Güney Azərbaycanda insan haqları        

Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)

1 xordad 1385 qiyamının ildönümü münasibəti ilə
Güney Azərbaycanda insan haqları seminarında çıxış mətni
Stockholm, 19 may 2007

Sayın seminar iştirakçıları,
Sizləri səmimi salamlayaraq və Stockholma gələn hörmətli qonaqlara xoş gəldiniz – deyərək, əziz tədbir təşkilatçılarına öz təşəkkürümü bildirirəm.  

Sayın soydaşlar,
Məncə, mövzusu Güney Azərbaycanda insan haqları olan seminarda, Güney Azərbaycanda insan haqları, bu haqların İran rejimi tərəfindən tapdalanması, Güney Azərbaycana aid daxildə və xaricdə mövcud təşkilatlar tərəfindən həmin haqların əldə edilməsi yolunda aparılan istibdad şəraitində fəaliyyətlər, metodlar və effektləri, görülən işlər və alınan nəticələr, güneylilərin həmin haqları əldə etmə yolunda enişli-yoqquşlu mübarizə tarixinə bir qıssa baxış və sair məqamlar haqqında danışmaq lazımdır. Lakin, mən bu barələrdə söhbət açmaq istəmirəm və bunları digər sayın məruzəçilərin ixtiyarına buraxıram. Amma Güney Azərbaycanda insan haqlarının bugünədək əldə edilməməsinin səbəbi və onun özünəməxsus iqtisadi və siyasi maneə və amillərindən, və nəticədə Güney Azərbaycanda siniflərin müttəfiq mübarizəsinin zəif olması barədə qıssaca söhbət açmaq istərdim.

Güney Azərbaycanda siniflərin müttəfiq mübarizəsinin zəruriliyindən bir neçə kəlimə danışmaq istərdim. Siniflərin müttəhid olması istər-istəməz Güney Azərbaycanda fəaliyyət göstərən müxtəlif sinifləri nümayəndəlik edən təşkilatların müttəfiq və müttəhid cəbhəsinin yaranması zərurətini ortaya çıxardır. Lakin Güney Azərbaycanda rejim tərəfindən insan haqları rəayət olunmadığı üçün, yəni bəyan və mətbuat azadlığı, təşkilatlar azadlığı, ictimaat və etiraz azadlığı olmadığı bir yerdə də təşkilatların yaranmağı mümkün olmur və onların birgə fəaliyyətinə də şərait yoxdur. Nəticədə Güney Azərbaycanda xalqımız gündəlik qanuni və ələni fəaliyyət, və öz hüquqları üçün mübarizədən məhrumdurlar və bu məhrumiyyəti aradan qaldırmaq üçün, xalqımız, kül altında olan köz kimi birdən-birə vulkana çevrilir. Keçən ilki 22 May qiyamı, həmin vulkanlardan biri idi ki, özü yanıb, ancaq rejim onu söndürdü.

Güney Azərbaycanda insan haqları mövzusu seminarının keçirilməsi təsadüf edir Güney Azərbaycanda son qiyamın ildönümü ilə, və bu qiyamda bir çoxlu güney azərbaycanlılar canlarını itirmişlər, şəhid olmuşlar və bir çoxlu azərbaycanlılarımız qadın və kişilər İran islam respublikasının polis orqanlarının vasitəsi ilə həbs olunmuşlar və hələ də azadlıqdan məhrumdurlar. Və bir çoxları da iş və imkanatlarını əldən verib yenidən Güney Azərbaycandan didərgin düşməyə məcbur qalmışlar. Mən fürsətdən istifadə edib, həmin qiyam iştirakçıları ilə öz həmdərdliyimi bildirirəm və şəhid ailələrinə başsağlığı deyib, bir daha xatırladıram ki bu qanlar yerdə qalmayacaq və gün gələcək ki Güneydə yaşayan xalqımız öz insani haqlarını əldə edəcək, və o gün həmin şəhidlərin və zərər çəkənlərin xatirələri və gördüyü işləri, verdikləri “Haray, haray, mən Türkəm!” kimi şüarları, xalqımız tərəfindən tariximizdə dönüş nöqtə anı kimi layiqincə qiymətləndiriləcək və o gün də inanıram ki, uzaqda deyil.

