İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiya keçirilib

[ 22 Fevral 2010 12:20 ]

Bakı. Elnur Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) və Vətəndaş Həmrəyliyi Partiyası (VHP) İranın Azərbaycandakı səfirliyi qarşında etiraz aksiyası keçirib.

APA-nın xəbərinə görə, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılan aksiyada Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında aksiya təşkil edilməsinə, Ermənistan-İran münasibətlərinə etiraz bildirilib.

Piket iştirakçıları Ermənistan prezidenti Serj Sərkisyan və İran prezidenti Əhmədinejadın üzərinə “Müsəlman təəssübkeşinin iç üzü” yazılan şəkillərini, “Ermənistanla qardaşlıq İslam dəyərlərinə ziddir!”, “Fars şovinizminə “yox” deyirik!” şüarları yazılan plakatlar qaldırıblar.

Aksiyada “Azərbaycan”, “Azərbaycan bir olsun mərkəzi Təbriz olsun!”, “Ruş, fars, erməni - bunlar türkün düşməni!” şüarları səsləndirilib.

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə aksiyada çıxış edərək İranın Ermənistanla münasibətlər qurmasını, İranda azərbaycanlılara qarşı təzyiqləri, aparılan həbsləri pisləyib.

Daha sonra səfirliyə bəyanat təqdim olunub.

Bəyanatda İranda həbsdə olan azərbaycanlıların azad olunması, bu ölkənin Ermənistanla əlaqələrinin dayandırılması, İran mətbuatında azərbaycanlılara qarşı təhqirlərə son qoyulması tələb olunub. Təxminən 20 dəqiqə davam edən aksiya heç bir insident baş vermədən başa çatıb.