu mübarizədə İranda yaşayan azərbaycanlılar
öz milli haqlarına çatacaqmı?
Cavab: Gec-tez azərbaycanlılar öz haqlarına çatacaq. Mən
buna əminəm. Çünki milli haqlar uğrunda on illərdir mübarizə
aparırlar. Ancaq hələ sabit bir formul yoxdur ki, deyək bu
formula ilə azadlığa çatacaqlar. Şimali Azərbaycanda
olan şəraitlə Cənubi Azərbaycandakı durum
arasında böyük fərq var. Şimali Azərbaycan istiqlala
çatdığı dövrdə strukturlarını
formalaşdırmışdı. Burada cümhuriyyət var idi,
parlament var idi, dil azad idi. Cənubi Azərbaycan strukturlara nail
olmalı, dilin azadlığını qazanmalıdır.
İran bir coğrafiyadır ki, orada çoxsaylı millətlər
yaşayır. Bu millətlərin biri istiqlala getsə, digərləri
ilə çoxsaylı mübahisəli problemləri ortaya çıxacaq. Bu
həm də yeni regional problemlər yaradacaq. Çünki, prosesə
Türkiyə, İraq, Suriya, Pakistan, Səudiyyə Ərəbistanı,
Azərbaycan və digər ölkələr
qarışmalıdır. Belə geosiyasi kövrək və gərgin
məntəqədə İranın parçalanması asan məsələ
deyil. Buna böyük güclər də
imkan verməz