Güney Azərbaycan dedikdə, İran adlanan yerdə yaşayan, əksəriyyəti təşkil edən türklər nəzərdə tutulur ki, onlar da Azərbaycanın parçalanmış torpaqlarında – əsasən bugünkü şərqi Azərbaycan, qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan və Mərkəzi ustanlarında, Tehran, Ərak və Qum şəhərlərində yaşayırlar. Güney Azərbaycan türklərinin, Xorasanda, İsfahanda, Kirmanda, Rəştdə, Sarıda və başqa bölgələrdə kiçik və böyük icmaları var. Təbii ki türkmən xalqı və qaşqailardan bugün söhbət getmir, belə ki onlar özlərinə məxsus türk boylarıdır. Sözsüz ki, Azərbaycanda dini və etniki azlıqlar da yaşayırlar ki, kiçik-böyük icmaları var və onların da insani haqlarını qorumaq, Azərbaycan türklərinin üzərinə düşür.

Hörmətli seminar iştirakçıları,
Bildiyiniz kimi, güney türkləri, minillərboyu öz dil və milli ənənələrini qoruyub saxlaya bilmişlər və bununla yanaşı, qədim tarixə malikdirlər. Bizlərin, qədim məbədgahlarımız, kitabxanalarımız, musiqilərimız, din və peyqəmbərlərimiz, elm ocaqlarımız olmuşdur. Qadına hörmət, uşağa izzət və yardım, gündəlik həyatımızdan atalar sözündə bizə yadigar qalmışdır. Ata-analarımız, əcnəbilər tərəfindən hücuma qarşı vuruşmuş, öz dillərini və adət ənənələrini yaşatmış və bizi bugünədək gətirib çıxarmışlar. Nümunəsi ulu qəhrəmanımız Babəkin qiyamıdır ki, 1200 il bundan əvvəl istelaçılara və ərəbləşməyə qarşı baş vermiş bir üsyan idi. Keçən ilki qiyam həmin mübarizənin növbəti üsyanı və farslaşmağa qarşı, Güney şəhərlərində - Təbrizdə, Ərdəbildə, Zəncanda, Sulduzda və Tehranın müəyyən hissələrində baş vermiş hərəkat idi. Yəni, azərbaycanlıların təhqirinə və onların haqlarının tapdalanmasına qarşı geniş bir etiraz idi. Görünür ki, güneylilər uzun illər öz varlıqlarını qoruyub saxlamaq üçün uzun və enişli-yoqquşlu yollar keçmiş, və bu yolda böyük dövlətlər qurmuşlar – Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Əfşar, Qacar dövlətləri, məhz bizim torpaqlarımızda əjdadlarımız tərəfindən yaranan dövlətlərimiz olmuşlar. Lakin, əjdadlarımızın qurduğu dövlətlərin varisi 80 ildən bəri istemar qüvvələrin köməyi ilə farslar olmuşdur, özü də şovinist növündən – hansı ki, İran adlanan yerdə yaşayan xalqları, zülm, sitəm və əritmə siyasətinə məruz qoyaraq, onların insani haqlarını tapdalamağa, qadın və uşaq hüquqlarını pozmağa, güclü bir vasitə olmuşdur. Baxmayaraq ki, oyaq güneylilər vaxtı ilə bunun qarşısını almağa çalışmışlar və bir tərəfdən rus və ingiltərə istemarçılarına qarşı, digər tərəfdən isə özümüzünkülərin istibdadına qarşı mübarizə aparmışlar, məşrutə hərəkatı kimi millətləşmə və demokratikləşmə yolunda inqilabı meydana gətirmişlər. Və orada qanunaliliyini, qadın-kişi və milli azadlığı yazılan birinci konstitutiyada əks etdirmişlər. Yəni, 20-ci əsrin əvvəllərində Məşrutə Hərəkatı, rus və ingiltərə imperiyasına qarşı təşkil olan bir milli və demokratik hərəkat idi ki azərbaycanlılar tərəfindən aparılırdı. Lakin burada istemarçı qüvvələr hərəkatı öz imperiya mənafeləri əsasında yönəltməyə müvəffəq olaraq, 1299 isfənddə kudeta yolu ilə ingiltərə əlaltısı olan Rzaxan və onun himayəçilərini hakimiyyətə gətirdilər. Həmin illərdən başlayaraq, güneylilərin dövlətləşmə prosesi dayandı, qurduqları minillik dövlətləri əllərindən alındı, millətləşmə və demokratikləşmə prosesləri ancaq farsların millətləşmə və dövlətləşmə prosesinə çevrildi. Və bu prosesdə, vahid İran, vahid millət, vahid dil məsələsi təbliğ olundu, başqa sözlə desək paniranizm ideyası panfarsizm möhtəvası ilə rəsmi dövlət siyasətinə çevrilib, həyata keçirildi.

Paniranizm iranı fars məmləkəti yəni Persia adlandıraraq, fars dilini isə iranın vahid dili elan edir, başqa dilləri qadağan edir, məktəb və idarələrdə farsca danışmayanları cəzalandırır və bununla da fars olmayan xalqları xüsusən azərbaycanlıların milli varlıqlarını inkar edir. Bu siyasət indi də ümmətçilik və panislamizm formasında davam edir. Panislamism də xalqları və onların mədəniyyətini inkar edir və bütün xalqların dil və milliyyətlərini çalışır ki islam bayrağı altında məhv etsin, aradan aparsın və vahid islam ümməti yaratsın. Əlbəttə bu siyasətin, yəni şahid olduğumuz son 80 il ərzində iranda yaşayan qeyri-fars millətlərə qarşı aparılan qeyri-insani, ziddi-bəşəri bir siyasətin kökünü, bir neçə amildə axtarıb tapmaq olar. İsfənd kudetası niyə qalib gəldi, Məşrutə Hərəkatı niyə məğlub oldu, Azərbaycan türklərinin dövlətləşmə prosesi niyə dayandırılıb əlindən alındı və yaxud düzgün desək oğurlandı, və onların insani və milli-mədəni demokratik haqlarının pozulmasına hansı daxili və xarici qüvvələr yardım etdi? Fars şovinizm ideyası kimlərin əli ilə meydana çıxdı və bu siyasət, dövləti bir siyasətə nə səbəbdən çevrildi və gündəlik özünü qeyri-fars millətlərin həyatında necə əks etdirməyə çalışdı? Əsasən fars şovinizmi və panfarsizm nə deməkdir və nə kimi bir şovinisti siyasətdir, və yaxud bu şovinisti siyasət mədəniyyətə və digər xalqların həyatının hansı faktorlarına təsir edir? Əsas qüvvəsini harda təmərküzləşdirir və qeyri-fars millətlərin belə bir şovinisti siyasətə əksül-əməlləri nədən ibarətdir? - kimi sualları ətraflı cavablandırmaq üçün geniş vaxta ehtiyac var. Ancaq qıssaca tarixi zəminə haqqında demək olar ki, sərmayedarlıq sisteminin qalib gəlməsi və onun inkişafı, milli dövlətlərin yaranması, milli bazarın ortaya çıxması üçün əsas amil idi. Vahid milli bazarın dövlət vasitəsi ilə mühafizə olunması və milli sərmayədarlığın xarici sərmayədarlıq rəqabətinin qarşısında qorunması və onu hərtərəfli inkişaf etdirməyə şərait yaradılması, bir prosesdə Avropada özünü göstərdi. Amma şərq ölkələrində o cümlədən bizim ölkədə, əsrimizin əvvəllərindən başlanan millətləşmə və demorkratikləşmə, klasik milli dövlət və milli bazarın yaranması ilə təssüflə nəticələnmədi və bizim ölkədə mal və sərmayə maneəsiz istemarçı ölkələr tərəfindən axınıb gəldi və daxili sərmayə vasitə sərmayə ilə birləşib, bir dəllal vasitə sistemini yaratdı. Bu da, feodal sistemində yaşadığımız dövrdə qurulan feodal dövlətimizin inkişafına və milli dövlətə çevrilməsinə yox, başqa millətin əlinə keçməsinə yardım etdi. Sərmayə, dil və milli mənsubiyyətindən asılı olmayaraq bir növ dəllal sərmayəyə çevrildi. Azərbaycanın coğrafi mövqeyi Rusiyada oktyabr inqilabının qələbəsi və Güney Azərbaycan yolu ilə Avropaya gedən ticarət yolunun bağlanması, Pəhləvi sülaləsinin Azərbaycanda milli sənayenin inkişafına süni maneələr yaratması ilə Azərbaycan sərmayəsi iranın mərkəz və cənubi məntəqələrinə köçürülərək, işçi qüvvənin Tehrana və digər məntəqələrə köçürülməsinə şərait yaratdı. Bu da Azərbaycanda milli təşəkkülü ləngitdi və milli dirçəlişin qarşısını aldı və yaxud bir sözlə desək milli dirçəlişi yubatdı. Dəllal sərmayə sahibləri millətimizə xəyanət etdi və xalqımızın milli hərəkatını başsız buraxdı. Elə ona görə də milli hərəkatımızda həmişə ona başçılıq edən zəhmətkeş təpəqələr və orta təbəqə olmuşdur. Şeyx Məhəmməd Xiyabani tərəfindən Azərbaycanda fəaliyyət edən Azərbaycan Demokrat Hizbi yarandı və bu qüvvələrin siyasi təşkilatı kimi Azərbaycan xalqının milli hərəkatına rəhbərlik etdi. Xiyabanidən sonra Azərbaycan Demokrat Firqəsi, Pişəvərinin rəhbərliyi ilə yaranıb və Azərbaycanda milli-demokratik nehzəti rəhbərlik edib, xalqımızı hakimiyyətə çatdırdı. Bu hakimiyyət bir il ömür sürsə də, tariximizdə böyük iz buraxdı və Azərbaycanda milli şüurun meydana gəlməsi və təşəkkül tapması üçün dönüş nöqtə idi. Azərbaycan Demokrat Firqəsinin rəhbərlik etdiyi hərəkat yıxıldıqdan sonra Azərbaycan burjuvası yenə də milli bayrağını qaldırmadı və mərkəzi dövlətlə birlikdə milli hərəkata xəyanət etməyə səy göstərdi və fars şovinizminin təcavüzkar mövqeyini dəstəklədi və yaxud ona şərait yaratdı. Beləliklə Azərbaycanımızda əritmə siyasətinin prosesini sürətləndirməyə kömək etdi. Pəhləvi rejimi yıxıldıqdan sonra, Azərbaycanımızda hərəkatın dirçəlməsinə islam rejimi tərəfindən maneələr törədildi. İran islam respublikasında azərbaycanlılar bu rejimin başçıları və ya yüksək vəzifə sahibləri olsalar da Azərbaycan üçün heç bir iş görmədilər. Bundan əlavə milli hərəkatın qarşısını aldılar. Azərbaycan sərmayəsi yenə də azərbaycandan kənarda fəaliyyət göstərdi və Azərbaycan kəndçisi azərbaycandan uzaqlarda fəhləlik etməyə məcbur oldu. Bir sözlə desək komprador sərmayə azərbaycanda milli şüurun və milli hərəkatın yüksəlməsinə mənfi təsir qoydu və Avropanın 18 və 19-cu əsrdə yaşadığı həyatı ilə fərqlənərək, Azərbaycanımızda milli məsələnin dirçəlməsində özünəməxsusluq meydana gəldi. Bu müxtəsər də olsa iqtisadi səbəbdən ibarət idi. Bu dediyim Azərbaycanda haqlarımızı əldə etmək yolunda və milli hərəkatın qələbəsinə özünəməxsus maneələrdən biri idi.

Güney Azərbaycanda insan haqlarına qarşı siyasi maneədən də söz açmaq istərdim.
18-19-cu əsrlərdə, istemar qüvvələri başqa ölkələrdə olduğu kimi, bizim ölkədə də xalqları köləliyə və istila altında saxlamağa çalışırdılar. Təssüflə bu dövrlərdə, bizim də xalqımız və dövlətimiz olan Qacar, istemarın təsiri altında olmuşlar. Amma, xalqımızın oyanışı, 20-ci əsrin əvvəllərində, Məşrutə inqilabında başlanır.

Məşrutə Hərəkatı 1906-cı ildə başlayaraq, iki mərhələdən ibarət, 1911-ci ilədək davam etdi. Əsasən məşrutə hərəkatı və tənzimat inqilabının baş verməsi, türk xalqlarının iki Qacar və Osmanlı imperatorluqlarının zəif olduğu və xalqlarının gündəlik tələblərinə cavab verməməsi səbəbindən meydana gəldi. Məşrutə hərəkatı qacar istibdadına qarşı, qacarın avropa və rus istelası altında yaşadığı istemarı və boyunduruğunu qəbul etməsinə qarşı bir ziddi-istemari hərəkat idi. Bu, millətləşmə və demokratikləşmə - milli-demokratik hərəkat idi. Eyni zamanda bu hərəkat feodal sistemə qarşı bir inqilab idi, yeni bir dövlətçiliyi meydana gətirmək üçün bir üsyan idi. Bu yeniliyi tələb edən xalqımızın istəklərindən su-istifadə edən həm xarici imperiya həm rza şah, özünü yeni İran atası adlandıraraq fars şovinisti ideyası ilə meydana çıxdı və ingiltərənin dəstəyi ilə kudeta vasitəsi ilə hakimiyyətə gəldi. Hökümətə gələn gündən məşrutə hərəkatının nailiyyətlərini aradan aparmağa çalışdı. Bayaq qeyd etdiyimiz kimi, vahid millət, vahid dil adı ilə şovinisti fikirlərini başqalarının formullaşdırdığı kimi həyata keçirməyə çalışdı və fars şovinizm ideyasını, dövləti siyasətə çevirdi. Belə bir fars şovinizmi ki özü xarici imperiyaların vasitəsi ilə və nökərliyi ilə formalaşmışdı. Bu ideyanın özzəyi bundan ibarətdir ki, güya iranlılar mərğub ariyayi nəjadından əmələ gəliblər və digər vəhşi və qeyri-mütəməddin xalqlar və qəbilələr tərəfindən hücuma məruz qalıblar ki, bu bərbərlər, yunanlardan, ərəblərdən, moğullardan, əfqanlardan və osmanlılardan ibarətdir. Və güya ki həmin təmiz ariyayinəjadlar bu qəbilələr və tayfaların hücumuna məruz qalandan sonra Kuruş və Daranın torpaqlarının bir hissəsini əldən veriblər və fars nəjadında və fars dilində bir sıra naxalisliklər yaradıblar. Fars şovinizminin nəzərincə, azərbaycanlılar və iranda yaşayan digər qeyri-fars xalqları ancaq ariyayi nəjadın bir hissəsidirlər və özlərinə məxsus dilləri, mədəniyyətləri, tarixləri yoxdur və bəlkə nəjad cəhətindən əslən farslardırlar ki sonra dilllərini unudublar yəni fars dilini unudublar və başqa dillərdə danışırlar. Beləliklə ariyayi nəjadın əsil torpağı olan güya İran ancaq ahuramazda tərəfindən farslara verilibdir və başqa iranda yaşayan xalqlar bir qüvvə olaraq xəyanətkarlardırlar və qədim İran sivilizasiyasını məhv etmək istedadına malikdirlər. Buna görə ki İran dağılmasın bir təmərküzlü və çox avtoritet bir hökümətə daima ehtiyac var ki o da güclü orduya malik olmalıdır ki qeyri-fars xalqların başının üstündə dayansın. Fars şovinizminin ideyasına əsasən, qeyri-fars millətlərin mədəniyyət və dillərini inkişaf etdirmək, irana və fars dilinə xəyanət hesab olunur çünki qeyri-fars millətlərin dilləri inkişaf edilsə, milli dirçəlişin qarşısı alınar və İran zəifləşər. Milli zülmü aradan qaldırmaqla İran, iranistana çevrilər. Beləliklə qeyri-fars millətlərin haqları olmamalıdır ki, öz dil, mədəniyyətlərini öyrənib inkişaf etdirsinlər və bu sahədə çalışsınlar və ana dillərində yazıb oxuyub məktəb qursunlar, və yaxud milli dövlətlərini yaratsınlar. Yəni farslar, hətta özlərinin istifadə etdikləri hüquqlardan qeyri-fars millətlərini məhrum sayırlar. Beləliklə qeyri-fars millətlər ancaq mühacir kimi iranda yaşamalıdırlar və müstəcir ömür sürməlidirlər - öz sahibxanaları qarşısında heç cürə əqidələrini söyləməyə ixtiyarları olmadan. Fars şovinizmini həyata keçirənlər çalışırlar ki iranda yaşayan millətlər arasında kinə, nifrət yaratsınlar, onları təhqir etsinlər, iqtisadi sahədə ayrıseçkilik və apartayd siyasətini gücləndirsinlər. Fars şovinizmi xalqlar arasında təfrəqəni genişləndirmək üçün təkcə xalqlar arasında kinə, nifrət yox, bəlkə şəhərlər arasında hətta məhəllələr və kəndlərarasında bu kinə və nifrəti yaradır və mənfi atitüdləri yaradıb onların arasına yayır, beləliklə insanlar arasında sülh, bərabərlik, qardaşlıq, əməkdaşlıq əvəzinə kinə, düşmənçilik, təfrəqə, dava və rəvani anlaşılmamalar, gərginlik törədir, və bu sahədə sərmayə buraxır, müxtəlif idarələr və dövləti orqanlar, gizli və açıq şəkildə bu sahədə fəaliyyət aparırlar. Həm şah dövründə və həm indiki islami rejim dövründə uzun bir prosesdə düşünülmüş şəkildə, qanuni və qeyri-qanuni yollarla qeyri-fars millətləri və qeyri-fars əhalini təhqir etməyə, biri-birinin canına salmağa sistematik formada bunları zülm altında saxlamağa, bədbinlik yaratmağa çalışılır. Onları ana dillərində təhsil almaqdan məhrum etməklə bərabər, gigiyen servislərini aşağı saxlamaqla, bekarlığı və narkotik maddələri onların içində yaymaqla, və yaxud qeyri-fars məntəqələrdə iqtisadi dirçəlişə, iqtsadi sərmayələrin buraxılmasına maneə törətməklə və farslara üstünlük verməklə farsnişin yerlərdə yeni iş imkanlarını yaratmaqla, qeyri-fars millətlərin inkişafının qarşısı alınır və onların insan haqları zərrəcə rəayət edilmir, onları insana yox uzunqulağa, tarakana və böcəyə oxşadırlar. Qeyri-fars qadın və uşaq əhalisi – o cümlədən azərbaycanlılar, qeyri-fars kişilərdən bir neçə qat daha artıq təhqir və ayrıseçkiliyə məruz qalır. Bu siyasəti rəsmiləşdirmək üçün hətta filmlər, çəkilişlər, radio və TV verilişləri və qəzetlər buraxırlar və müxtəlif nümunələr o cümlədən qeyri-fars millətlərin nümayəndələrini təlxək və ağılsız, savadsız, işsiz, bacarıqsız, ləyaqətsiz, aşağı məharətli işlərdə göstərməklə onları daha ruhdan salmaq, daha lağa qoyaraq, məsxərə edərək, təhqir etməyə çalışırlar. Bir sözlə desək, onları böyük şəhərlərdən uzaqlaşdırmağa və daha öz üzərində mədəniyyət sahəsində, sivilizasiya karvanının inkişafı yollarında maneə yaratmağa çalışırlar. Fars, panfarsizm və ya fars şovinisti siyasəti yeridənlər, o zamanda ki iranda yaşayan xalqlar öz milli-mədəni hüquqlarını qoruyub saxlamağa heç bir ixtiyarları yoxdur və onlara hər tərəfdən təzyiq edilir, lakin özünü avropa və amerikaya yaxınlaşdırmaq üçün və onların dəstəklərini qazanmaq üçün avropa və amerikaya lazımı yaltaqlıqlar imtiyazlar verməyə həmişə can atırlar. Bir surətdə ki qeyri-fars millətlər o cümlədən azərbaycanlılar ana dillərində yazıb oxumaqdan məhrumdurlar, İran rejimi həm şah dövründə və həm də indiki dövrdə, ingilis dilinin öyrənilməsinə və ya TV və radio kanallarının açılmasına və yaxud onlarla inteqrasiyada geniş miqyasda sərmayə buraxılmasında və bu sahədə xeyli vəsait ayırmaqda səxavətli olmuşdur.

Xatırlatmaq istərdim ki fars şovinizmi qeyri-fars millətlərin əsasən dil və mədəniyyətinə hücum etməklə həmin xalqların dilini nəfy edir və yaxud onları fars dilinin bir ləhcəsi və s kimi tanıtdırır və çalışır ki bu dilləri və yaxud onların dili ilə desək bu “ləhçələri” məhv etsin və aradan aparsın. Onlar, fars dilini azərbaycanlıların ikinci dili də hesab etmirlər. Bəlkə onu azərbaycanlılara ana dili kimi sıramağa çalışır və məktəblərdə izin vermir ki fars dilindən başqa bir dildə tədris olunsun və ya danışılsın. Qeyri-fars millətlər o cümlədən güneylilərin əksəriyyəti, belə bir ziddi-insani siyasətə qarşı mübarizə yolunu seçirlər. Lakin bir iddə də özlərini təhqir olmuş hesab edib və nəhayət fars şovinizminin toruna düşürlər və ona görə ki daha təhqirdən tohindən və öz yaşadığı ana-ata yurdlarında özlərini biganə saymasınlar deyə səhv yolu seçib daha farslaşmağa tərəf hərəkət etməyə çalışırlar və özlərini bu siyasətlə uyğunlaşmağa, farslaşmağa və haqlarından keçməyə boyun qoyurlar və onların siyasətini onların istədikləri kimi həyata keçirməyə, və daha demək olar farsizə olmağa səy göstərirlər. Ana dillərini unutmağa, öz tarixlərini unutmağa, öz mədəniyyətlərinə biganə qalmağa, və yaxud bəzən ata-baba yurdlarını tərk edib mühacirət etməyə çalışırlar və bununla belə bir növ fars şovinizmindən yaxa qurtarmağa çalışırlar ki təbii ki, bu düzgün yol deyil, bəlkə əsas yol bundan ibarətdir ki rejimə və fars şovinizminə qarşı mübarizə edib öz milli höviyyətini qazanıb, öz insani haqlarına sahib olmaq və ayıq-sayıq ata-ana yurduna sahib çıxmaq  və onun tarixi, mədəniyyəti, xalqının dilini, adət-ənənələrini, qoruyub saxlamaqla onları qorumaq strukturlarını yaratmaq, öz milli dövlətini yaratmaq, və milli iqtisadiyyatına fikir verib plan tökmək və nəhayət müstəqil bir insan, müstəqil və azad bir xalq kimi yaşamaq yolunu tutmaq lazımdır. Düzdür fars şovinizmi çalışır ki həmin deforma olmuş insanlardan daha artıq su-istifadə etsin, və hətta onları öz şovinisti siyasətlərini həyata keçirməkdə bir vəsaitəyə çevirsin. Bu cəhdlər yolunda kimsə fars dilində danışırsa gərək hətmən ləhcəsiz ola, özü də tehran ləhcəsində danışsa daha yaxşı olar, qəbul olunar. Iran rejiminin son hədəfi ondan ibarətdir ki, fars dilini azərbaycanlılara ana dili kimi qələmə verərək azərbaycanlılara, Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə, təhqir ediləndə, azərbaycanlılar heç bir reaksiya göstərməsinlər. Təbii ki bu necə ki şah rejiminin ürəyində qalan arzusu idi, İran islam rejimi də bu məqsədinə çata bilməyəcək. Və keçən ilki, “Haray, haray, mən Türkəm!” şüarı 22 may azərbaycanlıların qiyamında gurultu və əzəmətlə səslənərək, bunu bir daha göstərdi. Xülasə desək, fars şovinizmi milli zülmü həyata keçirən bir idari mexanizmadır ki, müəyyən ideolojiki əsaslara söykənir və şovinizm və rejimlə mübarizə, yəni onun siyasəti ilə mübarizə, onun tarixi və mədəniyyəti, vaqeiyyəti təhrif etməyi ilə mübarizə, onun fəlsəfi təbirləri, təfsirləri və gündəlik siyasəti ilə mübarizə, yaratdığı xalqlara qarşı şəhərlərə qarşı atitüdləri ilə mübarizə və bir sözlə desək, fars istemarçıların bütün siyasi, iqtisadi, mədəni, hərbi və informasiya sistemləri ilə mübarizədir. Və bu mübarizə, Azərbaycan xalqının öz insani haqlarının yolunda mübarizəsi ilə üst-üstə düşür.

Diqqətinizə görə, təşəkkür edirəm!